Özlərini köləyə çevirən qadınlar - İbrahim Aziz

Özlərini köləyə çevirən qadınlar  - İbrahim Aziz
24 avqust 2023
# 16:20

Kulis.az İbrahim Əzizin "Onlifans və ya modern köləlik" adlı yazısını təqdim edir.

Heraklitin dediyi kimi “hər şey dəyişir”, heçnə olduğu kimi qalmır. Kosmos dəyişir, ulduzlar, planetlər dəyişir.

Bəs dəyişməyən şey varmı?

Yəqin ki, təkcə Platonun nəzərdə tutduğu ideyalar dəyişmir.
Bu yazımda pislənən, qəbul edilməyən köləlik və onun mövcudiyyətindən bəhs edəcəyəm.

Köləliyin səbəbi nədir?

Nə qədər pis səslənsə də, köləlik ilkin tərəqqi kimi qəbul edilir. Demokratiyanı qədim yunanlar icad etmişdi, buna baxmayaraq, demokratiyanın içində də köləlik mövcud idi. Hesablamalara görə, e.ə V əsrdə Afinada 130.000-ə yaxın vətəndaş, 70.000-ə yaxın əcnəbi olmaqla 200.000 kölə vardı. Afina əhalisinin yarısı!

Bir növ, Afina demokratiyası kölələrlə “bəslənirdi”.

İbtidai yunan tayfalarının kölələri yox idi. Bu tayfalar bir-biri ilə vuruşanda əsirləri öldürürdülər. Qədimdə (İliadada bunun izləri var) əsirləri çiy və ya qızardılmış halda yeyirdilər. Zamanla əsirlər köləyə çevrildi, kölə ticarəti, əlbəttə, dövrün ən çox gəlir gətirən ticarət növlərindən biri idi.

Müharibədə məğlub tərəfin kişiləri qılıncdan keçirilirdi, qadınlar və uşaqlar köləyə çevrilirdi.

Antik yunanlar köləni insan kimi deyil, əşya və ya alət kimi görürdü. Kölələr döyülə, söyülə, hətta öldürülə (Afina istisna) bilərdi. Sosial kimliyi olmayan bu insanların heç bir hüququ yox idi.

Platon, Aristotel kimi qədim yunan mütəfəkkirləri də köləliyi müdafiə edirdi. Onların fikrincə, bəzi insanlar təbiətcə kölədir. Roma mütəfəkkirləri də bu cür düşünürdülər.

Siseron Yəhudiləri və suriyalıları köləlik üçün doğulmuş insanlar adlandırırdı və düşünürdü ki, kölələrin, zəhmətkeşlərin hakimiyyətdə yeri yoxdur: “Mülkiyyətin ədalətli bölüşdürülməsindən böyük biabırçılıq yoxdur!”

Köləlik ənənəvi olaraq diktatura nəticəsində ortaya çıxan və çox vaxt cəmiyyət tərəfindən kənarlaşdırılan fərdlərin üzləşdiyi proses kimi müəyyən edilir.
Köləlik uzun müddət insan alveri və məcburi əmək anlayışlarının sinonimi kimi istifadə olunurdu.

XIX əsrdə nəhayət ki, köləliyə qarşı etiraz səsləri yüksəlməyə başladı. 25 mart 1807-ci ildə Britaniya parlamenti kölə ticarətini qadağan edən qanun qəbul etdi. İngilislər təbii ki, bunu hümanist xalq olduğu üçün etmirdilər, dəyişən dünya, müstəmləkə siyasəti nəticəsində maddi cəhətdən varlandıqca, əxlaqi yüksəliş də özünü büruzə verirdi.

Və beləcə kölələr “muzdlu”, “ ucuz işçi ” adlandırılmağa başlandı.

Dominant liberallar köləliyin siyasi güclərin təzyiqi nəticəsində yarandığını hesab edirdilər və insanların özlərini qul kimi satmayacağını bildirirdilər.

Lakin marksist yanaşmaya görə, ödənişli iş, sağ qalmaq üçün öz gücünü kapitalın xidmətinə verməkdən başqa bir şey deyildi.

Müasir insan hər yerdə haqqlarını hayqırır, azadlıq nərələri çəkir, düzdür, ancaq...

Məsələn, son illərdə sürətlə böyüyən onlifans platformasına diqqət etsək, insanların, xüsusilə qadınların özlərini necə kölələşdirdiyini görərik. Niyyətim qətiyyən bu qadınları alçaltmaq, mühakimə etmək deyil, belə bir haqqımın olduğunu da düşünmürəm. İnsan, əlbəttə, alət deyil. Qadın-kişi bərabərliyini müdafiə ediriksə, birinin digərini həzz vasitəsinə çevirmək necə qorxuncdur?!

Kişi və qadın münasibəti “bərabər yaxınlıq və bərabər həzz” prinsipi çərçivəsində qurulmalıdır.

Modern dövrdə sağlam ailədə, sağlam toplumda böyümüş, maddi-mənəvi aclığı olmayan bir qadının özünü həzz vasitəsinə çevirəcəyini düşünmürəm, düşünmək istəmirəm...

Deyə bilərsiniz ki, öz istəyi ilə edirlər, axı bu köləlik deyil.

Əlbəttə, köləlikdir!

Bir insan şüursuz şəkildə intihara da cəhd edə bilər, bu, o demək deyil ki, doğru qərardır.

Deyə bilərsiniz ki, maaşa işləyənlər də zamanlarını satır, bəs onlar da kölədir.
Xeyr, xeyr. Bədən satmaqla əmək satmaq fərqlidir.

Düşünün, sizi öldürsəm daha çox cəza alaram, yoxsa yaratdığınız məhsulu məhv etsəm?

Məncə, sorğulanması vacib olan, insanları buna sövq edən sosial, mədəni və psixoloji məhrumiyyətlərdir.

Mənə elə gəlir ki, bəzi sistemlərin sadəcə adları dəyişib, fərqli formada mövcuddurlar…

# 2331 dəfə oxunub

Müəllifin son yazıları

# # #