İşartı göz çəkəndi....

İşartı göz çəkəndi....
29 iyun 2017
# 16:12

Həmzəli İlyas

Köz işartısı...

İşartısı olan köz yanacaq, ocaq olacaq. Ocaq kəlməsi həm də müqəddəsliyə işarədi...

“Göylərin gözlərindən leysan axsa da” (“Göylərin yerə üsyanı”), “dünya arzulardan çatlasa da” (“Hegemon arzular”), “köhnə arxa su gəlməsə də” (“Üzə güldü, mələyə döndü”), “saxta qürurlar qismətin yoluna daş dığırlasa da” (“Saxta qürurum”)... o köz ocaq olacaq. Əgər köz közdürsə...

Oxuduğum “Bir ocaq işartısı” şeirlər kitabı müqəddəs niyyətlərin “coğrafiyası”nı da xatırladır. Həm də düşündürməklə xatırladır.

Şeirlərdə poetik ifadələr seziləndir. Təbii ki, sezilən, hiss edilən, duyulan poetik məqamlar diqqəti çəkir. Etibar Qəribin “Bir ocaq işartısı” kitabını bu duyğularla oxudum. Nostalji duyğular könlümü telləndirdi: oxuduğum şeirlərin bəzilərinin mahiyyətini zamanında yaşamışam. Şeirlərin mövzusu da diqqəti çəkir, bədii “yükü” də, poetexnikası da. Bənzətmələrin, təşbehlərin təravəti aydınlığıyla hiss olunur. Misralarda bədii sözün, bəndlərdə bədii sözə söykənmiş misraların boyu görünəndi.

Səmimi deyilən söz (yazılan şeir) səmimi eşidilir, dinlənilir (oxunur, dərk edilir). Bu baxımdan qətiyyətlə “Etibar Qərib səmimi şairdi” – deyə bilərik (deyirik).

Dağların dağ görkəmindən gileyli qalan, gördüklərindən “bədəni ürpəşən, gözləri yaşaran” (“Dağlar”) bədii “mən” Etibar Qərib.

Bir şübhə min sağlam sözü öldürür,

Min inam bir şəri öldürə bilmir. (“El sözü deyilən tərəzi vardı”) – gileyinin ağrılarını yaşayır. Bu ağrının bir adı var: torpaqlarımızın işğalı – Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı. Bu işğalın sızıltıları məmləkətin canından üzülməyincə Etibarın sözü döyüşənlərin sırasında olacaq.

“Bildiyi (tanıdığı) dərdə düşən” (“Bildiyim də dərddi...”) bədii “mən”in qənaətinə görə, “tarix bir qələmin yazısı deyil” (“Vətən ağrıların odası deyil”). Bu tarixi Vətən sevgisi Vətən boyda olanlar yazır, Vətənin dar günündə “bir qaşıq” qanından qorxmayanlar – şəhidlər yazır, “yaşadığı bu gününü elə bu gün unutmayanlar” (“Vətənlə söhbət”) yazır... Bunu taleyinə “göyqurşağı bilənlər” də (“Hara tələsirsən?”) bilir, “başıdaşlılar da” (“Üzü güldü, mələyə döndü”), “öz külünü birtəhər tökmək istəyənlər də”. Bunları şeirə gətirmək, şeir biçimində təqdim etmək qüdrətdi. Etibar Qəribin şeirlərində bu qüdrət duyulandı, hiss ediləndi, görünəndi...

“Zirvədəki sözü endirən dili” də “təpəcikdən dağlar yoğuran dili” də (“Boyalı, boyasız söz”) sözün araçılığıyla tanıyırıq. Boyasız sözün müstəvisində “əldən yapışmayanları, qoldan tutmayanları” (“Bu gün əl tutandan itələyən çox”), “sözü söz qaydasında deyə bilməyənləri” haqq yoluna çağırır Etibar Qərib. Misra-misra, şeir-şeir...

Bu bulud çəkilər başının üstdən,

Gülər taleyinə bir göy qurşağı. (“Hara tələsirsən?”) – beytinin bədii yükü diqqəti çəkir; göyqurşağı ifadəsində təbiətlə insanın analogiyası yenidir, qəbul ediləndir. Həm də hiss edilməsi çətin olmayan bir istək var: iki arada yaşamamaq. Həm də “düyünlü fikirlərin qarasına deyinməməklə” (“Dərdimi haqladın...”).

“Kor atı minib köndələn çapmaq”, “az qalır gözünə girə” el ifadələridi. Etibar Qərib bu kimi dəyimləri şeirə poetik biçimdə gətirə bilir...

...Etibar Qəribin “Bir ocaq işartısı” şeirlər kitabı maraqla oxunur; düşündürücü şeirlərdir...

# 1100 dəfə oxunub

Müəllifin son yazıları

# # #