Bu gün Xalq şairi Qabilin doğum günüdür. Kulis.az "Günün şeiri" layihəsindən onun “Səhv düşəndə yerimiz” şeirini təqdim edir.
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür talışa
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
1969
Səhv düşəndə yerimiz - Günün şeiri
Müəllifin son yazıları
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı
12:00
25 fevral 2026
Eldar San-Marinoda münsif oldu
11:36
25 fevral 2026
Kiyev tərəflərin nə çəkdiyini çırpına-çırpına sarı sim bilir - Günün şeiri
11:00
25 fevral 2026