Kütlə ancaq evlənmək haqqında düşünür...

Fikir Cinayəti 1

Fikir Cinayəti 1

13 yanvar 2022
# 14:00

Kulis.az “Fikir cinayəti-1” kitabından bir hissəni təqdim edir.

N.Ə: Fridrix Nitsşe yazır: "Unudanlar xoşbəxtdir". Borxes isə yazır: "Çoxdan anlamışam ki, əgər yaddaşından silməyə özündə güc tapa bilmirsənsə, onda hər şey – sima, söz, kompas, marka, siqaret səni dəli edə bilər". Səncə, insan unudur, yoxsa unutmuş kimi davranır? Yoxsa xatırlamamağa çalışır? Ümumiyyətlə, xatırlamamaq unutmaq anlamına gəlir?

N.H: Nitsşe deyirdi ki, öz külünüzdən yaranmalısınız. Mən bunu təmizlənmə, yenilənmə kimi başa düşürəm. Necə ki, telefonumuz güncəlləmə tələb edir, beynimizin də “update”- ə ehtiyacı olur. Burada maraqlı bir məsələ odur ki, öz beynini format etmək insandan iradə, xüsusi bacarıq tələb edir. Nitsşenin məntiqiylə belə demək olar ki, insan məğlubiyyətlərini qələbəyə çevirməlidir. Bu mənada bəli, mən də düşünürəm ki, unutmaq bacarığı xoşbəxtlikdir. Ancaq sual oluna bilər. İnsan nəyi unutmaq istəyir? Ümumiyyətlə, unutmaq istəyirmi? Güclü insanlar keçmişdə ilişib qalmırlar, onlar praqmatik olduqları üçün gələcəyə fokuslanırlar. Zəif adamlarsa keçmişin dağıntıları, qalıqları içində itib batırlar. Bu səbəbə görə Borxes deyirdi ki, hadisələri unuda bilmirsənsə, həmin hadisələrdə iştirak edən üzləri də, əşyaları da unuda bilməyəcəksən. Unuda bilmədikcə də, yükün artacaq və bu yükün altında əziləcəksən. Məncə, eqoist insanlar öz eqolarının zədələnməməsi üçün unutmuş kimi davrana bilərlər. Amma bizim kimi təvazökar adamlar özlərini unutmuş kimi göstərməyi bacarmırlar. Unutmuş kimi davranmağı qadınlar daha yaxşı bacarır. Çünki kişi sevgi münasibətlərində nadir hallarda son ana qədər sadiq qalmağı bacarır. Qadınlarsa ilk sevgilərini unutmurlar. Unuda bilməsələr də, bir baş- qa adamla ailə qurduqları üçün özlərini unutmuş kimi göstərirlər. İldiko von Kürtinin “Qəlb titrəyişi” əsərində maraqlı fikir var: “Qadın qəlbi dibsiz okean kimi sirlərlə doludur.” Məncə, bizim məmləkətimizin insanları unutqan deyil, sadəcə xatırlamaq istəmirlər. Tariximizdə faciəvi məqamlar çox olub. Məsələn, 2008-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecində oxuyurdum, həmin vaxt Neft Sənayə Universitetində terror hadisəsi oldu. Qrup yoldaşımın atası həmin universitetdə çalışırdı, terror vaxtı da orada idi. Mən həmin qızla Neft Sənaye Universitetinə getməli oldum. Ata və qız görüşdülər, elə ağladılar, bir-birilərinə elə sarıldılar ki. Əslində bu, yaxşı an idi. Ancaq məndə travma yaratmışdı. Qan izləri, qətlə yetirilən gənclər, ağlayan insanlar, şok yaşayan kütlə. Mən həmin hadisələri unutmamışam, ancaq xatırlamaq da istəmirəm, xatırladıqca əsəblərim pozulur, gərginləşirəm, əllərim titrəyir. Xatırlamamaq unutmaq anlamına gəlmir, məncə. Ola bilər ki, hansısa hadisələri xatırlamırsan, ancaq bir şəkil, bir video, bir cümlə həmin hadisələri yadına salır. Demək ki, unutmamısan və xatırlamamaq unutmaq anlamına gəlmir. Borxes onu da deyirdi ki, həyat Allahın gördüyü yuxudur. Nə düşünürsən bu haqda?

N.H: Mən heç kimi ittiham etmirəm, Üzeyir Hacıbəyov da mənim üçün Azərbaycan tarixinin ən görkəmli, ən faydalı şəxsiyyətidir. Sadəcə sənin arqumentinə cavab olaraq deyirəm ki, Üzeyir bəy, 1941 və 1946-ci illərdə “Stalin” mükafatı alıb. Həmin Stalin ki, onun dövründə nə qədər ziyalımız repressiya qurbanı oldu. Yaxşı edib mükafat alıb, niyə də almasın ki? Bizim insanlarımız çox qəribədir e. Onların məntiqinə görə bütün ziyalılarımız repressiya qurbanı olmalı idi. Onların məntiqinə görə cəsurlar öldürülüb, yaltaqlar sağ qalıb. Belə adamlar Müşfiqin kommunizmə, Stalinə həsr etdiyi şeirləri oxumayıblar, Əhməd Cavadın “Pambıq dastanı” əsərini oxumayıblar. İnsan yaşamaq istəyir. Həmin adamların əksəriyyəti işdə müdirə, məktəbdə prorektora, rektora etiraz etməyə cəsarəti çatmayan adamlardır. Hələ gör bu adamlar Stalini görsələr, nə edərlər e. Nə yaxşı ki, manevrlər edib həyatda qalmağı bacaran ziyalılarımız da oldu. Yoxsa indi vəziyyət daha mürəkkəb olacaqdı. Qorkinin villada yaşaması, qatil rejimi müdafiə etməsi, əlbəttə, pisdir. Mən bayaq dedim ki, Qorkini istedadına görə sevirəm, səmimi mübarizəsinə, ideyasına sədaqətinə görə sevirəm, ancaq, əlbəttə, sənin dediyin arqumentlərə görə bir şəxsiyyət kimi Qorkini sevmək doğru deyil. Ancaq mən də sənə əks arqument kimi onu deyirəm ki, Üzeyir bəy də “Lenin” mükafatı alıb, “Stalin” mükafatı alıb, SSRİ xalq artisti adını alıb, SSRİ Ali Sovetində deputat olub. İndi bu halda nə edək? Bu məntiqlə Qorkidən imtina ediriksə, gərək Üzeyir bəydən də imtina edək. Bəli, mən sənə demişdim ki, biz qonşu xalqlarıq, gec ya tez bu bölgədə sülh olmalıdır. Təsəvvür elə, I dünya müharibəsi bitib, II dünya müharibəsi bitib, Fransa və İngiltərə arasında olan 100 illik müharibə bitib. Əslində 116 il davam edib, tarixə 100 illik müharibə kimi düşüb. Bu qədər böyük müharibələr bitib, ancaq Azərbaycan-Ermənistan problemi bitmir ki, bitmir.

N.Ə: Mənim soruşmaq istədiyim bu deyildi. Sənin dediklərində böyük həqiqət payı var. Mənim axtardığım sual budur ki, biz niyə yəhudilər kimi düşünə bilmirik? Yeri gələndə deyirik ki, Stalin qan içən də olsa böyük insan olub. Amma bir yəhudinin dilindən sən, ya da mən eşidə bilərikmi, desin Hitler bizi qırıb, amma həm də böyük şəxsiyyət olub? Gebbelsi biz sədaqətinə görə alqışlayırıq. Gebbels bizi məhv etsəydi, yenə ona rəğbətimiz olacaqdı? Yəni, biz kommunizmə ürəkdən inanaraq xidmət edən insanlara, şəxsiyyətlərə inanaraq, həmin adamların sədaqətini qiymətləndirərək elə yaşlı nəslin etdiyi kimi bənzər bir tövr ortaya qoymuş olmuruqmu? Sən indi Nəriman Nərimanovu misal çəkə bilərsən. Nərimanovun Azərbaycan üçün böyük xidmətləri olub. Bəli, mən razıyam. Azərbaycanı qoruyub çalışdığı qədər. Deyə bilərsən, Bağırov Azərbaycanı qoruyub. Mən yenə razılaşacağam. Çünki faktlar var. Mən onların etdiklərinin bir faizini etməmişəm. Amma öz-özümə düşünürəm. Onların əməllərindən ölkə daha çox ziyan çəkib yoxsa xeyir görüb? Nərimanov həm də Cümhuriyyətin dağılmasına səbəbiyyət verib. Onda belə çıxır ki, bu şəxslər dağıtmağa məcbur olaraq ölkəni saxla mağa müvəffəq olublar. Mən Nərimanovu heç cür anlaya bilmirəm. Azərbaycanı sevirdi, amma Rusiyanın gəlməsinə razı olub. İdeologiyasına görə ölkəsini yadlara verib.

N.H: Kütlə yol tanımır axı. Kütlə ancaq pul, evlənmək, valideyn olmaq haqqında düşünür. Ümumiyyətlə, mən insanlara kütlə deməyin əleyhinəyəm. Gardner nəzəriyyəsini xatırlatdın mənə. Bu nəzəriyyəyə əsasən hər uşağın ən azı səkkiz qabiliyyəti var. Bəzi valideynlər bu qabiliyyətlərin bir neçəsini tapa bilir, bəzilərisə tapa bilmir. Bəzən də uşaqlar qabiliyyətlərini gizli saxlayır, büruzə vermirlər. Nəcəf, maarifçilik sənətlə olur. Kimyanı əla bilən adam maarifçi adam olmağa məcbur deyil. Belə bir qayda yoxdur axı. Kimya bir elm sahəsidir, bütün xalq da kimya öyrənəsi, anlayası deyil. O məntiqlə baxsaq, Azərbaycanda savad səviyyəsi 100 %-ə yaxındır. Savad səviyyəsi deyəndə oxuma, yazma qabiliyyəti nəzərdə tutulur. Mənə deyirsən ki, sənətlə maariflənməni səhv salırsan, buna rəğmən Amerika yazıçılarından nümunə gətirirsən. Ədəbiyyat sənət deyilmi? Amerikada işsizlik yüksək səviyyədə idi həmin zamanlarda. Xalq da bekar dayanmağı bacarmırdı, vaxtını “çayxanalar”da öldürmədi, sənətlə baş qatdı. Nəticədə, ciddi musiqilər, ciddi ədəbiyyat yarandı. Çayxananı misal üçün deyirəm. Həyatda hər şey zərurətdən yaranır. Sovet vaxtı yazıçılar yaxşı yaşayırdı, nəticədə hamı yazıçı olmaq istəyirdi, indi müğənnilər çox qazanır, insanlar da müğənni olmaq istəyir. İnsanlara pul lazımdır. Sovet dövründə yazıçıların çoxu sənət vasitəsi ilə dövlətlə bazarlıq edirdilər. İstedad tanınmaq, qəbul olunmaq üçün yeganə şərt deyil, bəlkə heç vacib şərt də deyil. Sabah bir cazibədar, tanınmış xanım müğənni mənim kitabımla şəkil çəkdirib paylaşsa, desə ki, Nicat Həşimzadə istedadlı yazıçıdır, onu oxuyun. İnan ki, adamlara yenə də mənim istedadım lazım olmayacaq. Sadəcə, o xanımın sözünə görə axtarıb araşdıracaqlar ki, görək Nicat Həşimzadə kimdir ki, bu xanım həmin yazıçını reklam edir. Taleyin də rolu var, elə yazıçı var ki, onun taleyi elə ədəbiyyatdır. Həyatını oxu, kitablarını oxumasan da olar. Məsələn, mənə elə gəlir ki, Cəfər Cabbarlının taleyi elə ədəbiyyatdır. Mişimanın taleyi elə ədəbiyyatdır. Məncə, hər şeyi xarakterizə etməyə ehtiyac yoxdur. Yaradıcı adam işini gücünü atıb ancaq kütlənin dalınca qaçırsa, əmin ol ki, o, heç nə yarada bilməyəcək.

N.Ə: Ədəbiyyatdan ona görə nümunə gətirdim ki, sən sənətdən danışırdın. Deyirsən ki, maariflənmə sənətlə bağlıdır. Maariflənmə o zaman elə fərdi xüsusiyyət daşıyır. Maarifçilər o zaman xalqın hamısını fərd olmağa məcbur edirdilər? Bekarçılıq insanı sənətə yönəldir, deməli. İnsan pulsuzdur, sənət yaratmaq istəyir. Yazmaq eşqinədüşür. İnsan ac olanda sadəcə yeməyi düşünürdü bəs? Çox maraqlı haldır. Deyirsən, kütlədən heç nə gözləmə. Xalqdan heç nə gözləmə. Onda sən niyə kitab yazırsan? Kütlənin oxuması üçün. Fikirlərini onlara çatdırmaq üçün. Heç nə dəyişə bilməyəcəksənsə, niyə yazırsan? Sadəcə, xoşbəxt olmaq üçünmü? Xalqı heç kim və heç nə dəyişə bilmirsə niyə liderlər ortaya çıxır? Dövlət, hakimiyyət niyə mövcuddur? İnsanları idarə etmək üçünmü?

N.Ə: Media hər şeyi istədiyi kimi göstərir. Ermənilər Sumqayıt hadisələrində quruma pul köçürməyən erməniləri öldürürdülər. Həmin dönəmdə Sumqayıta İrəvandan qovulan Azərbaycanlılar yerləşdirilmişdi. Ermənilər bundan istifadə edərək törətdikləri cinayət əməllərini İrəvandan qovulan həmyerlilərimizin boynuna qoymağa çalışırlar. Elə bu hadisələr vaxtı damlarda fotoaparatlar, kameralar quraşdırılmışdı. Onlar ölən ermənilərin şəkillərini, videolarını çəkərək erməni lobbisinə göndərirdilər. Lobbi isə bu göndərilən materialları Avropada və Amerikada yayaraq istədikləri reaksiyanı, təpkini ala bilirdilər. Həm pul verməyən erməniləri aradan götürdülər, həm də bizi barbar kökdə Avropaya təqdim edirdilər. Biz isə erməniləri evlərimizdə gizlədirdik. Yaxşılıq etməyə çalışırdıq. Nəticədə, yaxşılıq boğazımıza sümük təki ilişib qaldı. Dan Gilroy “Gecə Qurdu” kimi əla film çəkib. Film medianın necə işlədiyini, xəbərlərin necə hazırlandığını, şişirdilməsini, başqa cür təqdim edilməsini çox gözəl göstərir. Cavan oğlan media sahəsində işləmək istəyir. Xəbərlər proqramlarına hazırladıqları materialları satır. Cinayət hadisəsini çəkə bilirsə, daha baha qiymətə satır. Hər şey onun üçün xəbər məmulatıdır. O, heç kimə güzəştə getmir. Hətta pulla tutduğu sürücüsünün öldürülməsinə göz yumur. Onun ölümündən xəbər hazırlayır. Boynunu gilyotinin altına qoyur. Sürücüsü ondan daha çox faiz istəyir. Nəticədə nə olur? Sürücü özü xəbərə çevrilir. Bu filmə mütləq baxmaq lazımdır. Sidney Lumetin “Şəbəkə” filmi var. Bir gün aparıcı hər şeydən bezir. Canlı yayımda həqiqətləri bir-bir açır. Televiziya rəhbərliyi əvvəl çox hirslənir. Sonra görür ki, reytinqlər xeyli yüksəlib. Ona görə kişiyə şərait yara- dırlar. Daha çox həqiqət, daha çox reytinq gətirir. Amma həqiqətin də sərhədi var. Həqiqət sonda kişinin başında çatlayır. Reytinq isə rəhbərliyin cibini doldurur. Sabah o kişini axtaran olmayacaq. Onu unudacaqlar. Bax belədir vəziyyət. Media gücdür. Propaqanda vasitəsidir. Gebbels ondan çox gözəl istifadə edirdi.

N.H: Bizim insanlarımız da media toruna düşüb. Medianı böyük güclər yaradır. Təsadüfi adamlar media patronu ola bilməz. Məsələn, dünyanın media patronlarından biri Rupert Murdoch Avstraliyada qəzetlər, dərgilər və TV kanallarla işləyirdi. İngilis və amerikan şirkətlərinin dəstəyindən sonra dünyanın nüfuzlu media patronlarından biri oldu. Şirkətini ingilis və amerikan mediasına yaxınlaşdırdı və uğur qazandı. İngilis və amerikan şirkətləri təsadüfi bir adama belə şərait yaratmazlar. Demək ki, üzdə görünməyən çox şeylər var ki, biz onlardan xəbərsizik. “Kurtlar Vadisi Pusu” filmində də Davud Tataroğlu obrazında media patronu görürük. Media istənilən adamı qəh- rəman, istənilən adamı düşmən edə bilər. Bu səbəbə görə də böyük güclər fərqli ölkələrdə media qurumları yaradırlar. Medianın işi həqiqətlə və ya yalanla deyil. Medianın işi inandırmaqdır. II Qarabağ savaşında Azərbaycan mediası deyirdi ki, Azərbaycan ordusu zəfər qazanır, ərazilərimiz işğaldan azad olunur. Ermənistan mediası deyirdi ki, Ermənistan ordusu zəfər qazanır. Hər iki ölkənin mediasını izləyən Polşa vətəndaşı bu haqda nə düşünəcək? O, inandırıcı xəbərə inanacaq. O, bu məqamda neytral ölkə vətəndaşıdır və əlbəttə ki, hansı informasiya daha inandırıcı təqdim olunsa, ona inanacaq. Ümumiyyətlə, nədir axı həqiqət? İnsanlara həqiqət lazımdırmı? Həqiqət xalqa lazım ola bilər. Amma kütlə həqiqətləri bilsə, çox qarışıq vəziyyət yarana bilər. Xalq və kütlə fərqli anlayışlardır. Xalq ölkə naminə öz fərdi maraqlarından imtina etmiş fərdlərdən ibarət toplumdur. Kütləsə fərdiyyətçilik xəstəliyinə yoluxmuş adamlardan ibarət olur.

Nicat Həşimzadə, Nəcəf Əsgərzadə

# 1993 dəfə oxunub

Müəllifin son yazıları

# # #