Vəfanı Vəfadara çevirən üç nəslin romanı - Məti Osmanoğlu

Vəfanı Vəfadara çevirən üç nəslin romanı - Məti Osmanoğlu
4 iyul 2024
# 17:29

Kulis.az Natəvan Dəmirçioğlunun "Açar" romanı haqqında Məti Osmanoğlunun "Tariximizin bəxt açarı" məqaləsini təqdim edir.


Qanlı döyüşlərin barıt qoxusu havadan, cəbhə xəbərlərinin həyəcanı ürəklərdən çəkilməmiş müharibədən bəhs eləyən bədii əsər ortaya qoymaq, müharibəni tarixdən insan talelərinə köçürmək, insan talelərini sözə düzmək, bədii mətndə müharibə obrazını yaratmaq, ümumiyyətlə, müharibə mövzusuna açar tapmaq çox çətindir. Otuz il sürən, faciəsi nəhsmiras kimi bir nəsildən o biri nəslə ötürülən, millətin yaddaşını yaralayan müharibənin obrazını yaratmaq isə daha çətindir.

Yaradıcılıq çətinliyinin üstünə yaddaşın və vicdanın mühakiməsi qarşısında cavabdehliyin məsuliyyətini də gəlsək, yazıçının üzərinə düşən missiyanın nə qədər əhatəli və ağır olduğu barədə daha dolğun təsəvvür yaranmış olar. Bu da bir həqiqətdir ki, müharibənin missiyası ilə ədəbiyyatın missiyası heç də həmişə üst-üstə düşmür, bir-birini tamamlamır...

Sizə təqdim olunan bu romanda müəllif sonu şanlı zəfərlə bitən müharibənin üç nəslin taleyindəki yaralı izlərini araşdırıb, tariximizlə bu günümüz arasındakı qapıya açar salmağa, bu qapının hər iki üzündəki sirləri üzə çıxartmağa, ortaya tökməyə çalışıb. Qapının arasından görünən mənzərələr isə göz işlədikcə uzaq zamanların dərinliklərinə, göründüyündən daha geniş məkanlara yayılmaqdadır.

Əsərin sonunda verilən müəllif qeydlərində romanın on il içində - 2013-2023-cü illərdə qələmə alındığı qeyd olunub. Əslində, bu rəqəmlər şərtidir, sadəcə fiziki zaman sərhədlərinin göstəricisidir. Roman, gəncliyini müharibənin odu-alovu qarsalamış, düşmən ölkə ilə sərhəddəki kənddə doğulub böyümüş müəllifin – Natəvan Dəmirçioğlunun uzun müddət yaşadığı hisslərin, zamandan zamana daşıdığı yaşantıların, ömründə dərin izlər salan ağrılı müşahidələrin ifadəsidir. Romana müəllif-mətn müstəvisində yanaşmalı olsaq, buradakı avtobioqrafizmin araşdırılması, mətni müşayiət eləyən müəllif kimliyinin ortaya çıxarılması fərqli bir təhlil üçün mövzu ola bilər.

Tamamlanması uzun sürən romanın ayrı-ayrı hissələri İkinci Qarabağ müharibəsindən əvvəl “Ədəbiyyat qəzeti”ndə nəşr olunub. Həmin hissələrdə iki məqam xüsusi maraq doğurur: Birinci Qarabağ Müharibəsində Vətənin aldığı yaralara dözməyən insanların intiqam gününün yetişəcəyinə inamı və açar motivinin fəallaşması.

Müzəffər Ordumuzun şanlı qələbəsi ilə nəticələnəcək 44 günlük Vətən Müharibəsi günlərində Müzəffər Ordumuz 30 il əsirlikdə qalan yurdlarımızı bir-birinin ardınca düşməndən xilas elədikcə, vaxtilə Qarabağdan didərgin düşmüş insanların evlərini tərk edərkən özləri ilə götürdükləri açarlar da, döyüşlərdə əldə edilmiş hərbi qənimətlər kimi, müharibə xəbərlərinin leytmotivinə çevrildi. Məlum oldu ki, Birinci Qarabağ mühribəsində evlərini tərk etmək məcburiyyətində qalmış bir çox insan yurda yenidən dönmək ümidilə evlərinin açarını da özləri ilə götürüblər və aradan keçən otuz ildə evlərinə qayıtmaq ümidlərini itirməyiblər. Didərginlik, yurdsuzluq illərində evlərinin açarını ümidin rəmzi kimi qoruyub saxlayıblar, “qapını bağlayan fələk bir gün açar” inancı ilə yaşayıblar.

Müharibə ərəfəsində açar obrazının Natəvan Dəmirçioğlu tərəfindən ədəbiyyatımıza gətirilməsi isə bədii sözün riyazi hesablamalara sığmayan mistik təbiəti, ürəyədamma olduğu barədə mülahizələri təsdiq edən daha bir etibarlı fakt sayıla bilər.
Yurda dönüş ərəfəsində yaddaşımızda fəallaşan açar obrazı müharibə günlərində sanki tarixin yaratdığı çoxmənalı, çoxqatlı, çoxyozumlu metaforaya, qayıdışın simvoluna çevrildi...

Əsəri yazmağa başlayandan sonra ona müxtəlif formalar və adlar düşünən müəllifin (bunu romanın mətnindəki bəzi açıq və üstüörtülü işarələrə əsasən deyirəm) onu uzun müddət tamamlaya bilmədiyini müxtəlif səbəblərlə əlaqələndirmək mümkündür. Bununla bağlı müəllifin fərqli izahının ola biləcəyini də istisna etmirəm. Ancaq mənim mülahizəmə görə, əsərin uzun zaman tamamlanmamasının arxasındakı səbəblərdən biri də əsərin süjetinin müəllifin bədii təxəyyülündən deyil, tarixin hökmündən gəlməsi ilə bağlıdır: tarix öz hökmünü təxirə saldığı üçün əsərin tamamlanması da gecikməli olmuşdu. Yurd-yuvadan didərgin düşən insanlar evlərinin açarlarını qayıtmaq ümidi ilə saxladıqları kimi, müəllif də əsərin son nöqtəsini qoymaq üçün “qapını bağlayan fələk bir gün açacaq” inancını itirməmiş, tarixin ədalətli qərarını gözləmişdi...

Romanın təhkiyəsindəki girintili-çıxıntılı ziqzaqda, süjetdə zaman ardıcıllığının gözlənilməməsi də, bəzən şeirlə ifadə olunan, bəzən də mənsur şeir səviyyəsinə yüksələn poetik gəzişmələrlə təhkiyəçinin və qəhrəmanların siyasi mülahizələrindəki publisistik məqamların, siyasi proseslər barədə düşüncələrin bir-birini “sıxışdırması” da zamanın sonluğunu gizli saxladığı “süjetdəki” gözlənilməzliklər ilə izah oluna bilər. Əsərdə zamanın, adi məntiqə əsasən, düz xətt üzrə çəkilməli olan ipi qopur, təhkiyədəki hadisələr tarixin müxtəlif səmtlərinə səpələnir. Təhkiyə boyunca bəzən keçmiş indinin önünə gətirilir, keçmişə indidən, indiyə keçmişdən keçidlər edilir.

...Roman İkinci Qarabağ müharibəsində şəhid olmuş gənc leytenantın – Məhəmmədin anasının təqdimatı ilə başlayır. Bu epizod, əslində, müəllifin bizə nağıl edəcəyi hadisələrin sonunun əvvələ gətirilməsidir. Dünyadan nakam getmiş oğlunun bəy otağının açarını qoynunda gəzdirən ana “fələyin bağladığı”, öz adı ilə desək, müharibənin bağladığı qapını həmin açarla açır. “Yanınca gələn qonağı özündən əvvələ ötürdü. Gələn adam belə bir mənzərə görəcəyini bilməzdi heç. Qapıdan girəndə sağ tərəfdəki stula zabit paltarı geyindirilmişdi. Stulun qarşısında bir cüt döyüşçü çəkməsi yanaşı qoyulmuşdu...”

“Fələyin bağladığı” qapının arxasındakı mənzərə müharibənin yaddaşımızda qoyduğu heykəldir və əsərdəki hadisələr həmin heykəlin kölgəsində təqdim olunur. Cavan canını, xoşbəxt gələcəyini, pöhrə arzularını Vətən yolunda fəda eləyən əsgər heykəlinin kölgəsində qələbəmiz daha əzəmətli və möhtəşəm, yenidən qovuşduğumuz yurdlarımız daha qiymətli və urvatlı, itkilərimiz isə daha ağır və daha ağrılı görünür...

İtkilərin ağrısı müəllifin – Natəvan Dəmirçioğlunun ömründə hələ Birinci Qarabağ müharibəsi başlayandan kök salıb. Burada Azərbaycan vətəndaşlarının hamısına aid olan ictimai borc hissi ilə yanaşı, fərdi insan həyatından qaynaqlanan faktlar da göz ardına vurulmamalıdır. Ermənistanın Azərbaycana qarşı məkrli torpaq iddialarının alovlandırdığı Birinci Qarabağ müharibəsi başlayan kimi Vətənin səsinə səs verənlərdən biri də Qazax rayonunun Daşsalahlı kənd sakini Dəmirçi kişinin qızı Vəfa olmuşdu. Lakin hələ nizami ordumuzun formalaşmadığı, Vətənin öz oğul və qızlarının fədakarlığının ümidinə qaldığı o zamanın qaydalarına görə, qadının ön cəbhədə vuruşmasına yol verilmirdi. Bu, görünür, həm də cəbhədə könüllü döyüşən oğlanların heysiyyəti ilə bağlı məsələ idi. Buna görə də Vətənə can fəda etməyi gözünə alan kişi təbiətli Vəfa könüllülər batalyonuna oğlan adı ilə - Mansurov Vəfadar Dəmirçi oğlu adı ilə üzv olmuş, gülləsindən hədəf yayınmayan sərrast snayper kimi kişilərlə çiyin-çiyinə şərəfli döyüş yolu keçmişdi.

Nizami Azərbaycan Ordusu yaradılmağa başlayandan sonra tərxis olunan, ancaq müharibədən aldığı fiziki və mənəvi yaralardan gənc yaşlarında həlak olan Vəfa Mansurova Natəvan xanımın bacısı olub və romanda bu qeyri-adi insanın obrazının yaradılması onun xatirəsinə ucaldılan abidədir.

Romanda Qarabağ müharibəsinin içindən keçən müasir tariximiz yaşlı nəslin üç nümayəndəsinin – Hüseynin, Məhərrəmin və Dəmirçinin ailələrinin timsalında təqdim olunur. Azərbaycan coğrafiyasının fərqli məkanlarını təmsil edən bu müdrik insanların arasında mənəvi yaxınlıqla yanaşı, qohumluq münasibəti, qan bağlılığı da var. “Məhərrəm müəllim özü Hüseynin oğluna demişdi ki, biz qardaş kimi olmuşuq. Hüseyn, mən, Dəmirçi. Ona Qayaoğlu deyirdik. Siz də – bizim övladlarımız bir-birinizə gedin, gəlin, qız alın, qız verin, qohum olun. İndi yaxşı adam tapmaq çətindir. Bir-birinizin əlini tutun, yaxın olun”.

Bu sətirlərin altından bir məna da oxumaq mümkündür və lazımdır da, Azərbaycan toplumu mənəvi cəhətdən bütöv olduğu kimi, əsil-nəcabət baxımından da bir-birinə bağlıdır və insanlar arasında yer, coğrafiya, etnik mənsubiyyət fərqi qoymaq bu ölkəyə, bu torpağa xəyanət kimi qiymətləndirilməlidir. Çünki Vətən çağıranda bu torpağın bütün övladları Vətənin səsinə səs verdilər. Əslinə baxsan, qazandığımız Zəfərin ən mühüm açarlarından biri də elə bu oldu.

Hüseyn Qarabağdan didərgin düşür, buna görə də romanın bəzi yerlərində onun adı Qaçqın Qoca kimi keçir. Qaçqın Qoca öz yurdunu tərk eləmək məcburiyyətində qalanda evin, aynabəndin qapılarını, hasarın darvazasını bağlayıb açarlarını cibinə qoyur və kəndir qırığı ilə bir-birinə bənd edilmiş həmin açarları “bəzək kostyumu”nun döş cibində saxlayır. “Bir yerə gedəndə pencəyin cibindən çıxarıb ev paltarının cibinə qoyur, qayıdan kimi yenə yerinə qaytarır”. Bu açarları itirməkdən qorxan Qaçqın Qoca didərginlik dövründə “dağlar qar, bağlar bar, xəstə nar, könül yar istəyən kimi, bu açarların bağlı qapını açan səsini eşitmək istəyir”...

Müəllif romanda ayrı-ayrı nəsillərin müharibəyə münasibətini də açar metaforası üzərindən təqdim edir. Torpaqların hərbi yolla, müharibə ilə alınacağına inanan, Ali Baş Komandanın əmrini gözləyən ikinci nəsil – Qaçqın Qocanın oğlu və gəlini bu metaforanı açmağa, açarların saxlanılmasının hansı məna daşıdığını dərk etməyə çətinlik çəkirlər, “açarların kəndirinə hər dəfə eyni donuq, heç nə ifadə etməyən gözlərlə baxır, heç nə demirlər”. Ən maraqlısı isə üçüncü nəslin açar məsələsinə münasibətidir: “Qızının çox vaxt onlarda qalan oğlu – böyük nəvəsi Məhəmməd isə hər dəfə gülür, “baba, onsuz da bu açar məsələsini başa düşmürük, bu kəndir də ki, dəhşətdir, heç olmasa bunlara “brelok” keçirt” deyir”. (Azərbaycan Ordusunun leytenantı Məhəmməd müharibə başlayan gündən ön cəbhədə olacaq, fədakarlıqla döyüşəcək, qəhrəman kimi həlak olacaq və anası onun bəy otağının açarını qoynunda gəzdirəcəkdi...)

Mətn daxilində - əsərin kontekstində fərqli nəsillər tərəfindən fərqli məna daşıyan açar metaforası müəllifə imkan yaradır ki, tarixin gedişatında gözlə görünə bilən siyasi, ictimai, iqtisadi amillərlə mənəvi dəyərləri bir araya gətirsin, yeni nəsli mənəviyyata, yaddaşa sədaqət göstərməyə çağırsın. Bu, zəmanənin aktuallaşdırdığı sərt gerçəklikdir. “Sarı gəlin”, “İrəvanda xan qalmadı” kimi hamının əzbər bildiyi mahnıların sözlərinin altındakı mənaların unudulmağının mənəvi boşluq yaratmaq təhlükəsi olduğu kimi, tarixi proseslərdə mənəvi dəyərlərə laqeydlik də yeni təhlükənin əlaməti sayıla bilər. Qaçqın Qocanın “ömründə bir ağaca çıxmayan, bir hasara dırmaşmayan, bir toyuq başı kəsmə¬yən nəvəsi deyir ki, təki biz, sən deyən kimi, yurdlarımıza qayıdaq, açar xırda məsələdir”... Qaçqın qocanın kiçik nəvəsi gənc alimdir, yazıçıdır, beynəlxalq konfranslarda iştirak edir, elmi müsabiqədə yer qazanıb. “Yaxınlarda bir jurnalist sual verib ona, deyib ki, gənclərimiz erməni terroru nəticəsində Qarabağdan itirilmiş torpaqlarımız haqqında nə düşünür? Qarabağ düyünü açılacaqmı? Bu da deyib ki, “Azərbaycan üçün qara qızıl, Qarabağın qızıl açarı ola bilər”.

Beləliklə, mətndə müxtəlif mənalar verilən açarla bağlı fərqli nəsillərin baxışlarını bir araya gətirməklə müəllif öz mövqeyini ortaya qoymuş olur: vətəndaşların torpağa sədaqəti, ölkənin düzgün idarə olunması, düzgün siyasi xətt yeridilməsi, sərvətlərin yaratdığı imkanlardan ağıllı istifadə olunması ilə yanaşı, Vətənin taleyi həm də nəsillər arasında körpü salan, birlik yaradan mənəvi enerjinin gücündə, yenilməzliyindədir. İnsanların yurdun, torpağın, vətənin dəyərlərinə bağlılığındadır. Tərk edilmiş evin açarının saxlanılması həmin dəyərləri əyaniləşdirən bir simvoldur. Ümumiyyətlə, əksər xalqların, eləcə də azərbaycanlıların təsəvvüründə açar gizli mənaların açılmasına xidmət edən rəmzi obraz mahiyyəti daşıyır. İnsan duyğularının və düşüncələrinin, şəxsiyyətin şüurlu və şüur altında olan gizli sirləri açarla açılır. Əsərdə açar həm fərdi, həm də ictimai özünüdərkin və özünütəsdiqin rəmzi kimi uğurla seçilmiş obrazdır. Açar bizim təsəvvürümüzün dərinliyində həm də ağ sehrin ifadəçisidir, təkcə bağlı qapıları deyil, bağlı bəxtləri də açır. Qıfıl isə qara sehrin, qaranlıq əməllərin alətidir.

Roman ağın, aydınlığın, açarın qələbəsi ilə bitir. Ancaq, təəssüflər olsun ki, kökü Kərəmi sevdiyindən ayıran, Əslinin yaxasına tilsimli qıfıl vuran Qara Keşişə uzanan qara sehr və onun daşıyıcısı da öz işindədir. “Kiminin Qəhbə Haykanuş, kiminin Falabaxan Haykanuş dediyi erməni qadın köhnə qəbrin ayaq tərəfində bir qıfıl basdırmalıydı ki, bir də onlardan müharibədə ölən olmasın. Qıfıl var idi. Şuşada evinə girdikləri xozeyinin bağlı qapısında iri bir qıfıl vardı. Onu sındırıb içəri girmişdilər. Orda çox qıfıl vardı. Azərbaycanlı qaçanda evə, zirzəmiyə, tövləyə, anbara da qıfıl vurmuşdu. Yəqin bir topa açarı vardı bu evin yiyəsinin. Haykanuşun isə bir dənə də açarı yoxdur”...

Natəvan Dəmirçioğlunun “Açar” romanı düşüncələrimizin qapalı qapılarını araladıqca bizi insanlar dünyanı dərk etdikləri vaxtdan özlərinə verdikləri əbədi suallarla qarşı-qarşıya qoyur: insanlar müharibəyə, intiqam almağa, ölməyə, öldürməyə, qırmağa, dağıtmağa, evləri viran, qapıları bağlı qoymağa sərf elədikləri güclərini əkməyə, biçməyə, qurmağa, tikməyə, gözəlliklər yaratmağa sərf eləsələr, dünya yaşamağa və sevilməyə daha layiq olmazmı?

Müharibənin hər üzünü görmüş Dəmirçi kişinin ömrün müdrik çağında, son anlarında gözlərinin qarşısında canlandırdığı mənzərə müəllifin də, mətnin də missiyasını tamamlayır: təbiətin yaratdığı iki sərbəst varlığın, iki quşun sevgisi müharibələr üstündə qərar tutan tarixə meydan oxuyur. “Ata bu lövhəni bir də gözləri ilə görürmüş kimi həyəcanla baxır və susurdu. Bu an öz Sevdiyi Qadınını xatırlayırdı. Bir də nə zamansa oxuduğu fikir beynində “dirilirdi”: “Bütün insanlığın xoşbəxtliyi eşqin içindədir”.

Əsərdəki bir-birinə bənzəməyən insan xarakterlərini ayrı-ayrılıqda səciyyələndirməyi, burada qoyulan ictimai-siyasi məsələlərə münasibət bildirməyi, diqqət yönəldilən hadisələri qiymətləndirməyi bu kitabın oxucusunun öhdəsinə buraxmağı məqsədəuyğun hesab elədim. Fikrimcə, Natəvan Dəmirçioğlunun “Açar” romanını oxuyan hər kəs ən yeni tariximizin qapılarını öz açarı ilə açıb, oradakı insanlara da, hadisələrə də öz inandığı dəyərlərlə qiymət verə biləcək. Hər bir oxucu sonu şanlı qələbəyə gətirib çıxardan mürəkkəb tariximizlə bağlı öz mətnini yarada biləcək. Əsərin quruluşu, poetik sistemi, müəllif tərəfindən insanların və hadisələrin təqdimat tərzi oxucu ilə mətnin sərbəst dialoquna kifayət qədər imkan yaradır və bu romanın bir dəyərinin də elə bunda olduğunu düşünürəm...

# 1367 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #