Mehriban Vəzirdən YENİ HEKAYƏ

Mehriban Vəzirdən YENİ HEKAYƏ
27 oktyabr 2015
# 10:33

Kulis yazıçı Mehriban Vəzirin “Doğum yeri; Naxçıvan” hekayəsini təqdim edir

Mikayıl bu gecə də yuxusuz qalacaqdı, bilirdi. Havalar qızandan, pəncərələr açılandan, millət küçələrə töküləndən bəri hər gecəsi belə idi; səhərə kimi vurçatlasın, çaloynasın… şişə çəkilmiş ətin tüstüsü evin içində… əsil toyxana, qol götür oyna. Şəhərin təpəsində, adlı-sanlı restoranların, gizli kazinoların, yasaq `quş yuvalarının`əhatəsində yerləşən bu təzə binada Mikayıl həyat yoldaşı Aliyə ilə ilk yayını yarılamış, əslində, cəhənnəm məsafəsi qət etmişdı. Gecədən səhərə gələn-gedənin hay- küyündən, keflilərin dava-dalaşından, səndələyən kişilərin söyüşlərindən, sürütmə çəkilən arvadların qıyyasından dəhşətə gəlmiş, sübhü dirigözlü açmış, səhər təzyiqi qalxmış, gündüzləri bərbad olmuş… və hər gün hər gələn gecəni kabus gəlir kimi gözləmişdi. Bu məşəqqət, günlük rejimini, yuxu vərdişini alt-üst etmişdi.

Ömrünə acı başlanğıcla başlayan, sonra da oxumaqla, yazmaqla, dərs deməklə, üç övlad

böyütməklə… və xüsusi mülkiyyətin düşməni olan sovet rejimində belə

məhkəmələrdə, dədə-baba evini geri qaytarmaq uğrunda çarpışmaqla keçirən bu yaşlı

adam artıq bütün çalışmalardan yorulmuş, dünyanın vəfasızlığını dadmış, pensiya yaşına

gəlib evə qapanmışdı. Gələcəklə bağlı heç bir umacağı yox idi, sabaha aid heç nə ilə

uğraşmaq istəmirdi. Heç dünəni də xatırlamaq istəmirdi.

Nə yaxın, nə uzaq keçmişini görən gözü yox idi. Tək istəyi dinc yaşamaq, tez yatıb, tez durmaq, pəhriz saxlamaq, nəvələri ilə skaypda danışmaq və… arada Aliyə ilə yürüyüşə çıxıb dünyanın yaşılına, mavisinə tamaşa etmək idi. Başqa hər şey yalan imiş.

Lakin… bu qədərini də əldə etmək üçün yenə sabahla uğraşmalı olmuşdu. Gecə asayişi

ilə məşğul olan polis strukturlarını arayır, məktub yazır, intenetdə ünvanlarını axtarır,

zəng edir, şikayət edir, əsəbləşirdi. Bu restoranları susdurmağın, bu işkəncəni

durdurmağın yollarını arayırdı. Bu aramalar günün nizamını pozmuşdu. Gecələri isə…

gecələrin dərdi bir deyildi. Gecələrin yuxusuzluğunda gözlərini zillədiyi ağ tavan

canlanır, güdükdə duran xatirələr, marığa yatan iztirablar, yaxşı-yaman nə vardısa

xortlayıb çıxırdı. Bütün ömrünü gələcəyə baxaraq yaşamış və artıq imtina etsə belə yenə

sabah üçün çalışmaq zorunda qalmış bu adam üstəlik yuxusuz gecələri ilə keçmişinə

sürüklənmişdi.

… Qara çarşablı, uzun tumanlı Püstəxanım Mikayılın əlini ovcunda əmanət kimi tutmuşdu.

İçərişəhərin qala divarları boyu üzü aşağı, Ağa Mikayıl hamamının enişi ilə yürüyürdülər.

Mikayıl yeridikcə boşda qalan sağ əlini qala divarlarına sürtür, dartınır, çırpınırdı. Nənə-

bala bu yolu baxçadan evə, evdən eşiyə hər gün, neçə dəfə çəkişə-çəkişə gedib

gəlirdilər. Oğlanın ayaqqabılarının dabanı İçərişəhərin qəmbər döşəli ensiz səkilərində

zəif-zəif taqqıldayırdı. `Əlimi burax, özüm gedirəm`. `Yox, Ağa Mikayıl, olmaz, atam,

peşman eləmə məni`. `Buuraax`. `Olmaz, atam`. Bu oğlan əlini nənəsinin əlindən qoparıb

tək yürümək üçün hər gün inamla çabalayırdı. Püstəxanım da hər gün hamamım

başındakı renessans üslublu, ikimərtəbəli, xudmani imarətə çatana kimi, binanın əsas

qapısının altındakı zirzəmiyə enənə kimi əmanəti əlindən buraxmırdı.

Film dar dalana çıxan qapının altında, zirzəminin qapısında, üç pillə aşağı, qaranlığa enər-

enməz, bitirdi. Uşaqlığı ilə bağlı yadında qalan ilk lövhə bu idi. Beş yaşı olar-olmazdı,

bundan qabaqları xatırlamırdı.

…Sonra birinci sinif… ilk etirazını xatırlayır… `nənə, sinifdə hamı Bakıda doğulub, mən

niyə Naxçıvanda doğulmuşam? Ora haradı? Kim aparıb məni ora?`

…Mikayıl Naxçıvanda, valideynlərinin əhatəsində dünyaya göz açsa da nə Naxçıvan, nə

ata-ana üzü görmüşdü. Bu atalı-analı yetim İçərişəhərdə, üçəsrlik Ağa Mikayıl hamamının

yoxuşunda, hamam sahibinin mülkündə, nənəsinin dizinin dibində böyümüşdü. Hər gecə

yatağına girən kimi nənəsi kəlmeyi-şəhadətini ərəbcə söyləyib türkçəsinə keçirdi.

`…Yataram ya Allah, duraram İnşaallah, əgər yatıb durmasam - Lailahəilləllah.` `Nənə onu

demə.` `Neyi, atam`, `Yatıb durmasam…` `Nöşün, atam?` `Qorxuram.` `Qorxma, atam,

Allahın ətəyindən yapışan qorxmaz.` `Birdən durmasan…`. `Onu ağluva getirmə`. `Gəlir

axı`. `Lailahəilləllah de, gəlməsin`. `Dedim, yenə gəldi`. `Ardarda de, aatam, caymadan de,

huş aparana kimi de. Gecələr vəsvəsə üçün deyil, fikir çəkmək üçün deyil, Ağa Mikayıl,

yatıb dincəlmək üçündü. Çünkü sabah var, iş var, güc var. Adam gərək özü özünü gecə

qəmindən qorusun. Fikrin qənimi zikrdü, atam, zikr qəlb ilə qəm arasında sərhəddü,

zikr elə; Lailahəilləllah de`. `Lailahəilləlah`-deyirdi Mikayıl. `…Ağa Mikayıl, dünyanın

başıma dar vaxtlarıydı, tifağımız dağılmış, altında qalmışdım. Gecəni sübheycən yerimin

içində ağlayırdım. Bir gün özüm özümə dedim; Püstəxanım, yerüvə girdün, yat, keçmiş-

keçəni qurdalama, nə olub, olub. Nə olamalıdı, olacaq. Heç neyin fikirini çekmə. Çünki

mənası yoxdu, yüz fikir bir borcu ödəmir. Sabaha sarıl. Sabaha sarıl ki, Allah da sənə

xeyirli sabahlar versin``

…Bu film də burada, bu xumar qaranlıqda bitir. `Yatıb durmamaq` qorxusundan nənəsi ilə

birgə elədiyi zikrlə uzaqlaşıb nə vaxt yuxuya daldığını xatırlamır.

Amma… hər dönəmin öz yuxuqaçıran vaxtları olurmuş. Bir gün o gecələrdən gəlmə öyüd

Mikayılın imdadına çatdı. Bir ara başı həyat işlərinə qarışıb `Lailahəiləllahı` unutsa belə

örkən gəlib yenə doğanaqdan keçməli oldu, gecə pıçıltıları yadına düşdü. Mikayıl

yaşamaq və çalışmaq üçün yenidən bu fəndə əl atmış, yaxşı nəticə əldə etmişdi. Uzun

illər idi gözünü yumub özünə layla çalırdı; La-ilahə-illəl-lah… La-ilahə-illal-lah. Caymaq

olmaz, aramla… La-ilahə-illəl-lah… Bu qayda illərlə elə bir vərdişə çevrilmişdi ki,

gündüzlər nə çətinliyə düşmüş olsa belə gecəni yaxşı yatar, bir neçə dəqiqə içində

`Lailahəilləllah`la huş onu aparardı. Aliyə xasiyyətini bilir, yerinə girdi, bitdi, sözün var

`gecən xeyirə qalsına` kimi de, qurtar. Sonra dindirmə. O, yoxdu, huşdadı, keçiddədi,

gedir.

Gündüzlərin fitnə-fəsadı ilə gecələrin dincliyi arasına girmiş bu çəpər müdrik nənənin

ona ötürdüyü hikmət idi. O nənə ki, bütün ömrünü əvvəlcə yeganə qızına, sonra yeganə

nəvəsinə ithaf etmiş, gün görməmiş, hər üzünə əziyyət çəkib heç kimə əziyyət

vermədən, bir gün belə yatağa düşmədən bircə saatın içində quş kimi uçub getmişdi.

Mikayıl əmin idi, elə düz cənnətə girmişdi, nənə bu dünyadakı hər günü ilə cənnəti

satın almışdı.

…Gecənin qaranlığı qala divarlarının içini dünyanın qaralmasından öncə sarırdı. İmarətin

zirzəmisini isə qala içindən də tez zülmətə bükürdü. Tavana dikilən kiçik pəncərədən

gələn ayaq səsləri kəsilmiş, camaat evinə çəkilmiş, dünya gecə səssizliyinə

bürünmüşdü. Onlar da onluq lampanı söndürmüş, zirzəminin qalaqlanmış qaranlığına

dalmış, nənə-bala yerlərinə girib, qucaqlaşmışdılar.

- Ağa Mikayıl.

- Hə, nənə.

- Nənə qurban, gecələr sənə dediklərimi heç kəsə demə ha. Sürgün edərlər bizi.

- Yooo… nöş diyirəm.

- Baa, bilginən; hamam sənündü.

- Nə hamam, aymə? Ağa Mikayıl hamamı?

- Həri.

Sayfa 3/12

- Hökumətin döyül o?

- Eee… hamam hamam içində, xəlbir saman içində, dəvə dəlleyliy eylər köhnə

hamam içində. Yadunda saxla, hamam bobalarıvundu. Onu bizdən urus aldı.

Bobavu da güllələdilər. Əmilərün qaçdı. Öldüləri-qaldıları bilinmədi. Pikəxanım

anam ağı deyə-deyə öldü getdi. Keçinmişdi… hələ də gözlərindən yaş gəlirdi,

bədbəxt qızının.

…Mikayıl yatağına uzanmış, gözlərini yummuşdu. Durmadan `Lailahəilləllah` deyirdi.

Lakin gecənin çal-çağırı yuxu yolçuluğunu önləyir, o, yorğun-yorğun gözlərini açır, bəyaz

tavan Püstəxanımın pıçıltıları ilə çağlayırdı…

- Ağa Mikayıl.

- Hə, nənə.

- Üstümüzdəki ev var ha.

- Urusun evi?

- Nə urus, adə, bobalaruvun evidi ora. Sənün evündü. Əlimizdən alıb o kafirə

verdilər.

….Sonra Mikayıl qalana çıxan dar döngədə, Ağa Mikayıl hamamının ağzında uşaqlarla

oynayırdı. Qapını kəsib durmuşdu. Ondan bir baş uzun Ağarəhim yolu ötərkən bağırdı;

`alaə, rəttolun, ordan, hamamın arvad günüdü.` Mikayıl çəkilmədi, dirəşib qapını

kəsdirdi, cırcırama səsi ilə çəmkirdi; sənə nə var, hamam bizimdi. Ağarəhim getdiyi

yoldan qayıdıb hirslə Mikayılın çəlimsiz qolundan tutdu, var gücü ilə kənara vızıldatdı;

`rəttol alaə, yetimçə, hamam hökümətindi`.

…Püstəxanım döşəməyə çöməlib Mikayılın sıyrılmış dizlərinin qanını, tozunu silir, asta-

asta pıçıldayırdı;

- Nənə qadalaruvu alsun, sənə dedim axı, gecələr dediyimi gündüzlər dilüvə

getirmə.

- Görmürsən, deyir, çəkil hamamın qapısından.

- Düz diyir, arvad günündə kişi orda görünməz.

- Onu diməmişdün axı.

- Ağa Mikayıl, onu sənə nöş diyim, özün bilməliydün dəə. Dediklərimi də sənin

bilmeyinçün deyirəm e, xalx üçün demirəm. Bil, özünçün. Vaxtuvu gözlə. Dünyanın

işini bilmək olmur. Amma dilivü saxla, hökumət bizi burdan da bayıra atsa, bu dəfə

Sibirə sürər. Genə pis-yaxşı… urus başımızda otursa da, öz damımızın altındayıq,

atam.

`Eee… hamam hamam içində… Ağa Mikayıl hamamı nələr gördü... Hələ Ağa Mikayıl

bobavun ulu bobası Ağa Mikayılın vaxtından - ee… yüz il əvvəl – Niqalay höküməti ayda

bir gün hamama qoşun-qoşun soldat salarmış. Deyir, həmin gün heç kəs hamama

gəlməzmiş, gələn geri qeyidərmiş. İt iyi vərərmişlər, bit-birə içində, çirkli, içkili. Kisə

tanımırmışlar, sabun bilmirmişlər, çirk bədənlə hövuza cumurmuşlar. Soldatdan sonra

hamam leş iyi vərərmiş. Ağa Mikayıl üç gün hamamı yuduzdurub qüsul verdirərmiş,

üfunətin çəkilməsi həftəyə çəkirmiş.`

`…Şura hökuməti gəldi, hamamı əlimizdən birdibli aldı. Ağa Mikayılı da apardı. Sonra o

biri qardaşların dalıyca gəldi hökumət. Pikəaxanım anam kişiqızı kimi çıxdı hökumətin

qabağına, dedi, itgin düşüb oğlanlarım, yer-yurdlarını bilmirəm. Aparursuz məni aparun.`

Sayfa 4/12

`… Üç kəsik qaldıq, bir ana, bir gəlin, bir çağa. İmarətdən zirzəmiyə endirdilər bizi. Evi

urusa verdilər. Urus üstümüzdə, ayaqlarının tozu başımızda. Mənim vecimə deyildi, başım

balama qarışmışdı, gözüm ağlayır, ürəyim gülürdü. Amma Pikəxanım anama yer eləmişdi,

üregi qubar bağladı arvadun…`

Mikayıl qaranlıqlar üçində Pikəxanım ananı görürdü, başına rusun ayağının tozu tökülə-

tökülə ləngərlə zirzəmiyə enirdi. Dodaqları kip sıxılmış, gözləri yerə dikilmişdi…

`…Pikəxanım anam anova adını verdi. Nəfəs alırdı onuynan. Pis vaxtdu. Ona heç neyi

demirdik. Demək də, eşitmək də təhlükə idi. Atasının öldüsünü, qaldısını gizlətdik, çox

sonra bildi. Durub oturub deyirdim, `oxu qızım, dərsüvü oxu, bizdə oxumayan olmayıb,

atongil hamısı mədrəsə oxumuşdu, yazı-pozu, hesab-kitab bilirdilər. Bax, aton məni də

oxutdu. Cavan idim, bilmirdim, tənbəllig əliyirdim, amma sözümə baxmadı, mənə yazı-

pozu öyrətmək üçün arvad mollası gətirtdi evə. Quran oxumağı öyrətdi. O çörəyi yeyirik

indi. Aton qız uşağının oxumağıyçun sinoo gedirdi, deyirid, qızım olsa, hafiz olucey.

Müsəlmanın hafiz xanımları adnandu`

`Eee, nə hafiz… dəvə dəlləglik eyliyən vaxtlara gəldik. Anon böyüyəndə hafiz söhbəti

bitmişdi, dünya alt-üst olmuşdu. Pikəxanımı rus məktəbinə verdim. O da od parçası

çıxdı, 10 il məktəbdə, 5 il universitetdə əlaçı oldu. Özü kimi əlaçı, naxçıvanlı tələbə

yoldaşına ərə getdi. Məhəlləyə qoşa gələndə ceyillər zəncir çeynəyirdi, qulağımla

eşitmişdim, deyirdilər, alaə, bu çuşgə məhəllənin ən yaxçı qızını qapdı, qoydu bizi yana-

yana. O birisi deyirdi, alaə, bəyəm o sənün tayun idiii, oxumuş qızdu, öz tayına gedecey

dəəə…` Bu yerdə Püstəxanım xısın-xısın gülürdü.

`…Təyinatları Naxçıvana çıxdı. Getdilər`.

…Pikəxanım gedəndən sonra Püstəxanım damın altda tək qalır. Ürəyinə nisgil çökür.

Məclislərdə ağı deməyə başlayır, həm mollalıq, həm mərsiyəxanlıq edir. Qaynanasının

məktəbindən çıxmış, ondan əzbərlədiyi nöhələrlə sinədəftər olmuşdu. Ağlamaqdan

kor olmuş Pikəxanım düz 20 il hər gün gündoğandan sonra dəstəmazını alıb quşluq

namazı qılmış, namazdan qalxıb `qərib` oğullarına ağlaşma qurmuş, dil deyib ağlamış,

sinəsini, dizini döymüşdü. Bu işi də bitirdikdən sonra qalxıb əl-üzünü yumuş, süfrə

arxasına oturub `həri… əziz ölər, boğaz ölməz` deyə çayını-çörəyini yemişdi.

Pikəxanımın dastanı İçərişəhərdə adla idi, yer üzü onun kimi dil deyib ağlayan

görməmüşdü, naləsinə göydə uçan quş qanad salardı. Onsuz məclislər keçməzdi. İllər

keçmiş, Püstəxanım gördüyünü götürmüş, eşitdiyini çinədanına yığmış, ustalaşmışdı.

Mollalıqdan başlamış, ağılara varmış, məharət göstərmiş, ad çıxarmış, ərsiz arvada görə

babat dolanışıq düzəltmişdi. Qazandığını təmtəraqla üst qatına gəlin gəldiyi imarətin

zirzəmisində böyütdüyü nəvəsi Mikayılın dərsinə qoymuşdu. Bir də nəvəsinin toyu

üçün bir az pul yığmış, bir-iki parça qızıl almışdı.

…Gecə saat bir olardı. Yeyib genləşmiş, içib ürəklənmiş məxluqların birinci dalğası

restoranları tərk edirdi. Kişilər uzun uzadı öpüşürdülər. Qadınlar qaqqıldaşırdılar.

Marçıltılar, murçultular, şaqqıltılar evin içində idi. Mikayılın gözü tavana zillənib; `

Əvvəllər kişilər belə öpüşmürdülər, görəsən bu, nəyin əlamətidi?`. `Neyniyim, durum

yenə 102-yə zəng vurum? Nə mənası? Keçən dəfə onların üstünə getmək əvəzinə gecə

yarısı gəlib məndən ifadə aldılar`.

`…Getmegleri bir il olardı. Bir gün Pikəxanımdan teleqram gəldi, aymə, gözün aydın,

oğlum oldu.` Yerdə qalanını isə Mikayıl bəyaz tavanda görürdü. Püstəxanım oniki taxtalıq

qat-qat tumanları üst-üstə geyinib, iç köynəyinin üstündən üst köynəyini, üst köynəyinin

Sayfa 5/12 üstündən dış köynəyini, onun da üstündən içi sırıqlı üstü məxmər cübbəsini əyninə

taxıb, çadrasını salıb, boxçasını alıb qatara minmiş, Naxçıvana yola düşürdü. Neçə minik

dəyişib, qatardan avtobusa, avtobusdan arabaya adlayıb, əlində ünvan yazılmış bir parça

kağız, soruşa-soruşa, özü dediyi kimi `qurd ulayan` çöllərə gedib çatır. Axır ki, on günlük

nəvəsi ilə qızını tapır.

Püstəxanım qızının güzəranından, havanın sazağından, çağanın çarəsizliyindən dəhşətə

gəlir, az qalır bağrı çatlasın. Dedim, `Heyifdü, oğlan uşağıdu, qalar burda, tələf olar. Qız da

baxa bilmir, köməyi yox, sütü yox, fəraseti yox. Fikri dərsdə, işdə… bundan uşaq saxlayan

olmaz. Üreyimdə, `səni buralarda qoymaram, Ağa Mikayıl` dedim. …Qırxun təzə çıxmışdı,

qıza sözgəlişi fikrimi bildirdim, gördüm, gözünə işıq gəldi, əri də o saat razılaşdı. Himə

bəndiymişlər.`

Püstəxanım 25 ildən sonra yenidən əl boyda qundağı bağrına basıb tək-tənha, soyuqda-

sazaqda, neçə minik dəyişib Bakıya qayıtmışdı. Çağanı çadrasının altında

cüməaxşamlarına aparmış, ovcunda qızdırdığı keçi südü ilə əmizdirmiş, ağıları ilə yuxuya

vermişdi. Bu mənzərə sinəsi dağlı məclis əhlinin bağrını çatlatmış, hıçqırıqlar ürək

parçalamış, hönkürtülər nəfəs kəsmiş, millət ölüsünü qoyub onbeş yaşından yetim

saxlayan Püstəxanımı ağlamış, hər kəs bir dil demiş, dərdli ürəklər süfrə kimi yerə

sərilmişdi. Mikayıl gecənin və zirzəminin qat-qat qaranlıqlarında burulğana dönən bu

səsləri gözü ilə görmüş kimi idi.

…Mikayıl bir az böyüyəndən, söz qanıb, dil açandan sonra Püstəxanım, onu özü ilə

hamama aparmadı, dedi, `oğlan uşağı lüt arvadı çox görsə evlənməz, ömrüboyu subay

qalar.` `Üç yaşından su qoyub evdə çimdirdim səni, Ağa Mikayıl. Arvadlar dedi, `Ay

Püstəxanım, Balacaxanımın nəvəsi üçyaşyarımdu, hələ də özüynən hamama getirir.`

`Yox, anam, yox, hər kəs öz işini özü bilər, hələki su qoyub çimdirirəm, sonrasına,

baxarıq.`

İllər sonra qonşunun yeniyetmə oğluna deyirdi, `qadalarıvı alaram, Ağareim, bunun da

əlindən tut, apar, özü çimicey, sən bi dənə başını yu.` Beləcə, Mikayıl hər bazar günü, özü

tək çiməndə hələ yeniyetmə deyildi, amma ustalaşmışdı. Püstənənə ona balaca, əl

boyda kisə tikmişdi, kürəyinə çatan süngər düzəltmişdi. Əvvəlcə buxarıda canını yaxşı-

yaxşı qızışdırır, sonra möhkəm kisələnib, bərk-bərk sabunlanıb, üç dəfə başını yuyub, üç

dəfə də hovuza baş vurub, hər işi tamam-kamal edəndən sonra qüsulunu alıb çıxırdı.

Evdə onu çiçək kimi təmiz süfrədə, ağappaq çay dəsmalının altında, gümüş sinidə, par-

par parlayan armudu istəkan, xurma dolu qənddan, limon, mürəbbə, pilitənin üstündə

dızıldayan çaydan, təzədəm çay gözləyirdi. Püstənənənin birinci sözü `Həmişə

təmizlikdə, Ağa Mikayıl, bey hamamunda çiməsən` olurdu. İkinci sözü; `küreyivi kim

kisələdi, aatam`, cavabı eşidəndə,`hə, lap yaxşı, Allah dadına yetsin.` `Qüsul yadundan

çıxmadı?`, `Yoo, verdim`, `Aafərin, oğluma` deyib çayını süzürdü.

Ataya, qardaşa, oğula, ərə, qaynataya ediləcək bütün qulluqları madarına edirdi

Püstəxanım. Bu xidmət həyatının cihadı idi. Mikayıl onunçun Allahın rəhmi, dünya

qəminin qənimi idi. Gözünün ağı, qarası, qəlbinin təsəllisi idi. Budanmış palıdın incəcik

şivi idi, cücərtmişdi, lütf etmişdi, Rəhman. Püstəxanım oğlanı nankor qızının deyil,

Rəbbinin əmanəti bilmiş, ömrüboyu bu əmanətə xidmət etmişdi. Mikayıl da nənəsini

ərzin padşahı sayır, beləcə, nənə-bala keçmişi düşünmədən `Lailahəilləllah` deyib

ötüşür, sabaha boylanırdılar.

…Nənə arif idi, iynəgözü işığın da qədrini bilən idi, sovet dövrünün bütün sosial

imkanlarından bu uşağın gələcəyi naminə faydalanmışdı. O vurhavurda işin çəmini tez

tutmuş, qızını da belə böyütmüşdü; əlaçı, idmançı, çalançı… pioner, komsomol, fəal. Bəlkə

də bu vərdişlər qızını çevik qərarlar çıxamağa təhrik etmişdi, sovet Azərbaycanının ilk

mühacirlərindən olmuşdu…

- Ağa Mikayıl, aatam, sən də böyüyüb məni qoyub gedeceysən?

- Yox, aymə...

- Əşşi... təki canun sağ olsun, xatadan, baladan uzaq ol, bəsimdi.

- Aymə, yox, dedim, o sözü dilüvə gətirmə, inciyirəm.

Püstəxanım bu kişiqırığının qeyzlənməsinə xısın-xısın gülürdü.

…Püstəxanım bir əsrdə 3 dəfə mərtəbə dəyişmişdi. Sonunda haqq yerini bulmuş, 20

illik savaşdan sonra `oxxayy` deyib ikinci mərtəbəyə qaxmışdılar. Həmin gün yaşlanıb

əldən düşmüş Püstəxanım məclis qurmuş, imam ehsanı vermiş, İçərişəhərin qohum-

qonşu arvadlarını başına yığıb Quran oxumuş, kövrəlib ağlamışdı. Qonaqlara İçərişəhərin

müsibətlərindən, qaynatası-qaynanası rəhmətliklərdən, İçərişəhər mülklərinin əsil

sahiblərindən, sürülmüş kişilərdən, dağılmış tifaqlardan danışmışdı. Uzaqdan-yaxından

cəmi İçərişəhər şəhidlərinə, günahsız qurbanlarına, canı, malı, mülkü ortalarda pamal

olanlara, urus süngüsündə gedənlərinə `Yasin` oxumuşdu. Axırda da demişdi, Allah

cavanları saxlasın, Ağa Mikayılı ki öz evində gördüm, bəsimdi, ölsəm, dərdim olmaz.

Ağzı fal idi arvadın, çox çəkmədi.

Uğuruna Püstəxanımın imam ehsanı verib bütün İçərişəhər şəhidləri üçün gözyaşı

tökdüyü, Mikayılın 20 il mübarizə apardığı imarətin sahibkarlığı cəmi 10 il sürdü.

Mikayılın oğlanları həyatın nəvar-nəyoxunu biləndən və yaşadıqları evin qiymətinin

milyonla ölçüldüyünü öyrənəndən sonra evin satılması üçün illərlə mübahisə etmiş,

ataları ilə dava-dalaş salmış, gününü göy əskiyə bükmüş, sonunda evi Bakının ən

zənginlərindən biri olan bir naxçıvanlıya satdırmış, həmin pula şəhərin mərkəz

yerlərində özlərinə bahalı mənzillər almış, maşın almış, bacıya da ucundan-bucağından

pay vermiş, qocaları isə bu çal-çağır ucqara göndərmişdilər.

Əlbəttə, işin bu yerində də dilxorçuluq olmuşdu. Oğlanların ikisi də bir-birindən

xəbərsiz gəldilər ki `evi mənim uşağımın adına sal`. Birinin bəhanəsi böyük oğul olması,

o birinin səbəbi kiçik oğul olması idi. Ömürboyu ali məktəb müəllimi işləmiş bu ər-arvad

ziyalı bir ailə olaraq uşaqlarına yaxşı təhsil vermiş, bir neçə dil öyrətmiş, Avropada

kurslar oxutmuş, uşaqlar da ata-analarından gördükləri təlim-tərbiyədən əlavə

zəmanənin `mərifətini` mənimsəyib mənfəət işlərində ustalaşmışdılar. İmarəti

satdırıb pulunu pay-puş edəndən bəri fikirləri-zikirləri bu çal-çağır ucqar idi. Kimə nə

çatacaq, nə vaxt çatacaq, bölgüdə oğulun böyüyü-kiçiyi nəzərə alınacaqmı…

- Aliyə, bu uşaqlar nöş belə çıxdı.

- …

…Mikayıl evindən ötrü darıxırdı. Hətta böyüdüyü o zirzəmidən ötrü də. İçərişəhər, qala

divarları, o hamam, o ev onun şəcərəsi idi. Şəcərə satılmışdı. Şəcərənin üstündəki qan

da, gözyaşları da, savaş da satılmışdı. Amma Mikayıl özünə söz vermişdi, bu barədə nə

düşünəcək, nə danışacaq. O, özünü, dövrünü, dəyərlərini… hər şeyi bitmiş sayırdı.

`Lailahəilləlah` deyib hər şeyin üstündən keçmişdi, fikir etməmək üçün zikr edirdı.

Lakin… yay gələndən vəziyyəti dəyişmişdi, zikr daha onu yuxuya vermirdi.

Fikri də, zikri

də dörd bir tərəfdən şığıyan səsgücləndiricilərin birinci həmləsində geri çəkilir,

pərən-pərən düşürdü. Kizli kazinolar, yasaq `quş yuvaları` üstün gəlmiş, gündüzlə

gecənin səddini dağıtmış, yuxusunu qaçırmış, ürəyini sıxmış, xatirələrini geri

qaytarmışdı. Hər şeyin satıldığı halda bu xatirələr niyə qalmışdı?

…Əslində bu ev pis ev deyildi, təmirli, sahmanlı, bağ-bağatlı… Mikayıl evə baxmağa belə

gəlmədi, `o ev olmayandan sonra nə ev olur olsun` dedi.. Aliyə baxdı, bəyəndi. Lakin, sən

demə, ev də insan kimi imiş. Göründüyü qədər olmaya bilirmiş. Nə mal olduğunu

anlamaq üçün ən azı bir il iç-içə qalmaq, hər fəsli onunla ayrıca yaşamaq lazım imiş. Qışı

çox soyuq olurmuş buraların. Bakıda cövlan edən şimal küləyi heç bir maneəyə rast

gəlmədən birbaşa bu binaya şığıyırdı. Pəncərələr səhərə kimi qurd kimi ulayır, vıy-vıy

vıyıldayırdı. Yayı isə… yayı deyiləsi deyildi… Qışda köçdüklri evin ilk yayı başlayanda qışı

toya getməli oldu. Məlum oldu ki, bura yaşamaq üçün deyil, çərləmək üçün ən münasib

yerdi. Ailə-uşaq, əxlaq məsələləri üçün isə ciddi bir təhdiddi. Mikayıl oğluna şikayət

edib `bu nə evdi, tapdız, ölürük səs-küydən` deyəndə oğlu qəşş edib gülmüşdü; `Lap

yaxşı, kef eliyün də, özüvüzçün.`

…Mikayıl məzlum-məzlum tavana baxırdı. Ağlamsınmış kişi səsi gecənin genişliyində

`Can Qarabağ` deyib zəngulə vururdu, muğam dəsgahınnın hər şöbəsini bitirdikcə tarın

müşayiəti ilə `Əziziyəm, Qarabağ…` deyə aləmi başına götürmüş səslə bayatı söyləyirdi.

Nəhayət, ağlaşma bitdi, qəmi dəmə verdilər, ara qızışdı, nə qızışdı. Görünür, ifaçı usta idi,

məclis əhlinin dilini bilirdi. Muğamın həmən ardıyca şaqraq-şaqraq `Naxçıvan da bizimdi`,

`Abşeron da bizimdi` deyib nərə çəkməyə başladı. Gecə gecəlikdən çıxıb işkəncəyə

çevrilmişdi…

…Püstəxanım 15 yaşından qaynanası Pikəxanımın qoltuğunda ikicanlı qalmış, özündən 20

yaş böyük ərini şura hökuməti aparıb güllələyəndə nə baş verdiyini belə anlamamışdı.

Pikəxanım son nəfəsinə kimi oğlunun ölümünə inanmamış, `yəqin, Sibirə sürdülər… `

demişdi. `Buz baltası kimidi mənim oğlum, gələr. …Yox a, güllələməzlər, elə cana kim

qıyar? Bəlkə də Aşqabada getdi, qardaşlarının ardıyca. Bir gün gəlib çıxar.` O bir gün, bu

bir gün, arvad da ölüb getmiş, Stalin öləndən sonra, əllinci ilərin bəraət dövründə

məlum olmuşdu ki, sovet hökuməti Ağa Mikayılı cəmi 15 dəqiqəyə məhkəmə də eləyib,

güllələyib də.

``…Ağa Mikayılı apardılar, qaldıq başsız. Məhəllədə `beş qardaş` deyirdilər bunlara. Bir

başıpapaqlımız qalmadı. Böyükdən kiçiyi Ağa Mikayıldan üç ay əvvəl sürgün elədilər, o

biri üç qardaş külfəti yığıb Aşqabada köçdü. Ağa Mikayıla çox təvəqqə elədilər, `gedek`, -

dedilər. `İçərişəhərdə bundan sonra bizə gün yoxdu`-dedilər. `Hər şeyi əlimizdən

aldılar, bir hamam qalmışdı, o da getdi, qaldı canımız. Şura hökuməti nə qədər canımızı da

almayıb gəl əkilek` – dedilər. Ağa Mikayıl razı olmadı. Dedi, `yeddi arxadönənim bu

hamamı işlədib, əmanətdi, qoyub gedə bilmərəm. Belə getməz. Qaytaralar bir gün`.

Onlar da o gedən qardaş oldular. Bir daha soraqları gəlmədi. Bəlkə də Aşqabad batanda

batdılar əmilərün, Ağa Mikayıl, Allah bilir.` `…Qorxursan? Qorxma. Bu söhbətləri

Pikəxanıma eləmədim, qızuşağıdı, kəsikdi, dedim. Sənə deyirəm, sən kişisən,

bilməlisən.`

…İllər keçmiş, nənə getmişdi. Nənə min məşəqqətlə Mikayılı ayaq üstdə dikəldib,

təlim-tərbiyə verib, alim edib, ev-eşik, ailə -uşaq sahibi edib getmişdi.

…Mikayıl gecənin və zirzəminin qalaqlanmış qaranlığında hər gecə nənəsinin deyil, bu

pıçıltıların qoynunda uyuyurdu. O, eşitmirdi, görürdü; `…əmilərün Aşqabad batanda

batdılar.` Gözü görə-görə hər gecə Aşqabad batırdı, gah gurultu ilə Yerin təkinə gedirdi,

gah da Yer aram-aram yarılır, Aşqabad ləngərlə Yerin dibinə girirdi. Xarabalıqların və

yarğanların altında pəhləvan kimi əmilərini çarəsizcə çapalayan görürdü. Püstəxanımın

yaslardakı `burda bir qərib ölmüş… ` naləsi bu çarəsizliyi fırtına kimi içinə alırdı. Balaca

Mikayıl gizlincə ağlayır, nənəsi duyuq düşməsin deyə gözyaşını silmirdi. Gözyaşları

gözündən üzünə, üzündən çənəsinə, çənəsindən sinəsinə axıb gedirdi. Mikayıl qorxu

və gözyaşları içində ardarda `Lailahəilləllah` deyib uyquya dalırdı.

…Mikayıl gözlərini bəyaz tavandan ayıra bilmirdi. `Saat iki varmı görən.` Məclis arəstə

idi, mikrafonların səsi bir az da artmışdı; `… Laçııın… Şuşaaa…` Bəlkə də gecənin

dərinləşən sükutu səsləri belə üfürüb şişirtməkdə idi. Zəngulələr gecənin qaranlığına

çırpılıb əks səda verirdi. Gedib dönən səslər yumşaq gecə ruzgarının kefinə uyğun artıb

azalırdı. Həsrət, hicran, ayrılıq haqda qəzəl eşidilirdi…

…Bu işin başqa çarəsi yoxdu, polisin yaxasından yapışmaq lazımdı, sənin vəzifəndi, gəl

susdur bunları. Amma neçə gecə 102-yə zəng vurmuş, qonşularla həyətə axışmış, səhər

toplaşmışdılar. Məlum olmuşdu ki, sahə müvəkili - naxçıvanlı olsa belə - bu restoranlara

girməyə cürət edir. 102 də yaxın durmur, uzaqdan maşınların nömrələrinə baxıb

qayıdır. Arxaları çox yuxarılara bağlıdı, deyirdilər. Qonşular da çəkinir, qapılarında qırğı

kimi gəzən cangüdənləri, qara-qorxunc çipləri göstərib `ailəmiz, uşağımız var, müəllim,

bunlar naxçıvanlıdı, hər şey əllərindədi.`

…Həyətdə qıyya çəkildi. Mikayıl yerində dikəldi. Dönüb Aliyəyə baxdı. Yatırdı. `Xoş

halına` dedi ürəyində. Aliyə bərk yatır, yatdı, bitdi, top atsan oyanmaz. Bayırdan gələn

qışqırıq ara vermirdi, qaçan-qovan vardı. Deyəsən qadın döyürdülər. Kişi nəriltiləri, pis-

pis söyüşləri aləmi bürümüşdü. Səs get-gedə uzaqlaşırdı. Bəlkə də saat üçdü. Belə

səslər yalnız bu saatdan sonra gəlirdi...

`…Yox, bu iş 102 lik deyil, böyüklərinə yazmaq lazımdı`. Mikayıl durub yerində oturdu.

`Rəislərinə yazmaq lazımdı…`

…Mikayıl bu gecə də dəfələrlə keçidə girmiş, şaqqıltılara, qaqqıltılara diksinib geri

dönmüş, huşdan guşa adlamış, yatağında halsız qalmışdı. Onu ara-sıra huş aparır, çal-

çağır, söyüş-qışqırıq oyadıb geri qaytarırdı. Yatmaqdan keçdi. Yəqin səhərə az qalıb. Artıq

bu işin çarəsi görünmürdü. Görünən yalnız ömür əhvalatlarıdı. Pikəxanımın Püstəxanıma,

Püstəxanımın Mikayıla pıçıldadıqları. Ürəklərini boşaldıb dünyadan köçmüşdülər. Mikayıl

isə bu söhbətləri sevmədiyindən heç kəsə heç nə deməmişdi. Kimsəyə demədiyi

əhvalatlar bu gün İskəndərin quyusuna dönüb Mikayılın üzünə durmuşdu, keçmişinin

buynuzunu göstərirdi ona.

`…Ayağun təzə-təzə yer tuturdu, aton, anon qəfil Naxçıvandan gəldilər. Sevinclərinin

həddi-hüdudu yox id. Unuversitet beş nəfər əlaçı tələbəni, ikisi də onlar, Moskvaya

aspiranturaya göndərirdi. Teleqram vurub kənddən çağırmışdılar. Gəlmeylərinin

səbəbini biləndə Ağa Mikayıl, Ətağa cəddi, mən onlardan çox sevindim, arxayın oldum ki

daluncan gəlməyiblər. Ölərdim yoxsa.`

Püstəxanım gərdişə baxıb barmağını dişləyir, əl boyda verdikləri çağa dəstə oğlan

olmuşdu. Elə bil bu ata-ana bu uşaqdan illər ayrısı deyildi. Hərəsi bir dəfə öpüb səngimiş,

səfərə yığışırdılar, vaxt az idi. Beləcə getdilər. Mikayıl Püstəxanımın isti qoynunda bu

soyuq səhnəni az seyr etməmişdi; iki gənc, yaxşı savadlı adam onu yerdən qaldırıb bir

dəfə öpdülər, sonra yerə qoub yığışıb getdilər və bir daha dönmədilər. Bundan sonra nə

Mikayıl, nə Püstəxanım onları gördü. O sərin öpüşlər, sevincək gedişlər yadına gəlməsə

də, hər gecə yeni-yeni gedişlər, yeni-yeni dönüşlər yaşamış, xatırlamadığı bir soyuğu

ömrüboyu ürəyinin dərinliyində daşımışdı.

… Mikayılı unutmuşdular. `Olsa da olar, olmasa da olar` bir şey kimi yaddan çıxarmışdılar.

Elm və yeni sevda, İçərişəhərə, alnına yetim saxlamaq yazılan Püstəxanımın üstünə

atılmış bu uşağa yer qoymamışdı. Ata-anasından Mikayıla yalnlz boy-buxun, iti zehin,

çalışqanlıq qalmışdı. Bir də… `doğum yeri; Naxçıvan`. Başqa heç nə. Bu söz onu ömrüboyu

təqib etmişdi, həm pis üzünə, həm yaxşı üzünə. Məktəb yoldaşlarının hamısı Bakı

doğumlu idi. Sinifdə onun doğum yeri ilk dəfə bəlli olanda uşaqlar qaqqıldaşıb

gülüşmüşdülər. O gülən daima gülmüşdülər ona. `Burda neyniyirsən, alaə.

Get Naxçıvana da`. Məktəb illərində bu söz səslənməsin deyə hər oyundan çıxırdı. İllər keçdi, ali

məktəbdə bir az rahatladı. Orda hərə bir dərədən gəlmişdi, heç kim heç kimin

doğulduğu yeri ələ salmırdı. Bir müddət sonra isə `Doğum yeri; Naxçıvan` yeni anlam

kəsb etməyə başladı, həyatının yaşıl işığına çevrildi, çox şeyə, hətta babası Ağa Mikayılın

imarətini geri qaytarmağa belə xidmət etdi.

… Püstəxanım üçün isə Naxçıvan qarın dizə çıxdığı, `qurd ulayan yer`, naxçıvanlı Mikayılın

atası demək idi. Adını çəkmirdi, `aton əclaf`` deyirdi. Mikayıl uşaqlıqda elə bilirdi ki, `aton

əclaf`` atasının adıdı. Böyüdü, həyətdə kimin kimə əclaf dediyini gördü, başa düşdü, belə

ad olmaz. Daha sonra elə anasının da atası kimi olduğunu kəşf etdi;

- Aymə, elə anam da atamın tayı imiş ki. Sən niyə birinə əclaf deyirsən, o birinə

yox.

- Həri, atam, düzdü, ikisi də bir bezin qırağıdu. Sağ tapmayaydılar bir-birini.

- Amma anama əclaf demirsən.

- Neynim, Ağa Mikayıl, dilim gəlmir, anayam da. Ana olmaqdansa küçədə it olson

yaxçıdı.

…Gecənin və zirzəminin qat-qat qaranlığında Mikayıl ana olmaqdansa küçədə it olmağı

xəyal edir, gözünün önünə bəzi təsvirlər gəlir, o səhnələrin içində öz yerini axtarır,

qorxur, tez-tez `Lailahəiləllah` deyirdi.

…Püstəxanım ev tumanının üstündən bayır tumanını çəkib, məxmər cübbəsini geyib

çadrasını salıb həftədə iki dəfə Mikayılı şahmat dərnəyinə, iki dəfə skripka kursuna, iki

dəfə üzmə hovuzuna aparanda deyirdi. Orda kim soruşsa `anon-aton hardadı. Deginən;

Moskvada oxuyurlar. Az qalıb gəliceylər.

- Nə vaxt gələcəylər desələr, nə deyim?

- Eee… hamam hamam içində… Deginən yayda tətilə gələcəklər.

- Bəs gəlməsələr nə deyim?

- Əşşi… heç vecüvə alma, ömürlük getmiceysən ki ora. O vaxta ya xan ölər, ya eşşey…

üstü açılan kimi burdan çıxarıb başqa kluba apararam səni. Hər şey yaxçı olucey.

Neyüvə lazımdular. Rətt olsunlar. Əclaflar. Rəsulumun ata-anası vardu bəyəm?

- Rəsulun ata-anası yox idi, amma olsaydı Allah ümidinə qalmazdı.

- Elə demə, Ağa Mikayıl, adamın işi bəndəyə qalınca, Allaha qalsun. Adamı ata-ana

saxlamır, Allah saxlayır.

- Məni Püstə nənəm saxlayır.

- Yox atam, Allah de, Allah! Püstənənə nə karədi, Ağa Mikayıl, aduva qurban.

…Mikayıl isə düşünürdü, bəlkə doğrudan da bu yay gələcəklər. Xəbər eləmədən,

birdən, qəflətən içəri girəcəklər. Bu dəfə bağırlarına basıb bərk-bərk öpəcəklər onu.

Əllərindən yerə qoymayacaqlar. Hamı görəcək, qonşular səs-küyə çıxacaq, məhəllə

eşidəcək, xəbər İçərişəhərə yayılacaq, məktəbdə, dərnəkdə, hər yerdə biləcəklər,

Mikayılın ata-anası qayıdıb. Amma hər dəfə başqa şey olurdu. İşin üstü açılırdı.

İçərişəhərdən biri peyda olub `aaa, bu, Püstəxanımın nəvəsidi ki`, `aaa, buna bax, skripka

çalır, qudurasan qurbağa` deyə onun anasının `françuşki`, atasının `urusbaş` olduğunu,

bunu aparıb Naxçıvana atdıqlarını, nənəsinin bunu `dizeycən qarın içindən tapıb

İçərişəərə gətirdiyini`, `Stalinin vaxtı olsaydı bunları Sibirə sürəcəyini` məktəbə duyy

vururdu.

…Mikayıl çox illlər sonra bildi ki, atası ilə anası Moskvada uğurla müdafiə etmiş, bu arada

boşanmış, anası bir yahudiyə ərə gedib yəhudilərin sovetlərdən üçüncü mühacirətində

SSRİ-ni tərk etmiş, əri ilə Fransaya yerləşmişdi. Orda üç qız doğmuş, işinə davam etmiş,

kitablar yazmış, rəyi ilə hesablaşılan bir sovetoloq olmuşdu.

…Doxsanıncı illərdə, Azərbaycan müstəqilliyini elan edəndən sonra anası Fransadan

gələndə onlar heç öpüşüb qucaqlaşa da bilmədilər. Olan olmuş, ölən ölmüşdü. Aradakı

bağlar qopmuşdu. Mikayıl donmuşdu, duyğularını anlaya bilmir, anasını hiss etmirdi.

Nənənsinin qəbirdən çıxıb gəlməyini daha çox istəyərdi. Bir müddət eləcə durub bir-

birinə baxdılar. Sonra əl verib görüşdülər. Bu, 70 yaşlarında, elə Mikayılın indiki yaşında,

lakin əlli yaşlarda, elə Mikayılla yaşıd görünən, nazik, uzun, artist kimi bir qadındı. Xarici

jurnalların üzqabığında görünən yaşlı fransız rol-modelinə bənzəyirdi. Gördüyü hər

şeyin şəklini çəkirdi. Tez-tez Parisdə qoyub gəldiyi əri və qızları ilə telefonda danışır,

fransız dilində sürətlə nələrsə deyirdi. Gözünə görünən hər şeyin adını xatırlamaq üçün

uzun, çox üzüklü barmaqlarını alnına aparırdı. Mikayılla fransız ləhcəli rusca, öz

tədqiqatları və kitabları haqda danışır, eləcə də oğlunun elmi fəaliyyəti ilə maraqlanırdı.

Yalnız anasından söhbət düşəndə ana dilində yadında qalan beş-altı kəlməni dilinə

gətirirdi. Püstəxanım nənə yaxşı ki, vaxtında öldü, qızını görmədi. Görsəydi gözlərinə

inanmazdı, bu fransız xanımın Pikəxanım olmasına qətiyyən inanmazdı.

…Atası isə öz elmi rəhbərinin qızı ilə evlənmiş, iki oğlu olmuş, öz zəkası və qaynatasının

himayəsi ilə heç bir Azərbaycan türkünün Rusiya elmi çevrəsində əldə edə bilməyəcəyi

dərəcələrə yüksəlmiş, mənsəblər qazanmış, vəzifələr tutmuş, nüfuz sahibi olmuşdu.

Eləcə də, vətəni, millləti, qohum-əqrəbanı, ana dilini, hətta ilk övladının varlığını belə

tamamən unutmuşdu.

İndi Mikayılın Peterburqda özü kimi iki professor qardaşı, Parisdə isə üç yahudi bacısı

vardı. Mikayıl onları heç vaxt görməmiş, görmək belə fikrindən keçməmişdi. Bu arada

Azərbaycan Rusiyadan qopub müstəqil olmuş, övladları böyümüş və bu qohumluq

əlaqələri, eləcə də `doğum yeri; Naxçıvan` onların qürur mənbəyinə çevrilmişdi.

Oğlanları gah Rusiyada əmiləri ilə, gah Fransada bibiləri ilə görüşürdülər.

Bakı doğumlu böyük oğlu atasının `doğum yeri; Naxçıvan` pasportunun bir surətini cibində gəzdirirdi.

Qızı Püstəxanım daha qoçaq çıxmış, Parisli nənəsi və bibiləri ilə sıx əlaqələr qurmuş,

özünü istətmiş, universiteti bitirər bitirməz, magistr təhsilini Parisdə davam etdirmək

üçün dəridən qabıqdan çıxmış, bütün Paris universitetlərinə baş vurmuşdu. Eləcə də,

nənəsinin evində yaşamaq izni almış, təhsil ödənişini isə bibilərdən biri boynuna

götürmüşdü. Sonra da yəhudi babasının kitab təqdimatında bir ingilis lordla tanış olmuş,

özündən 25 yaş böyük lord bu qızın par-par parlayan şəvə kimi qara gözlərinə heyran

olmuş, bir ayın içində evlənmişdilər. Bu, lordun dördüncü evliliyi idi. Onlar London

yaxınlığında qədim bir qəsrdə yaşayırdılar. İki qızları vardı. Bu sarısaçlı, qaragözlü, kiçicik

ledilər həftədə bir dəfə Mİkayıl və Aliyə ilə skaypda bir saat danışır, hətta anadilində

bir-iki söz də deyirdilər.

…Sovet dönəmində isə… Içərişəhər əhli üçün o, `Püstəxanımın yetimçəsi` idi.

Məhəllədə valideynləri atmış tək oğlan idi. Siniflərində, bəlkə də bütün məktəbdə

`ata-anası boşanmış` yeganə şagird idi. O vaxt İçərişəhərdə boşanan olmurdu, ata

yoxdusa, ya ölmüş, ya türməyə düşmüşdü. Mikayıl məhəllə üçün elələri kimi əziz

deyildi. Hələ `anası da yəhudiyə ərə getmiş vətən xaini` idi. `Qızı cuuta getmiş` Molla

Püstəxanımın da dili qisa olmuşdu.

Bu xəbər çıxanda sahə müvəkili məhəllədə Püstənənsinin üstünə; `Heyif… Stalinin

vaxtı olaydı səni yetimçənən bir yerdə Sibirə sürərdi` deyə heyvan kimi anqırmışdı.

Buna cavab olaraq Püstənənə burnunun altında mızıldanmışdı; … daay, Stalin öldü də`.

Mikayıl bu damğaları ilə hamıdan seçilirdi, xəcalət çəkir, ölüb yerə girirdi, heç

tanınmayacağı bir yer axtarırdı. Elə bir yer ki, orda ona `Püstəxanımın nəvəsidi`

deməsinlər. İçərişəhərdə isə elə bir yer yox idi. İçərişəhər böyükdən kiçiyə onun

həyat əhvalatını su-əzbər bilirdi. Qonşu arvadların onu əzizləyərək `…aaa, ata-anadakı

qiryətə bax a, adamın üreyi balasını istəməəəz???`, `…dedim, Püstəxanım, qızı urus

məktəbinə vərmə`, `…inanma, bunnan sonra qeyidələr.` kimi sözləri arxasınca

sürünmüşdü.

Lakin… bu gün o gün deyildi. O babamız ölmüşdü. Mikayılın ömür əhvalatları övladlarının

qürur mənbəyi idi. Uşaqlığını pisikdirən, gəncliyini burnundan gətirən, hətta yetkinliyini

başıaşağı edən həyat hekayələri övladlarının fəxri olmuşdu. Dünya çox dəyişmişdi. Hətta

ağlasığmaz qədər dəyişmişdi. Bu dəyişiklik isə Mikayıla qəhərdən başqa bir şey

gətirməmişdi. Onu qəhərləndirən bir ömür çəkdiyi utanc idi. Dünənki utanc. Bu gün

öyünc olan dünənki utanc.

Əslində həyat onun üçün – özü belə hiss etmədən - ilk dəfə yetmişlərdə dəyişməyə

başlamışdı. İçərişəhərin küçə uşaqlarının ` alaə, Naxçıvan` deyə araya qoyub

məzələndiyi, özünün ayıbına kor olduğu doğum yeri artıq əlindən tutub irəli aparmağa

başlamışdı. Aspiranturaya sənədlərini verəndə Mikayılın heç xəbəri belə olmadı ki,

seçimdə Naxçıvan doğumlu kafedra müdirinin sıyahısında `doğum yeri; Naxçıvan` kimi

gizli üstünlüyü olub. `Doğum yeri; Naxçıvan` bütün elmi-pedaqoji iş mərhələlərində,

müdafiələrin, elmi dərəcələrin tezləşməsində, tutduğu professor, kafedra müdiri

vəzifələrində, övladlarının biznes nailiyyətində əsas rol oynadı. Amma bu görünənləri

özü görmürdü. Özü hər şeyin özünün olduğunu zənn edirdi.

…Pəncərədən içəri yeni dalğa şığıdı. Gecənin sübhə gedən bu əziz saatı haram olmuşdu.

Püstəxanım bu saata `Dərgahın qapıları açıq olur, Ağa Mikayıl, dilə, Allahdan nə dilərsən.

Vərəceg!` deyirdi. `Yerdən göyə körpü uzanır, Ağa Mikayıl, get, gedə bilirsən` deyirdi.

Mikayıl qaranlıq zirzəmidə yerdən göyə uzanan körpünü, dərgahın açqı qapılarını xəyal

edirdi. İstəyir, istəyir, durmadan istəyirdi. İndi isə… o əziz saat gəlmiş, lakin körpülər

keçilməz, qapılar açılmaz olmuşdu. İstəklərinin də atəşi sönmüş, dünya gözdən

düşmüşdü. Daha heç nə istəmir, gözləri ara-sıra süzülür, huşa gedir, yenə diksinib geri

dönürdü. Heç cür o dinc aləmə gedib çata bilmirdi, cismi ruhunu rahat buraxmırdı. İndi

yalnız naxçıvanlı sahə müvəkkilindən və 102-dən o tərəfə olan şikayət yerlərini

düşünürdü.

…İki istəqamətdən atəş kimi səs gəlirdi. Bir tərəfdən `uzun gecələrin əsrarəngizliyi,

ayrılığın çəkilməzliyi` haqqda həzin nəğmə səslənirdi. Bir də adı üstündə deyil,

dillərdə olan o yerdən – `quş yuvasından` `vağzal mahnıları` havaya yüksəlirdi. Cır və

təsirli bir səs `sevgilimi dəyişmərəm…` deyə qıyya çəkir, çıqqıdı çalırdı. Mikayıl

düşünürdü ki, sahə müvəkkili yaxın durmur, 102 bunlardan qorxur, qonşular hürkür, belə

yerdə neyləmək olar, rəislərə yazsın, böyük rəislərə.

Yatağından durub kompyüterin önünə keçdi, saytı açdı. Onlayn şikayət yeri axtardı.

Rəisin, müavinlərin adlarını oxudu. Bu, cinayət-axtarış üzrə, bu istintaq üzrə, bu ictimai

təhlükəsizlik üzrə, bu…

Şəklləri asılmış bu baş polislərin bioqrafiyalarını oxumağa başladı. Rəis – doğum yeri

Naxçıvan, rəsin müavini – doğum yeri Naxçıvan, rəisin o biri müavini – doğum yeri

Naxçıvan. Rəsin başqa bir müavini… doğum yeri… Naxçıvan deyil… Ermənistan.

Mikayıl əlini çənəsinə qoyub baxdı… baxdı… durub yatağına qayıtdı, aciz-aciz uzandı.

Restoranların çal-çağırı davam edirdi; Naxçıvan da bizimdi… Abşeron da bizimdi. Bizimdi,

ay bizimdi, Azərbaycan bizimdi…

Hamam hamam içində…

Ürəyi gicgahlarında vururdu. Bu işin çarəsi görünmürdü.

# 2077 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #