Azərbaycandakı qorxulu komediya

Azərbaycandakı qorxulu komediya
15 iyul 2013
# 10:13

Qorxu filmlərini sevirəm. Özəlliklə də, qorxaq biriylə baxanda…

Vahiməli ortam - pəncərələrdə qara örtük, ətraf tam qaranlıq, gücləndirici səs ötürücüləri sağda… solda… arxada… qarşıda və böyük ölçülü televizor! Budur, gözlədiyin məqam. Filmin başlamasına saniyələr qalır… Film başladı!!!

Bir anda hər şey dəyişir, səbirsizliklə gözlədiyin qorxu filmi dönüb olur komediya. Yox, yanlış anlamayın, proqramı səhv salmamışam. Filmin janrı da dəqiqdir. Qorxulu ortam yaratmaq üçün də heç bir məqamı qaçırmamışam. Qaçırdığım məqam bu filmin yerli kanallardan birində Azərbaycan dilində təqdim olunmasıdır.

Bəli, bəli, doğru anladınız. Azərbaycan dilində qorxu filmi belə komediya kimi səslənir. Bu nə bizim dilimizin zənginliyindən, nə də tərcüməçilərimizin (aralarında dostlarım olsa da, məndən inciməsinlər…) fövqəladə istedadından irəli gəlmir. Soruşsan ki, bəs, nədən irəli gəlir. Ona da cavabım var: bu qədər məsuliyyətli bir işin qeyri-peşəkarlara həvalə olunmasından. Yəni, mən hesab edirəm ki, dili bilmək və İncəsənət Universitetini bitirmək hələ bu işi peşəkarcasına yerinə yetirə bilmək demək deyil. Tərcüməçilik – özəlliklə də kinoda və teatrda xüsusi istedad, bilik və bacarıq tələb edir.

Dördüncü sinfə kimi «urusca» təhsil almış nənəm demişkən, raz ki, iş gəldi çıxdı bu yerə, mən də tərcümə probleminin teatra yansımasına nəzər salmaq istəyirəm. Kino ilə isə işim yoxdur, bunu kinoşünaslar düşünsün, mən sadəcə tamaşaçıyam.

Ümumiyyətlə, istənilən xarici bir əsəri səhnəyə gətirərkən tərcümə məsələsi böyük əhəmiyyət kəsb edir. Ədəbiyyatda bütün əməliyyatlar tərcümədən başlayır. Çünki teatr sənətinin məhsulu olan tamaşanın ədəbi əsası – xammalı mətndir və bu mənada mətn, tərcümə tamaşanın keyfiyyətini təyin edir.

Danılmaz faktdır ki, teatrda tərcümə əsərlərinə müraciət zamanı məna-məzmun və ideya yozumu hər şeydən əvvəl tərcümə aspektindən başlayır.

Azərbaycan teatrında uzun müddət dünya dramaturgiya nümunələri əsasında hazırlanan tamaşalarda üzə çıxan problemlər, dünya dramaturgiyasının milli səhnəmizə mexaniki şəkildə köçürülməsi, ilk növbədə, milli tərcümə sənətinin durumu ilə əlaqəlidir. Dünya dramaturgiyasının nümunələri dilimizə vasitəçi dildən tərcümə olunurdu. Ümumiyyətlə, xarici əsərlər, bir qayda olaraq, rus dilindən tərcümə edilirdi, orijinaldan olan tərcümələr isə, demək olar ki, yox dərəcəsində idi. Buna misal olaraq göstərmək olar ki, Şekspirin pyeslərinin Sabir Mustafaya qədərki bütün tərcümələri rus dilindən edilmişdi.

Vasitəçi dildən tərcümənin yaratdığı problemlər bir çox məqamlarda özünü görükdürürdü. Ruslar milli ideologiyalarına, düşüncələrinə uyğun olaraq dünya dramaturgiyasının məhdud bir qismini seçir və öz dillərinə tərcümə edirdilər. Azərbaycan tərcüməçiləri isə dünya dramaturqlarının əsərlərini yalnız rus dilindən tərcümə etmək imkanına malik olduqları üçün avtomatik bu məhdud çərçivəyə qapanmaq və rusların seçib tərcümə etdikləri əsərlərin içərisindən seçim etmək məcburiyyətində qalırdılar. Məhdud seçim imkanına malik olan Azərbaycan tərcüməçiləri milli düşüncə ilə, ideologiya ilə ziddiyyət təşkil etməyən əsərləri rus dilindən Azərbaycan dilinə tərcümə edib teatra təqdim edirdilər. Belə olduğu halda, teatr çox şey itirirdi.

Vasitəçi dildən tərcümənin bir mənfi cəhəti də ondan ibarətdir ki, orijinal mətn iki, hətta üç dəfə əməliyyatdan keçir və heç şübhəsiz ki, hər tərcümə zamanı əsər məzmun baxımından bir az da artıq itkilərə məruz qalırdı. Bəllidir ki, Şekspirin pyeslərinin dili müasir ingilis dilindən çox fərqlənir və XVI əsrdə yazılmış bu əsərlər sonradan müasir ingilis dilinə tərcümə olunub. Deməli, əsərlər ilk dəfə bu mərhələdə müəyyən qədər itkiyə məruz qalıb. Məsələn, şekspirşünasların tədqiqatları ilə tanış olarkən öyrənirik ki, Şekspirin pyeslərinin dilində qeyri-normativ leksika, jarqonlar, söyüşlər, kobud ifadələr kifayət qədərdir. Nümunə üçün «Fırtına» pyesində Kaliban personajının dilini göstərmək olar. Əslində, Kaliban obrazının dilinin məhz bu cür olması anlaşılandır və əsərin məzmun xüsusiyyətləri ilə səsləşir. Amma Azərbaycan dilinə tərcümə olunmuş variantda Kalibanın dili, danışığı o qədər «ütülənib» ki, obrazın danışığı onun haqqında deyilən «bədheybət», «vəhşi» sözlərinin tam əksidir. Təbii ki, bütün bunlar əsərin tərcümə zamanı məruz qaldığı itkilərin nəticəsi kimi meydana çıxıb.

Rusiyada Azərbaycanla müqayisədə tərcümə sənəti çox inkişaf etmişdi və orijinaldan tərcümə etmək imkanına malik olmaları rus ədiblərinə orijinal mətnin ruhunu qoruyub saxlamağa imkan verirdi. Hətta rus rejissoru Akimov «Hamlet»i tamaşaya qoyan zaman B.Posternak əski ingilis dilini öyrənmiş və Şekspirin əsərini ilkin – əski ingilis dilində yazılmış variantla uzlaşdıraraq tərcümə etmişdi. Buna görə də əsərin orijinalla ekvivalentlik dərəcəsi daha yüksəkdir.

Amma bütün müsbət keyfiyyətləri ilə yanaşı rus tərcüməçiliyində də problemlər az deyildi. Rus tərcüməçilərinin bəziləri adekvat (hərfi) tərcüməyə, bəziləri isə ekvivalent (özünü yox, ruhunu) tərcüməyə üstünlük verir, bəziləri isə hətta təbdil (uyğunlaşdırma, milliləşdirmə) variantını üstün hesab edirdilər. Bu səbəbdən tərcümə variantlarının hamısı bir-birindən köklü surətdə fərqlənirdi. Bəzi tərcümələrdə əsərin ideya-məzmun xüsusiyyətləri saxlanılır, bəzilərində isə dili, stilistikası, üslub xüsusiyyətləri qorunurdu. Rus tərcüməşünaslığında mövcud olan ən böyük problem isə senzura ilə bağlı idi. Rus senzurası bu məsələdə də milli ideologiyanı, dövlətin siyasi maraqlarını önə çəkir, senzuranın süzgəcindən keçə bilməyən əsərlər məzmunundan, keyfiyyətindən, bədii dəyərindən asılı olmayaraq, «dəmir pərdə»ni yarıb keçə bilmirdi. Tərcümə olunan əsərlər də müəyyən təhriflərə məruz qalırdı. Adi bir misal göstərək: «Fırtına» pyesindəki sırf dil-üslub xüsusiyyətlərindən irəli gələn kobud ifadələr rus dilinə tərcümə variantında kapitalizmə, ictimai bərabərsizliyə qarşı protest kimi səslənirdi. Amma buna baxmayaraq, Rusiyanın seçim imkanlarının genişliyi, tərcümə sənətinin səviyyəsi onlara dünya dramaturgiyası nümunələrini uğurla səhnələşdirməyə imkan verirdi.

Azərbaycan teatrında bu barədə vəziyyət daha acınacaqlı idi. Azərbaycan teatrında rejissorun əlinə çatana qədər pyes – tamaşanın ədəbi əsası artıq iki dəfə əməliyyata məruz qalmış olurdu. Kobud desək, Azərbaycan teatrına dünya dramaturgiya nümunələrinin «suyunun suyu» gəlib çıxırdı. Bu da, heç şübhəsiz, tamaşaların bədii dəyərinə, məzmun keyfiyyətinə təsirsiz qalmırdi.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan mütərcimlərinin dünya ədəbiyyat səltənətinin görkəmli şəxslərinin əsərlərinə müraciətdə bulunması mədəni inteqrasiyanın bu dövrə təsadüf edən "partlayış"ına səbəb olmuşdu. Dünya klassiklərinin əsərləri Azərbaycan dilinə tərcümə olunur və mütəmadi olaraq dövri mətbuat səhifələrində yer alırdı.

Xarici pyeslərin Azərbaycan dilinə müxtəlif tərcümələrindən danışarkən bir faktı da nəzərə almaq lazımdır ki, burada tərcüməçinin özündən gələn xüsusiyyətlər - tərcüməçinin şəxsiyyəti, dünyagörüşü, əqidəsi, üslubu da böyük əhəmiyyət daşıyır. Belə ki, heç şübhəsiz, hər bir tərcüman tərcümə zamanı əsərə özündən gələn cizgilər də qatır ki, bu da nəticə etibarilə pyesin keyfiyyətinə, ideya-məzmun mündəricəsinə, o cümlədən stilistikasına təsirsiz qalmır. Misal üçün, qeyd etmək olar ki, Cəfər Cabbarlının tərcüməsində Şekspir ideyaları sosializm ideologiyası ilə uzlaşdırılıb, pyesin üslubuna gəldikdə isə poetik dilə daha çox yer verilib. Sözügedən faktor teatr sənətindən ötrü çox böyük əhəmiyyət kəsb edir. Nədən ki, tərcümənin necəliyi – keyfiyyəti, məzmun mündəricəsi, dil-üslub xüsusiyyətləri və s. sonradan tamaşada da öz təsirini açıq-aşkar göstərir.

Məlumdur ki, dünya dramaturgiyasının zirvəsi sayılan ingilis Uilyam Şekspirin əsərləri ümumdünya institussional (təsisatlı) mədəniyyətində "körpü" funksiyasını yerinə yetirir. Yəni, bu dahinin əsərlərini özününküləşdirən, səhnəyə gətirən istənilən milli mədəniyyət öncə öz institussional səviyyəsini, daha sonra dünya mədəniyyətinə inteqrasiya meyllərini nümayiş etdirmiş olur.

Sual yarana bilər ki, Şekspirin tərcümə probleminə nə dəxli? Mən də cavabında deyərəm ki, Hekubanın bizə nə qədər dəxli varsa, Şekspirin də tərcümə probleminə o qədər aidiyyəti var.

Amma məsələ Şekspirdə yox, ümumiyyətlə dünya dramaturgiya nümunələrinin Azərbaycan dilinə tərcümə olunmasındadır. Milli teatr tariximizdə tərcümə məsələsinin durumu və keyfiyyəti illər keçdikcə dəyişmiş, yeni forma və məzmun xüsusiyyətləri cəlb etmişdir.

İndi mexaniki köçürmədən yaradıcı əxzetməyə qədər yol keçən «Azərbaycan teatr tərcüməçiliyi»nin qarşısında tamamilə yeni üfüqlər açılıb. Kinoşünaslar inciməsin, sağ əli kinonun başına.

Könül Əliyeva

Teatrşünas

kaspi.az

# 3103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #