Budda həqiqət deyil

Budda həqiqət deyil
8 iyul 2015
# 17:42

Alman yazıçısı, şair və publisist Hеrman Hеssе Vürtеmburqda, missionеr ailəsində doğulmuşdu.

Validеynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hеrmanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protеstant sеminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından qovmuşdular.

Hessenin “Yalquzaq” əsəri insan faciəsinin, daxili gərginliyin mükəmməl şəkildə bədii təsviridir. O insanı üzdən deyil, şüurun alt qatından kəşf edib səhifələrə köçürür. Belə ki bu romanı yazmaqla həyatda öz sosial-ictimai mövqeyini tapa bilməyən, tərki – dünyalığa meyl etmiş obrazı canlandıran Herman Faust “ dualizmini ” inkar etmişdir. Hessenin uşaqlıq illərində valideynləri Hindistanda yaşayır. Bunun nəticəsində hind mədəniyyətinə, ümumən Şərq fəlsəfəsinə meyl edən yazar “Siddhartha” povestini yazır.

Siddharta həqiqət axtarışında olan qeyri-müəyyən obrazdır. Nirvanaya çatmaq üçün samanlara qoşulur. Atasının iznini gözləyən Siddhartha saatlarla eyni vəziyyətdə dayanır, yerindən tərpənmir. Atası izn verməməyin mənasızlığını dərk edir və oğluna söyləyir:

- Əgər xoşbəxtliyi tapsan, həqiqətə qovuşsan gəlib mənə də öyrədərsən. Tapmasan eybi yox, yenə də qayıdarsan.

Dostu Qovinda onunla birlikdə yola çıxır, samanlar onları qəbul edirlər. İki dost dini ayinlərdə iştirak edir. Buddanın müridləri olurlar. Uzun illər ərzində həqiqəti tapmadığını görən Siddhartha öyrənməkdən yorulur. Buddanın həqiqət işığı, müdriklik zirvəsi olmadığını düşünür. Dostu Qovinda ilə söhbətində biz Siddharthanın yanıldığının şahidi oluruq:

- Qovinda, bizim ən yaşlı sadhumuz bəlkə də 60 yaşındadır və hələ də aydınlana bilməyib. 70 olacaq, hətta 80 yaş olacaq, çalışmağa davam edəcək. Meditasiya, oruc və s. Amma heç vaxt nirvanaya çatmayacaq. Bunların hamısı uydurmadır, Qovinda. Özümüzü aldadırıq.

Və beləcə Siddihartha Buddadan imtina edir, Qovinda ilə yolları ayrılır. O, düşünür. “Budda məndən Qovindanı aldı” Kəmalə ilə tanışlığı onun həyatını dəyişdirir. Kəmalə zəngin kişilərə xidmət etdiyindən Siddiharthanı qəbul etmir. Siddiharta ilə söhbətləşdiyi zaman Kəmalənin yeni qonağı – tacir Kamasvami gəlir. Kəmaləyinin köməkliyi ilə işə düzələn yoxsul insan tacir Kamasvami üçün uğur simvoluna çevrilir.

Siddiharthaya sevişmə sənətini öyrədən Kəmalə ondan hamilə qalır. Siddiharta isə bundan gec xəbər tutur. Kəmalə ölür, balaca Siddihartha isə komadan qaçır. Əsərin ən maraqlı dialoqları qayıqçı Vasudeva ilə Siddhartha arasında yaşanır. Ticarətlə məşğul olmasına, qadınla sevişməsinə baxmayaraq Siddhartha yenə də təbiətən sadhu olaraq qalır.

Öz subyektiv fikrim belədir. Heç bir bəşər övladı nirvanaya çata bilməz. Çünki ən ali həqiqətlər insan idrakından kənardır. Kimlərsə özlərini aydınlanmağa çatmış kimi göstərə bilər, mən o insanların səmimiliyinə inanmıram. Əsl azadlıq heç bir məqsədin olmamasıdır.

“Siddharta” povestini 4 il öncə oxumuşdum, bəlkə də yaşımın az olduğuna görə tam mənada dərk edə bilmədim. Bəlkə ikinci dəfə oxusam da hələ çox məqamlardan xəbərsizəm. Lakin düşünürəm ki, haqqında danışdığım povest hər bir yetkin oxucu üçün vacib sayılmalıdır. /senzor.org/

# 1181 dəfə oxunub

Müəllifin son yazıları

# # #