Heç nə

Heç nə
30 iyun 2015
# 11:19

Uzun bir yoldur. İlk baxdığında sonu görükməz kimi. Gedirik.

Sürprizlərlə doludur zatən. Xoş sürprizlərdən sevərsən yolu, bəd olanlardan... yenə də sevərsən, zira başqa əlacın yox ki. Yolla qiyamamı qalxacaqsan?

Gedə-gedə Dovlatovanın sözlərını çözürük: Ən uzun yol heç yerə aparan yoldur.

Addım-addım, parça-parça yolu yaddaşımıza köçürürük. Yol bundan tükənmir, biz tükənirik. Gedirik.

Yolun sürprizlərlə dolu qəribəlikləri də var. Sevdik onları da. Persepsiyamızdakı heyrət oyuğunu boş qoymamaqçün.

Çoxdur yolun qəribəlikləri. Məsələn, ayaqlarımız altına sərilməsinə rəğmən həm də tirandır. Bir növ ayaqlanan tiran, tapdanan manipulyator. Yəni ilk baxışda “yol mənim, özüm bilərəm, hər şey öz əlimdə” düşünərsən, amma bu yalnız ilk baxışda belədir. Gedirik.

Hamı eyni yerə gedir, amma müxtəlif sürətlə. Kimi şütüyür, kimi sürünür. Kiminin topuqlarında zəncir, kürəyində ağır yük, kimisi əllərini yellədə-yellədə gedir. Bəzilərində xizək, az qismində skuter var, onlar yol əziyyətindən qurtulmuşlardır. Onların yürüşü imitasiyadır sadəcə, əzabı əzaba parodiya.

Bəzilərinin ayağının altında hündür platforma var, bəziləri yerdən gedir. Birincilər ikincilərə yuxarıdan baxmaq şansı qazanır və fürsət yetincə yararlanır bu şansdan.

Yolçuların başı üzərindəki hava da müxtəlifdir. Xoşbəxt sayılanların havası hamıda eyni cürdür - əsginas qoxulu. Qeyri-xoşbəxtlərin havası hərədə bir cür qoxulayır. Ümumiyyətlə, hamı “havalıdır”, elə Yol özü də.

...Yaxşı deyib amma: ən uzun yol heç yerə aparan....

Darıxmamaları üçün yol vətəndaşlarının gözü önündə daim panoram sərgilənir. Panoram eyni, sadəcə baxışlar müxtəlif, ona görə hərə bir cür görür onu, öz havasına uyğun. Ən parlaq sərgilənmə əsginas qoxulu havanınkı. Gedirik.

Tapdanmış yolda iz qalmır, buna baxmayaraq kimlərəsə də müyəssər olur iz qoymaq.

Yolda çox şeylər baş verir, amma hər şeyi bilməmiz caiz deyil. “Anlamaq – müəyyən məqamların anlama gəlmədiyini qəbul etmək deməkdir”. Sağa-sola baxmaq, digərlərinin yerişi ilə maraqlanmaq məsləhət deyil. “Elə et ki, taleyin qapını döyəndə evdə olasan”. OŞO-nun sözlərindən yararlanıb yolumuzla düz gedirik ki, sapınmayaq.

Burda ayaqlarını yerə dirəyib dayanmaq, tıxac yaratmaq, Yolun hərəkət qaydalarını pozmaq, yorulub time-out götürmək, mənzil başına çatmamış yarı yoldan əkilmək, həmçinin arxaya qaçmaq olmaz, yalnız irəli! Bu tale yüklü krossun üzüntüsünə qatlaşıb, üzünüzə təbəssüm qondurmalı, xüsusi atlet məharəti ilə parkurları dəf etməlisiz. Yol sevir cəfakeşləri.

...“Ən uzun yol heç nəyə aparan....”

Gedirik. Burda çox şeyə icazə var və elə həmən qədərinə də icazə yoxdur. Burda hava udmaq, yuxu görmək və nələrisə arzulamaq, plan cızmaq havayıdır. Sizin cızdıqlarınız özünüzdən savayı kimsəni maraqlandırmaz, çünki yolun öz planları var, sizlə bağlı.

Arzulama məsələsində də ehtiyatlı olmaq gərəkdir, yəni bir az diplomatik şəkildə arzulamaq. Bəzən olur ki, içində cin yaşayan Stivenson butulkası effekti alırsan. Məsələn, özünə xoş rifah arzuladığında sənin üçün çox-çox əziz, dəyərli olan bir doğman Yolu tərk edir (qəflətən) və sən heç gözləmədiyin halda onun bütün var-yoxuna sahib olursan. Bu da olur “üzrü günahından betər” - ödədiklərin qazandıqlarını üstələyir.

Gedirik. Getdiyimiz yerə tez çatmaq üçün gedirik və arzu edirik ki, kaş heç çatmayaydıq ora, nolardı... Aramızda “hamı çatacaq, mən yox” düşünən sadəlövhlər də var. Yol hamının hər cür qələtini bağışlar. Gedirik.

Yol yaradıcıları təzə bir fəlsəfi kateqoriya fikirləşib tapıblar: fanilik. Yol çar-naçar qəbul edib adının bu qondarmasını və indi onu doğrultmaqçun əlindən gələni də edir, gəlməyəni də. Faniliklə burun-buruna, gedirik.

Bu yolda bütün sözlər söylənilib, bütün fikirlər düşünülüb, bütün mahnılar bəstələnib, sevgilər yaşanıb, acılar udulub. Ona görə nə desən, deyilmişlərin təkrarı olacaq ancaq, sevilmiş sevgiləri bir də sevəcəksən, gözlərin də eynən onlar kimi parıldayıb qamaşacaq, yaşarıb dolacaq və donacaq. Nələr edirsən et, çeynənmişi bir kərə daha çeynəməyə məhkumsan. Bu yol təkrarkar yoludur, ikinci adı Repertuar və orda təzə bir şey oynanılmaz. Amma biz inadkarlığımıza salıb, yeni söz, yeni fikir, yeni səs, sevda və zəhr naminə elə hey gedirik.

Hegel məntiqinə görə həqiqət donmuş məqamlarda deyil, prosesdədir, axıcılıqdadır. Ona görə məcburuq hərəkətə - vardan yoxa doğru irəliləməyə (elə ordan gəlmışdık). Biz əslində həqiqət axtarışındayıq. Amma sonunda hamıya verilən eyni şey olur (ya hamıdan alınan). Başa düşə bilmirik, həqiqət deyilən bumudur?

...“Ən uzun yol... heç nə...” - bu nə sözdür deyib?

Sona yetişəcəyimizə əmin olsaq da, nə vaxt yetişəcəyimizi bilən yox. Yetişmə vaxtı tam mistik bir “axşamçağına” bürünüb qalıb. Yenə də hər şeyi “yaxşı olacaq” ümidinə buraxıb gedirik.

Çox yeridiyinizdə bezikib sıxıla bilərsiz. Bezikib sıxılanda yol kənarındakı şikayət və təkliflər kitabını götürüb yaza bilərsiniz: “Mənim bu yoldan heç xoşum gəlmədi. Əyri yoldur. Düz bir şey görmədim mən burda”. Yazdınızmı? İndi unudun getsin. O kitab oxunmaqçun deyil, onu yazarlar, amma oxucusu olmaz. Bekara bir şey. Yəni “görmədiyinizdə eynəyi dəyişmək lazımdır, daha şikayətlənmək yox” prinsipi ilə işləyən Yolun şikayət kitabı sadəcə ürəyinizi boşaltmaq üçün bir ləyəndir.

Bu yolda bir qayda olaraq kimlərsə nəyəsə inanmağa tələsir. Və inanmayanlar inananların inamına qənim kəsiləndə inananlar inanmayanları inancın Yol yeknəsəqliyini rövnəqləndirə biləcək yeganə vasitə olduğuna inandırmağa çalışırlar. Bu onlara əksərən müyəssər olmasa da mübahisə qızışır və Yolun cansıxıcı bozluğundan (boşluğundan) qurtulmaq üçün bu, ikinci “yeganə” vasitədir. Üçüncü və dördüncü yeganə vasitələr də var.

...“Ən uzun yol...” - paho... deyəndə də gərək elə deyəsən ki, nəsillər oxuyub bədbinliyə qapılmasın.

Gedə-gedə yolüstü bəzi şeylər öyrədirlər bizə: gülməyi, ağlamağı, düşünməyi və həzz almağı. Amma öyrənməyi bizə öyrətmədiklərindən bu öyrədilənləri çoxumuz öyrənə bilmirik. Gedirik.

Qəribə yoldur. Şakəri var, nəsə qopartmasa əl çəkməz. Çox acgöz dilənçi xislətli. Kiminin saçı tökülər yolda, kiminin dişləri. Kimi gözünün nurunu qoyar, əzalarının gücünü, kimi ağlını. (Ən az itirən axırıncılar olar). Əlqərəz, hərədən bir şey oğurlanır. Tökülə-tökülə, amma gedirik...

Gedirik və fəxr edirik. Biz hər şeyə müntəzir, biz hər şeydən razıyıq. Yol bizdən usansa da, biz ondan usanmırıq.

Siz Yol adamı, yəni yolçusuz. Ona görə haydı, yolçu yolda gərək.

...“Ən uzun yol....” - unutmuruq, yaxşı deyib.

# 1486 dəfə oxunub

Müəllifin son yazıları

# # #