Mənim kişiyə ehtiyacım yoxdur

Mənim kişiyə ehtiyacım yoxdur
16 oktyabr 2023
# 21:00

Kulis.az Günel Novruzun “Mənim kişiyə ehtiyacım yoxdur” adlı yeni yazısını təqdim edir.

Mən hələ başıma gələnlər haqqında yazmağa qərar verəndə bilirdim ki, məni söyənlər də, yaşadıqlarıma görə üzülənlər də, saniyədə altı mesaj yazıb nömrəmi istəyənlər də olacaq.

Öyrəşməmisiniz axı ki, bir qadın səmimi şəkildə etiraf etsin.

Qadın olduğu gün haqqında danışsın, ayrılığının səbəbini yazsın.

Qadın-kişi münasibətlərini çılpaqlığı ilə dilinə gətirsin.

Siz istəyirsiniz ki, sizi aldatsınlar, aldanasınız.

Ya da qorxursunuz. Qorxursunuz ki, birdən kişilərin xəyanəti, yalançılığı, xəsisliyi haqqında yazaram, qadınların gözü açılar. Qorxursunuz ki, sizin, əslində, necə qadınları sevdiyinizi, hansı qadınlara görə pul xərclədiyinizi yazaram.

Açığı, qadınlardan belə reaksiya gözləmirdim. Düşünürdüm ki, bir qadın kimi məni başa düşərlər. Dəstək verərlər mənə.

Sən demə, qadınlar da aldanmaq istəyir.

İstəyirlər ki, nə olur-olsun, söz-söhbət çıxmasın.

Başa düşürəm sizi.

Elə cəmiyyətdə yaşayırıq ki, boşanan, dul qadınlara min cür vedrə qoşurlar. Cəmiyyət bir yana, onları heç öz doğma ailələri qəbul etmir bəzən.

Ancaq nə vaxtacan belə davam etməlidir?

Axı siz insansınız!

Bir qadından öncə siz insansınız!

Özünüzə dəyər verin!

Mən əxlaqsız deyiləm, fahişə heç deyiləm.

Boşanmışam, bəli, ancaq işləyirəm, şükür.

Az-çox qazanıram, maaşım mənə bəsdir, pula görə bir kişiyə ehtiyacım yoxdur.

İtim var, onu qucaqlayıram, qucaqlaşıb yatırıq. Bədəninə görə bir kişiyə ehtiyacım yoxdur.

Əllərim var, hisslərim ölməyib. Sırf cinsi tələbata görə bir kişiyə ehtiyacım yoxdur.

Arxa-dayaq? Qətiyyən! Dostlarım var, hər nə olsa, yanımdadırlar. Bir də ki, hansı zəmanədi? Kim mənə nə edəcək? Dövlətin qaydası, qanunu var. Ölüm? Bir ölümə çarə yoxdur.

Uşaq da istəmirəm. Soruşsanız, səhhətimdə problem yoxdur, ancaq belə bir cəmiyyətə, bu zehniyyətdə olan insanların arasına növbəti qurbanı doğmaq istəmirəm. İslamı təhrif etmiş ölkələrdə uşaq dünyaya gətirən valideynlər qatildi.

İmkanım əl versə, ev ala bilsəm, uşaqlar evinə müraciət edəcəm, bir uşağı oxudacam, onun əsl vətəndaş olması üçün, gərəkli kadr olması üçün bacardığımı edəcəm.

Bundan ötrü isə kişiyə ehtiyacım yoxdur.

Mənim insana, sözün əsl mənasında bir insana ehtiyacım vardı. O da alınmadı, olmadı. Mən o adamla rastlaşmadım.

Siz rastlaşmısınız, lap yaxşı, xoşbəxt olun.

Mən sizi qınamıram, siz də məni qınamayın.

Əksinə, mənim növbəti yazılarım, ola bilər ki, sizin münasibətlərinizin aydınlaşmasına vəsilə olsun. Bu yazılarda özünüzü görüb, münasibətinizi daha da möhkəmləndirə bilərsiniz.

Ya da bu yazılarda özünüzü görəndən sonra ayrıla bilərsiniz. İnanın ki, bu, hər iki tərəf üçün yaxşı haldır.

Birgəyaşayışın əsas sütunu elə səmimiyyətdir.

Bəlkə də, siz bir-birinizə mənim yazdığım məsələlər haqqında deyə bilmirsiniz, ancaq bundan sonra sizin üçün rahat olacaq.

Mən hər şeyi olduğu kimi, səbəbi ilə, nəticəsi ilə birlikdə yazıram.

Əlbəttə, bəzi məsələləri də üstüörtülü qeyd edirəm ki, sayt yazımı dərc edə bilsin.

Keçən yazıda qadın olduğum günün səhəri haqqında yazmışdım.

Nəyi pisdir?

Kim həyatındakı kişilərə həmin gün haqqında mənim kimi səmimi, çılpaqlığı ilə danışıb?

Orda məsələ əxlaqsızlıq, tərbiyəsizlik yox, üç ildir eyni ətirdən istifadə edən qadının qoxusunu iş yoldaşlarının məhz həmin gün duymağı idi.

Üç ildir saçını rəngləməyən qadının saçlarına baxıb “necə gözəl alınıb” deyirlər. Onu məhz qadın olduğu günün səhəri görürlər. Niyə? Nə üçün?

Məsələ budur.

Siz bu məsələlərin üstündən keçib gəlmisiniz məni təhqir etməyə.

İnanıram ki, növbəti yazılara oxumadan, başa düşmədən reaksiya verməzsiniz.

# 4552 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #