Əlvida 50, salam 51!-Anarın yazısı

Əlvida 50, salam 51!-<span style="color:red;">Anarın yazısı
21 avqust 2014
# 09:27

Rəşad Məcidin 50 yaşı tamam olur.

Rəşad Məcidin kitablarının biri «Əlvida və salam» adlanır.

Rəşad Məcid bu gün 50 yaşına əlvida deyir, 51 yaşını, ömrünün bütün gələcək onilliklərini salamlayır.

Rəşad Məcidin on il bundan qabaq, təbii ki, 40 yaşı vardı. Ona Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi olmağı təklif etdim. Katiblərimiz də onun namizədliyini dəstəklədilər və 2004-cü ildə XI Qurultayımızda Rəşad Məcid yekdilliklə təşkilatımızın katibi seçildi.

O gündən keçən on ildə seçimimizdə yanılmadığımız təsdiq olundu və bu il 12-ci Qurultayımızda Rəşad yenidən bu vəzifəyə seçildi.

Rəşad Məcidi yazılarından tanıyırdım. «525-ci qəzet» kimi ucuz dedi-qodulardan, qərəzçilikdən uzaq, mötədil, obyektiv və səviyyəli mətbuat orqanını yaratmış və çətin şəraitdə yaşatmışdı.

Rəşad Yazıçılar Birliyində ilk günlərdən istedadlı gənclərlə dil tapa bildi. Gənclərə xoş münasibət «qadan alım, qurban olum» demək, «getmə gözümdən, gedərəm özümdən» prinsipiylə davranmaq deyil. Gənclərə qayğı real hərəkətlərlə həyata keçir. Rəşad Məcidin yaratdığı və rəhbərlik etdiyi Gənc Ədiblər Məktəbi ədəbiyyatımıza neçə-neçə istedadlı cavanı gətirdi.

Yazıçılar Birliyinə qarşı sürülən iradlardan bəlkə də ən insafsızı guya burda gənclərə yetərincə diqqət edilməməsidi. Əgər Birlikdə xüsusi Gənclər Şurası fəaliyyət göstərirsə, gənclər ard-arda məsul vəzifələrə irəli çəkilirsə, səfərlərə göndərilirsə, kitablarının təqdimatları keçirilirsə, «Ulduz» jurnalı bütünlüklə cavanların ixtiyarına verilibsə və nəhayət neçə ildən bəri iyirmi gənc yazar Prezident təqaüdü alırsa (bunlar isə küll halında 140 nəfər deməkdir), bunları yalnız görmək istəməyənlər görmürlər. Bütün bu məsələlərin düzgün və ədalətlə həll olunmasında Rəşadın rolu danılmazdır.

Məlum olduğu kimi hörmətli Prezidentimizin sərəncamıyla hər il yaşlı və gənc yazıçılara təqaüd verilir.

Gənc təqaüdçülərin siyahısını əsasən Rəşad Məcid müəyyənləşdirir. Neçə il ərzində bu sarıdan heç bir narazılıq olmayıb. Bu həm gənclərin daha təmkinli olmağı deməkdir, həm də Rəşadın düzgün seçimiylə bağlıdır. Doğrudur tək-tük hallarda gənclərin arasından da Rəşadın bütün yaxşılıqlarını unudanlar tapılır. Nankorluğun yaşı yoxdur axı…

Rəşad Məcid istedadlı yazıçıdır, özü də bu istedad ədəbiyyatın müxtəlif janrlarında meydana çıxır. Elə neçə dilə çevrilmiş «10 sentyabr» hekayəsi yetər ki, müəllifi çağdaş nəsrimizdə layiqli yer tutsun. Vaxtiylə bu hekayə haqqında mən də, başqa yazıçılarımız da müsbət fikirlər söyləmişdik.

Rəşad orijinal şair olmaqla yanaşı həm də gözəl şeirlərin heyranıdır. Saatlarla Ramiz Rövşənin şeirlərini əzbərdən oxuya bilər. Eləcə də Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Fikrət Qocanın, Vaqif Səmədoğlunun vurğunudur. Bu günlərdə AzTV-nin «Poeziya» verilişində mərhum Şahmar Ələkbərzadənin xeyli şeirini əzbərdən oxudu. Bu da zənnimcə çox səciyyəvidir. Özü istedadlı olan adam başqalarının yaratdıqları gözəlliklərə biganə qala bilmir. Öz bədii imkanlarından arxayın olanlar başqalarının uğurlarına sevinməyi bacarırlar. Özündən müştəbehlik, «burda mənəm, Bağdadda kor xəlifə» iddiası kəmlik kompleksindən törəyir.

Təəssüf ki, Rəşadın Yazıçılar Birliyində, «525-ci qəzet»də işləri, jurnalistlər təşkilatında, ümumiyyətlə ictimai həyatda fəallığı onun yaradıcılığa kifayət qədər vaxt ayırmasına əngəl olur.

Yazar kimi də, şəxsiyyət kimi də Rəşadın məziyyətləri az deyil. Onların arasında mənə görə ən önəmlilərindən biri, bəlkə də birincisi gözütoxluqdur. Birgə işlədiyimiz bu illər ərzində Rəşad bir dəfə də mənə hansısa vəzifə, mükafat, fəxri ad istəyiylə müraciət etməyib. Vəzifəpərəst də deyil. Böyük Səməd Vurğunun sözlərini özünə aid təkrar edə bilərdi: «Mən tələsmirəm». Hər şeyə - tələsməyənlər çatır. Xalq demiş, tələsən tələyə düşər.

Rəşad dostluqda etibarlı, rəğbətlərində sabit, münasibətlərində dəyişilməzdir. Həm də ən incə mətləbləri duya bilən həssas insandır.

İnanıram ki, Rəşad Məcid hələ çox-çox illərə «əlvida», çox-çox onilliklərə «salam» deyəcək və həmişə bu gün olduğu kimi gənc qalacaq. Çünki gənclik də, qocalıq kimi yaşdan asılı deyil. Belə bir ifadə var: «Ağıl yaşda yox, başda olar». Bu ifadəyə başqa bir deyim də əlavə etmək olar: «Cavanlıq yaşda deyil, qəlbdədir».

Ad günün mübarək, Rəşad!

ANAR

musavat.com

# 1768 dəfə oxunub

Müəllifin son yazıları

# # #