Alı Mustafayevin ŞEİRİ

Alı Mustafayevin ŞEİRİ
20 noyabr 2013
# 11:44

Kulis.Az 1991-ci il 20 noyabrda Qarakənd səmasında vurulan vertolyotda şəhid olan telejurnalist Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” şeirini təqdim edir.

Baxıram dünyanın bu gərdişinə,

Dəli bir ağlamaq keçir könlümdən.
Fələk rəvac verdi namərd işinə.
Dəli bir ağlamaq keçir könlümdən.


Torpaqda haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında,
Müqəddəs Şəhidlər Xiyabanında,
Dəli bir ağlamaq keçir könlümdən.


Yanmadım ömrümdən keçən illərə,
Baxıb məzarımda solan güllərə,
Söykəyib üzümü qərənfillərə,
Dəli bir ağlamaq keçir könlümdən.


Dünyanın sükutu bu daş qəfəsdə,
Köksümdə qövr edib hıçqıran səsdə.
Toy libası geymiş bu qəbrin üstə,
Dəli bir ağlamaq keçir könlümdən.


Mənası bir imiş toyun, yasın da,
Bu qara zülmətin ağ libasın da.
Durub haqq evinin astanasında
Dəli bir ağlamaq keçir könlümdən.


Bu qəlbim ovunmaz sınıq saz kimi,
Dərd də gülə-gülə gəldi, yaz kimi ,
Allaha, Tanrıya etiraz kimi
Dəli bir ağlamaq keçir könlümdən.

# 12660 dəfə oxunub

Müəllifin son yazıları

# # #