Xəyanətə göz yuman kişi

Xəyanətə göz yuman kişi
25 oktyabr 2016
# 15:12

Kulis.Az Orxan Zamanın “Hikməti anlamaq və ona çatmaq məsələsi” yazısını təqdim edir.

O gün qohumum mənə bir əhvalat danışmışdı, neçə gün idi beynimdə fırlanırdı. Söhbəti uzatmadan sizə əhvalatı yazım, oxuyun.

Uzun illər xaricdə təhsil almış bir adam vətəninə qayıdır. Özünü yadlaşmış kimi hiss edir, uzun vaxtdan bəri qürbətdə olduğu üçün indi hər şey ona soyuq buz parçası kimi görünür. Ağaclar da, yollar da, adi bir daş parçası da. Tanış, dost, ya qohum görmək həsrəti ilə yola düzəlir. Yolda rastına bir çoban çıxır və başlayır çobanla söhbət eləməyə. Uzun söhbətdən sonra çoban qayıdıb deyir ki, sən oxumuş, ziyalı adamsan sənə bir sual vermək istəyirəm. Həmin adam da deyir ki, buyur, ver sualını. Çoban üzünü həmin adama tutub deyir :

- Hər şeyin əvvəli və axırı nədir?


Oxumuş qəhrəmanımız çox fikirləşir, cavab tapa bilmir:

- Çoban qardaş, bilmədim bəlkə sən izah eləyəsən?!

Çoban deyir:

- Sən mənim yerimə 6 ay qoyunlarımı otar, sonra mən sənə bunun cavabını deyəcəm.

Oxumuş qəhrəmanımız fikirləşir ki, bu qədər çətinliyə dözüb oxumuşam indi 6 ay nədir ki, mən buna dözməyim. Razılaşır və başlayır çobanın qoyunlarını otarmağa.

6 ay keçir. Çoban gəlir onun yanına xoş-beşdən sonra həmin sualın cavabını belə verir:

" Hər şeyin əvvəli də, axırı da səbrdir".

Həmin adam bir az əsəbləşir öz-özünə deyir ki, bu qədər vaxt bircə bu “səbr” sözünə görə vaxtımı xərclədim burda. Çobanla sağollaşıb qayıdır evinə. Evə çatanda pəncərədən görür ki, arvadının yanında bir oğlan uzanıb, əsəbləşir, əlini bıçağa atır ki, ikisini də öldürsün. Amma birdən çobanın sözləri yadına düşür. Özünü toparlayıb girir otağa. Arvad bunu görcək yanında uzanmış oğlana deyir: "Oğul, dur ayağa, atan gəlib.”

Bu əhvalatı danışıb qurtarandan sonra bir az düşünmüşdüm və yadıma Şekspirin bu sözləri düşmüşdü: “Səbr insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur. Səbri olmayanlar nə qədər də yoxsuldurlar.”

Əslində bu hikmətdən hamımız xəbərdarıq kimi dindirsən səbr haqqında yaxşı bir misal çəkəcək, ya atalar sözü deyəcək. Amma mənə görə əsas məsələ əvvəlcə o hikmətə gəlib çatmaqdır, onda onun qiymətini daha yaxşı bilir insan.

# 1053 dəfə oxunub

Müəllifin son yazıları

# # #