Hekayə birinci cümlədən oxucunu tora salır - Hekayə müzakirəsi

Hekayə birinci cümlədən oxucunu tora salır - Hekayə müzakirəsi
28 dekabr 2022
# 17:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Xəyyam Rəfilinin "Üç dövrə" hekayəsi haqqında yazarların fikirlərinin təqdim edir.

Qeyd edək ki, "Üç dövrə" hekayəsi Kulisin Hekayə müsabiqəsində 3-cü yerə layiq görülmüşdü.

İlham Əziz

Fotoğraf açıklaması yok.

Xəyyam elə nasirlərdəndir ki, istəsə də pis yaza bilməz. Nəsri duyan adamın daxili senzurası olur. Xəyyamın həm daxili, həm də kənar senzurası var. Həm də Xəyyam hekayəsinin üstündə əsən adamdı. Haqlı olaraq da bu hekayə müsabiqədə 3 cü yerə layiq görüldü. İstər atmosfer, istərsə də təhkiyə baxımından hekayədə heç bir problem yoxdu.

Sadəcə Xəyyam bu hekayəni hələ dərc etməmişdən mənə oxumağa vermişdi. Yeganə iradım sonda mətləbin izah məsələsi idi. Mənə elə gəlir, nəsrdə bir söhbəti açıb-ağartmaq yox, nişan vermək daha gözəldir. Qalan elementlər yerindədi. Və Xəyyamın o biri hekayələri kimi bu hekayəsində də çoxlu simvollar var. Kim bunları tutmayıbsa, hekayəni bir də diqqətlə oxusun. Mətnin sətrləri arasına sıxılıb qalmış böyük mətləblər var. Qələm dostumu bir də buradan təbrik edir, yaradıcılıq uğurları diləyirəm

Orxan Cuvarlı

Tükəndiklərini niyə qəbul etmirlər?

Hekayə birinci cümlədən oxucunu tora salır. Adətən hekayəyə uzun-uzadı girişlərlə başlanılır. Bu mənada hekayənin başlanğıcı Xəyyamın digər hekayələrinə də xas olan açıqlıqdadır. Xəyyam mətnlərində duyğusal qatı ört-basdır edir, hekayənin sonuna yaxınlaşdıqca müəllifin gizlətdiyi ruhi-emosional burulğan oxucunu alıb aparır.

Azyaşlı uşağın fəhmi, müşahidələri ilə qurulan süjet xətti mətn boyunca oxucunu tanış atmosferlə müşayiət edir. Uşağın səbəbi tapılmayan xəstəliyi, rüşvətlə ilk tanışlığı, ailənin batil inancları, Bilal əmi obrazının ziddiyyətli cəhətləri həmin kəndin, insanların mənzərəsini beynimizdə canlandırır. Xəyyamın hekayələrinə xas bilinməzlik, gözlənilməz sonluq bu hekayədə qarşımıza çıxmır. Buna rəğmən müəllif ustalığına görə hekayə özünü sonadək oxudur, bir şəcərənin inanclarına, cəhalətinə, azyaşlı uşağın sarsıntılarına inandıra bilir.

Orxan Həsəni

Oğlum, ölmək istəmirəm! - Orxan Həsəni yazır...

Xəyyam Rəfilinin hekayəsi gözəl maneken kimidir. Bu gözəllikdə valehedici işıq, görüntü varsa da, can, ruh yoxdur. Ona aşiq olarsan, lakin bu eşqi yaşamaq mümkün deyil. Hekayənin havası müəllifin nəsri üçün ənənəvidir. Mətn bizi tanış atmosfer ilə salamlayır. Lakin süjet təəssüfləndirir. Bilal əminin obrazın başına dönüb onun xəstəliyini alması süjetdə asana qaçmaqdır, gözəl gələn təhkiyəni mistikaya uduzmaqdır. İnam və gerçəklik həyatda bir-biri ilə iç-içə olsa da, onların hərəsi bir aləmin komponentləridir və onların hərəsinin öz qayda-qanunları var, inam gerçəkliyin, gerçəklik inamın qaydalarına çox zaman uyğunlaşmır. Bilal əminin inamını realist hekayənin sonluğuna çevirərkən, güman edirəm, müəllif bunu nəzərə almayıb. Bəlkə, onun özü də buna inanır. Elə bu məqamda ənənəvi düstur köməyimizə çatır: İnandığını yazmalı, yazdığına inanmamalısan!

Təvəkkül Boysunar

Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar - Hekayə - Təvəkgül BOYSUNAR |  Edebiyyatqazeti.az

Xəyyam Rəfilinin bu hekayəsini əvvəl də bir dəfə oxumuşdum. İndi yenə təkrar oxudum. Əsas qüsurlardan biri kimi onu demək olar ki, çox az müəllifin nail ola bildiyi ustalıq, yəni oxucunu mətnin sonuna qədər tutub saxlamaq ustalığı bir çox müasir hekayələrimizdəki kimi burda da çatışmır. Nəticədə oxucu ilk cümlələrdən, yaxud abzaslardan sonra mətnə marağını itirir.

Bir də mənim fikrimcə, yazıçı, əsərindəki avtobioqrafik detalları nə qədər gizlədə, yaxud maskalaya bilirsə, mətn o qədər uğurlu alınır. Əgər həmin avtobioqrafik detallar yazıçı təxəyyülünə bürünüb gizlədilmirsə, əsərin bədii keyfiyyəti də bir qədər aşağı düşür. Hekayənin kulminasiya hissəsi və sonluğunun yaxşı alındığını demək olar. Müəllifə uğurlar arzulayıram və üçüncü yerə layiq görülməsi münasibətilə bir daha təbrik edirəm.

# 2603 dəfə oxunub

Müəllifin son yazıları

# # #