Şekspirdən böyük dramaturq

Şekspirdən böyük dramaturq
10 oktyabr 2014
# 08:30

Şekspirin adı dillər əzbəridir və böyük teatr səhnələrini “işğal” etməkdə hələ də israrlıdır. Təbii ki, bunun səbəbləri var, indi onları ard-arda düzməyə hacət yoxdur. Dramaturq adı gələndə ilk növbədə yenə də Vilyam Şekspiri yada salmağa bir növ adətkar olmuşuq. “Otello”, “Hamlet”, “Romeo və Cülyetta”, “Maqbet”, “Kral Lir” dünya dramaturgiyasının şah əsərləri sayılır.

Şekspirdən çox danışıb, onun əsərlərini “bəh-bəh”ləsək də, digər dramurqların haqqna girmiş oluruq. Ən çox da Lope de Veqanın haqqını yeyirik. Bəri başdan deyim ki, Veqa heç də Şekspirdən geri qalmır və yazım da onun haqqındadır. Veqa əslində Şekspirin davamçısı deyil, onunla bir vaxtda dramaturgya sənətini inkişaf etdirən sənətkarlardandı.

Şekspirdən böyük olmaq...

O, Şekspirdən iki il əvvəl, 1562-ci ildə Madriddə doğulub, ondan 21 il sonra, 1635-ci ildə 73 yaşında vəfat edib.

Veqanın yaradıcılığı bizim üçün əsas olduğundan, oxucuları onun həyatı haqqında bilgiləndirmək o qədər də vacib deyil. Gəlin görək ispan intibahının ölməz dramaturqu Lope de Veqa nə yazıb, nə yaradıb.

Yaradıcılığı ərzində Veqa 3 min sonet, 3 roman, 4 povest, 9 ədəbi dastan və 1800 teatr əsəri yazıb.

Haşiyə

Qədim yunan mədəniyyətində yaranan dramaturgiya sənəti Roma dövründə davam etsə də, xristianlığın gəlməsi ilə tənəzzülə uğradı. Səbəbini qısa olaraq belə izah edək ki, xristianlıq tanrıdan və müqəddəs şəxslərdən savayı kimisə ədəbi qəhrəman seçməyi yasaqlayırdı. Burda əsas ədəbi obyekt dünyanı yaradan tanrı və tanrının seçdiyi müqəddəs şəxslər olmalı idi. Bu sarıdan ədəbiyyat dini xarakter almağa başlamışdı. Hərçənd antik yunan-roma ədəbiyyatında da ədəbi personaj baxımından allahlar öndə getsə də, insan obrazları yetərincə idi.

İntibah dövründə artıq ədəbi obrazlar dəyişməyə, ədəbiyyat isə teoloji motivdən qəhrəmanlıq, sevgi, ailə-məişət, bir sözlə insan motivlərinə keçməyə başladı.

Ən populyar əsər

Onun ən populyar əsəri 1623-cü ildə yazdığı “Seviliya ulduzu”dur. Bu mənzum dram Seviliyadakı kral sarayında və saraya yaxın əyanların çevrəsində baş verən hadisələrdən bəhs olunur. Təsadüf nəticəsində kral, adının mənası ulduz olan Estrelyanı görür və ona vurulur. Əsilzadə döyüşçü olan Busto Taberanın bacsı Estrelya isə cəsur əsilzadə Don Sançoyla evlənməyə hazırlaşır. Kral öz köməkçisi vasitəsi ilə Estrelyaya aşiq olduğunu bəyan eləsə də rədd cavabı alır. Lakin kral onun qulluqçusunu qızıla tutaraq gecə ikən Busto Taberanın evinə gedib onun bacısı ilə görüşmək istəyir. Evdə gözlənilmədən Busto Tabera ilə qarşılaşan kral qaçmağa məcbur olur.

Kral ondan intiqam almaq niyyətinə düşür. Daha qəddar üsula əl ataraq Don Sançonu sevgilisinin qardaşı Busto Taberanı öldürməyə məcbur edir. Don Sanço Estrelyaya görə tərəddüd etsə də kralın göstərişini üstün tutaraq qətli törədir. Hiyləgər kral isə qatili həbs etdirir. Tutduğu işdən peşman olan Don Sanço hakimlərdən edam olunmasını tələb eləyir. Kral isə öz məkrini davam etdirərək Don Sançonun taleyini Estrelyaya həvalə edir. Estrelya qardaşının qatili olan sevgilsini azad etsə də, onunla evlənməyi qüruruna sığışdıra bilmir:

Hökmdar, sevsəm də onu ürəkdən,

Çox uca tutsam da hərgah onu mən,

Qardaşım qatili bir şəxslə heç vaxt,

Mən ola bilmərəm əsla ər-arvad.

Bütün bunları müşahidə edən kral Estrelyanın qardaşının qatili ilə bu cür davranmasından heyrətə gələrək, tutduğu əməllərdən peşman olur, vicdan əzabı çəkir.

Müəllifin yumşaqlığı

Əsərin poetik gücünü kiçik məzmunla yazmaq çətin olsa da burda müəllifin ustalığının şahidi oluruq. Hadisələrin gözlənilməz tərzdə dəyişməsi oxucunun marağını birə-beş artırmaqla yanaşı dramaturqun özünəməxsus üslubunun olduğunu da aydın göstərir. Veqa məhəbbət mövzusundan istifadə etməklə sarayda və onun ətrafında baş verən məkrli oyunları açıb göstərir, yüksək təbəqənin “yüksək” həyat tərzini ifşa edir. Dramda əsas qəhrəmanlardan olan kralın öz ehtirası naminə qəddarlığa əl atması müəllifin cəsarəti, sonda isə kralın peşman olaraq müsbət obraza qayıtması müəllifin yumşaqlığının təzahürüdür. Əvvəllər keşiş olan Veqanın bu cür əsərlər yazması onun açıq-aşkar riskə getdiyini, eyni zamanda özünü “sığortala”mağı bacardığını göstərir.

Xoşbəxt sonluq

Veqanın “Valensiya divanələri” əsəri də olduqca maraqlı sujetə malikdir. Prinsi öldürüb qaçan Floryano edam qorxusundan əlacsız qalıb özünü dəliliyə vurur və dostunun köməyi ilə Valensiyada dəlixanaya girir. Əyan qızı olan Erifilya isə sevmədiyi qoca kişiyə ərə getməmək üçün öz qulluqçusu Leonatoya qoşulub qaçır. Leonato Valensiyaya çatanda onun qızlarını və paltarını soyaraq aradan çıxır. Lüt və köməksiz qalan Erifiliyanı keşikçilər dəli zənn edərək dəlixanaya atırlar. Dəlixanada Floryanonu görüb ona vurulan Erifiliya azadlığa çıxmağa çalışır. İş elə gətirir ki, dəlixana rəisi Xerardonun qardaşı qızı Fedra da Floryanoya vurulur və dəlixanaya düşmək üçün özünü dəliliyə vurur. Erifiliyanın Floryanoya vurulmağı azmış kimi üstəlik Fedranın nökəri olan Laida da Floryanoya aşiq olur və təbii ki, o da özünü dəliliyə vurub dəlixanaya girmək istəyir.

Əsər xoşbəxtliklə bitir. Sən demə Floryano prinsin əvəzinə qaçaqlardan birini öldürübmüş. Prins Reynero qiyafəsini dəyişərək gəlir və Floryanonu tanıyır. Dəlixana rəisi qardaşı qızının dərdinə əlac tapır, onu Don Valerio ilə evləndirir, Fedranın qullqçusunu isə Leonatoya ərə verir. Floryano isə sevgilisi Erifilyaya qovuşaraq onun xam əkin yerini şumlamağa başlayır.

Qadın məkri

Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” mənzum pyesi isə qadın xarakterinin ikiləşməsindən, sevginin şan-şöhrətlə qarşılaşmasından bəhs edən mükəmməl bir dram nümunəsidir. Qrafinya Diana öz katibi gənc Teodora vurulur. Teodor isə Diananın qulluqçusu Marelaya aşiq olur. Onları opüşən yerdə tutan Diana qısqanclıqdan qəzəblənərək Marselanı ev dustağı edir. Qrafinya Tedora sevgisini belə izah edir. Guya harasa göndərəcyi sevgi məktubunun qaralamasını ona verir k, bunun əsasında məktub tərtib eləsin. Teodora da məsələnin nə yerdə olduğunu dərhal anlayır və tərtib etdiyi məktubda Diananın kübar ailədən olduğunu, özünün isə buna layiq olmadığını bildirir. Veqanın zamanında bu cür hallar yolverilməz olduğundan o ədəbi keçiddən (priyom) istifadə edərərk kübar xanımın ləyaqətini qotumaqla yanaşı sevginin də sərhədsiz oluğunu ifadə etmişdi. Diana əsilzadə nəslindən olduğundan ona elçi düşən qraf əmisi oğlunu və ya Markiz Rikardonu seçmək məcburiyyətində qalır. Seçimi isə köməkçisi Teodorun ixtiyarına buraxır. Teodor Markiz Rikardonu seçir, ona bu barədə xəbər göndərir. Lakin Amorun sevgi oxları Diananın qəlbini dərindən yaraladığından qrafinya onu rədd edib Teodora qayıdır. Katibinin kübar ailədən olmamamsı onun qarşısında sədd kimi dayanıb, sevginin odunda yandırmaqda davam edir. Bir tərəfdən də elçilər və ərə getmək istəyi onu rahat buraxmır. Bir yandan ərə getmək istəyir, bir yandan sevgi atəşində qovrulur. Bax buna deyərlər, nə yardan doyur, nə əldən qoyur. Teodor isə, onu məzəmmət eləyir:

İzin verin deyim, bağa keşikşçi

Bir məxluqa bənzəriniz var sizin.

O, nə özü yeyir barı, nə də ki,

Özgəsini qoyur yaxın gəlməyə.

Və ya

Nə rədd edir, nə də əldən buraxır,

Bağ-bağçaya keşik çəkən it kimi

Özü yemir, yaxın qoymur özgəni,

Mən özüm də tama çaş-baş qalmışam.

Hadisələrin sonrası isə Teodorun Marseleyə olan sevgisi soyuyur, qrafinyaya olan sevgisi isə artır. Dostu Tristan özündən uydurma əhvalat düzəldərək təsadüfən qraf Lüdovikonun itkin düşən oğlunun Teodor olduğunu hamıya xəbər verir. Buna ən çox sevinən isə Diana olur. Teodorun kübar olduğunu, qraf oğlu olduğunu bilən qrafinya onunla evlənərək milnilməmiş məhəbbət atını onun ixtiyarına verir ki, istədiyi yerə çapsın.

Veqa hələ o dövrdə qadın xarakterinin alt qatlarına enmiş, qadının bir əlində “iki qarpız” saxlamaq istəyini bədii formada əks etdirə bilmişdi. Ondan çox-çox sonralar Freyd qadınların həm şöhrətpərəst olduğunu, həm qısqanc olduğunu və buna görə də ikiləşməyə meylli olduğunu yazacaqdı.

Aktuallıq

Veqa təkcə saray çəkişmələrindən, ailə-məişət və məhəbbət mövzusunda əsərlər yazmayıb. Onun “Quzu bulağı” kimi ictimai motivli və etiraz ruhlu pyesi də var. Sosial sifarişlərin ifadəsi olan bu əsərlər bugünkü gündə də öz əhəmiyyətini, aktuallığını itirməyib. Onun pyeslərini oxuduqca yüksək ustalığın, gözlənilməz ədəbi keçidlərin, yığcam və ifadəli süjetlərin, güclü poetik çalarların şahidi olursan. Orta əsr Avropa intibahının, xüsusən də ispan intibahının ciddi simalarından olan Lope de Veqa bu gün də oxunmağa və təbliğ edilməyə layiqdir.

Şekspir həqiqətən də Şekspirdir, Veqa isə… Oxuyun, sonra özünüz deyərsiniz.

# 10737 dəfə oxunub

Müəllifin son yazıları

# # #