Orxan Pamuk Londondadır

Orxan Pamuk Londondadır
30 sentyabr 2015
# 12:40

Orxan Pamuk sonuncu “Kafamda bir tuhaflık” romanının ingiliscəsini təqdim etmək üçün Londondadır.

“The Guardian” qəzetinin tədbirlər zalında çıxış edən yazıçı roman janrıyla modern şəhərlərin böyüməsi arasında sıx əlaqə olmasından danışıb, britaniyalı oxucuların suallarını cavablandırıb:

“Şəhərlər romanları böyüdür, romanlarsa öz növbəsində şəhəri mifləşdirir və onun böyüklüyünə böyüklük qatır.”

“Mən də Mövlud (romanının qəhrəmanı) kimi gecəyarı şəhərə çıxıb onu müşahidə etməyi xoşlayıram… Şəhər insanlığın müxtəlif cildlərə girib gizləndiyi yerdir.”

“Bir romançı kimi gəzmək, addımlamaq, müşahidə etmək və qeydlər götürmək böyük zövqdür. Foto çəkmək üçün ayfonumdan istifadə edirəm, maraqlı saydığım şeylərin videosunu da çəkirəm.”

Tanınmış jurnalist, aparıcı Mark Lawson’un “Bir yazıçı qırx il ərzində baş verən, çoxlu yan hekayələr və mövzuları birləşdirən bir romanı necə xəyal edir və qurur” sualına O.Pamuk belə cavab verib:

“Bildiyimiz kimi, insan təxəyyülü məhdud olur. 600 səhifəlik romanı qabaqcadan görmək mümkün deyil. Gövdəni fikirləşirsən, budaqları təsəvvür edirsən, sonra bir neçə yarpaq ağlına gəlir.

Epik əsər freskoya bənzəyir: onu yaratmağa küncdən başlayırsan. Bir il müxtəlif küncləri yazırsan, sonra başqa bir küncə keçirsən, daha sonra gövdənin yerini dəyişdirirsən, sonra hekayəni yenidən kəşf edirsən, sonra sevdiyin adamlar deyirlər: “Sən neynirsən?” – bunu aydınlaşdırmaq üçün redaktələr etməyə başlayırsan… 40 ildən çoxdur belə yazıram.”

Pamuk deyib ki, populyar fikrə rəğmən, yazıçılıq tənha iş deyil, redaktorları yaxşı olan yazıçılar yaxşıdırlar.

“Roman onu yenidən yazdıqca, yenidən işlədikcə, yenidən yazdıqca cilalanır. Redaktorlarımdan xahiş edirəm ki, bu davamlı yenidən yazma işində mənə kömək etsinlər.”

Lawson yeni TV qutuların elə 19-cu əsr romanlarını sənət ölçüləri və məqsəd baxımından əhatə etdiyini deyəndə O.Pamuk cavab verib:

“Mənə ən çox verilən suallardan biri budur: "Roman ölürmü?" Cavabım belə olur: Gəlin rəqəmlərə baxaq. Son yüz ildə roman bütün ədəbi formaları sıradan çıxarıb, kənarlaşdırıb: drama, poeziya indi marginallaşıb. İnsanlıq ədəbiyyatla roman vasitəsilə əlaqə saxlayır. Hər bir gənc türk 1970, hətta 1980-ci illərə qədər şair olmaq istəyirdi. İndi daha şair olmaq istəmirlər. İndi hamı roman yazır. Tanrıya şükürlər olsun ki, oxumaq və yazmaq instinkti davam edir.”

oxuzali.az

# 953 dəfə oxunub

Müəllifin son yazıları

# # #