Salman Mümtaz Leninə nə deyəcəkmiş? - Kənan Hacı

Salman Mümtaz Leninə nə deyəcəkmiş? - Kənan Hacı
30 iyul 2024
# 18:34

Kulis.az Kənan Hacının "Salman Mümtaz Leninə nə deyəcəkmiş?" adlı yazısını təqdim edir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Şəlalə Ana Hümmətli məni “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimatına dəvət etmişdi. Tədbirdə iştirak etdim və orada Salman Mümtazın nəvəsi, şərqşünas Urxan Qalabəyli ilə tanış oldum.

Salman Mümtazın ağrı-acılarla dolu taleyi hamıya məlumdur. Onun ədə­biyyatımızdakı ölçüyəgəlməz xidmət­ləri haqqında da çox deyilib, çox yazı­lıb. Amma onun nəvəsi ilə çay süfrəsi arxasında söhbətimizdə çox maraqlı məqamlara toxunuldu. Urxan bəy danı­şır ki, babamı sürgünə göndərmişdilər, amma nənəm, böyük inamla onun yo­lunu gözləyirdi. Sürgündən qayıdanları tapıb onlardan ərinin taleyi haqda xə­bər bilmək istəyirdi.

Deyirlər, bir gün nənəm eşidib ki, çox məşhur simalardan biri sürgündən qayıdıb, anamı da götürüb onlara gedib ki, bəlkə, Salman Mümtaz haqqında nəsə yeni bir xəbər ala bilər. Urxan bəy qəhərlə, danışır ki, o səhnə heç vaxt gözümün qabağından getmir. Anamla sürgündən qayıdan həmin adamgilin yaşadığı həyətə girdik, anam qapını döydü, adam qapıya çıxdı ki, kimsiniz, nə istəyirsiniz? Anam deyəndə ki, mən Salman Mümtazın qızıyam, kişi dəli oldu. Anamın ayaqlarına düşdü, uca səslə qonşulara səsləndi ki, “ay cama­at, heç bilirsiniz bu, kimin qızıdır?! Sal­man Mümtazın qızıdır e!”

Urxan bəy danışdıqca gözlərindən yaş süzülür, əlləri titrəyir. Onun bu halı mənə də sirayət edir, həyəcanlanıram. Onu sakitləşdirməyə çalışıram. Deyir ki, babamın Nəriman Nərimanovla çox yaxın münasibətləri olub. Nərimanov həmişə ona deyərmiş ki, ay Salman, gəl, bolşeviklər partiyasına üzv ol, sə­nin üçün hər cür şərait yaradarıq, elmi fəaliyyətinlə məşğul olarsan. Babam deyərmiş ki, bir şərtlə bu partiyaya üzv olaram. Sən məni Leninlə görüşdür. Ona bir sualım olacaq. Nərimanov de­yir ki, ona nə sual verəcəksən? Salman Mümtaz deyib ki, Lenindən soruşaca­ğam ki, bu necə ədalətli hökümətdir ki, hamının var-dövlətini əlindən alırsınız? Budur sizin haqq-ədalətiniz?!

O, daxilən yeni qurulan höküməti qəbul etmirdi, onu işğalçı adlandırırdı. Salman Mümtaz təpədən-dırnağa türk­çü idi. Buna görə də onu daim izləyir­dilər. 1937-ci ildə “pantürkist” kimi həbs olunanlar sırasında Salman Mümtaz da var idi. Onun illər boyu böyük zəhmət hesabına topladığı 270-ə yaxın qiymətli əlyazmalar məhv edildi. Özünü də 10 il müddətinə azadlıqdan məhrum edərək Rusiyanın Oryol vilayətinə sürgün elə­dilər. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında, Medvedski meşə­sində güllələndi...

"Xalq qəzeti"

# 1003 dəfə oxunub

Müəllifin son yazıları

# # #