Rumın musiqiçi: “Vaqif Mustafazadə dahi idi”

Rumın musiqiçi: “Vaqif Mustafazadə dahi idi”
21 dekabr 2016
# 13:41

Vircil Mihayu bizim musiqi aləminə tanış imza deyil. Azərbaycan cazını və simfonik musiqisini yaxşı bələd olan bu rumın mütəxəssisin ölkəmizdə tanınmaması təəssüf doğurur. Amma yaxşı ki, təsadüflər (?) var. Təsadüfən tanış olduq, söhbətləşdik və uzaq-uzaq ellərdə gəlmədən-görmədən Azərbaycana, Azərbaycan musiqisinə heyran olan bir təcrübəli musiqişünasla tanışlıq mənim üçün dəyərli bir tapıntı oldu. Maraqlananlar Vircil Mihayu ilə qısa müsahibəni və hələ 1985-ci ildə çap etdirdiyi “Rezonans qutusu” adlı caz esselərindən ibarət kitabına daxil olan “Azərbaycan cazı: Vaqif Mustafazadə” məqaləsi qısa ixtisarla oxuya bilərlər.

Qısa arayış: Vircil Mihayu 1951-ci ildə Klujda şəhərində anadan olub. Rumıniyada, eləcə də, bütün caz dünyasında tanınmış mütəxəssis, yazıçı, jaz estetikası professorudur. 2006-2012 illərdə Rumın Mədəniyyət İnstitutunun (ICR) Lissabonda ilk direktoru və Rumıniyanın Portuqaliyadakı səfirliyində mədəniyyət attaşesi vəzifələrində çalışıb. Dünyanın tanınmış caz jurnallarının daimi müəlliflərindəndir. Cazla bağlı müxtəlif radio-televiziya proqramları hazırlamaqda, Rumıniyada və dünyada keçirilən nüfuzlu caz festivallarının jürisində təmsil olunmaqdadır. V.Mihayu ana dilindən başqa, ingilis, rus, alman, portuqal, ispan dillərində danışır.

- Cənab Mihayu, Azərbaycan cazı ilə tanışlığınızdan başlamaq istərdim.

- Mən Azərbaycan cazı ilə 70-ci illərdən tanışam. Varşavada nəşr olunan məşhur “Jazz Forum” jurnalının Rumıniya təmsilçisi idim. SSRİ cazmenləri haqqında məqalə yazmalıydım. Mənə Vaqifin ikili albomunu göndərdilər. Bu, fantastika idi. Dinlədiyim musiqi məni sehrləmişdi. “Melodiya” şirkətindən buraxılmış bu albomlarda Vaqif Mustafazadə ilə birlikdə bir-birindən istedadlı daha iki musiqiçi Tamaz Kuraşvili və Vladimir Boldırev də vardı. Mustafazadənin xanımı Elza Mustafazadə də iki xalq mahnısı səsləndirirdi. Çox möhtəşəm albom idi. Cazın ingilis dilinin monopoliyasında olduğu vaxtlarda Vaqif Azərbaycan dilində, muğam elementləri ilə inanılmaz sintez yaratmışdı. O, milli caz məktəbinin yaradıcı idi. Mənim üçün o, dünya səviyyəli qəhrəmandır. Vaqifin bu eksperimentləri etdiyi vaxtlarda seçilmək, milli elementlərlə fərqlənmək çətin idi. Vaqif dahi idi. Mənə görə Azərbaycanın ən önəmli musiqiçilərindəndir. Öz xalqının zəngin folklorunu universal musiqi diliylə bütün dünyaya göstərə bilən bir qəhrəmandır Vaqif. Qızı Əzizənin də uğurları fövqəladədir.

- Yeri gəlmişkən, rumın mətbuatında Əzizənin 2012-ci ildə Timişoara şəhərində keçirilmiş ənənəvi “Plai” beynəlxalq caz festivalındakı çıxışı haqqında çox gözəl rəylər oxudum.

