Söyüşlü romantika

Söyüşlü romantika
23 iyul 2013
# 10:34

Qismət

Məşhur adamlar dünyasını dəyişəndən sonra çox vaxt onların həyatı ilə bağlı xırda detallar sirli-sehrli məna qazanır və yaxşı improvizatorların əlində bu mənalar, yozumlar sanki əvvəlcədən varmış kimi insanı heyrətləndirir.

Bu heyrətdə azca da taledən qaçmağın qeyri-mümkünlüyünə söykənən bir təskinlik olur.

Bir də var sənətkarın ölməzliyini baş tacı edən, dilindən düşürməyən, bir az da fetişizmə varan sevgi.

Deyirlər ki, romalılar itirdikləri insan üçün “öldü” deməzlərmiş, əksinə, o adamla bağlı bir söz demək lazım olanda, “yaşadı” mənasını verən “vixit” sözündən istifadə edərlərmiş.

XX əsr türk şeirinin top onluğunu tərtib etsək, təkcə şeirləri ilə yox, həyat tərzi ilə, dillər əzbəri olan əhvalatları ilə bu siyahıda Can Yücel mütləq olacaq.

Can Yücel avqust ayında dünyaya gəlib (21 avqust, 1926) və nə qəribədir ki, elə avqust ayında da, doğum gününü baş-ayaq edən bir tarixdə (12 avqust, 1999) dünyadan köçüb.

Babası posta və teleqraf naziri, mövləvi müridi Ali Rıza bəy, atası öz dövrünün ən mütərəqqi, həm də “ən gözəl gözlü” nazirlərindən olan Hasan Ali Yüceldir.

Deyilənə görə, Hasan Ali Yücelin çox gözəl səsi varmış, İsmət İnönünün anası onun səsinə heyran imiş. Hasanı çağırıb həmişə ona mövlud oxudurmuş, indiyə qədər söz-söhbət gəzir ki, İnönünün Hasan bəyi vəkil təyin etməyində anasına oxuduğu mövludların da əsəri var.

Can Yücel əkiz doğulub, atası bir az da genetik olan mövləvi bağlılığı ilə oğlunun adını Can, qızının adını Canan qoyub.

Hasan Ali Yücel 1938-ci ildə Celal Bayar hökümətində təhsil naziri təyin edilir, yəni ailə İstanbuldan Ankaraya köçməli olur. Cemal Süreyanın dili ilə desək, o, artıq “hər şeyini Ankaraya borclu istanbullu cocuqdur.”

Can Ankaradakı məktəbi heç sevmir, üstəlik nazir oğlu kimi xüsusi hörmət görəndə lap əsəbləşirmiş. Top oynayanda bir uşaqla dalaşsa, müdir onu yox, o biri uşağı günahkar sayırmış, bu da Can Yüceldə sonrakı həyatının xəttini müəyyənləşdirir : bütün günahları sahiblənmək.

Məktəbdən sonra Atatürk litseyində özünü daha xoşbəxt sayır. Sevimli klassik ədəbiyyat müəllimləri Cevdet Kudretlə, Nurullah Ataçla çox yaxınlaşır. Bütün ömrü boyu dost qalacağı, sonradan atasının yardımı ilə xaricdə oxuyub çox məşhur beyin cərrahı olan, “beynin Piri reisi” dediyi Qazi Yaşargillə dostluğu da litseydən başlayır.

Təkpartiyalı sistemdən ötrü atası ilə həmişə dalaşan, “səndən utanıram” deyən Can Yücel atasının hökümət maşınına heç vaxt minməz, protokola “portakal” deyib gülərmiş. Evlərinə zəng eləyib atasını yaltaq-yaltaq dəstəyə çağıran adamlarla məzələnərmiş.

Bir dəfə Mustafa Kemal Ağaoğlu zəng vurub Hasan bəyi istəyir, Can soruşur ki, çağırdan kimdir ? Zəng vuran deyir: ”Mustafa Kamal. ” Can Yücel o saat cavab verir: ”Anıtkabirdən zəng vurursuz ?” ( Anıtkabir – Mustafa Kamal Atatürkün dəfn olunduğu yerdir.)

Atası çox yaraşıqlı, çox səliqəli bir insan olsa da, Can Yücel bohem idi, rindanəliyə könül vermişdi.

1946-cı ildə Türkiyə çoxpartiyalı sistemə keçir və Can Yücelin müxalifliyi lap qabarıqlaşır. “Demokrat” partiyası ilə yaxınlıq edir, amma bu uzun çəkmir. Sonra “İlerici gencler derneği”nə üzv olur, bu xəbər atasının qulağına çatır və Can Yücelə Kembricin yolu görünür. Londonda ən yaxın dostlarından biri Bülent Ecevit olur. Bertran Rasseldən dərs alsa da, Can Yücel burda da özünə yer tapa bilmir, rahat olmur.

“Ben ömrümcü muhalif yaşadım
Devletçe de menfi bir TİP sayıldım
Onun için kan grubum
RH negatif.”


(Bu şeirdəki TİP sözünün böyük yazılması ilə Can Yücelin üzv olduğu Türkiyə İşçi Partiyasına eyham vurur.)

***

30 yaşında Can Yücel həyat yoldaşı olacaq qadınla – Gülər xanımla tanış olur. Gülər xanım o vaxt 20 yaşındaymış, akademiyada oxuyurmuş , Bedri Rahminin tələbəsiymiş, rəssam olmaq istəyirmiş. Can Yücellə bir dost məclisində tanış olurlar, iki həftəyə sevgili olurlar, iki aydan sonra evlənirlər. Gülər xanım o günləri belə xatırlayır:

“İşsiz-gücsüz bir adam idi. Para-pul yox, şan-şöhrət yox, amma möhtəşəm bir işığı vardı. Sıradan adamları sevmirəm mən, əgər sıradan olsaydı yola verərdim, xəyanət edərdim. Vallah eləyərdim.”

Can Yücelin Gülər xanıma həsr olunmuş çoxlu şeirləri var və bu şeirlər bir anda alışan sevgiləri kimi, ömür boyu davam edəcək ər-arvadlıqları kimi bənzərsizdi.

“Yaşamak düğünse, sen orda gelindin
Seni soydum
Güler, dünyayı giyindim.”


Can Yücel kimi “avara” bir adam evlənən kimi vəziyyət ağırlaşır, çünki artıq işləmək, ailə saxlamaq lazımdır. Tərcüməçiliyə başlayır, bundan başqa o dövrün “Dövlət su işləri” müdiri Süleyman Dəmirəlin köməyi ilə həmin qurumun Bornova mərkəzində işə götürülür. Cəmi iki il yaxşı maaşa işlədiyi bu iş haqqında neçə il sonra belə deyir Can Yücel : “Hər siyasətçi kimi Dəmirəlin də xeyri də, zərəri də olub ölkəyə. Amma iş verdiyi üçün mənə xeyri oldu.”

1958-ci ildə Ankarada tarixçi Andrew Mango-yla tanış olur və həmin dönəmdə BBC-in idarəçilərindən olan Mangodan bir iş təklifi alır. Razılaşırlar, beləcə Can Yücel xanımı ilə Londona köçür, Türkiyə bürosunda işləməyə başlayır. Beş il Londonda yaşayırlar, üç uşaqları dünyaya gəlir : Hasan, Güzel və Su.

Beş nəfərlik ailəni Londonda dolandırmaq üçün Can Yücel səhərə qədər dayanmadan işləyir, tərcümələr edir, bir yandan da şeirlərini yazır, amma xasiyyətində də, xarakterində də heç nə dəyişmir. İşə saç-saqqal içində, ütüsüz-səliqəsiz geyimdə gedir.

Can Yücelin London günləri ilə bağlı yazıçı dostu Hilmi Yavuz belə yazır:

“Bir gün Can abimiz BBC-nin Türkiyə bürosunda gecə növbəsinə qalır, hamı dağılışan kimi şair özünü verir yaxınlıqdakı pub-a. Orda babat keflənəndən sonra irland qarson “time is up!” deyir, yəni bağlayırıq.

Can abimiz hesabı ödəyib çıxır və bir az gəzəndən sonra hiss edir ki, dəhşətli işəməyi gəlir. Pub-a geri qayıtmaq istəyir, amma görür ki, artıq pub bağlıdır, istəyir BBC-yə qayıtsın, görür ki, dözə bilmir. Beləcə, Can abi mərkəzi küçələrdən birinin ən işlək saatında böyük bir mağazanın qapısına işəməyə başlayır. İki-üç saniyə keçməmiş bir bobby (ingilis polislərinə belə deyirlər) Cana yaxınlaşır və ənənəvi sualını verir : “Will you accompany me to the Police Station?” (Bölməyə qədər mənə yoldaşlıq edərsiniz ?)

Can Yücel davudi səsiylə bölməyə qədər polisə işəmək azadlığından danışmağa başlayır. Polislər o günə qədər belə rəngli bir adamla rastlaşmayıblarmış, birtəhər onun BBC-dən olduğunu öyrənirlər, gecənin yarısı Türkiyə bürosunun rəhbəri Mangoya zəng edirlər. Tərslikdən Mangodan Londonun ən təhlükəli bölgələrindən sayılan Barnes-da yaşayırmış, gecənin yarısı evdən çıxmaq istəmir, xahiş edir ki, Canı buraxsınlar, yoxsa səhərki efiri qaçırdacaq.

Ancaq polislər Mangonun özü şəxsən gəlməsə, Canı sərbəst buraxmayacaqlarını deyirlər. BBC-nin Türkiyə bürosunun müdiri çar-naçar, gecənin yarısı pijamasında gəlib Can Yüceli bölmədən çıxardır...”

1961-cı ilin 26 fevralında Türkiyədən Londona bir zəng gəlir. Can Yüceli çağırırlar, dəstəyi götürəndən bir-iki saniyə sonra Can Yücelin rəngi ağappaq olur. Üzünü xanımına tutur : “Gülər, Hasan ölüb...” Gülər xanım çaşır :”Hansı Hasan ?” Can Yücel udqunur : “Bizim Hasan, atam..."

“Hayatta ben en çok babamı sevdim.
Karaçalılar gibi yerden bitme bir çocuk
çırpı bacaklarıyla - ha düştü, ha düşecek -
nasıl koşarsa ardından bir devin
o çapkın babamı ben öyle sevdim.

Bilmezdi ki oturduğumuz semti
geldimi gidici – Hep, heep acele işi
Çağın en güzel gözlü maarif müfettişi.
Atlastan bakardım nereye gitti
öyle öyle ezber ettim gurbeti.

Sevinçten uçardım hasta oldum mu
kırkı geçerse ateş çağırırlar istanbul'a
bir helalleşmek ister elbet diğmi oğluyla.
Tifoyken başardım bu aşk oyununu
“ohh”- dedim göğsüne gömdüm burnumu.

En son teftişine çıkana değin
koştururken ardından o uçmaktaki devin
daha başka tür aşklar geniş sevdalar için
açıldı nefesim, fikrim, canevim
hayatta ben en çok babamı sevdim.”




***

Londondan İstanbula birdəfəlik dönüş isə 1963-cü ilə qismət olur. Nazim Hikmətin ölüm xəbəri gəlir, dəhşət kədərlənir Can Yücel. Gecə növbəsində səhərə qədər içir. Səhər xəbərlər oxunmur, Can Yüceldən istefasını yazmasını istəyirlər, düşünmədən yazır.

10 il sonra 1973-cü ildə “Sevgi duvarı” adlı şeirlər kitabı dərc edilir, bu vaxta qədər özünün o qədər də ciddiyə almadığı ilk kitabı “Yazma” şeirlər kitabından başqa, bir çox dərgilərdə həm şeirləri, həm də siyasi yazıları çap olunur. “Sevgi duvarı” kitabındakı şeirləri tənqidçilər belə adlandırır: “hecanın məngənəsində, Qarip şeirinin üçəyə, kiçik adamlara baxmaq istəyərkən lümpenləşmiş iqlimində, Nazimin kölgəsində folklorik axtarışlara meyllənən 40-cılar nəslinin inqilabçi şeiri” və nəhayət öz deyimi ilə “yalnış tərcümədən” yaranan İkinci Yeninin mühitində olduqca avtonom, birbaşa, mərd, özünəməxsus şeirlər.

*** Can Yücel çörək pulunu tərcümədən çıxardaraq yaşayıb. Amma bu iş onun başına xeyli iş açıb...

1971-ci ilin 12 martında “Türkiyə İşçi Partiyası” bağlanır, hərbi məhkəmənin məhkumiyyət qərarları aləmi bürüyür. Cana da bu qərardan pay düşür. Çe Gevaradan “İnsan və Sosializm”, Mao, Çe və amerikalı bir generalın yazdığı “Partizan hərbi” kitablarının tərcüməsinə görə 15 il həbsə məhkum edilir.

Özü belə deyir: “Amerikan generalının poxuna düşüb yeddi il həbs yedik. Adam yazıb ki :”Bir məmləkətdə sosial ədalətsizlik çox böyükdürsə, xalq partizanların tərəfindədirsə, nə qədər istəyirsiniz tədbir görün, prosesi dayandırmaq mümkün deyil.” Adam Amerika cəmiyyəti baxımından deyir. Bunu qüsurlu saydılar.”

Ancaq Can Yücel heç yeddi il də yatmır, 1974-cü ildə “Ümumi əfv qanunu” ilə azad olur. Çıxanda əlində ən məşhur şeir kitabı: “Bir siyasinin şeirləri”. Bu kitab Can Yücelə böyük şöhrət gətirir.
Bu kitabdakı şeirlərində Türk dilinə inanılmaz yenilik qatır: çoxmənalı söz oyunları, bütün məcazlardan arınmış birbaşa deyimlər, küçə, türbə leksikonun ironik lirizmi və s.

“Bileklerimizi morartmış yeni Alman kelepçeleri,
Otobüsün kaloriferleri bozuldu Kamandan sonra,
Sekiz saat oluyor karbonatlı bir çay bile içemedik,
Başımızda perensip sahibi bir başçavuş,
Niğde üzerinden Adana Cezaevine gidiyoruz...
Bi sen eksiktin ay işığı
Gümüş bir tüy dikmek için manzaraya !”


Can Yücel mətndə kursivlə fərqləndirib ağzını əydiyi “perensip sahibi” başçavuşla, zindana gedən yolda tərs kimi gözəl görünən ayı eyni şeirin malı edir, yaxud elə də olur ki, dörd divarın arasında dəhşətli bir ümidsizliyin dibinə düşür, şeiri də söyür, amma yenə dünyaya özünəməxsus ironik bucaqdan baxa-baxa:

“Bu her gece uykusunda bağırıp çağıran, ağlayan, gülen,
konuşan, isyan eden, yalvaran, küfreden, diş gıcırdatan
Adem Babalar arasında,
Bu damsız damda,
Bu Havvasız havada
“Saf şair” olamıyor adam,
Sökmüyor şiirsel yorum.
Hani “Ben artık şarkı dinlemek değil, şarkı söylemek istiyorum,
diyor ya Nazım,
Ben de artık şiir düzmek değil, şiiri düzmek istiyorum.”


Həyat yoldaşı üçün darıxanda da həbsxana sentimentallığına yuvarlanmır, yenə deyim tərzi dəli-doludur :

“Hem ben sana bişey söyleyim mi yavrum,
Ben aslında seni görmek filan değil,
Düpedüz seni istiyorum!"

Ziyarətinə gələnlərin sözünü də şeirə çevirir və bunu elə adi, elə sadə formada yazır ki, zamanın min illik sınağından çıxmış atalar sözləri qədər yığcam, müdrikanə alınır yazdıqları :

“Görüşe bir hanım geldi geçen gün,
Teselli için söylemiyorum, vallahi,dedi,
Dışarıya göre, emin olun, sizin burası saltanat!
Mesela, hiç imkan varmı, efendim, şu çayı...
Telörgüden süzülen işığa tuttu bardağı,
Dışarda...
Dayanamadık artık, bastık kahkahayı.
Canım, biliyoruz, diye üsteledi,
Bombok ama,
Hiç değilse içerde içeri düşme tehlikesi yok !
Düşündük sonra arkadaşlarla
Ziyaretçi hanım haklı çok...”


Adi, çox adi formada məhbusların, kamera yoldaşlarının sözlərində şeir görür Can Yücel və tezcə də gördüyü şeiri yazır. Məsələn, məhbusların tualetə gec buraxıldığı bir günü təsvir edir. Hamı axşamın olmasını, sayım vaxtının gəlməsini gözləyir ki, ayaq yoluna getsin. (Sayım – nəzarətçilərin axşamlar gəlib məhkumları bir-bir sayması, “Allah qurtarsın” deyib getməkləridir.)

“Saat hiç yoksa yedi,
Bir yandan sıcak, bir yandan büyük-küçük aptest derdi...
Sayım zamanı muhakkak gelir, açarlar kapıyı, deyince ben,
Başoğlu kocaman bir tırtıl gibi kıvranıp durduğu yerden,
Hayatta hiç bu kadar sayılmak istememiştim, dedi.”


****

Can Yücel “Bir siyasinin şiirleri” kitabından sonra şöhrətini daha da genişləndirən “Ölüm ve oğlum” şeirlər kitabını dərc etdirir. Bu kitabda öz deyim tərzinə sadiq qalan Can Yücelin mövzuları da dərinləşir: bu dəfə artıq həbsxanadan insan mənzərələri yox, təbiət-insan, övladları, dostları, həyat, fəsillər və bütün bunların fonunda həmişə həyəcanlı bir ürək kimi çırpınan sosial narahatlıq, dərvişanə yumor və açıq-saçıqlıq.

Kitabın 2012-ci ilin nəşrinə yazdığı ön sözdə Alova Can Yücel şeiri haqqında dəqiq bir ümumiləşdirmə aparır : “Can Yücel şeirinin ən təməl xüsusiyyətlərindən biri də güncəl olandan tarixə, mifologiyaya, dini hekayətlərə qəfil keçid, özgələşdirmə texnikası ilə bir hadisəyə, ya da fakta oxucunun yepyeni bir bucaqdan baxması üçün imkan yaratmasıdır.

... Bəzən xarici bir şairin şeirini şərh edərək yenidən yaradır Can Yücel. Paul Eluardın “Əsl Ədalət” adlı şeirini Can Yücel öz ədasıyla, məzmuna özünəməxsus dərinlik qataraq, güncəllikdən universallığa yayılan bir müstəvidə yenidən yazır.”

Həmin ön sözdə vaxtilə Cemal Süreyanın Can Yücel haqqında yazdığı yazıdan bir sitat verilib. Bu sitat da Can Yücel şeirinə nüfuz etmək baxımından xarakterikdi : “Taksim Mitinqindən təəsürat” şeirində şair, başqa şeirlərində olduğu kimi, alliterasiyaya, səs təkrarına istinad edərək məzmunu gücləndirən bir fənddən yararlanıb. Bu cür fərqli texnikalardan istifadə şairin ümumi poetikasının anlaşılmasını qəlizləşdirən amil kimi görünsə də, onu manyerizm tupikdən xilas edir. “Çivit, çivit, çivit...” səs təkrarı, mitinqdəki “Ecevit, Ecevit...” şüarlarını eyhamlaşdırır, Ecevitin göyərçinlə birgə bir simvol olmuş çivit mavisi köynəyini də xatırladır və çirk təmizləyən bir nəsnə olaraq çiviti siyasi planda aktiv obraza çevirir.”

“Taksim mitinginden izlenim.
Milletçe aklanmaya da
Paklanmaya da
Çivit
Çivit
Çivit
Çivit
Çivit
Çivit
Çivit
Çivit
Çivit Mavisi”


“Ölüm ve oğlum”da Can Yücel ölüm haqqında düşünür: “İnsanlar için de belki ölüm/toprakla bi tür/yıkanmaktır diye düşündüm”, dənizə yağış yağmağını seyr edib çox sadə və gözəl obrazlar “kəşf edir”: “üşüyor mu deniz/ üstüne boşandıkça yağmur ?/ ondan mı dersin/ tüyleri böyle ürperiyor?”, küləyi çinarların əl-barmaq izini yox, “yarprak izlerini alan” xəfiyyəyə bənzədir: “vay hafiye rüzgar vay! / sıcakların nereye taşındığını/ efendice tahkike yanaşmış...” və ən əsası kitaba adına verdiyi uzun şeirin bir parçasında, cəmi bir neçə misrayla bütün ömrünü oğluna nəql edir : “Öyle bi kuşaktık ki biz oğlum/ yine de sen ölüyorsun/ boynuna sarılınca ben/ Ve o domuz var ya İncildeki/ cümle günahı yüklenip/ uçuruma atlayan domuz/ Biz öyle bilem olamıyoruz...

***

Can Yücelin şeir haqqında düşüncələrini çox fərqli ifadə edib ; bəzən bu fikirlərdə laubali, qeyri-ciddi, hətta zaman-zaman savadsızlıq sezilsə də, bir-iki cümlə sonra qəfildən görürsən ki, bu fikirlər hədsiz hazırlıqlı bir şairin özündən keçirdiyi, öz malına çevirdiyi və bir az da haqqında danışmağı sevmədiyi şeylərdi.

Alpay Kabacalı ilə müsahibəsindən bir parçaya baxaq. Kabacalı şeirdə struktur, quruluş məsələsini soruşur. Cavab : “Strukturun-quruluşun tərifini vermək asan işdir: Dörd daş divar, bir də pəncərə, barmaqlıq...Amma tərifi çox havalı saymayasınız deyə fikrimi belə izah edim: Mən şeirdə “struktur-quruluş” anlayışının əleyhinəyəm.Çünki məncə şeir çırpınmadır, iztirabdır və çırpınmağın strukturda olduğu kimi hissələri yox, məqamları var. Daha konkret desəm, şeir məkan yox, zamandır. Bəlkə də qapalı bir məkandan, qapalı bir yerdən, tupikdən qurtulmaq üçün çırpınmaqdı şeir... Məsələn, bir quyunun dibindən qurtulmaq... Quyunun ağzında balaca bir işıq var, siz isə quyunun dibindəki Yusifsiniz...

... Keçən gün bir yük maşını gördüm, paslı, palçıqlı... Arxasında təbaşirlə “Seveni yox Seyfullah” yazılmışdı. İndi bu Seyfullah kimdirsə, sevginin ağrısını, insan yerinə qoyulmamağın dərdini belə açıq və saatda 100 kilometr sürətlə çığırarkən, nə yalan deyim, mən sənət dərgilərindəki büzüşmüş, əprimiş şeirləri bəyənə bilmirəm.”

“Yaxşı şeir nədir?”, “Üslub nədir ?” sualına da cavabı özünəməxsusdu Can Yücelin: “Pikasso Parisdə Monmartrda yaşayırmış. Uşaqları da çox sevirmiş. Qonşuluqdakı səkkiz yaşında bir qız Pikassoya aşiq olur. Amma hələ tam danışa bilmirmiş deyə, heç Pablo Pikasso da deyə bilmirmiş, pəltək-pəltək Tablo Pikasso deyirmiş. Mənim üçün ən gözəl şeir də, ən kamil üslub da budur.”

***

Can Yücelin sənətçi dostlarına, həmkarlarına, siyasətçilərə, sıradan insanlara ithaf etdiyi, bəzilərini iki-üç misra ilə, bəzilərini uzun bir şeirlə təsvir etdiyi, amma hamısında da yazdığı adamın xarakterini ustalıqla faş etdiyi portret-şeirləri də məşhurdur.

Məsələn, çağdaş türk şeirinin ən populyar imzalarından olan və poeziyasındakı bir çox cəhətilə Can Yücelə bənzəyən homoseksual Küçük İskendere yazdığı “Kuşumla fazla oynama sen !/ Seni becereceğime,ayol,/ Büyük İskenderi beceririm !...” şeiri, və ya Orxan Pamukun “Mənim adım qırmızı” romanı ətrafındakı səs-küydən sonra yazdığı uzun portret-şeir :

“Sepetinde üç dirhem pamuğu olmayan takımı
Fena halde tebelleş oldu Orham Pamuka..
Yok efendim, bu Nişantaşı züppesi
-Romancılık ne gezer serde!-
Reklam yazarıymış düpedüz
Veya son model helikopteriyle kapı kapı dolaşan
Post-modern bir seyyar satıcıymış...
Ben ki pre-modern bir şairim, diyorum ki size:
Bakmayın Orhanın hep geçmişe mazilerden dem
vurduğuna
Harem dairelerinde oryantal yapar gibi yaptığına!
O mu sanki edebiyatımızda tek yağmur kaçağı!
Uslubu bihoş mesleği nakkaş muşambası makintoş!
Bakmayın sokaklarda bir müze bekçisi gibi dolaştığına!
O tam Günün Adamı!
Antika olan biziz asıl!
Gırtlağına kadar beyaz eşyaya, kara paraya batmış
Bu tüketim toplumunun has çocuğu...
Bir kalemde yeni bir kalem sürdü piyasa ekonomisine,
Kitapsızlar mahallesinde salyangoz beslenen o yasaklı
O tükaka KİTAP kapış kapış gider oldu
Sapamarketlerde...
Orhan eskiden yok olan bişeyi yok satıyor !
Biz ne kızıllar gördük kızılı yok pahasına satan
Varsın o da Kırmızıyı okutsun ateş pahasına!...”


***

Can Yücelin dünya şeirindən etdiyi tərcümələr də türk ədəbiyyatında dəfələrlə araşdırılan, şeir tərcüməsinin problemləri aktuallaşan kimi müraciət edilən tərcümələrdi.

Sətri tərcüməylə arası olmayıb Can Yücelin. Həmişə dönə-dönə təkrar etdiyi kimi “Bir şairi oxuyuram, sevirəm, çevirmək istəyirəm, başlayıram düşünməyə, bu zalımoğlu türk olsa, bu şeiri necə yazardı?!” Can Yücel türk dilinə Aragonu, Odeni, Bodleri, Brexti, Lyuis Kerrolu, Rene Şarı, Eliotu, Eluarı, Kavafisi, Mallarmeni, Mişonu,Ezra Poundu, Şellini, Dilan Toması, Uitmeni, Yitsi və başqa şairləri çevirib.

Amma ölənə qədər ən sevimli məşğuliyyəti Şekspirin sonetlərini çevirmək olub. Şekspirin sonetləri Can Yücelin tərcüməsində türk dilinin bütün çalarlarını, səs, söz oyunlarını, qısası bütün qatlarını üzə çıxardan, türkcə yazılmış kimi oxunan mətnlərə çevrilib. Ən məşhurlarından birini oxuyaq :

66-cı sonet.

Vazgeçtim bu dünyadan tek ölüm paklar beni,
Değmez bu yangın yeri, avuç açmaya değmez.
Değil mi ki çiğnenmiş inancın en seçkini,
Değil mi ki yoksullar mutluluktan habersiz,
Değil mi ki ayaklar altında insan onuru,
O kızoğlan kız erdem dağlara kaldırılmış,
Ezilmiş, horgörülmüş el emeği, göz nuru,
Ödlekler geçmiş başa, derken mertlik bozulmuş,
Değil mi ki korkudan dili bağlı sanatın,
Değil mi ki çılgınlık sahip çıkmış düzene,
Doğruya doğru derken eğriye çıkmış adın,
Değil mi ki kötüler kadı olmuş Yemen' e
Vazgeçtim bu dünyadan, dünyamdan geçtim ama,
Seni yalnız komak var, o koyuyor adama.


***

Can Yücelin əskisi həmişə tüstülü olub.

80-ci illərdə bir məclisdə Süleyman Dəmirəli təhqir etdiyi üçün məhkəməyə verilir. Amma səhhəti həbsdə yatmağa uyğun olmur. Səs kasetlərində deyib-demədiyi dəqiq aydın olmur, amma Can Yücelin söyüşcül olduğunu bilən media “Can Yücel Dəmirələ dəyyus dedi” şəklində tirajladığı üçün iş böyüyür.

Məhkəmə başlayır. Hamı danışır, söz Can Yücelə verilir. Can Yücel müdafiə əvəzinə bu lətifəni danışır : “Bir məhlədə yetim, kimsəsiz bir qızcığazı namazı-niyazı yerində bir pirani qoca himayəsinə götürür. Qız rahatlığa çıxandan sonra baqqalın köməkçisi ilə cükküldəşməyə başlayır, bir gün də hay düşür ki, qız hamilədir. Qonşular qızın üstünə düşür : kimdəndi bu uşaq? Qız qorxusundan onu himayəsinə götürən qocanı nişan verir. İmanlı qoca bu iftiradan sonra yeyib-içməkdən kəsilir, evdən çölə çıxmır. Dərddən ürəyi partlayıb ölür. O biri dünyada Allah qocanı yanına çağırtdırır. Qoca kədərli və əndişəli halda Allahın hüzuruna çıxır. “Ürəyini sıxma,”- deyir Allah, “mən səni yaxşı başa düşürəm.Mənim də adımı Məryəm adında bir faniylə çıxardıblar, neçə əsrdir namusumu təmizləyə bilmirəm.”

Məhkəmə salonundakıların halını yəqin ki, təxmin edirsiniz.

***

Can Yücel zaman-zaman dalaşsa da, yeddi arxa dönənini söysə də, həmkarlarına çox bağlı olub. Məsələn, tamam fərqli xətt olsa da, Cemal Süreya Can Yücel üçün çox əziz olub.

Bir gün Cemal Süreyanın da iştirak etdiyi bir dost toplantısına Can Yücel gecikməylə gəlir. Əla məclis imiş. Can Yücel yerinə oturmamış Cemala ilişir: “Ooo, Darphane müdiri də burdaymış !” (Darphane - qızıl, gümüş, ya da kağız pulların istehsal edildiyi dövlət idarəsi, Cemal Süreya bir müddət bu idarədə işləyib.)

Cemal tez cavab verir : “Darphane müdiri işləmişəm, amma ordan çıxanda silkindim ki, üstümdə qızıl tozu qalmasın… Nolsun, ona qalsa, sən də nazir oğlusan…”

“Atam nazir idi, amma mənim şeirdən başqa heç nəyim yoxdu.”

Cemal Süreya məzənin dozasını qaldırmaq üçün davam edir : “Şeirin var e, amma ələ gələn nəsə yazmısan ki ?”

“Sənin əlinə gələsi başqa şey var məndə, istəyirsən ?” – deyir Can Yücel.

Cemal geri durmur: “Ver ulan !”

Can Yücel ordakı qələbəliyi, məclisdə qadınların olmasını vecinə almadan soyunmağa başlayır. Heç kim nə baş verdiyini anlamır. Can Yücel şalvarını aşağı salanda hər şey məlum olur. Cemal Süreya qəhqəhəylə gülməyə başlayır :”Heç dəyişməyib ulan! Əvvəlki kimidir.”

Can Yücel bic-bic gülür : “Niyə dəyişsin ki?!”

Məclisdə dəhşətli bir gülüş qopur.

Xəbər gələndə ki, Cemal Süreya ölüb, Can Yücel 24 saat dayanmadan içir və Cemal üçün bir neçə şeir yazır : “Aşk yok gayrı memlekette/ Cemal Süreya beri gideli…” Səhərəcən bir kassetin bir üzünə Cemal Süreyanın şeirlərini oxuyur, o biri üzünə sərxoş səsiylə atası ilə bağlı xatirələrini danışır.

Can Yücel 1999-cu ilin yayında, ömürünün son günlərində serrozla ölüm-dirim savaşı içində olarkən, çap olunan sonuncu kitabını can dostu Qazi Yaşargilə belə bir avtoqrafla göndərir: “Qazi… gözümün bebeği…giderayak…”

Kitab Qazi Yaşargilin əlinə avqustun 12-də keçir, gözləri dolur bu avtoqrafa. Tez bir cavab yazmaq keçər içindən: “Korkma Can… Ben de, biz de, hepimiz geliyoruz !” Tərəddüddən və belə vəziyyətlərdə həmişə onu sükuta qərq utancaqlığından heç nə yazmır Qazi Yaşargil.

Səhəri gün Argentinaya uçmaqçün hava limanına gedəndə öyrənir ki, dünən Can Yücel dünyasını dəyişib…

Oxuzalı.az

# 10699 dəfə oxunub

Müəllifin son yazıları

# # #