...Mən xəyanət etdim

...Mən xəyanət etdim
22 iyul 2014
# 10:36

Kulis.Az gənc şairə Günel Treunun yeni şeirlərini təqdim edir.

mən sən deyən olmadım...

ürəyim yanır, ana

baxma gözlərimin içinə, qorxuram

birdən görərsən ürəyimin yarasını,

çətin ürəyin dayana

mən sən deyən olmadım, ana.

mən mümkünsüzü sevdim

əlimin çatmadığı,

səsimin yetmədiyi birini...

mən sən deyən olmadım, ana.

mən sən deyən olmadım, ana.

sən məni ağ geyimdə gördün xəyallarında

mənsə...

mən o arzuların üstündə rəqs etdim,

oynadım hislərinlə, ana

oynadım sənlə.

bağışla məni,

bağışla mümkünsə!

sən məni heç ağlayan görmədin, ana

göstərmədim sənə gözümün yaşını.

ürəyimin qanıydı hamısı,

süzülüb gözlərimdən gəlirdi.

dözməzdi ürəyin, ana

baxma gözlərimin içinə,

mən xəyanət etdim

sənin arzularına.

mən sən deyən olmadım, ana.

sən otağımın qapısını açdın,

mən yastığımın altında gizlətdim

ağlayan gözümü,

gizlətdim üzümü səndən.

mənim hıçqırıqlarım

yastığımın altında qaldı,

arzularım kimi...

mən sən deyən olmadım, ana

mən sən deyən olmadım.

böyümüşəm....

topladım ürəyimin qırıntılarını

sapa keçirdim bir-bir

isti-isti, qanlı-qanlı

yaraları sağalmamış....

o buğ qalxan, qanı axan tikələri

su altına tutdum bir-bir

arındırdım, suya çəkdim

yaxaladım...

olanları, keçənləri

ürəyimi tapdaq edib keçənləri

şah qanımı içənləri

sol əlimə bıçaq alıb,

elə kəsdim ağrımadan!

təmizlədim yaddaşımı,

keçdim güzgü qarşısına,

birdəfəlik silib, atdım

göz yaşımı....

dua etdim canlarına,

məni əzib, döyənlərin.

sayənizdə bərkiyibdi çiyinlərim!

ürəyimə vaxtlı-vaxtsız,

o çəkilən dağlar ki var

o dağların sayəsində bərkimişəm.

yıxılmışam, sürünmüşəm

ölüb, yenə doğulmuşam,

böyümüşəm

dağ olmuşam....

danışdır məni bir az...

danışdır məni bir az,

danışmaq istəyirəm

bu kimsəsiz,

bu tənha

çəkilməyən həyata,

yovuşmaq istəyirəm

danışdır məni bir az

ürəyi kitab kimi,

küsülü qalmışam mən.

bir səhra ortasında

çirkli dar ağacına

asılı qalmışam mən.

danışdır məni nolar,

danışdır məni bir az

soruş məndən necəyəm

necə kecir günlərim?

Işim-gücüm necədi

varmı yeni şeirim?

danışdır məni bir az

bir az özümdən qopub,

sən olmaq istəyirəm.

danışdır məni bir az

bilsən nələr dedilər...

biri dedi yazıqdı

biri dedi bulaşma

adamlıqdan uzaqdı

mənsə səni tanımaq,

yanılmaq istəyirəm...

yanılmaq istəyirəm....

# 3266 dəfə oxunub

Müəllifin son yazıları

# # #