- Təəssüf ki, o festival zamanı ölkədə deyildim, canlı dinləyə bilmədim. Əzizə də atası kimi çoxdan dünya musiqiçisidir. Bilirsinizmi, 1983-cü ildə Elza xanıma məktub yazmışdım. Dahi Vaqifin albomlarından, mümkündürsə, göndərməyini xahiş etmişdim. Mənə 5 səhifəlik rusca məktub yazıb təşəkkür etmişdi. Hələ o vaxt bütün diqqətini Əzizənin inkişafına yönəltdiyini yazmışdı. İndi də qızının meneceridir. Vaqif Mustafazadənin iştirakı ilə Azərbaycanda başlamış qeyri-adi caz janrı indi də davam edir. Bakıdakı cazmenlərlə tanış olmaq, prosesi yaxından izləmək istərdim. Vaqiflə bağlı bir xatirəmi də paylaşım. Bir dəfə Vaşinqtonda çamadanımı eşələyərkən disklərim töküldü. Yanımdakı adam dərhal onları götürdü. Sən demə, Vaqifin böyük fanatıymış. Böyük dərman firması olan bu iş adamı Vaqifin bütün albomlarını əldə etmişdi. Vaqif haqqında böyük heyranlıqla danışırdı. O adamla tanışlıq mənə çox təsir etmişdi.

- Sizdən bu sözləri eşitmək, açığı, çox qürurvericidir. Amma bildiyim qədərilə, Azərbaycan musiqisinə marağınız cazla məhdudlaşmır.

- Azərbaycan simfonik musiqisi də başqa bir mövzudur mənim üçün. Keçən il əvvəl burada Kluj Transilvaniya Filarmoniyasının orkestri liviyalı gənc dirijor Lubnan Baalbakinin rəhbərliyi ilə Fikrət Əmirovun “Piano üçün konsert”ini və “İkinci Simfoniya”sını səsləndirdi. Bu orkestrlə Bakıda da musiqisevərlərin qarşısına çıxa bilərik. Daha öncələr də Qara Qarayevin, Arif Məlikovun əsərlərini heyranlıqla dinləmişəm. Təəssüf ki, yeni nəsil simfonik bəstəkarlarla tanış deyiləm. Amma inanıram ki, Azərbaycan klassik musiqi məktəbi öz ənənələrinə sadiqdir. Tofiq Quliyev, Rəşid Behbudov haqqında məlumatlıyam. Muslim Maqomayev böyük sənətkardı. Rumın radiosunda çox səsləndirilib vaxtilə. Vaqif isə unikal idi.

- İcazənizlə, bu günlərə qayıdaq. Ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsi qaneedici deyil. Sizcə, niyə bir-birimizi tanımağa gecikirik?

- Ölkələrimizdə istedadlı insanlarımız çoxdur. Çox şey göstərə, çox şey də görə bilərik. Bizim problemimiz administrativ problemlərdir. Təşkilatçılığın axsamasıdır. Təbliğat sahəsində geri qalırıq. Mənəviyyatın zənginləşməsinə xidmət edən sahələrin inkişafına diqqət göstərmək lazımdır. Azərbaycanın sadəcə musiqisi deyil, şəxsən mənim üçün arxitekturası da həyəcanvericidir. Məsələn, Bakı şəhəri neftin təsirilə tarix boyu necə dəyişib, hansı mərhələlərdən keçib, çox maraqlıdır. Digər tərəfdən, Mərkəzi və Şərqi Avropa ölkələrində snobizm var, daha çox Qərbi Avropa ölkələrinə yönəlirlər. Böyük musiqiçilər miqrasiya edirlər və emiqrant kimi oralarda itib-batırlar. Əvvəl də belə idi, indi də belədir. Böyük musiqiçi böyüklərlə böyükdür. Getdiyi ölkədə özü səviyyədə musiqiçilərlə işləməsə, o, məhvə məhkumdur. Öz dəyərlərimizə sahib çıxmağa məcburuq.

- Məcbur olduğumuz başqa bir şey də hər şeyin yaxşı olacağına inanmaqdır. Söhbət üçün təşəkkür edirəm, cənab Mihayu. Bakıda görüşmək ümidilə.

- Mənə göstərdiyiniz marağa görə mən də təşəkkür edirəm. Bir gün mütləq haradasa görüşəcəyik. Bu yer Bakı olsa, daha gözəl olar təbii ki.

Vircil Mihayu (Virgil Mihaiu)

Azərbaycan cazı: Vaqif Mustafazadə

Vaqif Mustafazadənin post-bob dövrünün orijinal caz pianoçularından biri kimi inanılmaz yüksəlişi çoxları üçün gözlənilməz idi. Bu, ilk növbədə, periferik mədəniyyət areallarını, eyni zamanda, böyük meqapolislərdən kənarda incəsənətin yaranmasına snobist yanaşmanı dəstəkləyən qüsurlu stereotiplərlə bağlıdır. Belə bir münasibət həm dünya miqyasında, həm də çox milli səviyyədə müşahidə edilir (əksəriyyəti əyalətlərdə fəaliyyət göstərən caz musiqiçilərimiz nümunəsində). Mərkəzdənqaçma prosesi, "dünyəvi kənd" mədəniyyətinin malik olduğundan daha çox qazanacağı faydalı hadisədir.

Vaqif Mustafazadə martın 16-da 1940-cı ildə Azərbaycan SSRİ-nin gözəl paytaxtı Bakıda anadan olub və yaradıcılığının çiçəkləndiyi bir vaxtda 1979-cu ildə 39 yaşında vəfat edib. Mustafazadənin yaşayıb-yaratdığı mühit haqqında çox söz deyə bilərik. Unutmayaq ki, Azərbaycan üç Transqafqaz ölkəsindən ən böyüyü olmaqla, Gürcüstan və Ermənistanla bərabər zəngin mədəni mühitə malik və ciddi caz performanslarının həyata keçirildiyi bir bölgədə yerləşir. Azərbaycanın ərazisi Macarıstan, İrlandiya, yaxud Avstriya qədər, əhalisi isə təxminən 6 milyonla İsveçrənin əhalisi qədərdir. Ölkənin adı qədimlərə gedib çıxır, mənası “Odlar yurdu” deməkdir. Təəccüblü deyil ki, Zərdüştdən Makedonyalı İsgəndərə və Marko Poloya qədər çoxları Xəzər dənizinin sahilində Qafqaz dağlarının cənubunda yerləşən bu torpaqlara heyran qalmış, yerin qəlbindən çıxan əbədi atəşdən çox təsirlənmişdilər. Neft dolu böyük kraterlər qədim Bakıda çoxdan – 1863-cü ildən məlumdur. Qara qızılla zənginləşən Azərbaycan paytaxtı bir ticarət mərkəzindən kosmopolit, Rotşild, Deterdinq, Gülbenyan, Əsədullayev, Adamov kimi maqnatların qərargahına çevrilmişdi...[...]

İslama bağlı mədəni ənənələrin kök saldığı torpaqlarda doğulub-böyüyən Vaqif Vaqif Mustafazadə cazın universal dilində öz xalqının gözəlliyini və həssaslığını parlaq ifadə edə bilmişdi. O, beş yaşında pianoda çalmağı bacarırdı, 20 yaşında isə artıq caz pianoçusu kimi ad qazanmışdı. Bakıda konservatoriyanı bitirdikdən sonra özünün “Qafqaz” triosu ilə bərabər Tbilisidə aktiv fəaliyyət göstərirdi. 1966 və 1967-ci illərdə Tallində keçirilən, məşhur cazmenlərin çıxış etdiyi caz festivallarında iştirakdan sonra Vaqif SSRİ caz ifaçılarının elitasına daxil olur. Caz tənqidçiləri Aleksey Bataşev və Vadim Yurçenkov “Jazz Forum” jurnalında (64/1980) şairin ölümü münasibətilə çap etdirdikləri məqalələrində qeyd edirdilər ki, o illərdə sadəcə caz çalmaqla yaşamaq musiqiçilər üçün çətin idi, buna görə də, Vaqif müxtəlif estrada orkestrlərilə, o cümlədən, Azərbaycan Radio-Televiziya orkestri ilə çıxış edirdi. Buna baxmayaraq, o, “Melodiya” şirkətində digər cazmenlərdən daha çox əsər yazdıra bilmişdi.

Təəssüf ki, bu disklərin dar təsir dairəsi möhtəşəm bakılı pianoçunu layiq olduğu beynəlxalq şöhrətdən uzaq saxladı. Həyatının son illərində Mustafazadə bütün dünyada tanınmağa başlamışdı: 1978-ci ildə 10 gün boyu Tbilisidə təşkil olunan caz festivalından sonra Pavel Brodovski - Beynəlxalq Caz Federasiyasının jurnalının şef-redaktoru, yazırdı ki, bu pianoçunun istedadlı ifası uzun müddət qiymətləndirilməyib. Mustafazadənin 8 ildir cazla məşğul olduğunu xatırladaraq, Brodovski qeyd edirdi ki, 1978-ci ildə Tbilisidə keçirilmiş festivalda azərbaycanlı pianoçu özünü Bill Evans səviyyəsində pianoçu kimi göstərib. Onun lirik, introspektiv ifası, musiqisinin nüfuzedici qeyri-adi ritmi və harmoniyası bunu deməyə əsas verir. Vaqifin fortepiano əsərləri Azərbaycan xalqının milli musiqisinin Şərq ornamentlərilə qidalanır. Bu musiqi modal və improvizəyə açıq, cazın xarakterinə adekvatdır. “Muğam”, bu musiqinin çox sayda təkrarlana bilən, hind raqasına çox bənzəyən mahiyyətini, ritmik-melodik modellərini açmağa kömək edən sözdür. Mustafazadənin yaratdığı bu folklorik, xüsusi diapozon, vokal tələb edən orijinal ritm konsepsiyalarını publika isti qarşıladı (J.F.№54/1978).

Tbilisidə qazanılmış uğur Mustafazadənin televiziyadakı işindən uzaqlaşıb özünü tamamilə caza verməsinə səbəb olur. O, 1979-cu ildə o vaxta qədər sovet musiqiçilərinin beynəlxalq arenada qazandığı ən yüksək mükafatı qazanır. Cazmen, Monakoda təşkil olunmuş, yüzlərlə bəstəkarın iştirak etdiyi Beynəlxalq Caz Festivalında 8 yaşlı qızı Əzizəyə həsr etdiyi “Əzizəni gözləyərkən” əsərilə Birinci mükafatını qazanır. Həmin il Azərbaycan hökuməti onu “Əməkdar Artist” adı da mükafatlandırır. Bununla da, Vaqif belə yüksək ada layiq görülən ilk sovet cazmeni olur. Onun 1979-cu ildə Daşkənd qastrolu zamanı ürək tutmasından dünyasını dəyişməsi 80-ci illər caz dünyasının ən böyük itkilərindən biri idi.

Əlbəttə, Vaqif Mustafazadə o musiqiçilərdəndir ki, böyük mədəniyyətlə silahlanmış parlaq istedadı ona cazın yeni üfüqlərini fəth etməyə imkan verir. O, doğma xalq melodiyalarını cazın universal gücü ilə birləşdirərək möhtəşəm nəticələr əldə edir. Bu bizə rumın cazının 1979-cu ildə itirdiyimiz adını – Riçard Oskanitskini xatırladır. Fortepiano ifasında müxtəlif vasitələrə müraciət edən Vaqif Mustafazadə öz şəxsiyyətindən təsirlənir, ancaq heç bir zaman bunu nümayiş etdirmir, öz ifasıyla sadəcə estetik keyfiyyətə xidmət edir.

“Melodiya”da yazılmış bol musiqi materialı ilə dolu bu ikili albom, bizə möhtəşəm gürcü kontrabasçı Tamaz Kuraşvilinin də iştirakı ilə tükənməz qaynaqlara sahib bir pianoçu-bəstəkarı tanıdır. Bu instrumental duetə Tbilisi festivalının yüksək səviyyəli tənqidçiləri heyran qalmışdılar. Pavel Brodovski “Jazz Forum”da yazırdı: “Kuraşvili gözəl texnikaya, aydın intonasiyaya sahib, harmoniya və swing üçün gərəkli olan həqiqi feeling nümayiş etdirən nadir bir caz basistidir. Mustafazadənin musiqisi və Kuraşvilinin ifası bir-birilə səsləşir və daha aydın eşidilir. Bu iki möhtəşəm musiqiçi tanış olduqdan sonra yaratdıqları qrupla çox tezliklə gözəl nəticələr əldə etmişdilər”.

Yuxarıda qeyd olunan ikili albom bu əməkdaşlığın meyvəsi idi. Böyük mənəvi zənginliyə malik artistlər Mustafazadə və Kuraşvili 1965-ci ildə cazda cüt piano-kontrabas ifalar arasında antolojik səhifə yazırlar. Parlaq, əlvan həllər, enerjili fırça zərbələri və kontrastlı variantlardan ibarət səslərin zərif dizaynı böyük ustalıqla sıx toxunub, İslam incəsənətinə bənzədilmiş halda, pianonun dilləri çeviklik nəzəriyyəsinə tabedir və kontrabasın davamlı dəstəyi musiqini həqiqətən stimullaşdırmağa xidmət edir. Mustafazadədə qaynar maqnadan başlayıb başqa-başqa duyğu üfüqlərinə doğru yönələn notların fırtınalı ardıcıllığı geniş səs axınının yaranması təəssüratı yaradır. Bu da adətən vokalla ifadə olunan, yaxud nəfəsli və ya yaylı alətlərlə Orta Şərq musiqisi təəssüratı yaradır. Bütün bu imrovizənin içində pianoçu sayıqlığını itirmir, heç bir notun, nüansın nəzarətdən çıxmasına imkan vermir. Musiqi axını fortepianodan çıxan səs bloklarının bütövlüyünü düzxətli melodiyanın və ya stereotip dekorativzmin içinə daşıyır. Mustafazadə əsərlərinin sinirləri var, sürprizlərlə doludur, amma digər tərəfdən bilirlər ki, nə vaxt, necə, nə qədər Şərq melonxoliyasına boyun əymək olar. Mustafazadənin xüsusi qabiliyyəti cazı muğamlarla birləşdirməyin yollarını bilməsidir. Bu musiqi Orta Asiyada, xüsusilə, türk və İran xalqlarının istifadə etdiyi musiqidir, ona, həmçinin, Kiçik Asiya xalqlarında da rast gəlinir. Diatonik qammanın 7 ladı üzərində yaradılmış 6 model fərqləndirilir: Bozorq, Rast, Neva, Dugah, Segah və İrak. Tacik və özbəklərdə 6 muğam qrupuna rast gəlinir ki, bu da “şaşmuğam” adlanır və Rudaki, İbn Sina, Xəyyam, Hafiz və digərləri kimi məşhur müsəlman klassiklərinin şeirlərinin mətnlərilə müşayiət olunur.[...]

Ekzotik ətirlə dolmuş zəngin mədənlər kimi Vaqif Mustafazadənin estetik konsepsiyası da öz içində təmizlənir. İstedadlı baterist Vladimir Boldırev, bir neçə əsərdə qüsursuz təqdimatı, eyni zamanda, təmkinli, amma kifayət qədər teatral tərzdə vokalı ilə diqqət çəkən pianistin xanımı Elza Mustafazadə də bizim yuxarıdakı müşahidələrimizin möhkəmlənməsinə səbəb oldu. Elza Mustafazadənin ifa etdiyi iki xalq mahnısı pianonun dillərindən qopan əsrarəngiz atəşfəşanlıq modelləri hesab edilə bilər.

Mustafazadənin bəstəkarlığı bir sıra simfonik və kamera əsərlərilə daha geniş üfüqləri fəth edir. Onun “Piano və orkestr üçün” simfonik konserti peşəkarlar tərəfindən yüksək qiymətləndirilib, Azərbaycanın simfonik musiqiçiləri repertuarlarına daxil ediblər. 4-cü albomda yer alan 2 saylı konsert deməyə əsas verir ki, pianoçu, bəstəkar və filosof (əlavə edərdim ki, təbii olaraq) çətin third stream janrını mənimsəyə bilib.

Həyatın böyük amansızlığına rəğmən, Eminesku və Qerşvin kimi 39 yaşında həyatdan köçsə də, novator ömründə yaratdığı hər şey unikaldır. Yalnız bu yolla nadanların uzun illərdir daha az tanınan mədəniyyətlərə şübhəli, yuxarıdan-aşağı münasibətini darmadağın etmək mümkündür. Vaqif Mustafazadə Azərbaycan cazının pioneri olaraq qədim mənəviyyatı XX əsr musiqisinin tam mərkəzində yaşadır. Zaman və məkan unudulur. Onun musiqisi bizi inandırır ki, Yer kürəsinin insan yaşayan istənilən nöqtəsində yüksək səviyyəli incəsənətin yaranması mümkündür.

Rumıncadan tərcümə: Jalə İsmayıl

# 1145 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #