Mühasirə - Sorokindən müharibə hekayəsi - Yeni tərcümə

Mühasirə - Sorokindən müharibə hekayəsi - Yeni tərcümə
27 aprel 2021
# 09:00

Kulis.az “Hekayə günü” Azad Yaşarın tərcüməsində müasir rus nəsrinin ciddi imzlarından olan Vladimir Sorokininin “Mühasirə” hekayəsini təqdim edir.

Atılan növbəti mərmilər lap yaxınlıqda partladı – doqquzmərtəbəli binanın bir küncü gurultu qopararaq çökdüyündən bütün ətraf toz dalğasına büründü, biri “Soyuzpeçat”, digəri isə “Dondurma” adlanan bir cüt satış köşkü bir yığın talaşaya döndü, aşan işıq dirəyi isə bombaların dərin yuvalar açdığı prospektdə hərəkəti tamamilə bağladı.

Karpenko eyni xahişi üçüncü dəfə təkrarlamalı oldu:

- Yoldaş briqada komandiri, zirzəmiyə girməniz məsləhətdir.

Əllərini arxadan çataqlayan Vaxruşin sınan vitrinin ardında dayanıb, yanan avtobusa göz qoymaqda idi. Çatlamış tavandan yerə suvaq qatı tökülürdü.

Vaxruşinə yanaşan siyasi rəhbər mızıldandı:

- Leytenant haqlıdır, İvan Terentyeviç, bura təhlükəlidir. Gəlin, zirzəmiyə enək.

Briqada komandiri hirslə geri qanrıldı:

- Harada lazım olacağımı özüm yaxşı bilirəm! Dayələrə ehtiyacım yoxdur. Sən isə, leytenant, qarabaqara məni izləməkdənsə, əlinə avtomat alıb, ba-a-x, oraya getməliydin indi! Orada daha lazımlı olardın!

Karpenko heyrətlə briqada komandirini süzdü, başını bulayaraq dedi:

- İvan Terentyeviç, niyə elə deyirsiniz? Axı, onu sizə təhkim ediblər. Sizi qorumalıdır o.

Suvaq tozuna bulaşan dəyirmi pendiri təpiklə vurub bir kənara atan Vaxruşin:

- Qorumalıymış! – dedi və mağazanın içində var-gələ başladı. – Məni qorumaq-zad lazım deyil. İndi hər kəs yalnız özünü qorumalıdır.

Koltunov qaçıb özünü mağazaya saldı. Avazımış üzündən çaşqınlıq yağırdı.

Vaxruşin onun üstünə yeridi:

- Nə baş verib?

Briqada komandirinin qarşısında dayanan Koltunovun dili-dodağı əsirdi.

Çamura bulaşan şinelinin yaxasından yapışmaqla onu silkələyən Vaxruşin bağırdı:

- Danış, qancığın...

Koltunov kəkələdi:

- Yoldaş briqada komandiri... mən bacardığımı... biz heç nə... bütün yedək qüvvələrimiz...

Qolaylanan Vaxruşin Koltunovun sifətinə bir yumruq ilişdirdi. Zərbənin gücündən mayor plitələrlə örtülmüş döşəməyə sərildi və başı orada baş-ayaq duran göy rəngli tərəziyə çırpıldı.

Başını əlləri arasına alan Vaxruşin nalə çəkdi, sanki bayaqkı zərbəni özü-özünə ilişdirmişdi. Koltunov çaşqın halda yerdən qalxdı. Onun partlayan dodağından qan şollanırdı.

Siyasi rəhbər ona yanaşdı:

- Nə qədər adam qalıb?

Burnunu çəkən Koltunov dedi:

- Fetisovun bir, Qaniçevin üç batalyon, Aleksandrovun isə bir alay adamı var...

Dişlərini qıcayan Vaxruşin:

- Sənin isə - yox qədər, - deyib, refrijeratorun üstündə oturan serjanta başıyla işarə etdi: - Məni Axmetyevlə calaşdır.

Nömrəni yığan serjant dəstəyi briqada komandirinə uzatdı.

Briqada komandiri sərbəst qalan digər əlini şinelin cibinə dürtdü:

– Saşa! Vaxruşindir. Necəsən? Hə? Anladım... Tamamilə? Bəs Berezin? Ölüb? Anladım... Yox, canım. Yox, Saşa, artıq gecdir... Hə. Buradadır. Muştuluğa qaçmaqla sevindirdi bizi... Bilirsən? Lap yaxşı. Hə. Hə. Əlbəttə. Qulaq as, barı axşama qədər duruş gətirərsiniz? Əşşi, mən əmr eləmirəm ey, xahiş edirəm! Xahiş, ay anasıgöyçək! Mən artıq briqada komandiri-zad deyiləm, anladın?! Heç sən də alay komandiri deyilsən daha! Bilmirəm! Mən bunu səndən soruşmaq istəyirdim! Aleksandrovmu? Kinoteatrın böyründə imiş? Ola bilməz! Bəs Koltunov deyirdi, bir alay adamı var. Həqiqətən? Bəs elə isə... Bəs sən? Ciddi sözündür? Vay səni, əclaf... Oldu, danışdıq... Gör, nə edirsən də. Hə. Əlaqə saxla. Xətdə qal.

O, telefonun dəstəyini serjantın qucağına tulladı.

Gedərək artan bir uğultu qopdu, haradasa mağazanın arxa tərəfində necə möhkəm bir partlayış qopdusa, döşəmə silkələndi. Tavandan yerə toz-torpaq töküldü.

Qana bulaşan əllərini sinəsi üstə qoyan Koltunov dilləndi:

- Yoldaş briqada komandiri, izn versəydiniz mən... günahımı... öz qanımla yuyardım!

Növbəti mərmi qarşıdakı pivə dükanını yerlə bir elədi.

Geriyə qanrılmayan Vaxruşin dişlərinin arasından Koltunova: “Açıl başımdan, ə!” - dedi.

Qapıya tərəf gedən Koltunov qeybə qarışdı.

Telefon zəng çaldı, serjant tez dəstəyi qaldırdı:

- “Qranit”dir. Hə, buradadır. Verirəm, yoldaş kapitan.

Vaxruşin dəstəyi aldı:

- Eşidirəm. Hə. Hə. Nə olsun axı? Be-lə-ə. Sən də tərk elədin?! Sən bilirsən necə... O, əmr elədi?! Sənə? Sən də əmrə tabe oldun? Qaniçev də?! Lənət sənə... – deyib, gözlərini qıydı, başını buladı. – Hə, Sosnitski, hə, səndən döyüşçü-zad olmaz. Səni bax, bu əlimlə nə güllələyərdim, ancaq belə görünür ki, buna fürsət tapmayacam. Əlim yetməyəcək sənə. Qoy indi onlar güllələsin sən əclafı...

Dəstəyi yerə atıb, yumruğunu piştaxtaya çırpdı:

- Cındır-r-r!

Piştaxtanın üstündəki yarımçıq kefir butulkası aşıb dığırlandı, döşəməyə düşüb, sındı. Kandarda bir kişi göründü. Boz paltosu və şlyapası vardı, əlində də portfeli.

- Bağışlayın ey, mağaza işləmir ki? – deyə xəbər aldı.

Karpenko cavab verdi:

- Yox.

Əllərini yana açan kişi saatına göz atdı:

- Amma... Saat hələ dörddür axı.

Avtomatına toxunan Karpenko dedi:

- Bağlıdır, bağlı.

Güclə eşidiləcək şəkildə gülən Vaxruşin: “Yoxlama gedir...” – deyib, yorğunluqdan gözlərini yumdu.

Kişi bunun cavabında başını tərpətdi və nəzərləri yerdəki dəyirmi pendir tikəsinə sataşınca, üzünü qaşıyıb, başını yırğaladı:

- Bağışlayın ey... əgər mümkünsə... bunu götürə bilərəm? – deyib, barmağıyla pendiri nişan verdi.

Vaxruşin gözlərini açdı:

- Götür.

Kişi əlüstü çantasını açdı, içindən bir qalaq kağızı yerə tökdü, toza bulaşan pendiri ora dürtüb, portfeli təkrar qoltuğuna vurdu və təcili gözdən itdi. Alova bürünən tramvaya tuş gələn mərmi onun yanan parçalarını da ətrafa dağıtdı. Növbəti mərmi xiyabanda partladı, iri qol-budağa malik bir qovağı yerə sərdi.

Siyasi rəhbəri süzən Vaxruşin başındakı tağalağı çıxarıb, küncdə qalaqlanan süd paketlərinin üstünə vızıldatdı:

- Hə, Seryoja, hə, dostum, deyəsən axı bizim davamızın sonu gəlib, elə?

Rəngi qaçan siyasi rəhbər lal-dinməz onu süzürdü.

Prospektdə daha bir mərmi partladı.

Qırılan vitrin çiliklənib töküləndə başını əlləriylə tutan Karpenko yerə sərildi. Onun ayaqları da qeyri-ixtiyari havada yelləndi.

Ona tərəf gedən Vaxruşin əvvəlcə çömbəlsə də, sonra qəfil və sərt bir hərəkətlə qəddini dikəltdi və siyasi rəhbərə lap yaxınlaşaraq soruşdu:

- Doğrudanmı sonumuz çatıb?

Qarşısındakı başını tərpətdi.

Karpenkonun başından axan qan artıq yerə dağılan südə qarışmaqdaydı.

Serjant gözlərini ölən zabitdən çəkə bilmirdi.

Vaxruşin başıyla ona işarə elədi:

- O avtomatı götür, çıx buradan.

Serjant Karpenkonun üstündəki avtomatı götürdü, qundaqdakı süd damcılarını silib, qısıq səslə soruşdu:

- Haraya gedim, yoldaş general?

- Hara istəyirsən.

Serjant tərəddüd içində oranı tərk elədi.

Koburanı açıb, tapançasını çıxaran Vaxruşin siyasi rəhbərə baxdı:

- Necə edək, birlikdə, yoxsa?

Siyasi rəhbər baxışlarını yana qaçırdı:

- Mən daha sonra...

- Hə, necə istəyirsən.

Briqada komandiri arxasını ona döndü, lüləni cəld gicgahına söykəyib, atəş açdı. Qan damcıları milçəklərin üstünü pislətdiyi qiymət cədvəlinin üzərinə sıçradı. Ləngər vuran Vaxruşin refrijeratorun üzərinə sərələndi.

Öz tapançasını hələ də əlində tutan siyasi rəhbər küçəyə çıxdı. Dağılan binadan alov dilləri yüksəlirdi, prospektdə isə xeyli maşın alışıb-yanırdı, köşk və dükanların karkasları oda-alova bürünmüşdü. İnsanlar binaların arasıyla ora-bura qaçışırdılar. Siyasi rəhbər iti addımlarla səkiylə getməyə başladı. Ayaqları altda şüşə tikələrinin xırçıldadığının, yanmış ağac parçalarının və kərpic qırıqlarının qaldığının fərqində idi. Bir kişi qoltuğunda idman çantası siyasi rəhbərin yanından ötüb keçdi. Tapançasını qaldıran siyasi rəhbər onun başına arxadan bir güllə sıxdı.

Kişi üzüquylu yerə sərildi, zərblə asfalta düşən çantasından yerə kənarları ütülmüş əskinaslar töküldü. Əynindəki hərbi formanı cəld soyunan siyasi rəhbər mavi alt köynəyində və qara iç donunda qaldı. Bunun ardınca o, ölən kişinin paltarlarını çıxartmağa girişdi. Yanından ötən bir qadın çaşqın baxışlarla onu süzməkdəydi.

Siyasi rəhbər ölənin köynəyini və şalvarını əyninə keçirdi, üstündən onun gödəkçəsini geyindi. Sonra nisbətən təzəhal görünən üç əskinas bağlamasını tapança ilə birlikdə həmin gödəkçənin ciblərinə dürtdü. Yanan maşınların arasına daha bir mərmi düşdü. Əyninə tələm-tələsik dürtüşdürdüyü gödəkçənin zəncirbəndini çətinliklə də olsa bağlayan siyasi rəhbər metroya tərəf qaçdı.

# 7368 dəfə oxunub

Müəllifin son yazıları

# # #