Sənsiz keçən ilk doğum günü - Elşad Mirzə

Sənsiz keçən ilk doğum günü - Elşad Mirzə
29 avqust 2019
# 11:05

Kulis.az Elşad Mirzənin “On doqquz qızılgül” yazısını təqdim edir.

İndiki kimi yadımdadır, 1999-cu ilin avqustun 28-i idi. Əksər rayon uşaqları kimi mən də yeni dərs ilinin astanasında rayonda dincəlirdim. Tədris ilinin başlamasına hələ 18 gün vardı və mənim bu müddətin ən azı 15 gününü hələ kənddə keçirməyim labüd idi. Artıq bir həftədən yuxarı idi ki özümdə-sözümdə deyildim və şəhərə qayıtmaq üçün min bir bəhanə düşünürdüm.

Valideynlərimə elə bir bəhanə tapıb deməliydim ki, şəhərə tez getməyimə etiraz etməsinlər. Yalan danışan kimi üzüm qızarar və hamı o dəqiqə başa düşərdi ki, mən yenə də nə isə uydurmuşam. Mobil telefon hələ bir çoxlarında olduğu kimi mənimçün də əlçatmaz arzulardan idi və şəhərlə əlaqəm demək olar ki yox idi...


Dostum və tələbə yoldaşım Natiqi birtəhər yola gətirib bəhanə etdim ki, guya onun təcili işi ilə əlaqədar şəhərə getməliyik, yoxsa təcrübə rəhbəri ilə problemləri olacaq və mən həmin rəhbəri yaxşı tanıyıram. Guya ona "day-daylıq" etməyə gedirəm. Valideynlərim Natiqin xatirini çox istəyirdilər və etiraz etmədilər. Kənddən bu cür "qaçıb" şəhərə gəldim. 29 avqustda saat 12-də artıq Xalqlar Dostluğu metrosunun yanında idim.


Bütün yayı xərclərimə qənaət edə-edə bir az pul yığmışdım. Metronun altındakı dükanları bir-bir gəzir, gözəl bir hədiyyə axtarırdım. Sonda qəşəng bir yumşaq oyuncaq seçdim. Yaxınlıqdakı gül dükanında 19 ədəd qızılgül alıb, gözəl bir gül buketi düzəltdirdim...


Sadəcə yaşadığı evin yerini və podyezin nömrəsini bilirdim vəssalam...


Ev telefonları da yox idi o vaxt...


Avqustun qızmar günəşi məni qovurmaqda, bir tərəfdən də gələn-keçən məhəllədəki "çujoy" adamın neçə saatdır eyni yerdə durub kimisə gözləməsini seyr edir, mənsə ONUN həyətə çörək alması üçün çıxacağına ümid edib gözləməkdə idim...


Və möcüzə baş verdi...


Saat 5 olardı ki, mən onun mağazaya getdiyini gördüm və qeyri-ixtiyari onu bərkdən çağırdım...


Onun təəccüb dolu baxışları hələ də gözümün önündədir...

- Deməli unutmamısan, həəə?

...Sonralar bərabər qeyd etdiyimiz neçə ad günləri olsa da, neçə qiymətli hədiyyələr bağışlasam da – “1999-cu ilin 29 avqustundakı o mişkadan və 19 gızılgüldən qiymətlisi yoxdu mənimçün" - deyərdin...

...Yenə də "qaçmışam" evdən xəbərin var? Sənli xatirələrin izinə düşmüşəm...

SƏNİN DOĞUM GÜNÜNDƏ...

...Sənsiz qeyd etdiyimiz İLK doğum günündə...


Artıq telefonlar da hamı üçün əlçatandı...

Bir Vatsap düyməsini sıxıb səsini eşidəcək qədər mənə yaxınsan...

Kənardan baxan üçün adi sayılacaq qədər yaxın...

Bu keçən müddət ərzində cəsarətim çatıb bir düyməni sıxa bilmirəm....

Əvəzində sənli xatirələrin məni sıxır.....

Bilirsən ki, mən xatirələrin ucundan tutub gedən adamam...

Yarı yolda itməkdən qorxduğum üçün xatirələrin əlindən bərk-bərk tutmuşam...

Bilirəm ki, xatirələr məni sənə qovuşduracaq....

...Xaricdə olduğum müddətdə həmişə deyərdin ki, Sənsiz ad gününün nə dadı olacaq?...

Gələrsən, SƏN GƏLDİYİN GÜN MƏNİM AD GÜNÜM OLAR... BƏRABƏR QEYD EDƏRİK...

...SAĞOLLAŞMIRAM!!

ODUR Kİ AD GÜNÜMÜZDƏ GÖRÜŞƏNƏDƏK!!!!!

# 4208 dəfə oxunub

Müəllifin son yazıları

# # #