Dövlətin, ailənin və fərdin idarə edilməsi haqda – Tural Amin

Dövlətin, ailənin və fərdin idarə edilməsi haqda – Tural Amin
25 iyun 2023
# 19:00

Kulis.az Tural Aminin "Disiplin nəzəriyyəsi və Avropa tarixində disiplinləşmə" essesini təqdim edir.

Müasirləşmə (və ya modernləşmə) prosesi haqqında ilk yazımızda Maks Veber və Norbert Eliasın nəzəriyyələri ilə ümumi tanış olumuşduq. Bu portalda dərc olunan “Müasirləşmə prosesi – inkişaf yoxsa qadağalar toplusu?” məqaləmizdə adı çəkilən müəlliflərin işlədiyi tezisləri oxucuların diqqətinə çatdırmışdıq. İstər Maks Veberin rasionallıq, istərsə də Norbert Eliasın sivilizasiya nəzəriyyəsi tarixi proseslərin analizi və bunun nəticəsində Qərb cəmiyyətinin inkişafının qlobal müstəvidə təsvirindən ibarətdir. Lakin Mişel Fukonun tarixi proseslərə baxışı sələflərindən fərqlənirdi. O, Veber və Eliasdan fərqli olaraq, bu prosesin hərəkətverici qüvvəsi olan mexanizimlərin araşdırılmasına daha çox zaman ayırıb.

20-ci əsrin ən böyük fikir adamlarından olan fransız filosofu Mişel Fuko (Michel Foucault 1926-1984) özünə məxsus üslubu, fərqli yanaşması və dərin zəkası ilə müasirlərinə - siyasət, fəlsəfə və sosial elmlərlə məşğul olan elm və fikir adamlarına böyük təsir edib. Onun bütün kitablarında dövr edən əsas diskurs cəmiyyətdəki disiplinin mədəni məxanizimlərə çevrilməsidir. Yaradıcılığı dövründə fərqli mövzulara toxunsa da, əsas xətlər dəyişilməz olaraq mövcudiyyətini qoruya bilmişdi. Yuxarıda da qeyd etdiyimiz kimi mexanizimlərə xüsusi diqqət ayıran Mişel Fuko, dəlilik və normallıq arasında fərqlərin tarixin müxtəlif dövrlərində necə olması, dəyişikliyin baş verməsi və bunun səbəblərini araşdırmaqla institutlar və cəmiyyət arasındakı əlaqəni incəliklərinə qədər hər kəsə təqdim edə bilib. “ Dəlilik və ağılsızlıq: Dəliliyin tarixi ” (“Folie et déraison: Histoire de la folie à l'âge classique”) və “Disiplin və cəza: həbsxananın yaranışı” (“ Surveiller et punir: Naissance de la prison”) əsərlərində Avropa tarixində disiplin, cəza, həbsxana, institutlar, maarifçilik hərəkatı, təlim-tərbiyyə, fərdiləşmə haqqında irəli sürdüyü tezislər haqqında günümüzə qədər saysız hesabsız elmi məqalələr və kitablar yazılıb.

Fukoya görə müasir cəmiyyət aralıqsız olaraq sıxıntı və gərginlik istehsal edən insanlar topluluğudur. Və bu cəmiyyətin parçası olan fərdlər üçün bir yerdən sonra artıq disiplin mexanizminin yaradılması və tətbiqi qaçınılmaz olur. Böyük təkamül prosesi keçən cəmiyyət bunu məktəb və internatlar, həbsxanalar, fabrik və zavodlar, hərbi kazarmalar və xəstəxanalar vasitəsi ilə reallaşdıra bildi. Və bütün bunlar müasirləşmə prosesi ilə eyni vaxta üst – üstə düşdü. Beləliklə, müasirləşmə prosesi ilə yeni bir məhfum, ictimai nəzarət ortaya çıxdı. Lakin bu, əvvəlki cəmiyyətlərdə nəzarət mexanizimlərinin yoxluğu kimi qavranılmamalıdır. Həmin cəmiyyətlərdə adət - ənənə və dəyərlər toplusu insanlar arasındakı münasibətləri nizamlamağa kifayət edirdi. Bunun əksinə olaraq müasir cəmiyyətdə plan və proqrama əsaslanan, qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasına xidmət edən peşəkar qurum və fərdlərin ön plana çıxması ilə xarakterizə olunmalıdır. Həkimlər, müəllimlər, tərbiyəçilər, sosial işçilər, psixiatrlar, həbsxana nəzarətçiləri bu nəzarətin əsas özəyini təşkil etməyə başladılar.

Biz bu yazıda Mişel Fukonun disiplin və ya intizam nəzəriyyəsi haqqında əsas tezislərinə nəzər yetirərək mexanizimlərin ortaya çıxması, təkmilləşməsi və insanlar tərəfindən əxz olunmasını oxuculara çatdırmaq niyyətindəyik. Günümüzdə cəmiyyətimizdəki böyük xaos əslində disiplinsizliyin məhsuludur. Disiplinsiz cəmiyyətdə mədəniyyət olmadığı kimi, disiplinsiz cəmiyyətdə faydalı iş əmsalı yüksək olan insanların yetişməsi də imkansızdır. Ona görə də, Avropa tarixində bu mexanizmlərin necə formalaşıdığını Fuko vasitəsi ilə izah edərək həm də cəmiyyətimizdəki boşluqlara toxunmaq əsas məqsədimizdir. Bundan başqa müasir cəmiyyətin əsas özülünü təşkil edən institutların vacibliyini də diqqətinizə çatdıracağıq.

Giriş

Mişel Fuko yaradıcılığına nəzər salsaq görərik ki, onun əsərlərinin hər birində əsas ana xətt güc - hakimiyyət bağlılığının formalaşması, inkişafı və nəticədə isə fərqli insan münasibətlərinin ortaya çıxmasının analizindən ibarətdir. Bu analiz isə daha çox dəlilik, xəstəlik, cəza, seksualizm və bunların rasionallaşma yolundakı mexanizmlərinin geniş kütlələrə çatdırmağa xidmət edir. Fuko, bunu qədim dövrlərdən başlayaraq günümüzə qədər sıralaya bilib. Avropa tarixinə, xüsusi ilə də Maarifçilik mərhələsinə xüsusi ilə toxunan Mişel Fukonun cavab tapmaq istədiyi suallar bunlardır:

- İnsan biliyi necə öz nəzarətinə götürə bildi?

- Hansı tarixi şərtlər və rasional məqsədlər tələb olunurdu?

- Və nəhayət bunların dəyəri necə qarşılandı?

İrəli sürülən bu suallar Fukonun yaradacılığının ilk illərindən başlayaraq dəlilik, tibb, ədəbiyyat haqqında yazdığı elmi məqalələrdə rast gəlinir və bu suallar sonrakı illərdə ortaya çıxacaq fundamental əsərlərdə daha da qabardılır. Bu yazı təbii ki, bu sualların əksini isbat edəcək cavablar tapmaq məqsədi güdmədiyi üçün, müəllifin əsərlərində işlətdiyi faktlara toxunaraq Azərbaycan oxucusunda Mişel Fuko yaradacılığı haqqında ümumi təsəvvür yaratmaq məqsədi daşıyır. Fukonun bir başa istifadə etdiyi metodların tətbiqini oxucuya çatdırmaq üçün bu məqalədə bir neçə məqalə və əsərlərinə müraciət edəcəyik. Eyni zamanda mövzu ilə bir başa bağlılığı olan digər müəlliflərə də istinad edərək daha obyektiv fikri oxucuya çatdırmaq da əhəmiyyətli bir nüansdır. Bu yazının sonunda oxucu özü üçün məhsuldar, intellektual və eyni zamanda analitik Fukonu kəşf edə bilər. Fukonun tarixi proseslərin müqabilində toxunduğu diskurs, güc və gündəlik həyatda insan münasibətlərinin analizi təkcə keçmişi anlamaq üçün deyil, eləcə də gələcəyə işıq tutmaq üçün aktuallığını qoruyur. Bu da, insanı yenidən düşünmək təlabatı ilə qarşı – qarşıya qoyur. İstər keçmişdə, istərsə də günümüzdə baş verən hadisələrin insan münasibətlərini formalaşdırması, insanın biliyə, həqiqətə və azadlığa olan təlabatını daha da qabardır.

Fuko, “güc - hakimiyyət” münasibətlərini başa düşmək üçün “nəzəriyyənin” əksinə “analitik” fikir və ya ən azı “ mexanizm” formalaşdırmağı təklif edirdi. Digər deyişlə “Güc nədir?” fikrinin əksinə, gücün tarixi və real kontekstə “necə işləməsini” təsvir etməyə çalışırdı. Başqa deyişlə bu yeni fikirlər gələcəkdə formalaşacaq yeni nəzəriyyələrə işıq tutmaqdan daha çox, günümüzdəki güc münasibətlərinin formalaşmasını mərhələ-mərhələ göstərəcəkdi. Bütün bunları növbəti başlıqlarda izah edərəkən Mişel Fuko ilə yanaşı digər mənbələrə də istinad edəcəyik.

Mişel Fuko

***

Fuko yaradıcılığını incələyərkən diqqəti çəkən fundamental tapıntılardan biri, insanların digər insanları idarə edən və ya nəzarətdə saxlama mexanizminin disiplinin şəxsiləşməsi nəticəsində ortaya çıxmasıdır. Misal olaraq, biz təhsil qurumlarını incələsək, görərik ki, şagirdləri disiplinlə tanış edən məktəb müəllimləri, sonradan yetişdirdikləri şagirdlərin qəbul etdiyi yeni qanunlar (hər hansı milət vəkili, məmur, polis və s.) nəticəsində müxtəlif qayda-qanunlara alışmağa məcbur qalırlar. Müəllif bunların tarixini “Dəlikik və ağılsızlıq: Dəliliyin tarixi ” və “ Disiplin və cəza: həbsxananın yaranışı” əsərlərində geniş kütlələrə təqdim edir. Fukoya görə hakimiyyətin idarə olunması texnologiyası krallar və tayfa başçılarının öz təəbələrinə nəzarətin primitiv formaları ilə başlayıb. İlk “pastoral” mexanizmlər Yaxın Şərq cəmiyyətlərində başlayaraq, ardınca qədim Yunanistan və Romada tətbiq olundu. Xristianlığın yaranışı və yayılışı ilə yeni forma alan həmin mexanizmlər 17-ci əsrdən başlayaraq yeni mərhələyə qədəm qoydu. Pedoqogika və etikanın önə çıxması ilə başlanan bu mərhələdə etiraf, fərdin özünü təkmilləşdirməsi üçün sərf etdiyi enerji siyasi mərkəzləşmə və insanlar arasındakı münasibətlərin mürəkkəbləşməsi ilə bir başa bağlıdır. Fuko burada müasir disiplinin ortaya çıxdığını vurğulayır. Müşahidə, normallaşma, nəzarət və mükəmməlləşmə kimi ideyalar Maarifçilik dövrü filosoflarının fikirlərində xüsusi ilə qabardılaraq, özünü bunun bir başa tətbiqi olan “mexanizimlərə” (oxu- Ponoptikon) verdi. Bununla da müasir cəmiyyətdə bir - birindən elə də çox fərqlənməyən insanların “inkubasiya” prosesi geniş yayılmağa başladı. Burada bizim təsvir etmək istədiyimiz prosesi Fukonun öz sözləri ilə davam edək:

… fərdin özünü nəzarət prosesində ortaya çıxan praktikanın digərlərinə aşılanması…. (hansı) vasitə ,“təcrübə” ilə müxtəlif qruplar arasındakı əlaqələrin inkişafına nail olundu?

Araşdırdığı sahələrə olan fundamental yanaşması ilə fərqlənən Mişel Fukonun bu sual ətrafında araşdırması qədim Misir, Babil, Assur cəmiyyətlərinə və onların krallarına, Yəhudi xalqı, Tanrı ilə bağlılıq və cəmiyyətdə rəhbərlərin ortaya çıxma prosesinə qədər gedib çıxır. Liderlərin öz xalqı üzərindəki rəhbərliyinin getdikcə yeni forma alması -Xristianlığın ilk illərindən başlayaraq, yeni keyfiyyətlərlə xarakterizə olunmağa başladı. Liderin nüuzu, bələdçiliyi, gözü açıqlığı, məsuliyyəti və nəhayət gərək olduğu halda fədakarlığı topluluq, icma daxilindəki ümumi rifahın, həm də fərdi xilasın (liderin fərd üçün göstərdiyi təşəbbüs) qorunmasına xidmət edirdi. Fukonun burada pastoral həyata istinad etməsi diqqətdən qaçmır. Primitiv cəmiyyətlərdə, insanlar arasındakı fərqlərin olmadığı bir mühitdə, (Durkheim and Halls 1997);(Foucault 2012) fərdi diqqət və qayğı özünü başqa formada göstərir. Bir çoban üçün sürünün ( qeyd- bu kontekstdə bir üst mərtəbə xalqdır) böyüklüyü və əhəmiyyəti nə qədər vacibdirsə, yeni doğulmuş quzuya göstəriləcək qayğı da eyni ölçüdə olacaq. Məhz bu məntiqlə yola çıxaraq, son iki min illikdə Qərbin idarə etmə mexanizmləri fərdiləşdirmə trayektoriyası (yeni doğulmuş quzu kontekstində) və ümumiləşdirmə trayektoriyası (bütün xalq və ya sürü kontekstində) səciyyəvi və ardıcıl hal almağa başlayaraq tədricən bir əldə - Dövlətdə toplandı. Və ya Fukonun dediyi kimi, “fərdlərin idarə edilməsi üçün foralaşdırılan güc mexanizmləri, insanları davamlı və məqsədli şəkildə istiqamətləndirməyə; eyni zamanda da , gücün mərkəzi dövlətdə cəmləndirilməsinə xidmət edirdi.”(Foucault 2012). Pastoral cəmiyyətlərdə güc münasibətlərinin tətbiqi həm fərdin təcrübələrinə, həm də ki, qrup daxilində formalaşmış ənənəyə dayalı olduğu üçün bilik, bacarıq, texniki qabiliyyətlər zaman – zaman müəyyən azlığın əlində cəmləşir və bu da onlara şüurlu şəkildə idarə etmək imkanı yaradır (Foucault 2012) . Biz, bu əsaslandırmaya Zigmunt Baumanı oxuyarkən də rast gəlirik, “...pastoral güc münasibətləri artan xəttlə davamlılığını qoruyaraq təsir gücünü də artırır. Bu zaman yamsılanma, vasitəçilik, təlqin və bu kimi texnologiyalar vasitəsi ilə insanlara aşılanan gücün təsiri tədricən insanların cismində və ruhunda əks olunmğa başlayır" (Bauman 2013).

Mişel Fuko pastoral cəmiyyətdən Xristianlığa qədər olan dövr ərizində müxtəlif xalqlar, onların yanaşma tərzi haqqında müxtəlif diskurslarda ortaya çıxan sualları oxuyucuya çatdırsa da, Xristianlığın ilk illərindən üzü bəri təsvir etdiyi mənzərə Fukonu xüsusi ilə diqqət mərkəzində saxlayır. Sələfləri Veber və Eliasda olduğu kimi Fukoda da Xristianlıq və yeni cəmiyyət anlayışının formalaşma mərhələlərinə rast gəlirik. Əgər biz buna Veberdə protestant etikası, Eliasda hisslərin, emosioların cilovlanması kontekstində rast gəliriksə, Fuko bunu "etiraf" ritualında və bu ritualın fərdiləşdirilməsində görür. Biz onun fikirlərinə aşağıdakı sətirlərdə rast gəlirik:

"... Xristianlıq etiraf ritualıdır, hansı ki, bir çox öhdəlikləri özündə ehtiva edir; bunlar sadəcə doqmaya əməl etmək və ya müəyyən mətnlərə sadiq qalmaqla məhdudlaşmır; eyni zamanda daha dərindən tədqiq etmək və birinin düşüncə və səhvlərini öz fikirləri ilə ifadə etməkdən ibarətdir". Və ya, “... xristianlıq , günaha aid olmayan hər şeyin ifadə edilməsini mümkün etdi.... ‘ ki, bunlar əməllərdən çox düşüncəyə aiddir.’(Foucault 2012)"

Lakin “etiraf” ritualının formalaşması da uzun bir prosesdir. Bu ritual uzun müddət bir qrup elita üçün kəçərli idi. Xristianlığın ilk əsrlərində qrup şəklində icra olunan bu mərasim, “əməldən” daha çox, “status” xarakteri daşıyırdı. Fukoya görə bu zaman, özünü sorğulama fərdin özünə hörməti və daxili natamamlıq arasındakı bağlılığı dərk etməyə imkan verir. Ardıcıl olaraq davam edən proses tədricən yeni müstəviyə keçməyə başlayır. 1000 – 1200 – cü illər arası Katolik Kilsəsi individual etirafın tətbiqini qəbul edir. Məhz bu ərəfədə individualizimin işartılarını fərqli sahələrdə də görünməyə başlandı. Biz bunu həmin dövrdə geniş yayılmağa başlayan avtobioqrafiya, günlüklərdən və ortaya çıxmağa başlayan portretlərdən görə bilərik. İndividualizm, hansı ki, Fuko və digərləri də bunu qeyd edir, modern cəmiyyətə aid bir məfhum deyil, daha çox kökü qədim dövrlərə gedib çıxan, uzun inkişaf prosesi keçən bir fenomendir. Hər dövrə xas xüsusiyyəti özündə daşıyıb, fərqli cür qəbul edilib. 12-ci əsrdən başlayaraq iqtisadiyyatın yüksəlişi, ali təhsilin əhəmiyyətinin artması, “fərdin seçimlərlə qarşılaşması” bir əsr əvvəl təsəvvür belə edilməzdi. Həqiqətən də cəmiyyətdə gedən “mutasiya” prosesində sosial münasibətlər də “yenidən” kəşf edilərək demoqrafik artım, disiplin mexanizmlərinin tətbiqi nəticəsində, şəxsi qərarların fonunda ortaya "modern insan" çıxdı.

***

13 – cü əsrdən əsrdən başlayaraq “etiraf” Xristianlıqda əsas dini rituala çevrildi. Həmin vaxtdan Reformasiyaya qədər olan dövrdə ortaya çıxan etik qanunlar tədricən rəhbərlərin nəzarəti altına keçirdi. Bu proses 15-16-cı əsrlərdə yeni siyasi rasionallıq ilə daha əvvəl görülməyən fərqli bir forma alırdı. Pastoral cəmiyyətlərdən fərqli olaraq, bütün bunlar böyük monarxiya dövlətlərinin daxilində baş verirdi. Bu rasionallaşmanı çoxlarının əksinə ən müfəssəl şəkildə Bauman təsvir edir: “Formalaşan yeni ictimai nəzarət anlayışı siyasi səlahiyyətin qanuniləşməsi ilə birlikdə ortaya çıxdı. İlk olaraq yeni siyasi rasional düşüncə, müxtəlif elmi əsərlərdə idarəetmə sənətinin incəliklərini müasir dövlət konsepti ilə müəyyən qruplara əxz olundu. Ardınca da, bu, özünü feodalizimin struktur olaraq çöküşünün sürətləndiyi bir vaxtda, sistemin ilahi qüvvə tərəfindən qurulması deyil, əksinə insan məhsulu olmasının dərk edilməsi ilə “sosial kontrakt” ya da ki, qanun vericinin lahiyəsi olaraq qəbul olunmağa başlandı.” (Bauman 2013)

Bauman

Bu da təsadüfü deyil ki, Baumanın da göstərdiyi elmi əsərlərin əhəmiyyətini, hansı ki, idarəetmə sənətinin incəlikləri təsvir olunurdu, Fukoya görə Makiavellinin “ Il Principe ” – “Hökmdar” məhz bu kateqoriyada ən aktual əsərdir. Dövlətin (siyasət), ailənin (iqtisadiyyat) və fərdin özünün (əxlaq) idarə edilməsi daxili və xarici faktorları birləşdirib, qarşılıqlı əlaqəni gücələndirir. Bu qarşılıqlı əlaqənin məntiqi olaraq peşakarlaşma, bacarıq və biliklərin ardıcıl olaraq ötürülməsi öz növbəsində elmin və biliyin əhəmiyyətini artırır. Dövlətin genişlənməsi, insanlara nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədlərini reallaşdırmaq üçün elmə daha çox güvən artır. Statistika, idarəetmə sahəsində ortaya çıxan əsərlər də bu dövrə aiddir. 18-ci əsrin başlarından etibarən dərc edilən kitablar arasında ən əhəmiyyətlisi, Enskilopediyanın nəşr oldu. Ensiklopediyalar bitib tükənmək bilməyən əlavələr, şərhlər və yenilikləri ilə dövlətin gücü və elmin vacibliyi arasında bağlılıq yaratmağa başladı. Ensiklopediyaların oxucu kütləsi bu vasitə ilə “Maarifçilik dövrü” filosoflarının fikirləri ilə tanış olmağa başladı. Bu kütlə sadəcə tacir və burjuaziya sinfi deyil, eyni zamanda hakim sinfi də əhatə edirdi. R. Vutnovun da dediyi kimi, “dövlət məmurları, parlament nümayəndələri, hakimlər, hüquqşünaslar, ordu zabitləri, salonlarda toplanan qadınlar və kişilər, universitet rəsmiləri, kilsənin bəzi ali dini rəhbərləri də genişlənməkdə olan əhatə dairəsinə daxil idi.” Fukonun Maarifçilik haqqında fikirlərini, “Maarifçilik təkcə azadlıq dəyərlərini insanlara aşılamadı, eyni zamanda disiplini də yaydı,” Vutnov fərqli prizmadan izah edir: “Yeni maarifçi fikirlərin təbliği ilə məşğul olan insanlar tərəfindən təklif edilən yeni təhsil proqramı, təlim-tərbiyyə mexanizmi əsasında ortaya çıxan yeni kollec və akademiyalarda daha disiplinli fərdlər yetişməyə başladı. Eyni zamanda alimlərə himayədarlığın bəzi dairələrdə artan xəttlə davam etməsi, “yeni insan” modelinə olan ehtiyacın bir göstərcisi idi.” (Wuthnow 2009)

Burada “etirafdan” disiplinə qədər uzanan mərhələdə Fukonun "Qərb insanı etiraf edən varlığa çevrildi" fikri də kilsədən geniş auditoriyalara uzanan müzakirələrin əsasını təşkil edir. İnsanlar, artıq din xadimləri ilə deyil, öz dəyərlərini bölüşən insanlarla söhbətlərin effektivliyinə inanmağa başladılar. Və ya Fukonun dediyi kimi:

“Etiraf etmək məcburiyyəti ilə, gizli zövq və istəklər arasında sıxışıb qalan insanlar fərqli mexanizimlərə müraciət etməyə başlayırlar. Valideynlər və övladlar, həkimlər və xəstələr, psixoanalitiklər və müştəriləri, psixiatrlar və isteriklər arasında yaranan münasibət “etiraf” ritualının əvəzində formalaşan mexanizmə çevrildi. ”(Fuko 2012)

Disiplinin yüksəlişi

16-cı əsrdən etibarən, modernizmin yarandığı bir dövrdə Fukoya görə “disiplin” və ya “disiplin mexanizmi” güc münasibətlərinə yeni məna qatmağa başladı. Kral və ya imperatorun nəzarətində olan ən böyük güc - etiraf, yeni etik dəyərlər vasitəsi ilə xüsusi bir məna daşıyaraq gündəlik həyatın bir parçasına çevrildi. Bu özünü, gündəlik işlərin getdikcə diisiplinə uyğun olaraq icra edilməsində göstərirdi. Fukoya görə bu, “gücün idarə edilməsi ritualının disiplinləşməsi” kimi də xarakterizə edilə bilər. Təbii ki, güc- hakimiyyət kontekstində ortaya çıxa disiplinləşmə özünü ilk öncə, kral və ona yaxın çevrədə başlandı. Hakimiyyətin qorunması prosesində mövcud olan mexanizmlər fərqli auraya “bürünərək” disiplinləşdilər. Bu prosesdə monarxın mövcudiyyəti (oxu- hakimiyyətin bütün ölkəyə yayılması) disiplin mexanizimin gündəlik həyata keçidi üçün vacib şərt idi. Fukonun da dediyi kimi, “... bu mexanizmlərin çiçəkləndiyi bir dövrdə, disiplin cəmiyyətdə İmpretor və onun hakimiyyətinin qəbul edilməsi kimi qavranılırdı”.

Bəhs etdiyimiz zamanda ortaya çıxan disiplin mexanizmləri daha əvvəlcə monastr, kazarma və emalatxanalarda tətbiq edilsə də, məhz yeni dövrdən etibarən əsl görüntüsünə qovuşdu. 17-18-ci əsrlərdə disiplin biliyin formalaşması və gücün nəzarətə götürülməsi ilə yeni mərhələyə qədəm qoydu. İnsanların düşüncəsində formalaşan disiplin cəmiyyəti tədricən cəmiyyətdaxili münasibətlərə, davranışa da təsir etməyə başladı. Kütlə, öz yerini bir –birindən uzaq düşən fərdlərin qruplaşmasına verdi. “Camaat” əvəzinə müəyyən “fərdlərin” müəyyən qruplar içərsində formalaşdırdıqları adətlər, vərdişlər geniş çevrələrə yayıldı. Daha əvvəl də qeyd etdiyimiz kimi, Kral və onun ətrafında başlanan disiplinləşmə burjuaziya tərəfindən dərhal özününküləşdirildi. Təsadüfi deyil ki, burjuaziyanın iqtisadi və siyasi yüksəlişi də disiplinləşmə ilə üst-üstə düşür. Burjuaziyanın yüksəldiyi bir dövrdə Maarifçilik hərəkatı ilə ortaya çıxan liberal dəyərlərin təbliği, insanların qərar verə bilmək azadlığı, hüquqi və formal azadlıqlar əslində nizam-intizama dayanırdı. Fukonun da dediyi kimi, “Maarifçilik hərəkatı təkcə azadlıqları insanlara təqdim etmədi, həm də disiplini kəşf etdi”. Məhz Maarifçi filosof, pedaqoq və hüquqşünasların təklif etdiyi yeni metodlar gələcək cəmiyyətin formalaşmasına təsir göstərdi. Burada diqqət çəkən əsas nüans irəli sürülən təkliflərin dərhal qəbul edilib, geniş tətbiq edilməsidir. Bu ehtiyac zamanın tələbi olduğu kimi, Avropa tarixində əsrlərdir davam edən sivilizasiya prosesinin nəticəsidir. İstər Norbert Elias, istərsə də Emil Dürkeymin də vurğuladığı kimi cəmiyyətdə müxtəlifləşmə, insanlar arasında münasibətlərin mürəkkəbləşməsi yeni fikirlərin qəbulunu asanlaşdırdı (Durkheim and Halls 1997);(Elias 2000). Bədənə qulluq etmək, emosiyalara nəzarət etmək, geyim vərdişlərinin təkmilləşməsi, şagird müəllim münasibətləri, süfrə mədəniyyəti, evin səliqə-səhmanına qədər saysız hesabsız yeni fikirlər cəmiyyətə təqdim edildi. İlk olaraq Erasmus, Tomas Platter kimi humanistlər tərəfindən 16-cı əsrdən başlayaraq geniş yayılan bu təklif və tövsiyyələr 19-cu əsrə qədər digər fikir adamları tərəfindən təbliğ edildi. Ordunun yenindən qurulması, imtahan sisteminin təkmilləşdirilməsi, qeydiyyat mexanizminin geniş tətbiq edilməsi, rəqəmlər və hesablamanın əhəmiyyətinin artması, xəstəxana və həbsxanaların yeni planla tikilməsi və göstərilən xidmətlərin müəyyən çərçivəyə alınması da bu dövrə təsadüf edir. Cəmiyyət artıq bu dövrdən başlayaraq disiplinləşmə yoluna qədəm qoyur. Maarifçilik hərəkatı ilə də disiplinləşmə prosesi öz pik nöqtəsinə çatır. Mişel Fuko, həmin dövrdə təkmilləşdirilən həbsxana sisteminin müasir cəmiyyəti nəzarət edilən mexanizimin əsasını təşkil etdiyini vurğulayır. Bu, britaniyalı filosof və hüquqşünas Ceremi Bentham (1748-1832) tərəfindən tərtib edilən və “Panoptikon” adlandırılan yeni həbsxana modelidir.

Benthama görə yeni qurulan həbsxanalarda intizamı artırmaq üçün həbsxananın ortasında ucalan qüllə bütün hücrələri eyni vaxtda nəzarətdə saxlamağı asanlaşdıracaq və bununla dustaqların qaçış planlarını və ya məsuliyyətsiz davranışlarını önləməyi asanlaşdıracaq. Yəni hər şey, hər kəs eyni vaxtda nəzarət altında saxlanılacaq. Fukoya görə müasir cəmiyyət də "Ponoptik" cəmiyyətdir. İnsanlar müəyyən qayda – qanunlar, vərdişlər, anlaşmalarla qəlibə salınıb davamlı olaraq bir səviyyədə saxlanılır. Eliasda olduğu kimi, Fuko da “müxtəlifləşmənin “ insanların yer seçiminə, məkanlarla bağlı fərqli baxışlarının yaranmasına təsir etdiyini göstərir (Foucault 2012). Biz bunu digər kontkestdə, Filip Ariesin timsalında da görə bilərik. 18-ci əsrə qədər evdəki otaqlar arasında elə də böyük fərqlilik yox idi. Yəni eyni otaqda yatır, yemək yeyir, qonaqları qəbul edirdilər. Ariesə görə Maarifçilik dövrünün etiket qaydaları üzrə ixtisaslaşan mütəxəssislərinin fikirləri evlərin yenidən qurulmasına, otaqların fərqli funksiyalar üçün istfadə edilməsinə vasitə oldu. Məkan anlayışının da mürəkkəbləşməsi nəticəsində qonaq otağı, yataq otağı, yemək otağı kimi anlayışlar formalaşdı (Aries 1986). Hər otağın öz funksiyasının olması həmin otaqda insanların fərqli vərdişlərin təkmilləşdirməsinə və adətlərin (oturma, yemə, xidmət və s.) müəyyən bir qəlibə düşməsinə səbəb oldu. Evdən sonra bu proses məktəbə də sıçradı. Məkanların ardıcılıqla yenidən funksionallaşdırılması disiplinləşmə dövrünün əsas mərhələlərindən birini əhatə edir. Bu bölünmə ilə bərabər zamanın da nəzarət altına alınması başlanır, işlərin sadədən mürəkkəbə doğru idərə edilmə dövrü başlayır.

Fərqli mərhələdən ibarət olan disiplinləşmə prosesi özünün ən əhəmiyyətli mərhələsinə insanların hər şeyi qəbullanması ilə başa çatır. Fukonun təbirincə desək, “disiplin fərdləri yaradır, hansı ki, fərdlərin istər obyekt, istərsə də vasitə kimi qəbul edilməsi texnikasıdır.” Bir sözlə, disiplin, bir-birindən elə də çox fərqlənməyən yeni insan yaradır. Yeni insanın yaradılması üç əsas prosesdən ibarət olur: iyerarxik müşahidə, mühakimənin sadələşdirilməsi və incələmə. Hər birinə ümumi nəzər saldıqda proses bizə daha da aydınlaşır. Hər şeydən əvvəl gücün təlqin edilməsi və biliyin formalaşması fonunda disiplin bunun effektivliyini nümayiş etdirir, başqa sözlə bu prosesə cəlb olmuş və ya olunmuş insanlar bunu öz üzərlərində aydın şəkildə görməyə başlayırlar. Ardınca, cəzalandırılma nə günahlardan xilas olma, nə də ki repressiv xüsusiyyətinin əvəzinə başqa funksiyaya xidmət edir. Fukoya görə bu mərhələdə beş əsəs cəhət rol oynayır: müqayisə, fərqləndirmə, sinifləndirmə, ümumiləşdirilmə və kənarlaşdırma, bir sözlə proses normaya və ya çərçivəyə salınır. Bütün bunları qlobal bir müstəvidə nəzərdən keçirdikdə görürük ki, disiplin individuallaşma ilə paralel davam edir. Yəni, “uşaq yetkin insandan, xəstə sağlam adamdan, dəli və ya əqli cəhətdən qüsurlü biri normal birindən daha individuallaşdırılır. Bu ona verilən dəyər və qiymətləndirmə ilə deyil, effektivliyini artırmağa xidmət edir"

Bütün bunları daha yaxşı başa düşmək üçün disiplinləşmə prosesinin üç əhəmiyyəti mexanizminə nəzər yetirmək lazımdır. Birincisi, disiplinləşmiş institutlar təhlükəni zərərsizləşdirmək əvəzinə, fərdlərə (diqqqət, insanlar deyil) daha çox fayda vermək məqsədi daşımağa başladı. Bu da özünü ilk öncə məktəb, məktəbin yenidən formalaşdırılması, təhsil reformları ilə göstərməyə başladı. Əgər 17-ci əsrin başlarında məktəb üçün “tənbəllik”, "laqeydlik" və bu kimi fikirlər səslənirdisə, Fransız İnqilabı zamanı ibtidai təhsil də daxil olmaqla məktəb “həyata hazırlamaq”, “uşağı gələcəkdəki mexaniki əməyə hazırlamaq”, “müşahidə qabiliyyətlərini artırmaq", və ən nəhayət “faydalı vərdişlərin aşılanması” kimi funksiyaları icra etməyə başladı. Burada xüsusi ilə qeyd etməliyik ki, aradakı bir əsrdə Maarifçilərin təsiri digər şeylər kimi, məktəbin də funkisyasını dəyişdi. Maarifçilik təbliğ etdiyi azadlıqlarla bərabər qadağaları məktəb sisteminə də yayıldıqca ənənəvi məktəblərin, kolleclərin və yezuit məktəblərinin əhəmiyyəti azalır və bu məktəblər sıradan çıxırdı. Əgər ötən əsrlərdə kənd yerindən çıxmış insanların, sənətkarların, aşağı qrupun nümayəndələri öz övladlarını məktəbə göndərə bilirdisə, 18-ci əsrdən başlayaraq məktəb və təhsil yuxarı sinfin, burjuaziyanın inkişafına xidmət etməyə başladı. Yeni məktəb proqramı və prinsiplərinin əsas təbliğatçı və reformistlərindən biri olan Le Şatole yazırdı: “krallığımızda tarixin heç bir dövründə olmadığı qədər tələbə var. Bu qədər gərəksiz məktəbin ( hansı əsəaslara əsasən?) olduğu bir dövrdə, əlbəttə ki, indiki tələbə ordusunun içindən keyfiyyətlilərinin sayı elə də çox olmayacaq". Onun müdafiə etdiyi daha az tələbə prinsipi Maarifçilər və burjuaziyanın ürəyindən idi. Biz bunu Volterin 19 mart 1763-cü ildə Le Şatoleyə yazdığı məktubda görə bilərik:

“Mən sizə təşkkür edirəm. Mənim indi torpaq sahələrimi becərmək üçün işçi qüvvəsinə ehtiyacım var, gündən günə artan mirzələrə deyil... Təlimatlarla hərəkət etməyən xalqın liderlikdən gözləntisi qəbul edilməzdir.”

İkincisi, disiplinləşmiş qurumlar çoxaldıqca onların yeni funksiyaları, digər tərkib hissələri də yaranmağa başlayır. Belə ki, məktəb sadəcə uşaqların təlim tərbiyəsinə deyil, həm də valideynlərə də diqqət ayırır. Valideynlərlə aparılan davamlı söhbətlərdə evdə uşaqlarla necə davranmağın doğru olacağı izah edilir. Biz buna əvvəlki Erasmus və Kordierdə rast gəlsək də, Maarifçilik dövründə bu mövzuda yazılan kitabların sayı da artır. Bunların içində Jan Baptist de Sall xüsusi ilə qeyd edilə bilər. Və ən nahəyət, üçüncüsü, məktəbin və digər qurumların bəzilərinin funksiyaları polis aparatı tərəfindən götürülüb mövcud prinsiplər əsasında təkmilləşdirilir. Beləliklə də disiplinləşmədə məktəblə başlayan proses güc aparatı tərəfindən mənimsənilir, insanların tək – tək deyil, cəmiyyət olaraq müəyyən bir istiqamətdə irəliləməsi təmin edilir.

Nəticə

Bütün prosesə qısa ekskursiya etdikdə görürük ki, disiplin hər hansı ideal tipin (disiplinlənləmiş insan ) təzahüründən daha çox, müxtəlif vasitələrin yerli şərtlərə görə uyğunlaşdırılması və ümumiləşdirilməsidir. Pastoral cəmiyyətdən sənayə cəmiyyətinə qədərki uzun bir dövrdə insanlar arasındakı münasibətlər və insanların bir birindən gözləntiləri daha da mürəkkəbləşir. Mürəkkəbləşmə ərəfəsində cəmiyyətdəki qarışıqlıq, xaos simptomları da məhz insan tərəfindən zərərsizləşdirilir, dövrün təbiri ilə desək “cordon sanitaire” çəkilir. Digər diqqətdən qaçırmamalı olduğumuz nüans, disiplinin nə hər hansı qurum, nə də vasitə ilə eyniləşdirilməsi deyil, əsrlərlə davam edən prosesin məhsulu olmasıdır. Burada sadədən mürəkkəbə qədər uzanan texnikadan, müxtəlif cür məqsədlərin reallaşdırılmasına qədər geniş bir şəbəkə özünü əks etdirə bilər. Lakin güc disiplin deyil, disiplin gücün icrasının təzahürüdür.

Biz bu yazıda Mişel Fukonun disiplin nəzəriyyəsinə üç kontekstdə - etiraf (xiristianlıq), Maarifçilik dövrü və institutların funksiyalaşması çərçivəsində nəzər saldıq. Hər birini yığcam şəkildə təsvir edərək, oxucunun Qərbi Avropada əsrlər boyu davam edən bu prosesin əsaslarını göstrəməyə çalışdıq. Təbii ki, Mişel Fuko kimi dövrümüzün əsas fikir adamlarından birinin nəzəriyyəsini bu qısa yazı ilə şərh etmək bəs etməz. Çünki, günümüzdə hər kəsdən çox disiplinə ehtiyacı olan cəmiyyətlərdən biri də bizik. Ona görə də, Mişel Fuko irsini öyrənmək, yeni nəsil fikir adamları üçün də faydalı olar. Bizim bu yazı ilə göstərmək istədiyimiz, obyektivliyi qoruyaraq prosesin gedişatını göstərmək idi. Lakin prosesdeki hər bir funksiya özü ayrı ayrılıqda incələnməli və yazılmalıdır. Disiplinsiz cəmiyyət çöküşə məhkumdur. Bundan sığortalanmaq üçün disiplini öyrənmək və bizi gözləyən təhlükəyə “cordon sanitaire” yaratmalıyıq. Məhz bu halda gələcəyimizi xilas etmiş olarıq.

Ədəbiyyat:

Aries, P. (1986). Centuries of Childhood, Penguin Books.

Bauman, Z. (2013). Legislators and Interpreters: On Modernity, Post-Modernity and Intellectuals, Wiley.

Durkheim, E. and W. D. Halls (1997). The Division of Labor in Society, Free Press.

Elias, N. (2000). The Civilizing Process: Sociogenetic and Psychogenetic Investigations, Wiley.

Foucault, M. (2012). Discipline & Punish: The Birth of the Prison, Knopf Doubleday Publishing Group.

Foucault, M. (2012). The History of Sexuality, Vol. 2: The Use of Pleasure, Knopf Doubleday Publishing Group.

Wuthnow, R. (2009). Communities of Discourse: Ideology and Social Structure in the Reformation, the Enlightenment, and European Socialism, Harvard University Press.

# 1135 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #