Bu gün avstriyalı yazıçı Tomas Bernhardın doğum günüdür.
Kulis.az Orxan Pamukun "Tomas Bernhardın roman dünyası haqqında" essesini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.
İki dünya müharibəsi arasında minillərin ədəbi iddiaları xəzinəsinə daxil olan və kitab təqdim edən müəlliflərin kiçik sözlüklərində hələ də əsas yeri tutan ifadələrdən biri “yığcamlıq” anlayşıdır. Həmin dövrdə parıldayan Ernst Heminquey, Skott Fitscerald kimi Amerika yazıçılarının üslubu timsalında iki müharibə arasındakı “Böyük depressiya”nın “qənaət”lə bağlı xatirələri üzündən yaddaşlara həkk olunan bu ədəbi iddiaya görə, ağlı başında olan yazıçıdan səhnəni ən qısa yollla, ən az sözlə ifadə eləməsi, təsvirlərində, dialoqlarında heç bir təkrara yer verməməsi vacibdir.
Tomas Bernhard isə nə ağlı başında görünmək, nə də “yığcam” olmaq qərarına gəlmiş yazıçıdır. Onun romanlarındakı qəhrəmanlar dünyasının təməl daşlarından biri təkrardır. Yalnız qarayaxa roman qəhrəmanları eyni fikirləri təkrarlamaqla, dönə-dönə qayıdıb eyni istək və qəzəbi dilə gətirməklə qalmırlar, həmin istək və fikirləri bizə heyrətamiz enerji ilə nağıl eləyən Bernhard da qəhrəmanlarıyla birgə elə hey eyni cümlələri bir-biri ardınca yazır.
Yeri gəlmişkən, “Das Kalkwerk”in (“Kirəc mədəni”) eşitmə haqqında əsər yazmağa neçə illər sərf eləyən qəhrəmanı üçün Bernhard ənənəvi romançı kimi, “Cozef Konrad kütlənin heç, üzərində işlədiyi əsərininsə hər şey olduğu barədə tez-tez düşünürdü”, - demir; bunun əvəzində qəhrəmanını bizə bu düşüncələri dəfələrlə təkrarlada-təkrarlada göstərir.
Təkrarlanan düşüncələr – bunlar düşüncədən də çox nidalarla başa çatdırılacaq qəzəbli bağırtılar, lənətlər, iniltilər, fəryadlar, yalvarışlardır – özünün ağıllı-kamallı, “məntiqli” dünyasında qalmağı qət eləmiş oxucunun asanlıqla həzm eləyə bilməyəcəyi şeylərdir: biz bütün avstriyalıların ağıldankəm olduğu barədə oxuyuruq, arxasınca almanlar və hollandlılar barədə də eyni şeylər deyiləcək; bütün həkimlərin qəddar canavar, sənətçilərin çoxunun səfeh, dayaz, qabiylyyətsiz olduğu barədə oxuyuruq; elm aləminin şarlatanlar aləmi, musiqi aləminin saxtakarlar aləmi olduğu haqda oxuyuruq; varlılar və kübarlalar iyrənc axmaqlardır, yoxsullar da fürsət yoxsulu və acgözdürlər; ziyalıların çoxunun təşəxxüs düşkünü olan boşbeyinlər, gənclərin əksəriyyətinin də hər şeyə lağ eləyən səfehlər olduqları barədə oxuyuruq; insanların yeganə istəyinin bir-birlərini öldürmək, məhv eləmək, ayağının altını qazmaq, aldatmaq olduğu haqda oxuyuruq. Filan şəhər dünyanın ən iyrənc şəhəridir, filan teatr, teatr deyil, fahişəxanadır. Filankəs tarixdə ən böyük bəstəkar, filankəs də ən böyük mütəfəkkirdir, onlardan başqa bəstəkar və ya mütəfəkkir yoxdur, hamısı “elə-belə” bəstəkar, ya da mütəfəkkirdir... və s.
Özlərini və qəhrəmanlarını müəyyən estetik zirehlə qoruya-qoruya roman dünyalarının ağırlıq mərkəzini belə “izafiliklərdən” müdafiə eləyən Tolstoy, Prust, ya da Xalit Ziyanın əsərlərində oxuyan vaxt “hiddətli və acıqlı bir aristokratın və ya özünü bəyənən, amma sevimli qəhrəmanın şıltaqlıqları” adlandıracağımız bu həmlələr Bernhard dünyasının dayaq sütunlarıdır. Prust, Tolstoy, Xalit Ziya kimi “müvazinətli” yazıçıların yazdıqlarını oxuyanda da təkrarlanan düşüncələr bizə “insani ərdəmlər və zəifliklər aləminin bir yarpağı” təki yox, bütöv dünya sayaq görünür. Əksər başqa yazıçıların ancaq “həyatın bütövlüyü”ndə görüb künc-bucaqda yer verdikleri “fikirlər, düşüncələr, ifratlar” Bernhard dünyasında əsas guşəni tutub, “həyat” adlandırdığımız sınağın yerdə qalan hissəsi isə ancaq ələ salmaq üçün xatırlanan kiçik təfərrüat kimi bir guşəyə itələnib.
Fikrimcə, gücünü bu vasvasılıqlardan alan lənətləmələri, həmlələri maraqla oxumağımın səbəbi Bernhardın bitib-tükənməyən dil enerjisi qədər qəhrəmanlarının vəziyyətindən də qaynaqlanır. Hiddət Bernhard qəhrəmanları üçün səfalətə, iyrəncliyə, səfehliyə, yaramaz dünyaya qarşı özlərini qorumağın bir yoludur. Bernhard qəhrəmanlarında özlərini təhlükəsizlikdə hiss eləyən, ətraflarına yuxarıdan baxmaqdan ləzzət almağı bacaran “uğurlu, qeyri-adi” adamların təhqiramiz lənətləri ilə tanış olmuruq: bu qəhrəmanların hiddəti, hər an fəlakətlərlə üz-üzə gəlməyə alışmış insanların təcrübəsini əzab-əziyyətlə öyrənmiş, sınmamaq, yıxılmamaq, salamat qalmaq üçün əlləşib-vuruşanların hiddətidir. Te-tez bu və ya digər adamın “dik dura bilmədiyindən”, “axırda yıxıldığından”, “bir guşədə quruyub yox olduğundan”, “nəhayət, onun da məhv edildiyindən” söz açıldığı barədə oxuyuruq.
Başqalarının yıxılması, qəddarlıq və səfehliklərlə əhatə olunmuş Bernhard qəhrəmanlarının hər birinə ünvanlanmış təhlükə əlaməti vəzifəsini yerinə yetirir. Onların bu səfehliyinə və dağıdıcılıq təhlükələrinə, başlıca səfilliyə qarşı Bernhardın tez-tez istifadə elədiyi sözlərlə desək, “dayanmaq, dözmək, tab gətirmək, sağ qalmaq” üçün ilk vəzifələri hamıya, hər şeyə sözlə amansızcasına hücum eləməkdirsə, ikinci vəzifələri, özlərini istəyə, “dərin”, “fəlsəfi”, “mənalı” cəhdə, ən azı, fikrə bütünlüklə həsr eləmələridir. Həmin fikirlər dərhal o qəhrəmanlar üçün bütöv bir dünyaya, əl çəkmək mümkün olan yeganə nəsnəyə çevrilir.
“Korrektur” (“Düzəliş”) romanının Lüdviq Vitgensteynə oxşayan əsas qəhrəmanı yaza bilmədiyi bir biyografiyanın illərlə davam eləyən hazırlığı qədər, fikrincə, ona mane olan bacısına duyduğu hiddətdən başqa heç şeyi ağlına gətirə bilmir; “Das Kalkwerk”in baş qəhrəmanı “eşitmə” barədə yazacağı əsəri və həmin əsəri yazmağın şərtlərini aydınlaşdırmaqla məşğuldur; o, çox maraqlı “Holzfällen”in (“Ağac kəsmək”) qəhrəmanı ikrah bəslədiyi vyanalı ziyalıların ziyafətində bütün fikrini onlara nifrət edib, iyrənməyə yönəldir.
Valeri az qala nifrət bəsləyib iyrəndiyimiz bayağılıqlarla, əslində, yaxından maraqlandığımızı, bayağı saydığımız şeylərlə aramızda əlaqə və yaxınlıq olduğunu söyləyir. Bernhardın qəhrəmanları da elə hey nifrət bəslədikləri məsələlərin üzərinə qayıdır, nifrətlərini alovlandıracaq şərtləri axtarır, iyrənmədən, ikrah duymadan yaşaya bilmirlər: Viyanaya nifrət bəsləyir, ora qaçırlar; musiqi aləmindən iyrənir musiqisiz yaşaya bilmirlər; bacılarına nifrət edir, onları axtarırlar; qəzetlərdən iyrənir, oxumadan keçinə bilmirlər; ziyalı gəvəzəliklərindən diksinir, bunun çatışmazlığını duyurlar; ədəbi mükafatlardan iyrənir, təzə kostyumlar geyinib qaça-qaça onları almağa gedirlər... Xoşlamadıqları şeylərin tamamilə əksini edən, nifrət bəslədikləri məsələlərlə məşğul olan, özlərini sanki həmişə suç üstündə yaxalamaq istəyən həmin insanlar Dostoyevskinin obrazlarını, xüsusilə də “Ölü evdən qeydlər”in qəhrəmanlarını xatırladırlar.
Bernhardın Dostoyevski ilə yaxınlığı var. Hər dəfə düşüncələrə və istəklərə cumanda, bunun səfehliyə, ümidsiz müqavimətə çevrildiyini dərk edəndə Bernhard dünyasının Kafka dünyası ilə də səsləşdiyini düşünə bilərsiniz. Amma adları tez-tez birgə anılan Semyuel Bekketin Bernhardla modernlikdən başqa bir yaxınlığı olduğunu güman etmirəm.
Bekketin qəhrəmanları öz ətraflarında baş verənlərə o qədər də diqqət yetirmirlər; başlarına gələn fəlakətlərlə maraqlanmır, öz beyinlərinin içinə çəkilirlər. Bernhardın qəhrəmanları isə tamamilə əksinə, nə qədər qaçmağa çalışsalar da ətraf aləmə həddən artıq açıqdırlar, beyinlərinin içinə çəkilməkdənsə, ətraf aləmin anarxiyasını ehtiva eləyirlər. Bekket hadisələrin arxasındakı səbəb əlaqəsini əməlli-başlı zəiflədir, Bernhard isə həmin səbəblərlə ən xırda təfərrüatlarınadək sıx bağlıdır. Bernhard qəhrəmanları xəstəliyə, məğlubiyyətə, haqsızlığa təslim olmurlar, axıradək qızğın hiddət və ehtirasla mübarizə aparırlar. Axırda məğlub olsalar belə, onların məğlubiyyəti və təslim olmaları ilə yox, qəzəb dolu dava-dalaşları və mübarizələridir.
Yeni tanıdığımız bir yazıçının dünyasına hazırlıq üçün, illah da müqayisə lazım gələrsə, məncə, Ferdinand Selinden söz açmaq daha düzgün olar. Selin kimi Bernhard da ağır şəraitdə mübarizə apara-apara böyümüş yoxsul bir ailənin övladıdır. Atasız böyüyüb, müharibə illərinin ehtiyaclarını yaşayıb, vərəm xəstəliyinə tutulub. Selin kimi Bernhardın da əksəriyyəti avtobioqrafik olan romanlarında həmin illərin daimi mübarizəylə, etirazla, hiddətlə, məğlubiyyətlərlə keçdiyi barədə oxuyuruq. Selinin açıq-aşkar adlarını verib, Lui Araqon, Elza Triole təki özlərini tərifləyən yazıçıları, Qallimar sayaq kitablarını çap eləyən naşirləri lap ağır şəkildə təhqir eləməsi kimi, Bernhard da əlindən tutanlara, mükafat verən qurumlara, köhnə dostlarına lənətlər yağdırır. Bir çox romanları sayaq əvvəldən-axıracan avtobioqrafik olan və Bernhardın köhnə dostlarıyla iştirak etdiyi ziyafətdən söhbət açan “Hölzfällen”də yaşayan adamlar ələ salındığına görə, Avstriyada satışdan yığışdırılıb. Daha cazibədar olan, həmin iki yazıçının da düşdükləri səfalərə dil enerjisi və dil hiddətilə cavab vermələridir. Selinin getdikcə qısalan və üç nöqtəylə başa çatan cümlələrininin əvəzində Bernhardın “tapıntısı” get-gedə uzanan, fasiləsiz təkrarlana-təkrarlana dairəvi, daha doğrusu, “elliptic” hərəkətlər cızan abzaslara heç də ehtiyac duymayan cümlələridir.
Ənənəvi romanın “hadisə hörgüsü” adlandırdığı şeyi Bernhardın dünyasında cümlələrin cızdiği bu “elliptik” hərəkətlər vasitəsi ilə izləyirik. Eyni iddialar və istəklər dönə-dönə təkrarlananda danışılan əhvalat da ağır-ağır irəlləyir. Amma bunlar xatırlandıqca yazılan və yazıldıqca irəliləyən əhvalatlardır. Başa düşürsünüz ki, Thomas Bernhard masa arxasında oturmazdan əvvəl nə əhvalatı bütün təfərrüatları ilə düşünüb, nə də hər şeyi birdəfəlik öz yerinə qoymağın qaygısını çəkib. Sanki bəzi qəhrəmanlarının heç cür yazıb başa çatdıra bilmədikləri kitabları kimi, onun da əvvəlcə beynində yalnız hiddət, nifrət və qızğınlıqla yoğrulmuş müşahidə dumanı var. Həmin duman dağıldıqca geridə kiçik, xoşagələn, qəddar, eyləncəli lətifələr qalır.
Bernhardın romanları həddən artıq vurğunluqla qələmə alınmalarına baxmayaraq, dramatik deyil, lətifəvaridir: romandan alacağımız zövq kitabın bütövlüyündən çox, eynilə roman dünyamızda olduğu kimi, mətnə səpələnmiş kiçik əhvalatlara bağlıdır. Həmin kiçik əhvalatların, xüsusilə ziyalılar, sənətçilərlə əlaqədar olanlarının da çoxunun onlar haqqında şişirdilmiş qəddarcasına iddialar, dedi-qodular və təhqirlər üzrində qurulduğu da xatırlansa, Bernhardın roman aləminin yalnız formaca yox, ruhən də bəzən bizim romanlara yaxın olduğunu düşünə bilərik. O hamımızın hiddətlə elədiyimiz hücumları, qəddarlıqları, elə hey təkrarladığımız nifrətləri, lənətləri, istəkləri hamının qarşısında açıq-aydın deməyin və bunu “gözə sənət” səviyyəsinə qaldırmağın yolunu tapıb.
Amma dünyasının və sənətinin qavranılmasında qırılma nöqtəsi də budur. Lənətlər yağdırdığı gəzetlərin ondan get-gedə daha çox söz açdıqlaını, üzlərinə tüpürdüyü münsiflər heyəti üzvlərinin ona yeni mükafatlar verdiklərini, söyüb-batırdığı teatrların isə yazıçının pyeslərini səhnələşdirmək üçün arxasınca qaçdıqlarını görənlər inanmaq istədikləri bir nağılın, əslində, “nağıl” olduğunu başa düşəndə qəlblərini bürüyən kədərə cumurlar. Bu, romancının dünyasıyla, roman qəhrəmanları dünyasının bir-birindən tamamilə fərqli dünyalar olduğunu bir daha xatırlamaq üçün yaxşı fürsətdir. Amma həmin dünyanın israrla “avtobiorafik” olmak istədiyini və bütün gücünü həqiqi hiddətdən aldığını düşünəndə oxuduğunuz hər Bernhard romanından sonra, romanların içindən keçib xəyalınızda qurmağa çalışdığınız “dəyərlər dünyası”nın niyə hey sizi eynilə romanların özü kimi, karikatürləri xatırladan bir tamaşaya daxil elədiyini sezəcəkiniz.
Bəzi kitablarında qəhrəmanların get-gedə artan hiddəti ilə birgə arabir dil bayramını xatırladan, zamandakı sıçrayışlarla bəzən çözülməsi çətin, upuzun cümlələrdən ibarət olan və danışanların tutarsızlığıyla da arada dolaşan Bernhard dünyasına giriş üçün, məncə, “Vitgenşteynin bacısı oğlu” əsəri rahat başlangıcdır. Tomas Bernhardın roman dünyasını daha yaxından tanımalı, onun daha mürəkkəb və daha zəngin olan o biri kitablarını da tərcümə etməliyik.