Atalığımın oğlu

Atalığımın oğlu
3 aprel 2015
# 11:59

Kulis Sahilənin “Atalığımın oğlu ” hekayəsini təqdim edir.

Rəfiqəmin sevgilisindən təzə ayrılan vaxtları idi. Saatlarla keçmiş sevgilini müzakirə edirdik. Mən oğlanın yadımda qalan qüsurlarını optikləşdirib rəfiqəmin gözünə soxurdum ki, itkisinin əcaib bir məxluq olduğunu düşünsün, az əziyyət çəksin. Məsələn, onun əlinin üstündəki tüklərin inanılmaz eybəcər olduğunu deyirdim. Deyirdim, əlbəttə tük çox oğlanda olur, lakin səninkində qəribə dururdu onlar, mən şəxsən bir dəfə gördüm qorxdum. Qız tərəddüdlə baxırdı mənə, sonra “nə bilim, bəlkə də” deyirdi gözünün qabağına keçmiş sevgilisinin əlini gətirə-gətirə. Sonra deyirdim, guya onun sevdiyi ətir narsistlərin istifadə etdiyi ətirdir. Narsistlər haqqında çox şey bildiyimi iddia edirdim, Lambrozonun cinayətkarlar haqqında dediyi sözləri onlara şamil etdiyinə inandırırdım qızı. “Yanaqlarını xatırla, sən doğrudan onun üzündə cinayətkarlara xas antropoloji cizgiləri sezməmisən”, təəccüblə soruşurdum. Hərdən hiss elədiyini, vahimələndiyini deyirdi qız gözünün yaşını silə-silə.

Köhnə qonşumuz məni sevdiyini deyirdi. O, iki-üç aydan bir “səni sevirəm” deyəndə elə nəzakətlə təşəkkür edirdim ki, nə isə əlavə eləyə bilmirdi. Bu təşəkkür başqa sözlərlə ifadə olunsa da, mahiyyət etibarilə “çox sağ olun, nə zəhmət çəkirdiz, xəcalət verirsiz, payınız artıq olsun, Allah ürəyinizə görə versin” kimi deyilirdi. Bundan sonra oğlan bir az özündən, köhnə məhləmizdən danışır, ardınca növbəti sevgi etirafına qədər sağollaşırdı. Həyat bu qədər solğun, bu qədər dinməz davam edirdi. Yazın gəlməyi belə, həyatla mənim dialoqumu maraqlı eləmirdi. Başıma maraqlı hadisə gələndə Allahın yadına düşdüyümü düşünürəm. O, nəhayət mənimlə maraqlanıb deyə sevinirəm. Günlərim eyni boylu fərsiz əsgərlər kimi yan-yana düzüləndə isə elə bilirəm, Allah məni bu dünyada candərdi saxlayıb. Bilmir mənimlə neyləsin. Qoyub bir küncə, deyib dur burda, sən Allah, səsin çıxmasın, görüm nə fikirləşirəm.

Rəfiqəmlə baş-başa, qol-qola tamaşa-tamaşa, konsert-konsert gəzdiyimiz günlərin birində dəyişiklik olsun deyə incəsənətdən uzaq bir sahənin də tədbirinə getməyi qərara alıb, hüquqi maarifləndirmə konfransına yollandıq. Tədbirarası fasilədə həmişəki kimi, gözümü zilləmədən ehtiyyatla adamlara baxırdım. Birdən yazıçılar demişkən, hansısa gözəgörünməz qüvvə baxışlarımı nəhəng kaktus ağacının altına qoyulmuş qara dəri divanda oturub kurasanla çay içən oğlana tərəf geri döndərdi. Səmimiyyətimə inanın, mən bunu o, indiyə qədər görə bildiyim ən yaraşıqlı oğlanlardan biri olduğu üçün eləmədim. Bütün günü görünüşü ilə əlləşən, saçabaxım vasitələri məndən çox olan oğlan dostlarımdan bezən vaxtım idi. Bəlli leksikonlu, gülüşlü, eyni fikirli, zövqlü adamlardan biri diqqətimi cəlb eləyə bilməzdi. Lakin hər halda o, marağıma səbəb oldu. Oğlan əlavə şirniyyat götürmək məqdəsilə İsveç masasına tərəf gedəndə, onu yaxından görmək, tərpənişlərini izləyə bilmək üçün dalınca düşdüm. Arada növbədə qarışıqlıq düşdü, adamlar yerlərini dəyişdi və biz göz-gözə gəldik. Hər şey qəfil baş verdiyindən, mənim nə isə fikirləşməyə vaxtım qalmadı.

“Sizin adınız Orxandı?”, soruşdum.

Oğlan “bəli” dedi, pencəyindən asılmış kimlik kağızına nəzər salaraq.

“Mənim adım Şəmsdir. Sizin atanız mənim atalığımdır”, dedim tələsərək. Dərhal ağzımdan çıxanları geri qaytarmaq istəsəm də, gec idi. O, növbəti şirniyyatı boşqabına qoya-qoya laqeyiqcəsinə üzümə baxdı. İlahi, daha nə isə eşitmək istəksizliyini necə də iliyimə qədər duydum. Köhnə iş yerimdən qalan vizit kartımı verib, istəsə məni göstərilən nömrələrdən üçüncüsündə tapa biləcəyini dedim. O, süni nəzakətlə təşəkkür elədi. Pərt-pərt yerimə qayıtdım, rəfiqəmi tapıb tədbirin ikinci hissəsinə qalmaq istəmədiyimi dedim. Himə bəndmiş kimi çantasını götürüb gedək dedi qız.

Üç həftə sonra oğlan zəng elədi. Görüşməyə yer təyin elədik. Bic-bic göyə baxdım. Oh, nəhayət ki, mən onun yadına düşmüşdüm, növbə mənə də çatmışdı, iki il sonra Allah mənə yaşamağa maraqlı bir şey göndərmişdi.

Mənim bu dünyaya yaşamaq üçün göndərildiyim illərin beşincisində bir gün bizə bir qadın gəldi. Onda anamın təzə əri iki il idi bizimlə qalırdı. Onun yekə qəhvəyi gözləri, idmanda sınmış iri burnu, süni güllər düzəltməyi, arada rus dilində danışmağı, bir də pianoda çalmağı var idi. O, iki qəhvəvi çamadanı ilə yanaşı, evimizə yeni səslər gətirmişdi. Gülləri düzəldəndə ləçək və yarpaqları yapışdırmaq üçün istifadə elədiyi aparatın yanıb-dönmə yerinin çıqqıltısı, üzqırxanın dırıltısı, sınıq burnunun fısıltısı və s. Anam uzun illər hündürboy kişi üçün yığıb saxladığı işləri ona gördürürdü. O, istirahət günləri əlində mismar çəkiclə gəzir, anamın göstərişi ilə divarlardan şəkillər, rəflər, müxtəlif ölkələrə aid boşqablar asırdı. Yeni rənglər, səslər məni xoşbəxt edirdi. Onları atalığımın əlləri eləyirdi. İndinin özündə də mənim üçün dünyada ən gözəl şeylərdən biri eybəcər əllərdir. Atalığımın eybəcər iri əlləri piano çalanda mən heyrətlə ona baxırdım. Onun əlləri sayəsində özümü müxtəlif obrazların içində hiss eləyirdim. Onun çaldığı müsiqidən asılı olaraq mən gah özümü təkəbbürlü şahzadə kimi hiss eləyir, gah bir gözü qopub düşmüş gəlinciyim kimi susqunlaşır, gah rəqs eləyir, gah da üstü butalı divanımızın küncünə qısılıb mürgüləyirdim. Onun birinci arvadı bizə gələndə atalığım həyəcanlı idi. Anam onunla həmişəkindən daha diqqətli və sevgi ilə davranırdı. Atalığımın birinci arvadı içi şəkil dolu bağlamanı stolun üstünə qoyub sənədi anama uzatdı. Anam kağızı atalığıma verdi, o, sənədi imzalayıb geri qaytardı. Qadın dərindən nəfəs alıb sənədi dörd qatlayıb, çantasına yerləşdirdi və getdi. Sonralar öyrəndim ki, atalığım oğlunun uşaqlıq şəkilləri ilə ondan imtina kağızına imza atmağı barter eləyib. Beləcə, atalığımın oğlu rəsmi şəkildə həyatımızdan silinib getdi. Bircə mənim tez-tez baxdığım, anamın tozunu sildiyi, atalığımın ölənə qədər gözündən uzaq tutmağa çalışdığı şəkillər qaldı.

Oğlanla onun təklif elədiyi ünvanda - fransız kafesində görüşdük. Sakit, həlim, bir az da uzaq biri idi. Baxışları dərinliyə dəvət etmirdi, fikirlərini bəzəyib demirdi. Standart zəngin adamlar kimi iki operatorun nömrəsini birdən işlədirdi. Bir nömrəni son model bahalı telefonda, ikincini köhnə ucuz modeldə gəzdirirdi. İri sümüklü damarlı əllərinə doldurduğu telefonları, siqareti, maşının açarlarını stola qoyub menyuya baxdı. Mən onun bahalı brendlərdən seçilmiş paltarlarını nəzərdən keçirdim ki, tikəcəyim kuklalardan birinə geyindirim. (Mən kukla teatrında dərzi işləyirəm. Hərdən adam şəkilləri də çəkirəm.) Həyəcanlı idim. O isə təmkinlə üzümə baxır, bircə yemək seçimimə canfəşanlıqla yardım edirdi. Öz işindən danışdı bir az, sonra bir-iki sual verdi çəkdiyim rəsmlərdə bağlı. Hər dəfə sözü atalığımın üzərinə gətirmək istəyəndə mövzunu başqa yönə çəkirdi. Gec olduğunun fərqinə varanda ayaqlandıq. Məni evimizə ötürdü. Sağollaşanda yenə görüşmək istədiyini dedi.

İşi ilə bağlı maraqlı hadisələr danışırdı. Sakit, təmkinlə. Bəzən ötəri və tez keçici də olsa, özü ilə qürrələnmək istədiyini duyurdum. Açdığı cinayət işlərini detalları ilə birgə mənə danışırdı. Cinayət edən adamların hisslərinə toxunmadan, işin texniki tərəflərini qabardaraq. Həmişə laqeyidcəsinə bitirirdi söhbəti. Sanki söhbətdi, elədim, bitdi, ciddiyə alma, unut deyirdi. Heç mən də görüşlər zamanı ciddi mövzular aça bilmirdim. Bəzən rəssamlıqdan, kinodan suallar versə də, həmən buna görə peşman olurdu elə bil, cavablarımı dinləmirdi çünki. Maraqlı gəlirdisə də, bunun belə olmadığına inandırırdı özünü. Mən onun nə vaxtsa maraqlı birinə çevriləcəyini düşünür, gözləyirdim. Elə bilirdim, atasından irsi dövr aldığı iri damarlı əlləri bir zamanlar uşaqlığımı rəngli və səsli elədiyi kimi, indimi də həyəcan və yeniliklə dolduracaq. Lakin ilin sonuna tərəf gedən günlər tələsə-tələsə bir-birinin dalınca qaçır, görüşlər çoxalır, qulağım yeni səsə möhtac-möhtac şəklənir, gözlərim rəngsizlikdən əziyyət çəkə-çəkə yumulub-açılırdı. Bir-iki dəfə mən ehtiyatla mövzunu atalığımın üzərinə gətirə bildim. O, bu barədə iki-üç əhəmiyyətsiz söz dedi. Sonra yenə onun azarkeşlik etdiyi futbol klublarından, dəyişdiyi avtomobillərdən, yeni evinin dizaynından danışmağa başladıq. Mən hələ də nəyəsə ümid elədiyim günlərdən birində rayona uzunmüddətli ezam olunduğunu dedi. O bunu deyəndə yüngüllük hiss elədim. Mən bəzən uzun müddət birinin həyatımdan gedə biləcəyi ehtimalı ilə üzülür, bu, baş verəndə isə sevinirəm, vücudumu intəhasız xoş rahatlıq bürüyür. Adətən, özüm qoyub getdiyim adamların arxasınca boylanır, səbirsiz davrandığım fikri, onların daha maraqlı birinə çevriləcəyi ehtimalı üzərində düşünüb əziyyət çəkirəm. Atalığımın oğlu getmə xəbərini deyəndə sevindim. Qərarı o vermişdi, mənim edə biləcəyim bir şey yox idi. Onun əlləri onsuz da telefonlar və siqaret, bir də maşın açarı tutmaqdan savayı maraqlı nəyəsə xidmət eləmirdi. Mən onunla görüşlərdən yeni sual, yeni anlam, yeni hiss istehsal edə bilmirdim. Lakin yenə də ümidimi kəsmirdim. Bütün varlığımla inanırdım ki, iki-üç aylıq görüşün bir anlamı var. Nə isə baş verməli, nə isə olmalıdır... Ümid son görüşə qalmışdı.

Mən görüşə xeyli gecikdim. Kafenin zalında az adam gözə dəyirdi. Bütün stolları nəzərdən keçirsəm də, atalığımın oğlunu tapa bilmədim. Qapıdan çıxa-çıxda gözüm sağ tərəfə qoyulmuş qırmızı royalın qabağında oturmuş adama sataşdı. Atalığımın yandan görünüşünə necə də bənzəyirdi. Ayaq saxladım. “Mən elə belə də bilirdim. Əlbəttə, başqa cür ola da bilməzdi. Atalığımın oğlu kafenin pianosunda böyük ekran televizordan eşidilən mahnını çalır... güclü səs yaddaşı ona atasından keçib... necə də kədərlidir...”, sevincək pianoya tərəf getdim. Yaxınlaşdıqca mənzərə dəyişdi. Üzümdəki məğrur təbəssüm üzüqara aradan çıxdı. Pianonu başqası çalırdı. Kafenin nazik tüllə pərdələnmiş pəncərəsindən çölə baxdım. Axşamın boz çalarını görüşəcəyim adamın dəyişməz üz ifadəsi tamamlayırdı. Maşınının qapısını örtüb kafenin girəcəyinə tərəf gəlməyə başladı. Salamlaşdıq. Həmişəki kimi latte içdi. Mən bir dondurma, bir də qreypfrut şirəsi sifariş verdim. Sonuncu görüşümüzdə atalığımın oğlu həmişəkindən daha həvəslə, daha çox danışdı. Özünə daha çox sərbəstlik verdiyini, uzağa getdiyi üçün məyusluğunu belə gizlətməyə çalışmadığını hiss edirdim. Onu daha doğma, daha təbii görürdüm. Bir az da özümü ondan atasını oğurlamış kimi hiss edirdim. Sağollaşdıq. Bir zamanlar atalığımın istəyi ilə çəkdiyim rəsmi ona verməkdən özümü saxladım. Şəkildə Stradivari skripkasını oğurlamaq istəyən gənc oğlan təsvir edilmişdi.

Gedəndən sonra bircə dəfə bayram təbriki göndərdi mənə. Cavab vermədim. Cavab verməməyimi istədiyini bilirdim. O, atalığımın qərarı ilə razılaşmışdı. Söz danışıqdan keçmişdi. Ondan imtina ilə barışmış atasından nə isə qəbul etməməkdə israrlı idi. Nə irsi audio yaddaşı olub-olmadığını yoxlamışdı, nə yaradıcılıq melonxoliyasını dövr almışdı, nə də onun qızlığını doğmasına çevirməyə həvəslənmişdi. Keçmişini eşələmir, indisi ilə əlləşmir, gələcəyini planlamırdı. O da öz atalığının verdiyi həyatı yaşayırdı. İri damarlı yekə əllərinə telefonlar, nazik siqaret, maşın açarı vermişdilər. Götürüb yaşayırdı.

Mən nəhəng adam buketinin içindən atalığımın oğlu ilə rastlaşmağımı, yaxşı, yaxşı boynuma alıram, tapmağımı Allahın mesajı kimi qəbul elədim. Dedi ki, sakit dur, dinməz ol, hadisə gəzmə, mənim işim çoxdur, həmişə səninlə məşqul ola bilmərəm. Amma yadımdasan. Sadəcə belə məsləhət bilmişəm. Nə veriblər onu yaşa. Başqaları kimi.

2015.03.15

# 879 dəfə oxunub

Müəllifin son yazıları

# # #