Hamlet Qoca vəfat edib

Hamlet Qoca vəfat edib
7 may 2019
# 14:01

Tanınmış tərcüməçi Hamlet Qoca vəfat edib.

Bu barədə şair-tərcüməçi Səlim Babullaoğlu öz Facebook profilində məlumat verib.

Hamlet Qoca Xarici Dillər İnstitutunun Fransız şöbəsini bitirmiş, tələbəlik illərindən tərcüməçiliklə məşğul olmağa başlamışdır. Azərbaycan dilinə tərcümə ədəbiyyatı fonduna G.Mopassanın hekayələrini, Anri Truayanın hekayələrini, Jorj Simenonun «Malular ailəsi» romanını, Fransuaz Saqanın «Salam qüssə», Ann Flippin «Bir göz qırpımı», Mari Luiza Verin «Peretin nağılları», Nikol Villelmanın «Samba və Kinaro», Andre Moruanın «Fəslin çiçəkləri» (1970), N.Visselmanın «Samba və Kinaro» (1982), «Fransız hekayələri», həmvətənimlimiz Ümmülbanunun «Qafqaz günləri» romanını töhfə etmişdir.

Bir müddət Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda (1964-1966) çalışan Hamlet Qoca Mali Respublikasında tərcüməçi (1966-1968) işləmişdir. Tərcüməçilik fəaliyyətini davam etdirməklə yanaşı, Hamlet Qoca Azərbaycanın Asiya və Afrika ölkələri ilə həmrəylik Komitəsinin katibi (1971-1980), Əlcəzairdə keçmiş Sovetlərin ölkəsinin səfirliyində bölmə müdiri (1980-1982), Azərbaycan Televiziya və Radio Şirkətində Qərb ölkələri üzrə baş redaktor vəzifələrində çalışmışdır. Tərcüməçiliyə bir yaradıcılıq peşəsi kimi yanaşan və daim oxucularını yeni-yeni tərcümələri ilə sevindirən Hamlet Qocanın «Tam-tamlar ölkəsində» (1971), «Afrikada görüşlərim» (1986), «Üç Afrika səfəri» (1988), «Fransızlar yurdum haqqında» (1990) və s. kitabları işıq üzü görmüşdür.

Mərhumun son böyük işlərindən biri də 418 səhifəlik "Fransız ədəbiyyatı antologiyası" idi.

Xatırladaq ki, Hamlet Qoca Xalq şairi Fikrət Qocanın qardaşıdır.

Allah rəhmət eləsin.

# 2850 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #