Telman Adıgözəlov ona evlilik təklif etdi, kişi aktyorlarımızın arasına qısqanclıq davası saldı– “Bəyin oğurlanması”nın məşhur siması kim idi?

Tamara Şakirova

Tamara Şakirova

26 noyabr 2022
# 21:00

Bu gün Əməkdar artist Tamara Şakirovanın doğum günüdür. Kulis.az onun haqqında 10 maraqlı faktı təqdim edir.

1. Tamara Şakirova Özbəkistanın paytaxtı Daşkənddə doğulub. O, ilk dəfə 14 yaşı olanda Anatoliya Kabulovanın “Kor yağış” filminə çəkilib.

***

2. 1983-cü ildə Özbəkistanın əməkdar artisti adına layiq görülmüş istedadlı aktrisa sovet kinosunun tanınmış simalarından sayılırdı. Tamara Şakirova öz karyerası ərzində onlarca yaddaqalan obraz yaradıb. "Özbəkfilm"in çəkdiyi "Xarəzm əfsanəsi", "Simurq", "Odlu yollar" kimi filmlər onu keçmiş SSRİ məkanında məhşurlaşdırır.


3. Tamara iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı aktyor və rejissor Otabek Qəniyev olur. 1972-ci ildə aktrisa “Simruq” filmində Zibeydə roluna çəkilir. Çəkiliş zamanı aktrisa ilə Otabek arasında isti münasibətlər yaranır və onlar ailə qurur.

***

4. Otabek dünyasını dəyişəndən sonra Tamara ikinci dəfə kaskadyorla ailə həyatı qurur. Lakin film çəkilişi vaxtı onun ikinci əri möhkəm zədələnir və dünyasını dəyişir.

5. Tamara Şakirova Azərbaycanda çəkilmiş 3 filmdə iştirak edib. “Çətirimiz buludlardır” filmindən sonra o, “Bəyin oğurlanması” filmində gəlin rolunu ifa etmək üçün dəvət alır. Aktrisanın Azərbaycanda çəkildiyi sonuncu film isə “Qırmızı qatar” filmi olur.

***

6. Tamara “Çətirimiz buludlar”dır filminin çəkilişləri üçün Azərbaycana gəlir. Bu zaman aktrisa artıq ailəli olur. O, filmdə Nərgiz rolunu canlandırır. Deyilənlərə görə filmin çəkilişləri zamanı aktyor Telman Adıgözəlov Tamaraya aşiq olur və hətta ona evlilik təklif edir. Tamara isə bu təklifdən imtina edib Özbəkistana qayıdır.

7. Aktrisanın “Bəyin oğurlanması” filminə çəkilməsi də təsadüfi olmur. Filmin quruluşçu rejissor işi əvvəlcə Tofiq İsmayılova həvalə edilir. T. İsmayılov hətta sınaq çəkilişlərinə də başlayır. Təxminən 3-4 ay sınaq çəkilişləri apararkən o, filmdə çəkəcəyi aktyor və aktrisaları seçir. Lakin gözlənilmədən vəziyyət dəyişir. Tofiq İsmayılov filmdən uzaqlaşdırılır, Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edilir. Və filmin yeni rejissorları bütün rolların ifaçılarını dəyişdirirlər, təkcə Nigarı canlandıran Tamara Şakirovadan başqa. Görünür Tamaranın qeyri-adi istedad sahibi olması rejissorlar Vaqif Mustafayev və Ceyhun Mirzəyevi tam razı salmışdı ki, onlar özbək aktrisadan imtina etmirlər.

8. 2012-ci ildə Tamara xərçəng xəstəsi olduğunu öyrənir. Elə həmin ilin fevralın 22-də xərçəng xəstəliyindən dünyasını dəyişir.

***

9. Aktrisanın böyük qızı Rayhon populyar müğənnidir. Onun nəvəsi Nəbi Qəniyev isə Özbəkistanın məşhur rejissorlarından biri hesab olunur. Tamara dünyasını dəyişən gün qızı Rayhon Qəniyeva anasının vəfatı ilə əlaqədar əvvəlcədən elan olunmuş konsertini ləğv edir.

10. Aktrisanın “Bəyin oğurlanması” filmindəki tərəf müqabili Əməkdar artist Füzuli Hüseynov Tamara haqqında deyir:


“Filmdə mənim 23, Tamaranın 30 yaşı vardı. Çəkilişlər Şamaxıda edilirdi. O, bizim aktyorlarımızın bir çoxunu artıq “Çətirimiz buludlardır” filmindən tanıyırdı. Bizi bir-birimizlə tanış edəndə ona dedilər, bax, bu sənin filmdəki ərindir. Tamara mənə baxıb - necə yaraşıqlı oğlandır, deyib əlimdən tutdu. Məsələ burasındadır ki, biz doğurdan da çəkilişlər zamanı çox yaxın dost olmuşduq, o, vaxtının çoxunu mənimlə keçirirdi. Burda olduğu müddətdə onun çoxlu sevənləri, pərəstişkarları vardı. Hətta filmin çəkilişləri zamanı bir neçə aktyorla mənim mübahisəm də oldu. Onlar məni Tamaraya qısqanırdılar, elə bilirdilər ki, mən onun qəlbini ələ almışam. Mən onu arayıb axtaranda bildim ki, Tamara dünyasını dəyişib. Çox pis oldum. O, həqiqətən də yaxşı aktrisa və gözəl insan idi.

# 19402 dəfə oxunub

Müəllifin son yazıları

# # #