Xalq artisti haqqında sənədli film çəkilir

Xalq artisti haqqında sənədli film çəkilir
27 fevral 2020
# 14:09

“Aranfilm” Yaradıcılıq Mərkəzində kinorejissor Yalçın Əfəndiyev haqqında “Xatirələr sahili” sənədli filminin çəkilişlərinə start verilib.

Kulis.az Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, sənədli film rejissorun həyat və yaradıcılığına həsr edilib.

Filmin rejissoru Kamran Qasımov bildirir ki, “Xatirələr sahili” əsasən Yalçın Əfəndiyevin dostlarının, həmkarlarının, ailə üzvlərinin xatirələri əsasında lentə alınır: “Filmdə xalq artisti, kinorejissor Eldar Quliyevin, əməkdar incəsənət xadimi, rejissor Cəmil Fərəcovun, “Azərbaycanfilm” kinostudiyasının direktoru, rejissor Cəmil Quliyevin, eləcə də digər onunla yaxından tanış olan həmkarlarının xatirələri yer alacaq”.

Rejissor onu da qeyd edir ki, filmin adı heç də təsadüfən “Xatirələr sahili” seçilməyib.

Bildiyimiz kimi Y.Əfəndiyevin 1972-ci ildə “Xatirələr sahili” adlı bədii, tammetrajlı film çəkib. Bəhs etdiyimiz filmdə müharibə illərini yaşayan uşaqların sonrakı həyatı, cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələrindən danışılır.

K.Qasımov onu da qeyd edir ki, çəkiliş vaxtı sənədli kinodakı yeni yaradıcılıq axtarışlarından istifadə olunacaq və yaradıcı heyət çalışacaq ki, şablondan uzaq bir film çəksin.

İlkin mərhələdə 36 dəqiqə nəzərdə tutulan sənədli filmin çəkilişlərinin yaz aylarında təhvil verilməsi planlaşdırılıb.

Filmin ssenari müəllifi və rejissor Kamran Qasımov, icraçı prodüser Qənirə Qurbanlı, bədii rəhbər Tahir Əliyev, prodüseri İqbal Məmmədəliyevdir.

# 1857 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #