Qan Turalı: "Mirzə Cəlil ADR-dən ucadır" - MÜSAHİBƏ

Qan Turalı: "Mirzə Cəlil ADR-dən ucadır" - <span style="color:red;">MÜSAHİBƏ
14 noyabr 2016
# 10:47

Kulis.Az Qan Turalının Günel Mövluda verdiyi müsahibəni təqdim edir.

- Tural, Azərbaycan yazıçıları demiş, yaxın adamdan müsahibə almaq həm asandır, həm də çətin. Asandır, ona görə ki, ərk edirsən, istədiyini soruşa bilirsən. Çətindir, ona görə ki, onun barəsində insanları maraqlandıran şeyləri özün bilirsən, buna görə də o sualları vermək bir az naqolay gəlir. Başlayaq yəqin ki, müsahibənin ən naqolay sualından. Necə oldu ki, bir vaxtlar bir ölkəni qabağına qoyub danlayan adam, hər şeyə son verdi və sayt rəhbəri olub, söhbəti bitirdi?

- Günel, bu günlərdə altı il oxuduğum Bakı Dövlət Universitetinə getmişdim. Universitetin doqquzuncu mərtəbəsindən - bir zamanlar fəlsəfə öyrəndiyim o mərtəbədən artıq göydələnlərin yaratdığı mənzərəyə baxa-baxa düşündüm ki, mən heç bir zaman gənclik xəyallarıma xəyanət etməmişəm. Əlbəttə, zaman keçdikcə düşüncələr də dəyişir, metodlar da, üslub da. Lakin o xəyallar yerindədir, o həyəcan qoyduğum rəfdəcə qalıb. Mən ölkəmi, onun insanlarını və hər şeydən əvvəl isə ziyalılarını ləyaqətli görmək istəmişəm. Mirzə Cəlil yolunda qalmaqlarını, bu ölkəyə elmin, maarifin, ədəbiyyatın hakim olmasını istəmişəm. Yenə də onu istəyirəm. O zamanlarda mən bu idealın müəyyən dərəcədə siyasi baryerlərlə bağlandığını düşünmüşəm. İndi çox gözəl anlayıram ki, problem siyasi olacaq qədər bəsit deyil, dərin fəlsəfi kökləri var. Rafiq Tağı məsələsində müxalif qurumun ona qarşı münasibətini görəndə özümü və elə hamımızı o qədər yetim hesab elədim ki... Bunu çoxdan anlamışdım, lakin bu faktın özü məni ağrıtdı. İnsanları cəbhələrə bölürlər, bundan daha pisi odur ki, ədəbiyyatı cəbhəyə çəkmək istəyirlər. Mən buna dözə bilmərəm. Bu yaxınlarda bir jurnalist yazmışdı ki, Mirzə Cəlili ADR-ə münasibətinə görə bağışlaya bilmirəm. İşə bax, kim-kimi bağışlayır.

Mirzə Cəlil ADR-dən ucadır, Mirzə Cəlil Sovetlərdən ucadır. Az qala min il keçib, Nizami hələ yerindədir, hökumətlər dəyişir, amma hamısı Nizamiyə yubiley keçirir, o heykəl hələ də ordadır və bizə yuxarıdan baxır və bəzən soruşur da: "Neynirsiz siz?" Biz belə bir əbədi peşənin daşıyıcısıyıq, bəs belə olan halda cəbhələşmək və cari siyasi qovğaların içində məhv olmaq nə üçündü?! Bizim ustad yazıçımız, bütün romançılarımızın atası Yusif Vəzir deyirdi ki, siyasət məni məhv elədi. Biz o qədər siyasətin məhv elədiyi adamlar görmüşük ki. Ya Səməd Vurğun kimi siyasətə qoşularaq istedadlarını puç ediblər, ya da siyasət onları məhv edib, Müşfiq kimi, Cavid kimi. Mən yazıçının mümkün qədər siyasətdən uzaq dayanmasının tərəfindəyəm. Əslində bizim işimiz də siyasətdir, lakin bu siyasətin fövqündə bir siyasətdir. Bu, 2016-cı ilin siyasəti deyil, XXI əsrin, hətta III minilliyyin siyasətidir. Bu, maarifçi bir siyasətdir, son nəticədə insanları daha yaxşı insan edəcək, onlara öz insanlıqlarını xatırladacaq bir siyasətdir. Məgər bundan böyük ideal, bundan böyük xəyal ola bilərmi?

Mənim insanlara münasibətim də bu xəyallarla olub, bu xəyallar ətrafında dostlar qazanmışam. Mənim dostlarım Seymur Baycan, Aqşin Yenisey, Şərif Ağayar, hamımızın ustadı Rasim Qaraca elə bu ideala xidmət edir. Mən öz düşüncələrimi dəyişməmişəm. Məni o ideallar yaşadır.

- "Kulis"də rəhbərlik sizə daha çox nə gətirdi - uğur, qınaq, yük, başqalarının həsəd hissi, qadın fanatlar?

- Qadın fanatlar? (gülür). Ən böyük qadın fanatım sən idin, sən də çıxıb getdin (gülür). Mən xaraktercə elə insanam ki, fanatım yoxdur. Düşünən insanların fanatı olmur. Fanat bir ideyanı hayqıranların olur, başqa bir düşüncəyə yaşamaq haqqı verməyənlərin olur, bir cəbhədə durub digər cəhbəyə daş atanların olur. Mənim çox gözəl dostlarım var. Mən "oxucularım" deyə bilmirəm. Bu zaman sanki özümü ucaldıram: "Mən yazıram, siz də oxuyun" nidasını eşidirəm sanki. Əlbəttə, söhbət sadə bir fiziki məşğuliyyətdən, oxudan getmir.

Biz birlikdə yazırıq əslində, bir-birimizin düşüncəsinə təsir göstəririk, birgə düşünürük. "Kulis" mənə geniş bir oxucu və dostlar dairəsi qazandırıb. Məhz "Kulis"in vasitəsi ilə bu dediyim xəyallar böyük areala çıxıb, özünə tərəfdarlar qazanıb. Məhz "Kulis" insanlara bir daha xatırladıb ki, dünyada necə dəyərlər var, necə düşüncələr var. Məni düşündürən və mənə lazım olan da budur. Sağlam fikrin yayılması, mütərəqqi ideyaların cəmiyyətimizdə bərqərar olması. Mən insanları harda işlədiyinə, hansı partiyaya rəğbətinə görə yox, bu mütərəqqi ideyalara münasibətinə görə dəyərləndirirəm. Mən səni tanıyanda sən "Üç nöqtə" qəzetində işləyirdin, Şərif Mədəniyyət Nazirliyinin qəzetini buraxırdı, Seymur "Gündəlik Azərbaycan"da idi, Aqşin "Milli yol"da, Həmid "Space"də, mən "Azadlıq"da. Bu, bizim dostluğumuza qətiyyən əngəl deyildi, əksinə bu rəngarənglik bizi canlı edirdi, çünki bizim ortaq dəyərlərimiz vardı, gözəl şeirlər, romanlar, tamaşalar və filmlər arzulayırdıq, biz sənətin sehrinə düşmüşdük, o sehri yaymaq istəyirdik, yaxşı şeylər yazmaq istəyirdik, bunun üçün cəhd edirdik, arzu edirdik ki, bunlar olsun, nadanlıq başa çatsın, cəhalət bitsin, cəmiyyət xüsusilə də gənclər maariflənsin, Mirzə Səfər demişkən, belə şeylərdən ləzzət aparsın. Mən yenə də o cizgidəyəm. Bizim intellektual (ziyalı sözünü burda işlətmək istəmədim) fəaliyyətimiz də bundan ibarətdir. Bu fəaliyyət mütləq getməlidir. Bizim başqa missiyamız ola bilməz. Və mən fəxr edirəm ki, dostlarımla bir yerdə, bir zamanlar onların arasında sən də var idin, bu cizgini qoruyuruq, bu cəmiyyətin hər gün yadına salırıq ki, bu dünyada sənət var, bu dünyada "ləzzət aparmalı" şeylər var və o ləzzətlərin dadına vara-vara biz çoxalırıq, artırıq və dünya cansıxıcı bir yer olmaqdan xilas olur.

- Elə yaxın dostlarınız oldumu ki, siz "Kulis"ə gedəndən sonra sizinlə münasibətlərini soyutdular?

- Yox, qətiyyən. Mənim istedadımı qiymətləndirməyən, məndən korafəhm partizanlıq gözləyən adamlar olub, lakin onların mənə münasibəti əvvəldən adekvat olmayıb yəqin. Mən ayaq saxlayıb onları müşahidə etmək belə istəmirəm, belə bir şey olubsa, bu onların idraki problemidir. Hərə də öz problemini özü həll etməlidir. Üstündən çox keçib, indi danışmaq olar. Mən Anardan müsahibə alanda nələr dediniz haqqımda? (gülür). Axı siz də çox gözəl bilirdiniz ki, Tural gedib kiminsə qoltuğuna sığınaraq ədəbiyyatda qalası adam deyil. Bunu mənə necə yaraşdırırdınız? Hə, onda demədim, indi deyirəm; nə oldu? Anar orda yerindədir, mən burda yerimdəyəm. Anarı bir yazıçı kimi sevirəm də. Lakin mənim o zaman da, elə indi də Anara qarşı başlıca iradım o bayaqkı xəyallar məsələsiydi, Anar 70-ci illərdəki o maarifçi, mütərəqqi xəttini davam etdirmədi, zamanla kreslonun cazibəsinə qapıldı, "Mən, sən, o və telefon" yazan Anar hanı indi? Bu Promoteyin odudur, Günel, qartal ciyərimizi yesə də, biz vaz keçmərikmi, bəlkə də keçərik, keçənlərimiz də olub, lakin o ad əbədidir, necə ki, Seymur, Mirmehdi, Şərif, sən, mən indi Mirzə Cəlilin, Axundovun oduna düşüb yanmışıq, dünən Anar yanıb, Elçin yanıb, Əkrəm yanıb, sabah yenə də yananlar olacaq, yüz il sonra yenə o od kimlərisə qarsıyacaq, kimlərisə yandıracaq. O od əbədidir, qalan hər şey ötəri.

- Təəssüfləndiyiniz şeylər varmı?

- Şair demişkən, xatirələrimdən şikayətçi deyiləm. Təəssüf mənə yad hissdir. Olubsa, artıq olub. Bu, 32 yaşın hissidir. Elə yazılar olub ki, düşünmüşəm ki, gərək onu elə yazmayaydım. Bu, xalis üslub məsələsidir. Fikri radikal formada da demək olar, daha loyal formada da. Əsas o fikrin deyilməsidir. Əsas niyyətdir və əlbəttə ki, bunlardan da əsas olan vəziyyətin düzəlməyinə az da olsa töhfə verməkdir.

- Oxucular düşünürlər ki, yazarın vətəndaş kimi mövqeyinin zəifləməsi onun yazılarındakı alova, ağırlığa da təsir edir. Və Turalın vətəndaş mövqeyi zəiflədiyi üçün yazılarının səviyyəsi "Ərli qadını sevmək" kimi səviyyəyə düşdü. Bununla razısınızmı?

- Yazıçıdan yaxşı əsər əvəzinə vətəndaş mövqeyi tələb olunur. Məgər bu ölkənin vətəndaşı ancaq Turaldır, yoxsa Güneldir? Bizim vətəndaşlıqdan da çox uca hisslərimiz var. Nizami də heç Azərbaycan vətəndaşı deyildi, lakin onun bizim mənəvi həyatımızda oynadığı rol hər birimizdən artıqdır. Məhz bu vətəndaş mövqeyi Müşfiqə "Gecələr Aya baxıb hürən zavallı; Ya Trotskidir, ya alabaşdır" misralarını yazdırıb. Mən Azərbaycan Respublikasının vətəndaşı olmaqdan ziyadə Azərbaycan ədəbiyyatının vətəndaşıyam. Daşıdığım pasport başqa bir ölkəyə getməyim üçün sənəddir. O, mənə ildə iki dəfə beş dəqiqəliyinə lazım olur, qalan bütün zamanlarda isə mən ədəbiyyatın pasportu ilə yaşayıram. "Sovet pasportu" şeirini yazanın intiharı bizə dərs olmadımı? Mayakovski ədəbiyyat pasportunu bir kənara tullamışdı, bu mənada onun faciəvi sonluğu tamamilə gözlənilən idi. Mən ədəbiyyat pasportu, ədəbiyyat konstitusiyası ilə yaşayıram. Ümumən isə dövlət institutuna münasibətdə anarxist olmasa belə, marksist münasibət bəsləyirəm. Dövlətə bu cür münasibət bəsləyirəmsə, mən niyə onun və ümumən dövlətçilik təfəkkürünün qarşımıza qoyduğu vətəndaşlıq borcu ilə razılaşmalıyam?!

Oxucuya gəldikdə isə... Bu, artıq 37-ci ilin üslubudur, əzizim Günel. Kim deyib, harda deyib? Bəlkə o oxucu elə sənin özünsən? (gülür). "Ərli qadını sevmək" səviyyəsi... Yadıma Flober düşür, Tolstoy düşür, ərli qadını sevmək səviyyəsində yazanlar... (gülür). Məgər biz mövzunun yox, ona yanaşmanın həlledici olduğunu o uzaq və şirin illərdə bilmirdikmi? Özü də onun adı "Evli qadını sevməkdir". O yazını çoxdan yazmışam, ola bilsin ki, bir az populyar yazıdır, APA TV-də Gülnarə İlham onu veriliş kimi hazırlamışdı, təsadüfən bu günlərdə gördüm, "Youtube"də 10 mindən artıq adam baxıb. Yox, mən rəqəmlərin arxasında gizlənmirəm, sadəcə deməyim odur ki, "Fələk qırmancı" yazmış insana bu cür münasibət tamamilə insafsızdır. Sənə də yollamışdım, oxudunmu? (gülür)

Oxudum, amma mən özünüz demişkən, daha çox siyasətçi olduğunuz vaxtlarda yazdığınız "Mustafa" romanına qayıtmaq istərdim. Romanın sonuncu cümləsi belədir: "Çay belə söhbətləri çox eşitmişdi...". Sizcə, Azərbaycan ədəbiyyatı və publisistikasında o çay kimi belə söhbətləri çox eşidən, sonunu bilən qələm adamları kimdir?

Heraklit deyirdi ki, axan çayda iki dəfə yuyunmaq olmaz. O, bununla dəyişkənliyi vurğulamaq istəyirdi. Doğrudur, cəmiyyət dəyişir, inkişaf edir, lakin cəmiyyət qanunla əbədidir. Biz yazıçılar isə əslində o dəyişikliyin fonunda yaşayırıq, yəni öz dəyişikliyimizin, dialektikamızın salnaməsini yaradırıq. Cek London "Martin İden"i yazdıqdan sonra intihar etmədimi? Mirzə Cəlil "Kefli İsgəndər"i yazdıqdan sonra özü də Sovet cəmiyyətində Kefli İsgəndər kimi lüzumsuz bir adama çevrilmədimi? Bu şeylər qətiyyən rasional deyil, intuitiv, bəlkə bir az da mistik məsələlərdir. Amma mən ətrafımda o qədər saf yazıçı görürəm ki... Nə etdiyini bilməyən, ideyalar, düşüncələr, cəbhələr arasında vurnuxan, yaza bilməyib özünə müxtəlif yerlərdə təsəlli arayan, siyasi qovğalara, müxtəlif millətçi boşboğazlıqlara gedən... Əslində bütün bunların hamısı yaza bilməməyin nəticəsidir. İnsan tükənəndə çıxıb getməyi də bacarmalıdır, amma ən yaxşısı odur ki, tükənməməlidir, özünü ədəbiyyatın dar və keçilməz dalanlarına salmamalıdır. "Maksimqorkilik" deyilən bir şey var, ömrü boyu Marksizmə sadiq qalan, gözəl əsərlər yazan və sonra isə vecsiz bir Yazıçılar İttifaqı sədrinə çevrilən və sonda peşman olan bir tip... Maksim Qorki şəksiz ki, böyük bir yazıçıdır, lakin onda olmayan dərin mühakimə qabiliyyəti, gələcəyi görmək hissinin zəifliyi nəticəsində, o, ucuz bir partokrata çevrildi. "Ana" romanını yazan adam sosrealizm təbliğatçısı oldu. Bu, fəhm məsələsidir, dediyim odur ki, yazıçı harda dayanacağını da gözəl bilməlidir, çünki idarə oluna bilməyən istedadlar bəşəriyyətə Hitler kimi adamlar bəxş ediblər. Götürək, elə bizim sevimli Sartrımızı, SSRİ-də repressiyalar gedirdi, Müşfiqi güllələyirdilər, QULAQ-lar yaradılırdı, o isə sadəlövhcəsinə bunlara inanmırdı, SSRİ-ni mədh edirdi. Nazım Hikmət ikinci dəfə SSRİ-yə qayıdanda tamam peşman olmuşdu, intihar etmək istəyirdi. Biz yenə də bayaqkı söhbətə, siyasət və sənət söhbətinə qayıdırıq. Tarixi təcrübə sübut edir ki, yazıçı korafəhmliyi çox ağır nəticələr verə bilər. Biz çox pis siyasətçiyik, Günel. Bu yaxınlarda DNT-ni kəşf edən və buna görə Nobel mükafatına layiq görülən Vatsonun mühazirəsinə qulaq asdım. Sonra isə öyrəndim ki, DNT-ni, bir daha təkrar edirəm, DNT-ni kəşf edən adam afrikalıların digər insanlardan daha az zəkalı olduğunu deyib. Böyük adamların səhvi də böyük olur, ona görə də gəl, səhvlərimizi siyasətə keçirtməyək, elə ədəbiyyatda səhv edək, lap olsun ki, zəif əsər yazaq, amma müşfiqlərin, cavidlərin güllələnməsini təşkil etməyək, buna rəvac verməyək.

- Ziyalı, yaradıcı insanların ölkədən xaricə axışdığı bir zamanda sizi Azərbaycanda nə saxlayır? Niyə Azərbaycanda qalmaq istəyirsiniz?

- Düzü, mən dediyin axını da görmürəm. Hər dəfə burda hansısa kafedə yığışanda stol çatmır, ofisiantlar əlavə stol gətirir, təzə gələnə stolun bir küncündə yer eləyirik. Axın yoxdur, fərdlər var, bu düzdür. Suala gəldikdə isə... Bayaq dediyim o xəyallar, o arzular. Əlbəttə, dünyada da yazıçıların bir hissəsi mühacirətdə olub, amma mən düşünmürəm ki, onların mühacirətini zəruri edən şərtlər indi bizdə mövcuddur. Misal üçün, Nazım Hikmət on il həbsdən sonra ölüm təhlükəsi ilə mühacirətə getmişdi. Soljenitsin həbsdə yatmışdı və ona yazmaq üçün faktiki şəraiti yox idi. Bu şərtlər yoxdursa, mən belə hesab edirəm ki, bu cür mühacirətlər də mənim üçün əsassızdır. Amma heç kimi mühakimə etmək də istəmirəm, kim gedirsə, necə deyərlər, Allah işini avand eləsin.

- Tural, bir yaradıcı adam kimi ən çox nəyə təəssüflənirsiniz- Azərbaycanda doğulmağınıza, məhz bu dövrdə dünyaya gəlməyinizə, yerli oxucunun ədəbiyyata həvəssizliyinə, yaxud öz səhvlərinizə, ya yanılmalarınıza?

- Otuzuncu illərdə dünyada bir irqçilik nəzəriyyəsi var idi. Vatsonun dediyim fikri 30-cu illərdə elmi həqiqət sayılırdı. O zaman DNT kəşf olunmadığına görə alimlər belə güman edirdilər ki, zəncilər neandertalların, avropoidlər isə Homo Sapienslərin davamçısıdır. DNT-nin kəşfi bütün bu nəzəriyyələri darmadağın etdi. Lakin o zamana qədər alimlərin bu fikri siyasətçilərə böyük ilham vermişdi, onlar öz faşist ideallarını gerçəkləşdirmək üçün bu elmi faktlardan gen-bol yararlanmışdılar. İndi isə başqa bir yanaşma var, deyirlər ki, əfqan uşağı ilə alman uşağın DNT-si eynidir, lakin onların mədəni şəraitləri müxtəlifdir, ona görə də almanlar bu qədər böyük inkişaf yolu keçir, lakin əfqan uşaq əlinə avtomat alıb Talibana qoşulur. Mənə bu yanaşma son dərəcə ağıllı və rasional gəlir. Mən də mədəni olaraq bu xalqa mənsubam, hər nə qədər özümü dünya düşüncəsinə, planetar miqyasa aid etsəm də, yazdıqlarım ən azı dil və düşüncə baxımından bu insanlar, mənimlə eyni pasportu daşıyan adamlar üçündür, mən buranın yazıçısıyam. Mənə burda ehtiyac var, mən gedib hansısa ölkədə III sort insan olmaq, yenidən doğulmaq, miqrant kimi damğalanmaq istəmirəm. Mənim yerim buradır. Və bayaq dediyim kimi, mənim xəyallarım bu ölkə ilə bağlıdır.

- 2000-ci illərin sonunda biz hamimiz bir komanda idik. Ümumiyyətlə, aradan yox olanlar, müxtəlif yollarla gedənlər oldu. Sizcə, o nəsil arasında yazar kimi ən uğurlu yolu və taleyi olan kimdir?

- Sizcə yox, səncə... (gülür). Bu yaxınlarda Seyfəddin Hüseynli maraqlı bir şey dedi: "Həyatda ən qorxulu, bəlkə də ən lazımsız şeylərdən biri zamanın əvəzinə hökm verməyə çalışmaqdır". Mən bu sözlərlə tamamilə razıyam. Ona görə də taleyi müəyyən edə bilmərəm. Amma oxucu kimi qeydlərimi, müşahidələrimi deyə bilərəm. Çox yaxşı əsərlər yazılır, proses davam edir, hər birimizdə enişlər, çıxışlar olur, bu dalğalı vəziyyət hətta bəzən ədəbiyyatın inkişafında da nəzərə çarpır. Mən, ümumiyyətlə, bizim ədəbiyyatımızın gedişatı haqqında çox pozitiv düşünürəm. Yeri gəlmişkən, icazə ver səni və şərikli dostumuz Seymuru tənqid edim. Məncə, siz bekar adamların rəyinə çox əsaslanmağa meyllisiniz. Əlbəttə, Azərbaycanda hər cür adam var - dəlisi də, vəlisi də. Amma bununla belə çox yaxşı bir gənc nəsil yaranır. Dünyanı diqqətlə təqib edən, oxuyan, araşdıran, bir əli "Google"-də olan, o biri əli ilə Tolstoydan yapışan bir nəsil var. Bu nəslin yaranmasında şəksiz ki, bizim də xidmətlərimiz olub, bu mənada mən qətiyyən pessimist deyiləm və əminəm ki, bizim nəsil, ikimininci illər nəsli ədəbiyyatımızda ən az 60-cılar nəsli qədər, hətta ondan artıq dərəcədə qalıcı bir nəsildir. Çox güclü bir nəsildir. Poeziyadan tutmuş prozaya, publisistikaya qədər yaxşı şeylər də yazmışıq və söz yox ki, yazacağımız monumental əsərlər hələ qarşıdadır. Müstəqilliyimizin 25 yaşı keçən ay tamam oldu və biz nəinki müstəqilliyin, ümumən Azərbaycan ədəbiyyatının ən güclü nəsliyik. Bunu bu gün biz deyirik, sabah bütün ədəbiyyat camiəsi, Ədəbiyyat İnstitutundan tutmuş Azərbaycan Yazıçılar Birliyi, oxucular və əlbəttə ki, Zamanın özü deyəcək. Bu, mənim inamımdır. İcazə ver, bu nikbin sonluqla müsahibəmizi yekunlaşdıraq.

meydan.tv

# 1209 dəfə oxunub

Müəllifin son yazıları

# # #