“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?
24 avqust 2026
# 12:00

Kulis.az Məcid Rəşadətoğlunun “Qarlı aşırım”da donan həqiqətlər və ya Qəmlonun güllələnən taleyi..." yazısını təqdim edir.

Sovet hökumətinin 70 illik hakimiyyəti dövründə milli-mənəvi dəyərlərimiz, tariximiz, ədəbiyyatımız və adət-ənənələrimiz mövcud siyasi rejimin təsirinə məruz qaldı. 1920-ci ildən başlayaraq, Azərbaycan da daxil olmaqla, bir çox respublikanı əsarəti altına alan Sovet ideologiyasının yaratdığı qatı müstəmləkə siyasəti yalnız tarixi həqiqətlərin üstünə kölgə salmadı, onları təhrif etməklə kifayətlənmədi. Hakim kommunist ideologiyası insanların fikir və düşüncə azadlığını da öz buxovları altına aldı.

Yüz illər boyu xalqımızın düşüncə tərzini formalaşdıran nağıllarımız, deyimlərimiz, bayatılarımız, ruhumuzu oxşayan milli musiqilərimiz, qəhrəman xalqımızın apardığı haqq-ədalət mübarizəsini özündə ehtiva edən əsərlərimiz, filmlərimiz bu və ya digər şəkildə kommunist ideologiyasının amansız mövqeyindən öz “nəsibini” aldı. Təsadüfi deyildir ki, bütün “müsbət” və mənfi keyfiyyətləri ilə artıq geridə qalan, lakin açdığı yaraları hələ də sağalmayan sözügedən siyasi rejim həm də tarixi şəxsiyyətlərimizin zəngin ömür yoluna kölgə saldı; onların həyat və fəaliyyəti senzuralar nəticəsində xalqımıza, hətta öz ailə üzvlərinə, doğmalarına, yaxınlarına belə gizli qaldı.

Fikrimizi daha dəqiq ifadə etsək, Sovet hökuməti illər boyu el qəhrəmanlarını qatı düşmən kimi, düşmənləri isə öz mənafeyinə, öz mənfəətinə görə dost kimi qələmə verdi, dost kimi tanıtdı. Elə bu cür şəxslərdən biri də haqqında danışacağımız Qəmbəralı İsmayıl oğludur; hər bir azərbaycanlının yaxşı tanıdığı Qəmlonu deyirəm. “Qarlı aşırım”ın Qəmlosunu...

“Cinə, şeytana oxşayırsan, Qəmlo”

Yarımbaşlıq üçün bu sitatı seçməyim təsadüfi deyil. Çünki 1971-ci ildə çəkilən və baxdıqca baxılan “Axırıncı aşırım” filmində Qəmlo haqqında tamaşaçının ilk təəssüratı elə bu sitatla başlayır. O, Kərbəlayi İsmayılın dilindən bu sitat səsləndiyi vaxt filmə daxil olur. Yəqin ki, xatırlayırsınız həmin hissəni. Ancaq mən yenə də sizlərin yadına salım. Filmin səkkizinci dəqiqəsində Qəmlo gecənin bir aləmində Kərbəlayi İsmayılın evinə gəlir. O, otağın balaca pəncərəsindən Kərbəlayinin evini bir qədər süzür... Qəmlonun bu qəfil gəlişindən təəccüblənən Kərbəlayi İsmayıl salam-kəlamdan öncə bu məşhur ifadəni işlədir: “Cinə, şeytana oxşayırsan, Qəmlo”.

Filmdə qəddar, zalım və əzazil şəxsiyyət kimi qələmə verilən Qəmloya xalqımız uzun illər, daha dəqiq desək, film çəkildiyi tarixdən etibarən “Axırıncı aşırım”ın gözü ilə baxdı. Görkəmli Azərbaycan yazıçısı Fərman Kərimzadənin ssenarisi əsasında işıq üzü görən bu filmdə Azərbaycan SSR Xalq artisti Məlik Dadaşovun həyat verdiyi Qəmlo Qarlı aşırıma keşik çəkdi, Kərbəlayi İsmayılın dəstəsinə rəhbərlik etdi, Abbasqulu bəy Şadlinskini özünə və azad kəndlilərə düşmən hesab etdi, ona hədə-qorxular yağdırdı. Hətta bu şəxs filmdə Abbasqulu bəy başda olmaqla üç nəfərdən ibarət olan sülh heyətini aşırımdan üzü kəndə doğru buraxdığı üçün Rəsulun qulağını da kəsdi.

Təbii ki, tamaşaçının gördüyü bu kadrlar təbii olaraq insanlarda Qəmloya qarşı bir nifrət yaratdı. Elə sovet ideologiyasının da tək məqsədi bu idi: xalqı üçün çalışan el qəhrəmanlarını düşmən kimi tanıtmaq, yüz illər boyu soydaşlarımızın qanını içən, onlara istər aşkar, istərsə də gizli yollarla qənim kəsilən düşmənləri isə dost kimi qələmə vermək. Nə yalan deyək, məqsədlərinə çatmışdılar da.

Onların bu siyasəti nəticəsində Qərbi Azərbaycanın kiçik bir kəndində yaşayan və cəmi 40 ilə yaxın ömür sürən el qəhrəmanı Qəmlo Azərbaycan tarixinin ən koloritli, mübahisəli şəxsiyyətlərindən birinə çevrilmişdi. Filmin ekranlaşdırıldığı tarixdən bu günə qədər onu xalqın dostu bilən də oldu, düşməni hesab edən də. Onu xalq qəhrəmanı sayan da oldu, haqqında “millət düşməni” deyən də. Ancaq bu yanaşmalar həqiqətə nə dərəcədə uyğundur? Gəlin, bir yerdə öyrənək...

Sən kimsən, Qəmlo?

Haqqında qələmə alınmış dəqiq mənbələrdən öyrənirik ki, Qəmbəralı Abbasov 1886-cı ildə Vedi rayonunun Hand kəndində doğulub. Qəmlo kimi tarixdə qalan və Vedi camaatının yaddaşında əbədi iz qoyan bu şəxs təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Onu görən şəxslər danışırmış ki, Qəmlo sərrast atıcı imiş, atdığı güllə heç vaxt boşa çıxmazmış. Yaxın-uzaq kəndlərdə onun dediyi qanun imiş, sözünün üstünə söz deyən olmazmış. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərmiş. Böyük-kiçik yeri bilən, halal ruzi qazanan, ailəsinə mehr-məhəbbətlə bağlı olan insan imiş. Sovet hökuməti qurulana qədər Qəmlo Abbasqulu bəy Şadlinskinin indiki Ermənistan ərazisində (əslində Qərbi Azərbaycan) yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı “Özünümüdafiə dəstəsi”nin (1921-ci ildən “Qırmızı Tabor” adlandırılmışdır – müəllif) ən döyüşkən üzvlərindən olub. 1918-ci ildə daşnaklara qarşı aparılan mübarizədə fəallıq göstərib. Bolşevik hökumətinin qurulması ilə əski dostlar (yəni Abbasqulu bəylə Qəmlo – M.R.) da ayrı-ayrı cəbhələrdə yer alıblar.

Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxıb. O, Vedi kəndi də daxil olmaqla yaxın və uzaq kəndlərin dəliqanlılarını başına yığıb, qırmızılarla “çilingağac” oynamağa, onların buyruqlarına əməl etməməyə, bir sözlə, xalqı bu çağırılmamış qonaqların – bolşeviklərin boyunduruğuna verməməyə çalışıb. Lakin Qəmlonun tutduğu yolun təhlükəli olduğunu, hakimiyyətlə davaya qalxmanın onun və ailəsinin taleyi üçün amansız olacağını bilən Abbasqulu bəy əski silahdaşının taleyinə biganə qalmayıb. Hətta yazılanlara görə, Abbasqulu bəy Şadlinskinin sayəsində Qəmlonu bir müddət ipə-sapa yatırmaq da mümkün olub...

“Kərbəlayi, vaxt var idi, sənin qılıncının qəbzəsi də kəsirdi, keçdi o dövran...”

Abbasqulu bəyin tövsiyəsi ilə Qəmlo bir müddət “atəşkəs” elan edir, mövcud quruluşa səbr edərək qılıncını qınına qoyur. Beləcə, aradan bir müddət keçir. Qəmlonun qardaşı Vəli Hand kəndinin Şura sədri seçilir. Kollektivləşmə siyasətinin formalaşması və kolxozların yaradılması ilə xalq və hakim zümrə arasında münasibətlər yenidən gərginləşir. Kolxozlaşmanın qəti əleyhdarı olan Qəmlo qonşu Qarabağlar rayonunun Kolanlı kəndinin ağası, kolxoz əleyhdarı olan Kərbəlayi İsmayılla birləşir. Bu ittifaqdan sonra Qəmlonun və Kərbəlayi İsmayılın başına onlarla bəy və ağa toplaşır.

Bəzi mənbələrdə yazıldığına görə, Qərbi Azərbaycanın 70-ə yaxın kəndinin dəliqanlıları, əlisilahlıları Qəmlonun və Kərbəlayinin ətrafında cəm olur. Kəndin qolçomaqları, ağa və bəyləri “üsyankarları” silah-sursatla təmin edir. Onların özünü və ailələrini düşmən tərəfindən gələcək təhlükələrdən qoruyur. Qəmlonun da köməyi ilə bu dəstə hər ötən gün daha da böyüyür. Hətta kolxoz əleyhinə olanlar bolşeviklərin qəfil hücumlarından qorunmaq məqsədilə kəndlərə gedən yollara keşikçi məntəqələri qururlar. Kərbəlayi İsmayılın ağalıq etdiyi Qarabağlar kəndinə gedən “Qarlı aşırım”ın müdafiəsi isə ikiqat gücləndirilir. Elə romanın və filmin adı da buradan yaranıb; yəni bolşeviklərin keçilməz hesab etdiyi qanlı-qadalı keçidin adından – “Qarlı aşırım”dan...

İstər Kərbəlayi İsmayıl, istərsə də Qəmlo ilə kəsdiyi duz-çörəyə, dostluğa sadiq qalan Abbasqulu bəy Şadlinski bu dəfə də barışıq missiyasını öz üzərinə götürür. Bolşeviklərin kəndə hücumunun qarşısını almaq üçün onlarla görüşüb-söhbətləşmək qərarına gəlir.

Yeri gəlmişkən, filmdən yola çıxaraq bir məsələni də diqqətə çatdıraq ki, Fərman Kərimzadənin yazdıqlarına görə, Abbasqulu bəylə Kərbəlayi İsmayılın dostluğu lap əvvəllərə gedib dayanırmış. Belə ki, Kərbəlayinin gözünün ağı-qarası, bircə övladı olan Yadullanın amansızcasına qətlə yetirilməsindən sonra onun nəşi qarşı tərəfdən Abbasqulu bəyin bilavasitə köməyi ilə təhvil alınaraq ailəsinə verilmişdi. Nəticədə, Kərbəlayi bu hərəkətin qarşısında Abbasqulu bəyə borclu qalmış və əlindən gəldiyi qədər onunla üz-üzə gəlməməyə, aradakı xətir-hörməti itirməməyə çalışmışdı. Lakin Qəmlonun Abbasqulu bəyə və şura hökumətinə olan nifrəti bu iki dostun münasibətindən də yan keçməmişdi.

Abbasqulu bəy kəndə Kərbəlayi İsmayılla barışığa gələn zaman tariximizə kor düyün kimi düşən və bu günə qədər də sirr kimi qalan bir faciə baş vermişdi. Mənə elə gəlir ki, hər birimiz elə, ya da belə, baş verən faciədən məlumatlıyıq. Bəli, yazılanlara və deyilənlərə görə, kolxoz sədri Xəlil və bolşevik Talıbovla yola çıxan Şadlinski Qəmlo və Kərbəlayi İsmayılla görüşüb geri dönərkən yolda Qəmlo və silahdaşları tərəfindən qətlə yetirilir. Elə bu faciədən sonra həqiqətlər sanki Qarlı aşırımda donub qalır...

“Qurban olum belə hökumətə ki, Kərbəlayinin heyfini Nikolay kopayoğludan aldı”

Qəmlonun yaxınlarının və Vedi camaatının yaddaş tarixində isə hadisələr bir qədər fərqli cərəyan edir. Bu tarixçəyə görə, Şadlinskinin ölümündə bolşeviklər özləri maraqlı olub. Qətlin Qəmlonun boynuna atılmasına gəlincə, bunu “Şadlinskini öldürməyə yalnız Qəmlonun cəsarəti çatar” şayiəsinin bir qədər inandırıcı görünməsi ilə izah etmək olar. Hadisəni daha ətraflı təhlil etsək, yəni eşidib-bilənlərin dediklərini nəzərə alsaq, Abbasqulu bəylə Kərbəlayi İsmayılın münasibətindən xəbərdar olan şura hökuməti “düşmənimin dostu düşmənimdir” prinsipindən yola çıxaraq Abbasqulu bəyi də gizli şəkildə özünə düşmən hesab etmişdi.

Onlar düşünürdülər ki, uzun illər şura hökumətini tanımayan və insanları başına toplayıb hakim zümrələrə qarşı çıxan Kərbəlayi İsmayıl və Qəmlo kimi qatı düşmənlərlə Abbasqulu bəy dost olduğu üçün mülayim rəftar edəcək, bağışlanmaları üçün çalışacaq, onlara layiq olduqları cəzanın verilməsində maneçilik törədəcək... Bu səbəbdən hökumət Abbasqulu bəyi Kərbəlayi ilə dostluq etməkdə günahlandıraraq ən ağır cəzaya – ölümə məhkum etmişdi. Və bu hadisəyə elə bir don geyindirmişdi ki, insanlar Abbasqulu bəyin ölümündə Qəmlonu təqsirkar bilsinlər. Filmdə Qəmlonu qatil göstərməyin ideyası da bu məqsədə xidmət edirdi.

Yazımızın bu yerində hadisəni eşidib-bilən sadə kənd adamlarının günümüzə qədər gəlib çatan söz-söhbətlərinə və bu günədək yazılanlara nəzər salmağı məqsədəuyğun hesab edirik. Abbasqulu bəyin ölümü barəsində Qəmlonun hazırda həyatda olan ailə üzvləri, nəvə-nəticələri tamam başqa bir versiyanı irəli sürürlər. Onlar iddia edirlər ki, səfərin ilk günü Qəmlo və Kərbəlayi İsmayılı tapa bilməyən Şadlinski yanındakı atlılarla Qəmlonun qardaşı Vəlinin evinə düşmək məcburiyyətində qalır. Filmdə Vəli Əlirza oğlu Kərbəlayinin köməkçisi kimi təsvir olunub. Onun öz evində qonaqların şərəfinə açdığı süfrə də Kərbəlayinin evində qurulan məclis kimi qələmə verilib. Yaddaş tarixçəsinə görə, Vəlinin evində duz-çörək kəsdikdən sonra Abbasqulu bəy Şadlinski yanında silah götürməkdən imtina edir. Vəlinin “yollar xətalıdır” təkidi ilə cibinə qoymaq istədiyi silahdan boyun qaçırır. Hətta Abbasqulu bəy filmdə bu hissəyə işarə edərək deyir: “Biz dost qapısına gəlmişik, düşmən bilsəydik, başqa cür gələrdik”.

Abbasqulu bəy Şadlinskiyə Qəmlo və Kərbəlayi İsmayılla görüşmək qismət olmur. Adamları ilə birgə Qarabağlar rayonunun Kolanlı kəndinin 4–5 kilometrliyində qətlə yetirilir. Hadisədən Kolanlı kəndində xəbər tutan Kərbəlayi İsmayıl və Qəmlo özlərini yetirəndə Şadlinski artıq keçinibmiş. Kənd camaatı Xəlilin meyitini qayalıqlar arasından tapıb çıxarsalar da, üçüncü atlının – bolşevik Talıbovun meyitini tapa bilmirlər. Saatlarla davam edən axtarış bir nəticə vermədiyindən Talıbov soyadı vedililərin yaddaşına Şadlinskinin qatili kimi həkk olunur. Ən azı, Qəmlonun ailə üzvləri belə deyir.

Bədii əsərdə və ssenaridə Şadlinskinin ölümündə günahkar olan Qəmlo Kərbəlayi tərəfindən cəzalandırılsa da, gerçək həyatda Abbasqulu bəyin qətlinə görə kimsə həbsə alınmır.

“Mənə əl qaldıran adam hələ anasından doğulmayıb”

Kərbəlayi İsmayıl haqqında deyilənlərə görə, onlar (Qəmlo və Kərbəlayi) Türkiyədə olduqları zaman dostları Mustafa Kamal Atatürklə görüşürlər. Atatürk onlara geri dönməməyi, Türkiyədə qalmağı məsləhət görür. Qəmlo Vedidə qalan qohumlarının başsız olacağını, nəticədə çar hökuməti tərəfindən incidiləcəyini bildiyinə görə geri qayıdır. Lakin Qəmlodan fərqli olaraq Kərbəlayi İsmayıl bu təklifi qəbul edir və ailəsini Türkiyəyə aparır. Doğulduğu Çimən kəndini özünə soyad qəbul edib ömrünün sonuna kimi Türkiyədə mühacir həyatı yaşayır. 1948-ci ildə, 78 yaşında İğdır vilayətinin Daşburun kəndində dünyasını dəyişir. Məzarı da hazırda həmin kənddədir.

Hətta ailə üzvlərinin sözlərinə görə, ömrünün Türkiyə dönəmi və Atatürklə görüşündən Qəmloya Mustafa Kamal Paşanın bağışladığı Buxara papağı yadigar qalır. Qardaşı Mehdiqulunun göz bəbəyi kimi qoruduğu papaq böyük qardaşın ölümündən sonra böyük bir nəsli gözləyən faciəyə şahidlik edir.

Qəmlonun güllələnmiş taleyi...

Və nəhayət, gəldik yazımızın ən həssas nöqtəsinə. Abbasqulu bəyin, Kərbəlayi İsmayılın ölümünə aydınlıq gətirdikdən sonra oxucuda sual yaradan üçüncü məsələ Qəmlonun ölümüdür. Ancaq yaxşı olar ki, əvvəlcə el qəhrəmanının ailəsi, övladları və onların sonrakı taleyi haqqında danışaq.

...Qəmlonun nəvə-nəticələrinin vaxtilə mətbuata verdiyi müsahibələrdən oxuyuruq ki, el qəhrəmanının Mafərə, Mahı, İbrahim, Əşrəf adlarında 4 övladı olub. Onun ölümündən bir neçə il sonra kiçik oğlu Əşrəf vəfat edib. Qəmlonun ailəsi başsız qalmasın deyə, ögey qardaşı Mehdiqulu onun arvadı Teyfə ilə ailə həyatı qurub. Bu nikahdan da üç uşaq dünyaya gəlib. Yazılanlardan yola çıxaraq deyə bilərik ki, Teyfə xanım da Qəmlo üçün fədakar həyat yoldaşı olub. Lakin dövrün və zamanın tələbinə uyğun olaraq o, Qəmlonun ölümündən sonra ailə üzvlərinin təzyiqləri ilə qaynı ilə ailə həyatı qurub. Çünki o dövrdə həyat yoldaşını itirmiş qadınların cəmiyyətdəki yeri, mövqeyi birmənalı qarşılanmırdı. Buna görə də ərini itirmiş hər bir qadının ailə həyatı qurması şərt hesab edilirdi.

Qəmlonun ölümü isə el qəhrəmanının mübarizələrlə, münaqişələrlə dolu həyatının son nöqtəsi idi. Yuxarıda qeyd etdiyimiz Türkiyə səfərindən bir neçə il keçmişdi. Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmayan Qəmlo həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Teyfə xanım qarşısını kəsib silahını götürməyə təkid etsə də, “belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını” söyləyir...

Məclisin şirin yerində, əlinin duz-çörəkdə olduğu bir vaxt ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. Həmlə gözlənilməz olsa da, o, özünü itirmir, gücü çatdığı qədər müqavimət göstərir. Ancaq “düşmənlərinin” hücumundan xilas ola bilmir. Qəmlo kirvəsinin evində, onun süfrəsi başında qətlə yetirilir... Bəzi mənbələr yazır ki, Qəmlo yaralı halda özünü çölə atır. Güc-bəla ilə samanlığa pənah gətirsə də, bu dəfə də ona namərdlik göstərən kişilərin arvadları tərəfindən hücuma məruz qalır. Əllərində şana, dəryaz gəzdirən xanımlar Qəmlonun üstünə hücum çəkərək onu qətlə yetirirlər. Lakin bu, etibarlı fakt olmadığından el arasında geniş yayılmış əhvalat kimi qiymətləndirilir. Yaşlı nəslin nümayəndələrinin “Qəmlonu kənd arvadları yaba-balta ilə öldürdü” söz-söhbəti də bu hadisədən qaynaqlanır.

Yazırlar ki, kirvə qapısında baş verən bu namərdliyin xəbəri Teyfə xanıma çatır. O, ərinin ölüm xəbərini alınca Qəmlonun qapının dibinə qoyduğu beşaçılanı götürür, ata minib kirvələrinin evinə çapır və həyəti güllə-borana tutur. Bu hadisədən sonra tayfalar arasına qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür. Onun mənsub olduğu Seyidlər və Alırzalılar nəslinin də itkisi az olmur.

İmişli rayonunun Şahverdili kəndində yaşayan Qəmlonun dayısı oğlu Lətif Həsənov illər əvvəl mətbuata verdiyi müsahibəsində bu mövzuya toxunaraq deyirdi: “Arada narazılıq vardı, barışıq üçün qonaqlıq təşkil edilibmiş. Məclisdə iştirak edənlər “Quran”a and içib ki, ədavətə son qoyulacaq. Yığışıb bir yerdə yeyib-içiblər, sonra “üzük” oyunu oynamağa başlayıblar. Hava qaralmağa az qalmış “heyvanları suvarmaq vaxtıdır” deyib ayağa qalxmaq istəyəndə, düşüblər Qəmlonun üstünə. Bir neçəsi belindən basıb əl-qolunu tutub, o birilər xəncər, yaba (şana) ilə onun bədənini deşik-deşik ediblər. Onu sürüyüb həyətdəki qalağa söykəyiblər. Hətta bundan sonra da sağ qalacağından, onlardan qisas alacağından qorxub güllə ilə də vurublar. Ailə böyüklərindən eşitmişəm ki, Qəmlonun ölümündə əli olan, plan quran 7 nəfərdən 6-sı Allahın qəzəbinə gəlib – az müddətdə hərəsi bir cür şəraitdə ölüb. Bircə “Quran”a and içməyən Şirəli sağ qalıb”...

Qəmlo öldürüləndə 4 qardaşından ikisi, bir vaxtlar Şura sədri işləyən Vəli və Nemət daşnaklar tərəfindən qətlə yetirilmişdi. Evin sonbeşikləri Mehdiqulu ilə Bilalınsa əli yenicə silah tuturdu. Onun qətli ilə ailənin də çərxi dönür, doğmaları sürgün və təqib acısını yaşayırlar. Qardaşı Bilal sürgündə dünyasını dəyişir. Nəslin yazılmayan tarixçəsini yaşatmaq, ötənlərə işıq salmaqsa, bir az əvvəl də qeyd etdiyimiz kimi, hazırda haqq dünyasında olan Mehdiqulunun və onun nəvə-nəticələrinin qismətinə düşür...

Əziz oxucum, bu geniş yazıda əlimizdən gəldiyi qədər adı hər birimizin dilində əzbər olan bir şəxsiyyətin – Qəmlonun ömür yoluna nəzər saldıq. Həyatı keşməkeşlərlə dolu olan el qəhrəmanı ilə bağlı bəzi suallara aydınlıq gətirməyə çalışdıq. Ancaq yaxşı bilirik ki, belə mövzularda nə qədər araşdırsaq və yazsaq da, yenə də bəzi həqiqətlər tarixin kölgəsində qalır...

# 121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər