Metamodernist manifest

Metamodernist manifest
13 iyun 2019
# 15:17

Luk Törner

Luc Turner 1982-ci ildə İngiltərənin Mançester şəhərində doğulan sənətşünas və yazıçıdır. Onun qabaqcıl işləri 90-cı illərdə veb saytlarda başlayıb. O, dünyada böyük rezonansa səbəb olan “Metamodernist Manifest”in müəllifidir, eləcə də estetika və mədəniyyətyönümlü www.metamodernism.com veb saytının redaktorlarından biridir.

1.

Biz oskilasiyanı (yırğalanma) dünya nizamının təbiətinə uyğun sayırıq.

2.

Biz özümüzü modernizm əsrinin ideoloji saflığından və onun nikahdankənar övladının həyasız sinikliyindən xilas etməliyik.

3.

Hərəkat bundan sonra dünyanı bir-birinə diametral əks olan ideyaların mövqeləri arasında yırğlanmaqla (nəhəng elektrik maşınının nəbz kimi döyünən qütbləri tək) hərəkətə keçirəcək.

4.

Biz istənilən hərəkata və təcrübəyə xas məhdudiyyətləri, eləcə də bu məhdudiyyətlərin hüdudlarını aşmaq üçün aparılan cəhdlərin mənasızlığını qəbul edirik. Sistemin böyük hissəsini təşkil edən natamamlıq sədaqəti vacib edir, amma bu sədaqət nəzərdə tutulan nəticənin əldə olunması, yaxud sözügedən kursa itaət etmək üçün yox, yəqin ki, daha çox hansısa gizli zahiri tərəfə dolayı yolla baxmaq üçündür. Mövcudluq o halda zənginləşmiş olur ki, məqsədə çatmaq üçün hərəkətə keçəndə, sözügedən sərhədləri aşa biləcəyimizə və ya bu hərəkatın dünyanı çözəcəyinə inanaq.

5.

Bütün şeylər maksimal entropik uyğunsuzluq vəziyyətinə doğru geri dönüşü olmayan şəkildə sürünür. Bədii yaradıcılıq yalnız bu fərqdən doğulmaq, yaxud bunun aşkarlanması şərtilə mümkündür. Öz zenitinə çatmış təsirlər sözügedən bu fərqliliyin birbaşa ifadəsidir. İncəsənətin rolu öz paradoksal ambisiyalarının verdiyi vədlərin ifrat əks qütblərin iştiraka cəlb edilməsi yolu ilə araşdırılması olmalıdır.

6.

İndiki zaman təxirəsalınmazlığın və sönmüşlüyün ikili doğuluşunun simptomudur. Bu gün biz eyni dərəcədə həm nostalgiyaya, həm də futurizmə meyilliyik. Yeni texnologiyalar hadisələrin müxtəlif mövqelərdən eyni anda dərk edilməsi və oynadılmasına imkan yaradır. Yeni yaranan şəbəkələr tarixin demokratikləşməsinə (onun ölümünə yox), metanarrativlərin indi və burada da hərəkət elə bildiyi yolayrıclarına malik olmasında vasitəçi olur.

7.

Elm poetik eleqantlığa meyl etdiyi kimi, sənətkarlar da həqiqət axtarışına çıxa bilər. İstər empirik olsun, istər aforistik, dürüstlüyündən asılı olmayaraq, bütün məlumatlar bilik üçün zəmindir. Biz magik-realizmin elmi-poetik sintezini və informativ saflığını qəbul etməliyik. Yalnış da bir naxışdır.

8.

Biz ideoloji özüllərə qandallanmamış praqmatik romantizm təklif edirik. Beləliklə, biz metamodernizmi ölçülə və tutula bilməyən üfüqlərin çoxsaylılıq axtarışında, ironiya və səmimiyyət, saflıq və məlumatlılıq, relyativizm və həqiqət, optimizm və şübhə hüdudları arasında və bu hüdudlardan kənardakı dəyişkən vəziyyət kimi təyin edə bilərik. Biz irəli hərəkət etməli və yırğalanmalıyıq!

Tərcümə: İlahə, Qismət

Sim-sim.az

# 1927 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #