Sevişməyə həvəsim yoxdur - Ömər Xəyyamdan yeni hekayə

Sevişməyə həvəsim yoxdur - Ömər Xəyyamdan yeni hekayə
17 fevral 2020
# 18:05

Kulis.az gənc yazar Ömər Xəyyamın yeni yazdığı “Turin atı” hekayəsini təqdim edir

İkinci Mahmudun əziz xatirəsinə...

Bakı. Axşamçağı. Saday Budaqlı prospekti.

...pəncərə tərləyir, bir damcı titrəyə-titrəyə aşağıdakı damcıya tərəf sürünür, aşağıdakı damcı da elə bil, bayaqdan pusqudaymış, - çataçatda onu canına çəkir: böyüyür, özünə gücü çatmır, şüşənin dibinə sürüşür.

Küçələr, dayanacaqlar boşalır.

Bir qoca - başında qulaqlı papaq, əynində nimdaş palto – palto dəqiq görünmür, mən yaxşı bilirəm, o palto da, o papaq da nimdaşdır, üstəlik, bu kişi özü də köhnədir, qədimdir, – dayanacağın dirəyinə söykənib.

Mən o qocanı evə gətirməli, sabah da işdən icazə alıb həkimə aparmalı, qulluğunda durmalıyam.

Birincisi, mən işləmirəm, ikincisi də, qəfil yekə bir damcı şüşəylə aşağı sürüşdü; kişinin bədəni balacalaşdı, başı böyüdü, sürüşüb palçığa qarışdı. Hardasa bir çaya qovuşacaq ya buxarlanıb gəldiyi yerə - özünə qayıdacaq.

Gecənin ölü sevindirən çağı...

…Relslər ay işığında yatışmış. Qatarlar dincəlir... Yollar yorulmuş...

O ağlıqda bir qəribə sərinlik vardı.

Mən idim - yerin məchul boşluğunda, xəlvət pivəlik idi - vağzalın arxasında, bir də ay - göyün ortasında...

O gecə mənim o ağ işıqdan savayı heç kimim, heç nəyim yox idi.

...ayağımın altı yavaş-yavaş oyulur, - qorxu kimi, qaranlıq kimi, bataqlıq kimi bir şey məni çəkib aparır, öyrəşdiklərim azalıb ölür, ölüb azalır...

Lap axırda bir gecə qalır, bir göy üzü, bir də əl çatmayan, ün yetməyən uzaq-uzaq yerlər...

Səbinə məni başa düşmür. Guya eqoistəm, guya öz uydurduğum obrazın əsirinə çevrilmişəm, guya qaramatam. Guya ədəbiyyatın başını buraxıb başqa işlə məşğul olsam, ev-eşiyim olar, maşınım olar, hörmətli olaram.

Küsüb. Sevişməyə həvəsim yoxdur. Boynumu-boğazımı öpürdü, nəfəsini buramda hiss edirdim, indi öpüşürük - tıncıxıram, boşalıram - canıma peşimançılıq çökür. Elə bilirəm, günah iş tutmuşam, qarnıma qorxu düşür, içimdə nəsə qırılır.

Maaş gecikir. İşimi sevmirəm. Xəbər yazmaq mənlik deyil. Ofis siçanı... - Səhər 9-da gəl, axşamçağı 6-da çıx, səhər 9-da gəl, axşamçağı 6-da çıx... Guya Qvineyadakı leysan xəbərini türk xəbər saytlarından tərcümələyib bizim ləlöyün saytımıza verməsəm, yağış dayanmayacaq. Zırt!

Jurnalistlərin hamısı bir-birinə oxşayır. İyləri də eynidir. – Mənlik deyil. Açıqlama al, sorğu keçir. Hələ müsahibə.. - başımdan qurğuşun tökülür: Saxla, arxaya çək, təzədən dinlə, yaz... Təzədən, təzədən...

Müsahib də düz-əməlli, faydalı bir söz deyə, doğru danışa, dərd yarıdır. Kimsə status yazıb, kiminsə haman status haqda fikirlərini öyrən: “Salam filankəs bəy. Filankəs filan şey haqda filan şeyi deyib, siz nə deyirsiniz?” - O da g...nün qırağıyla üyüdə.

***

Ssenari hazırdır, aktyorlar seçilib. Bir-iki əksik var.

On beş min manat. On beş min manat... On beş min manata tammetrajlı film... Gülməlidir, hə? - Ortabab filmin texniki xərci – kamera, işıq, o, bu – azı, otuz min manatdır.

Aktyorlar yalvar-yaxardan sonra razılaşdı. Kameranı bir dostdan, işığı bir tanışdan...

Ssenariyə güvənirəm. Ancaq belə ssenarilərə sponsor tapmaq çətindir. Qapı-qapı gəzdim, əl açdım, yalvardım... Heç nə. Mən sənət deyirəm, bunlar gülməcə...

On beş min manat nədir ki? Yaxşı reklam hesabına, xeyli bilet sataram. İstədiyim kimi alınsa, festivala göndərəcəm.

Səs rejissoruyla razılaşmışam. Post-prodakşn hazırdır.

Ssenarist mənəm, pul istəmirəm.

Rejissor mənəm, pul istəmirəm.

Beş min manat da kredit götürəcəm. Kredit söhbəti alınmasa, - Hər ay iki yüz manat təqaüd alıram, - Prezident təqaüdü - kartı girov qoyacam.

Maydır. Təbiət dirilib. Quşlar, ağaclar... - yarpaqları kəpənəyə bənzədərəm, otların duasından yazaram. Fəqət mən yaxşı bilirəm ki, təsvirlərin, poetik köçürmələrin başını buraxmalı, bu günün dilini tapmalı, bu günün dilində yazmalıyam.

Kredit söhbəti alınmadı. Bankda dedilər, sübut et ki, pula ehtiyacın yoxdur, sənə pul verək. Kartı girov qoyacam.

Qusar. Gündüz. Anıx kəndi.

Kənd ssenariyə uyğundur. İcra nümayəndəsi Mədəniyyət Nazirliyinin icazəsini oxuyandan sonra əl-ayağa düşüb. Keçən il bu kənddə komediya filmi çəkilib, kənd camaatı da, icra nümayəndəsi də keçənilki heyətdən narazıdır. Hamı ssenarini soruşur. Mən də hamıya bir-bir danışıram. Məsciddə çəkiliş üçün icazə almışıq, həkim məntəqəsindən istifadə edə bilərik. Mədəniyyət evi qərargahımız olacaq.

Təzə problem! Səliqəli hamam-tualeti olan, orta təmirli ev yoxdur ki, kirayələyək. Hələlik aktyorların, texniki heyətin gecəsini düşünürəm. Üstəlik, kənd camaatı yaman pulgirdir. Üç ev lazım idi, günü əlli manata razılaşdıq. Dükan sahibi sabah gələcək.

Ən əsas məsələ... At! Ssenariyə görə, bir at ölməlidir, qəhrəmanımız ölü atı qucaqlayıb ağlamalıdır. “Turin atı” filminə göndərmə etmişəm. Birinci fikirləşdim, bir at alım, öldürüm, sensasiya olsun, belə şeylər bilet satışına təsir edir. Heç kim razı olmadı.

***

Axırıncı iclas.

Aktyorların çəkiliş günü və çəkiliş vaxtı hazırdır. Məşqlər yaxşı gedir.

Yazıçı dostumun qrimçi tanışı da razılaşıb.

Qusar. May. Selena oteli.

Otelin sahibi adambaşına günlük on iki manat istəyir. Mən on dəqiqəlik havayı reklam çəkilişinə söz verəndən sonra, günü on manata razılaşdıq.

At məsələsi həll olundu. Xüsusi iynə ilə heyvanları bayıltmaq olurmuş.

***

Marşal Feyrbax – epizodik obraz. Kontuziyalı qocaya heç kim inanmasa da, o, həqiqət carçısıdır. – Bakıda uyğun aktyor tapa bilmirəm. Qonarar, görünüş... Bir nəfər var, o da çox pul istəyir.

Məsləhət belə oldu ki, elə Qusardakı Dram teatrına müraciət edim. Ləhcə məsələsinə görə ssenaridə dəyişiklik etdim: Guya qoca qırıq-qırıq danışır, daha çox susur, fəqət, lazımi vaxtda lazımi yerdə olur...

Nəhayət, şad xəbər eşitdim, – Neçə vaxtdır, hər zəngə dik atılıram, elə bilirəm, nəsə alınmayacaq, qarnıma qorxu düşür... – dram teatrından dedilər ki, Anıx kəndində bir qoca aktyor var, Bakı ermənisidir: Denis Zaxarov – kəndə gəldiyiniz birinci gündən hazırlaşır...

Denis Zaxarov. Elə bil, üç irqin üç adamını doğrayıb-biçib, üçünün ətindən, sümüyündən düzəldiblər: Sifəti yastı, yanaqları qaramtıl, ərik tumuna bənzər gözləri ətli qapaqlarının altında sərxoş. 65 yaşı var. Həyat yoldaşı – Mayadan başqa heç kimi yoxdur. Müharibəyəcən Sumqayıt Teatrında suflyor işləyib. Sonra qusarlı aktyor dostu onları ucqar kəndlərdə gizlədib. Mayanın qızılları hesabına Anıxda ev-eşik ediblər.

Teatrın repertuarındakı bütün qəhrəman obrazların sözlərini əzbər bilir. Ən böyük arzusu Şah Qacarı oynamaq imiş.

2000-ci ildə bərk xəstələnib. Başı qaçıb. Hər gün bir obraz kimi yuxulayır, başqa obraz kimi oyanır, güzgünün qabağında məşq eləyir, yorulub əldən düşənəcən əzbərindəki mətnləri təkrarlayır, huşdan düşür, danışıb-danışıb üzüqoylu döşəməyə sərilir. Başının üstündə əcaib kölgələr titrəşir, qulağına hıçqırtı, inilti gəlir, otaqda nəfəs dolanır, havada üzüntülü, yanıqlı səs çırpınır. Əl-ayağı yığışıb qıc olur, çənəsi əyilir, ağzı köpüklənir. Ağlayır, gülür, uzun-uzadı susur.

***

Üzünü qırxdı, gümüşü saçlarını səliqəyə saldı. Aktyor dostunun verdiyi nimdaş zümrüdü kostyumu geyindi. Eyvana çıxdı, pəncərələri taybatay açdı:

“Şotlandiya sahilləri... Su çəkilir. Yolçu hiss edir ki, ayaqları ağırlaşır: Yer qətrana çevrilir.

Ayağını götürən kimi ləpiri suyla dolur. Su birələri atılıb-düşür.

...yoluna davam edir, sahilə yaxın olmağa çalışır, narahat deyil.

...ayaqları görünmür, qum ayaqlarını örtüb...

Ayaqlarına güc edir, - bir az da batır. Qum topuğuna qalxır. Dartınıb özünü sola atır, - qum baldırına çıxır, qayıtmaq istəyir, dartınıb özünü sağa atır, - qum dizinə çatır.

Köməyə adam çağırır, şapkasını yelləyir. Qum onu udur.

O, yavaş-yavaş ölür; bu urvatsız ölümdən qurtuluş yoxdur. Saatlarca davam edir...

Sağlamsan, güclüsən. Yaşamaq ehtirası... - ölüm yaxalayır, ayaqlarını qamarlayır, çığırdıqca, dartındıqca dərinə çəkir...

Adam istəyir, otursun, uzansın, sürünsün, ani hərəkət onu daha dərinə quylayır; dikəlir, daha dərinə gedir; batdığını, ölümü duyur, çığırır, yalvarır, göyü, günəşi köməyə çağırır...

Qum qurşağına çatmış... Qollarını açır, fəryad qoparır, dırnaqlarını quma batırır, boş qumu qamarlayıb özünü saxlamaq istəyir: dirsəklərini yerə verir, hönkürür...

Qum çiyninə, çənəsinə çatır, indi ancaq üzü görünür.

Çığırır, - qum ağzına dolur; səsi kəsilir.

Baxır, - qum gözlərini örtür; zülmət...

Əlləri titrəyir, sıxılır... Əlləri də yox olur...

Nə məşum ölüm!

Dünya məndən ötrü boş qumsallıq!

Qumsallıqdan canını qurtarmış yolçuyam. Nəyim var, kimim qalıb? Nə fərqi?

Kim daha çox azaddır? Çöldəkilər istəmədiyini eləyirlər, qul kimi yaşayırlar, mən istədiyimi eləyə bilmirəm. Eyni şey deyil?”

Alqış.

Mən, operator, işıqçı, prodüser və bələdiyyə sədri həyətdən onu alqışlayırıq.

Sol əlini dümbəyinə qoyur, başını azca önə əyir, sağ əlini havada yelləyib bizi salamlayır.

Operator var, işıqçı var, rejissor var, tamaşaçı var... - əsl monotamaşa...

Yerində dayana bilmir... Mən danışdıqca gəzişir, hərdən dayanır, fikirləşir...

“Qırx ildir, gözləyirəm... Qırx ildir... Görürsən, Maya... Nə demişdim? Özləri gəlib. Ayağıma gəliblər...”

***

Hər şey hazırdır. Denis göydəndüşmə oldu. Hamı gözləyir. 10 gündən sonra başlayırıq.

Anıx. Gecə. Denis Zaxarovun evi.

Denis məşq edir. Ömür rəfiqəsi Maya xanım nimfomaniyak Julia obrazının sözlərini oxuyur.

Qapı cığıltı ilə açılır, narın çəhrayı işıq zolağı qapının kandarına sərilmiş qaranlığın cənginə keçir...

“Sənsənmi? Nə yaxşı gəlmisən...”

Marşal Feyrbaxın əyri burnu ikinci mərtəbədən - qonaq otağının dəmir çərçivəli pəncərəsindəki çit pərdənin arxasından qaranlıq küçəyə uzanır:

“Danış görək... ” – Denis birdəncə susdu... – Marşal Feyrbax arvadına qəhbə deyir... – Məni bağışla, Maya... Qəhbə... qəhbə... – davam etdi - Danış görək, qəhbə!”

Julia həyadanmı, qorxudanmı karıxır, əlləriylə gah döşlərini, gah üzünü örtür...

“...tək idim, kimsəsiz idim. Hə, gəlin, talayın, çapın! Hər nəyim var, hamınızındır. Hərə öz istədiyini, gücü çatanı çırpışdıra bilər.

O bığlı polkovnikdən sonra bilirsən, nə qədər adama vermişəm?” - Ona görə yox ki, polkovnik rütbəcə, vəzifəcə böyük adamdır, ona görə ki, Julia qəribə fantaziyalar qururdu və onun uydurduğu partnyorlardan biri də elə polkovnik idi. Əriylə sevişəndə dəfələrlə onun adını çəkmişdi, guya sevişdiyi adam əri deyil, polkovnikdir. Rakimoll özü də arvadının fantaziyalarından xoşhallanmış, ehtiraslanmışdı.

Hər gecə Julianın dilinə fərqli adlar gəlirdi. Hər gün birini ərinin vücuduna geyindirib sevişirdi. Əri də ehtirasın sirli ovsununa düşür, onun uydurduğu adama çevrilirdi. Və günlər keçdikcə Julia gerçəkliklə xəyalın sərhədini itirirdi. Polkovnikdən sonra xəyalına gətirdiyi bütün kişiləri yatağına da gətirdi. O, öz həqiqi kimliyinə yaxınlaşdıqca ərindən uzaqlaşırdı.

Seks macəralarını danışanda, əri daha alovlu sevişirdi; Juliyaya bərk-bərk tapşırmışdı ki, kiminlə sevişir-sevişsin, seksdən sonra döşəküzünü dəyişməsin. Başqa kişinin qılları, qoxusu... Bu oyun Rakimollun çoxdan ölmüş heyrətlənmək, həyəcanlanmaq hissini diriltmişdi. - Düzdür, hamısı bir-iki günlük olub. Ərim cənab kapitan Rakimoll rütbəsini də, vəzifəsini də mənim yataq otağındakı xüsusi xidmətlərimə görə alıb. Mən polkovnik Kuarona verməsəydim, ərim cəbhədə bitlənirdi.”

Yanağından axan selləmə göz yaşı çənəsindən süzülüb sinəsinin batığında ləngiyir, sonra təzədən üzüaşağı cığır salır:

“Mən qonaqlarım üçün fahişəyəm, yəqin, ərim də mənim haqqımda belə düşünür. Bəlkə, sən də...Heç özünü mənim yerimə qoymusan? Kim götürər bu yükü...Başa düşürəm. Şəhərin polkovnikindən işıqçısınacan... Qəhbə tifili...

Günü bu gün azad olaram bu bəxtsizdən! Hə, hə! O, dünyanın ən bəxtsiz canlısıdır ki, mənim rəhmimə - çirkabın, bataqlığın içinə düşüb.

Biz ayrılsaq da, heç vaxt görüşməsək də, lap sən dünyanın o başında, mən dünyanın bu başında olsam da, yaxud bir gün ikimizdən birimiz qəfil bu işıqlı dünyayla vidalaşsaq, səni başqa qadınla bu qoca günəşin altında qoyub, torpağa qarışsam da, bilmirəm, ruh deyim ona, yoxsa yerini də, sirrini də bircə Allahın bildiyi gizli yermi deyim – mən inanıram ki, elə yer var: bir qutu kimi, lap dərində - bax səni o yerdə özümlə aparacam. Sən həmişə mənimlə olacaqsan.

İstəyirəm, bu uşağa qıymayım, istəyirəm ki, bu uşaq sapsağlam doğulsun. Ona görə yox ki, mən daha uşaq doğa bilməyəcəm. Ona görə yox ki, sən mənim bətnimə bundan sağlam bir uşaq qoya bilməzsən. Ona görə ki, bundan belə mən artıq yalnız sənə aidəm, bu uşaq isə mənim əvvəlki həyatımın, əvvəlki Julianın, sevgisiz günlərin yadigarıdır. Mən istəyirəm, o günləri, yaşadıqlarımı bir uşaq kimi doğum, həmişə gözümün qabağında olsun, ona baxıb təmizlənim, bağışlanmaq üçün dua edim.

Bu uşaq mənim güzgüm olacaq, başa düşürsən? Mən öz günahımı doğub, böyütmək istəyirəm, bu uşaq içimdəki xəstə ruhun, iyrənc fantaziyaların əcəli olacaq...

İndi qərar sənindir...”

Bakı. İyun. Səhər.

Bir gün qalıb. Hamı gözləyir. Hər şey hazırdır. Fəqət çəkiliş olmayacaq. Sponsor dedi ki, hələlik pul verə bilmirəm, vergiyə görə sıxışdırırlar, özüm borc axtarıram, çəkilişi sentyabra saxlayın.

İndi məndən ötrü ən çətini yalvarıb razı saldığım aktyorlara, operatora, işıqçıya xəbər verməkdir...

Yox, danışa bilməyəcəm, ən yaxşısı, mesaj yazmaqdır:

“...xahiş edirəm, bağışlayın...” – hə, nə? Necə yazım? Nə deyim?

“Mənlik deyil, sponsor dedi ki...”, “And içirəm!”, “İşdə nəsə problem yaranıb, dedi, çəkiliş sentyabra qalır...”, “Xahiş edirəm...”

Səhər açılır. Tavana zillənib düşünürəm. Qafamda fillər. Əsəbləşirəm, tərləyirəm. Ulamaq istəyirəm.

Üç ay... Üç aydır, gecəm-gündüzüm yoxdur. Bir qarın ac, bir qarın tox, ora qaç, bura qaç, ona yalvar, bundan xahiş et... Şəkil, status, xəbər. Dost-tanış... Qızım...

Qızım indidən paltar seçib. Ona söz vermişdim ki, filmin təqdimatı günü qırmızı xalıda... əl-ələ... işıqlar, kameralar, mikrofonlar, suallar...

Whatsapp! Ən yaxşısı qrupa yazmaqdır. Uzun mesaj yazdım. Xahiş etdim, üzr istədim və telefonu söndürdüm.

Təxminən bir saat yerimin içində ağnadım. Görəsən, kim nə yazıb, kim zəng edib? Yox, söyməzlər, amma əsəbiləşərlər. Yəqin, qrupu tərk ediblər. Məni tərk ediblər...

Qorxa-qorxa telefonu açdım. İlahi! Heç kim zəng etməyib. Belə gözləmirdim, əksinə, hamı təsəlli verib. Qrupu tərk edən yoxdur.

“Olur belə...”, “Qismət... Neynək”, “Sağlıq olsun, gələn dəfə...” , “...”

Bakı. İyun. Gündüz.

Sakitçilikdir. Qızımı düşünürəm. Ssenarimi düşünürəm, yarımçıq mətnləri düşünürəm...

Denisi düşünürəm... Denis? Denis... Ah! Denis məni gözləyir...

Qəfil xatırladım ki, ertələnmə haqda Denisdən başqa hamıya xəbər vermişəm.

Aha, yağış başladı...

...pəncərə tərləyir, bir damcı titrəyə-titrəyə aşağıdakı damcıya tərəf sürünür, aşağıdakı damcı da, elə bil, bayaqdan pusqudaymış, - çataçatda onu canına çəkir: böyüyür, özünə gücü çatmır, şüşənin dibinə sürüşür.

Küçələr, dayanacaqlar boşalır.

***

Denis kostyumunu geyinir, saçlarını səliqəyə salır, üzünü təmizləyir. Bu səhər marşal Feyrbax kimi oyanıb. Obrazına layiq ədayla - mənim ona öyrətdiyim kimi: – sağ əlini dümbəyinə qoyur, sol əlini sinəsinə qaldırıb zabitəli səslə xanım Mayanı səsləyir.

Ssenariyə görə, Marşal Feyrbax arvadını öldürməmiş ona həqiqətləri deyir.

Havanı kəsib tökür, işıq barmaqlarının ucunda çırpınır, titrəyir, çiliklənir... O günəş ki göydə, bizdən min il uzaqda qızarır, adama dəyib yerə düşür, ayaq altda qaralır, - marşal haman dünya işığından hayıf çıxır...

Monoloqdan sonra xanım Maya - hələ mən Denislə görüşdüyüm gün onun gözlərindəki parıltını görmüşdüm: Nəhayət, ömür rəfiqi qırxillik arzusuna çatdı... - onu alqışlayır.

Nahardır. Denis gözləyir.

Axşamçağıdır. Denis gözləyir.

Gecədir. Denis gözləyir.

Xanım Maya pəncərədən boylanır... Denis gözləyir...

Quduz külək yağış damcılarını qovduqca azğınlaşır. Quduz külək yağış damcılarını tələsən adamların başına vurur, üzünə çırpır, pəncərələrə dəyib-qayıdır – özünü qəzəblə nimdaş divarlara sürtür, fit çala-çala uzaqlaşır, təzədən pəncərələrə şığıyır.

Səhərdir.

Denis ölüb.

***

Maya xanım telefona cavab vermir. Qarğaşa, qaç-qov, - ölüsü yerdə, gələni-gedəni – telefon hayındadı? - Lap cavab versəydi, nə deyəcəkdim...

Aha, Maya xanım zəng edir.

“Denis hər gün məşq edir, xeyli yaxşılaşıb. Bələdiyyə sədri dedi ki, çəkiliş ertələnib, dedi, çəkilişə hələ üç ay var. Denis üç aya lap düzələcək. Təşəkkür edirəm! Nə yaxşı gəldiniz. Sizi Allah yetirdi. Əməllicə yeyir, hər gün yuyunur, iki obraz kimi olsa da, danışırıq, hər dəfə onu alqışlayanda məni qucaqlayır. Təşəkkür edirəm!”

2020, Bakı

Image result for ömər xəyyam yeni

# 6094 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #