Cavid Zeynallıdan yeni hekayə: 25 il sonra

Cavid Zeynallıdan yeni hekayə: 25 il sonra
2 fevral 2021
# 09:01

Kulis.az “Hekayə günü” yazıçı Cavid Zeynallının “25 il sonra” hekayəsini təqdim edir.

“Tapşırma məni xatirata, eyləmə miskin”
Saib Təbrizi

Camaatın canından bayram əhvalı hələ çıxmayıb, camaat təbrik üçün təzə-təzə dualar axtarır, mənim də arvadım axşam gördüyü yuxunun qorxusunu adamlar nədir, pal-paltara, daş-divara da yoluxdurur. Üç gündür... Üç gündür üz-gözündə ölüm nişanələri dolaşır. Vallah, hə! Əlləri soyuyub. İri, parlaq gözlərinin işığı öləziyir. On il əvvəl mən elə o iri gözlərin işığında tapmışdım rahatlığımı. On il əvvəl o əllərin istisində xumarlanmışdı kişi dincliyim. Zarafata salıb fikrini dağıtmaq istəyirəm, olmur. Qızıma göz vururam, lağlağı edirik – acığı tutur.

- İsa, bəsdir. Bəsdir! Məni ələ salma.
Səsini qaldırır. Heyrət, ey büt!

- Qurbağa gölün qırağında darıxırdı. Birdən eşidir ki, uzaqlarda kimsə bərkdən öskürür. Yola çıxır, səs onu gətirir balaca kəndə. Görür, öskürən bir eybəcər qarıdır. Gedir meşəyə, bir qucaq odunu gətirib tökür qarının daxmasına. Sobanı qalayır, evi təmizləyir, quyudan su gətirir. Qarı bu yaxşılıq üçün qurbağanın gözlərindən öpür. Görür, a-a, qurbağanın əyni nimdaşdır. Yazığı gəlir. Əvvəlcə sandığını açır, onun başına anasından qalma tac qoyur. Sonra pul verib göndərir dərziyə. Dərzi yerində olmur. Qurbağa bazardan özünə çətir almaq istəyir ki, yağışda tacı islanmasın. Bazara girəndə halı qarışır. Piştaxtanın üstündə ora-bura vurnuxan balığa deyir:

- Quyruğunu söykə alnıma, gör istiliyim var?

Və birdən qurbağa bərkdən asqırır. Bu vaxt yun xaralında gizlənən qızıl ilan başını çıxarıb öskürəndə ağzındakı yarasa uçub qaranquş yuvasında gizlənir. Sonra bazardakı adamlar ölür. Vəssalam?

- Hə, vəssalam.
- Hi-hi... He-he-he... Öhö... Öhö... İlanın öskürəyi mənə də keçdi. Bəlkə bu uşaq vaxtı nənənin sənə danışdığı nağıldır? Vallah, məndə də belə şeylər olur. Tibb buna...
- Yaxşı-yaxşı, sən Allah! Mən bu yuxunu birinci sinifdə də görmüşdüm. Səhəri gün xalam quyuya düşüb boğuldu. Qardaşımın da atı özünü qayadan atmışdı. Onu sənə demişdim.
- Hə. Deyəsən, bir əhvalat da danışmışdın.
- Cinlər peyğəmbərə yalvardılar ki, bizi xəstənin bədənindən çıxarsan, donuz sürüsünə göndər. Peyğəmbər onlara “Gedin!” deyir. Bir də görürlər, donuz sürüsü uçurumdan aşağı dənizə atılıb sularda boğuldu.

Pencəyi çiynimə atıb güzgünün qabağına keçirəm. Qızım qol saatımı gətirir.
- Belə şeylərdən xəbərdar olan adam avam ola bilməz.
- Avam özünsən!
- Niyə bir səfeh qurbağaya görə özünü incidirsən?

Üzünü çiynimə söykəyir. Sükut.
- İsa, sən Allah, özünü qoru. Nigaranam. Çox nigaranam.
- Qorxu it kimidir, gərək qabağından qaçmayasan.
Onu öpüb əlindəki zibil torbasını bəxşiş kimi götürürəm.
- Qulaq as, o balıq quyruğunu qurbağanın alnına söykədi, ya yox?

Qızımla bir-birimizə göz vurub bic-bic gülürük. Blokda su sayğacını yoxlayıb pilləkənləri düşürəm. İkinci mərtəbədəki nənənin qapısında yenə pişik yatıb. Həmişəki pişik. Boz pişik. Nənə bir azdan qapını açıb, ona broyler toyuğunun ciyərini yedizdirəcək. Sonra rusca əzizləyəcək. Oxşayacaq. Əllərinin hənirini sığal edib çəkəcək ipək tüklərinə. Hə, nənənin qapısında da həmişəki zibil torbası. Asılıb cəftədən. Bilir ki, İsa yenə götürüb atacaq.

***

Hər şey bir göz qırpımında oldu. Hər şey bir göz qırpımında! Amma mən yenə arvadımın hansısa səfeh ilan-qurbağa yuxusuna inanmaram. İnansam, həkim olmazdım ki...

Küçələr bomboş. Bomboş küçələrin hüznlü havasını atmaq olmur başdan. Göyərçinlər uçuşur damlarda. Bu da tənbəl şəhər pişikləridir, zibil yeşiklərinin yanında vurnuxurlar. Dəniz səmtdən qopub gələn gilavar küçələrin uzun-uzun boyunu, binaların uca-uca qamətini oxşayır. Hələ mart günəşi... Uzaqda var-gəl edən polisin ulduzlarında xumarlanır mart günəşi. Süpürgəçi nənə də deyinmir Allahtərəfi. Söykənib süpürgəsinin şax duruşuna mat-məəttəl. Nə vaxtsa küyündən qulaq tutulan, indi adamı sovrulan şəhərin fikrini çəkir. Bəs mən neynirəm? Həkimə yaraşmayan pərişanlığı ata bilmirəm canımdan. Keçirəm adamları ölümdən gizlədən binaların arasından, gedirəm xəstəxanaya.

- Salam, İsa.
- Salam, salam...
- Əynini dəyiş, gəl iclas zalına. Bir az tələs.

Hər gün gördüyüm adamlardır. Ağ xalatdakı, üzləri tərtəmiz qırxılan, təcrübəyə gələn tələbə qızlara xəlvəti təbəssüm göstərən həmin adamlar. Bircə gözlərdəki qorxu bambaşqadır. Bir də vurnuxan, ora-bura qaçışan tibb bacıları vahimənin şəklini çoxaldırlar.

İclas uzun çəkmədi. Həmişəki sicilləmələrə dözməmək nə gözəlmiş. Bezməmək nə gözəlmiş. Sadəcə, hərə öz payını götürdü: Heraklın on iki qəhrəmanlığını göstərməliydik. Bu, taleyin boyumuza biçdiyi ilahi lütf idi: xəstəxanalarda can çəkən adamların dadına yetməliydik. Yaşamaqdan doymayan, dostdan-doğmadan uzaq düşən o çarəsiz adamların. İndi onların doğması da biz olacaqdıq, yadı da. Bircə on iki qəhrəmanlıq üçün yola çıxan ağ xalatlı, xəlvəti təbəssümlü bu adamları yoxsul daxmasında boyat çörəklə turş şəraba qonaq edən o qədim əhvalatdakı vəfalı qoca çatmırdı. Və bu uzun yolçuluğun ithürən tərəfindən arvadımın qüssəli səsini min pərişan sədanın içindən seçirdim:

- Gördün, İsa? Mənə inanmırdın, gördün? İsa...

***

Yola çıxanları yoxsul daxmasında boyat çörəklə turş şəraba qonaq edən vəfalı qoca gəlib çıxdı. Tale uşaqlığımın qəhrəmanı olmuş bu qərib adamı ölümün əlindən almağı mənim boyuma biçmişdi. Eybəcər çıxır, amma: 25 il sonra uşaqlıq borclarımı qaytarmağı mənə nəsib elədiyinə görə taleyə minnətdar olmaqdan gözəl nə var?

Səməndər əmi, bu ağıçı arvad xasiyyətimi bağışla mənə; qoy soruşum: o uca boyun nə vaxt alçaq düşdü, hanı o güclü qolların arxayın söykənəcək yeri? Sən ey, bütün uşaqların dostu adam, sən ey, qüssəli günlərimin gülən üzü, sevinən ürəyi, tox qarnı; indi qarşımda məğlub düşmək sənə yaraşarmı heç? Geri qayıtsın mənim atasız-arxasız çağlarım, geri qayıtsın söyüd kölgəsi, iyun axşamlarının gözəl nağılları; geri qayıtsın mənə, Pünhana, İsmayıla, Səkinəyə yerkökü şirəsi içirdiyin səhərlərin gur işığı. Sonralar səni çox axtardım. Axtardım deyəm ki, hər şey sən istəyən kimi oldu, Səməndər əmi: mən indi həkimliyi oxuyuram, Bakıdan məhəlləmizə qayıdanda anamın ağrılarına özüm dərman oluram. Amma sən yox oldun. Birdən-birə. Göz qırpımında. Sentyabrın axşamçağı vaxtında uçub göylərdə itkin düşən göyərçinlərin xiffətini çəkdiyini bilirdim, amma kim ağlına gətirərdi ki, onları axtarmaq üçün nə vaxtsa özün də göylərə qarışıb qeybə çəkiləcəksən? Onda hamı səni axtarırdı. Hamı. İndi 25 il keçib və bu palatada məni sənə sarılmağa qoymayan çox qorxular var. Aç gözünü!

- Həkim, mən ölürəm. Ölürəm...
- Səməndər əmi...
- Kimsən?
- Sağalıb ayağa duranda tanıyacaqsan.
- Səsin doğma səsdir.
- Səni nə qədər axtarmışam...
- Mən ölürəm, həkim. Sən... kimsən? Məni intizarda qoyma.
- Sən ölməyəcəksən!
- Çıxar əynindəki bu geyimi. Çıxar üzündəkini... tanıya bilim səni.

Səməndər əmi ölümdən qorxurdu. Bunu təkcə gözlərində titrəşən xof demirdi, bu həm də onun üzündəki qırışların dərinliyindən bilinirdi.
- Nəfəs ala bilmirəm, həkim. Elə bil, sinəmdən daş asılıb.

***

...Onun məhəlləmizə gəldiyi günü yaxşı xatırlayıram. 91-in yayında gəldi. Bəlkə iyul, bəlkə avqustda. Anam dedi, İsa, Solmaz xalagilin qazları itib. Solmaz xala Səkinənin anasıdır. Bizdən üç qapı o tərəfdə taxta darvazalı palçıq daxmada gecələyirdilər. Həmişə həyətlərindən qaz səsi gələrdi. Həmin yay bir dəstə qazın səsi kəsildi Solmaz xalagilin həyətindən. Mən Solmaz xalanı heç vaxt o qədər yazıq görməmişdim. Mən Səkinəni də heç vaxt o qədər yazıq görməmişdim. Xırdaca gözləri ilə, xırdaca əlləri ilə hamıya yalvarırdı. Əlacı olsaydı, qaza dönüb anasını sevindirərdi. Həmin axşamüstü çinar boylu tanımadığımız adam bir dəstə ağ qazı qabağına qatıb gətirdi məhəlləmizə. Ona dikilən sual dolu baxışları görüb özünü itirmişdi.

- Gördüm qazlar yolu tanıyır, mən də onlara qoşulub gəldim.

Gözümün qabağındadır: Solmaz xalagilin həyətinə özlərini necə təpdilər. Sevinə-sevinə. Yastı ayaqları ilə yeri basa-basa. Qazlar Səkinəni qüssə çəkməkdən xilas eləmişdilər. Gərək gözdən qoymayaydı Səkinə onları. Sonra o bir dəstə ağ qaz taxta darvazalı palçıq daxmanın arxasında boğaz-boğaza verib qaqqıldaşdılar. Mənim hərdən qaqıldamağım da o vaxtdan qalıb. Ağır xəstəm yaxşılaşanda özümü xəstəxananın tualetinə verib sevinə-sevinə qaqqıldayıram. Amma əvvəlcə tualetin suyunu buraxıram ki, səs səsə qarışsın, səs səsdə ərisin.

Sonra öyrəndik ki, adı Səməndərdir. Özü haqqında danışmağı sevmirdi. Biz də soruşmazdıq. Deyirdilər, bir dəfə içib ağzından nələrsə qaçırıb. Ki, anası onu ilxı otaran yaraşıqlı kişidən doğub. Moruq yığmağa gedəndə. Sonra ata zalımlıq eləyib. Nə zalımlığı? Hansı zalımlığı? Bilmirəm. Hə, yadımda qalan bir də odur ki, Səməndər əminin nişanlısı başqasına qoşulub qaçmışdı. Vəssalam!

Onun məhəlləmizə gəldiyi gündən sonra uşaq həyatımızın nağılı-nəğməsi başladı. Küknarlığın arxasındakı evi aldı. Bizi nə vaxt itirsəydilər - yayı sərin, qışı isti o kərpic evdə tapardılar. Səməndər əmi külləmə kartof bişirərdi, yerkökü şirəsi çəkərdi bizə. Hansı gün ki yerköküyə çuğundur qatardı, hansı gün ki itburnu çayı dəmləyərdi, hamımız üz-gözümüzü turşudardıq.
- Kim içməsə, böyüyəndə tez-tez xəstələnəcək.
Mənim gözümün qabağına anam gələrdi. Qorxardım.
- Mən içirəm.
- Aha... Deməli, İsaya marojna da alacam.
- Mən də...
- Mən də...
- Mən də...

İri ovcundan xırda pulları qapıb qaçardıq mağazaya. Sonra kərpic evin sərinində dizimizi qucaqlayıb onun danışdığı nağıllarda yaşayardıq. Səməndər əmi təkcə maraqlı nağıllar danışmazdı bizə, həm də dərslərimizdə kömək edərdi. Bəs məktəbdə beş alanda mükafatımız nə olardı? Bahoo... Onun belinə minməyin, boynunda gəzməyin ayrı ləzzəti vardı. Hər səhər bizi görən kimi də gözlərini qıyıb soruşardı:
- Axşamı necə yatdınız?

Onun bu sualı həmişə mənə qəribə gələrdi. Bu nə deməkdir: necə yatdıq? Heç özümüzdən xəbərimiz olurdu?
- Səməndər əmi, niyə həmişə bizdən bunu soruşursan?
- İstəyirəm, axşam rahat yatasınız. Şirin yuxular görəsiniz.

Bizə şirin yuxular gətirən gecələrin birində anamın ağrıları dözülməz oldu. Balışı ağzına sıxıb zarıyırdı:
- İsa, qaç Solmazı çağır.
Qaçdım. Səkinə yuxulu gözlərini ovuşdura-ovuşdura:
- Anam evdə yoxdu, - dedi, - Biləsuvara yasa gedib. Səməndər əmini çağıraq?
- Hə.

Əl-ələ tutub küknarlığı keçdik. Cırcıramalar susmuşdu. Hardasa uzaqlarda hürən it də ərinib səsini kəsdi. Səməndər əminin darvazası açıq idi. Özü də həyətdə oturmuşdu. Siqaret çəkirdi. Bizi görüb qabağımıza yüyürdü.
- Nolub, İsa?
- Səməndər əmi, anamın ağrıları yenə başlayıb, - Bilmirəm niyə, məni ağlamaq tutdu.
- Gedək. Xəstəxanaya apararıq. –Səməndər əmi saçımı öpdü, - Siz gedin evə, mən qaçıb maşın çağırıram.
- Anam ölsə, mən... tək qalacam.
- Qorxma, ölsə gəlib bizdə qalarsan. – Hələ bu qaz Səkinənin dediyinə bax!
- Ölməyəcək, ölməyəcək... – Məni qucağına götürüb bağrına basdı; nəfəsi boyun-boğazımı yaladı, saqqalı üz-gözümü daladı. - Ölməyəcək, gözümün işığı!

***

- Həkim, boğuluram. Ölürəm mən... ölürəm.
- Ölməyəcəksən, gözümün işığı!
- Sən kimsən oğul... kimsən?
- Sənə yerkökü şirəsi çəkmişəm. İç bunu...
- Yerkökü?
- Hə. İstəsən, çuğundurla qarışdıraram.

Dikəlmək istədi. Bacarmadı. Anam o gecə necə zarıyırdısa, Səməndər əminin də sinəsindən eynən həmin səs qopdu. Dörd tərəfimizdə nə ki xəstələr yatırdı, elə bil, hamısı ağrı-acısını unudub bizim tamaşamıza dayandılar. Tibb bacılarının da əli işdən soyumuşdu, pıçıldaşıb mat-məəttəl baxırdılar. Birdən dəhlizdə səs-küy qopdu. Deyəsən, hansısa xəstə həkimlərə hədə-qorxu gəlirdi. Olur belə şeylər. Budəfəki tamaşa daha maraqlı çıxdı. Tibb bacıları bizi unudub baş-başa buraxdılar. Və nə yaxşı, belə oldu.

Səməndər əmi başını yastığa söykəyib udqundu. Bir də qəddini dikəltməyə çalışdı. Deyəsən, qollarının qüvvəti qayıdırdı.
- Allah, mənə güc ver. Mənə güc ver...

Əvvəlcə dirsəkləndi sağ böyrü üstə. Sonra ayaqlarını yığdı, dizlərinin taqətini toparlayıb oturdu.
- Axşamüstü itburnu çayı da dəmləyəcəm.
- İsa... – Səsi titrədi, - İsa... Sənsən, bilirəm.
- Mənəm, Səməndər əmi.
- Bilirdim ki, həkim olacaqsan.
- Sənə söz vermişdim. Yadındadır?
- Hə...
- Söz vermişdim ki, həkim olub anamın ağrılarına özüm dərman olacam.
- Hə. Sözünü tutdun.
- Amma sən gedib bir də qayıtmadın.

- Eh... Nə bilim, ay İsa. Hər şey yadımdadır. Hər şey! Gözümün qabağına gəlir, elə bil rahatlaşıram. Anan sağdır?
- Ölüb.
- Çoxdan?
- Hə, səkkiz ildir.
- Allah rəhmət eləsin. Nə qədər əziyyət çəkdi.
- Anamdan sonra rayona az-az gedirəm.
- O biri uşaqlar necə oldu? Qızın adı Səkinə idi.
- Səkinə də oxumaq istəyirdi. Qəbul ola bilmədi. Dədəsi Biləsuvara ərə verdi. İsmayıl Ankarada yaşayır. Yaxşı iş-güc qurub özünə. Hərdən danışırıq. Pünhan da rayonda taksi sürür.

- Evlənmisən?
- Evlənmişəm. Bir qızım da var.
- Nə yaxşı. Bilirsən nə yemək istəyirəm, İsa?
- Nə?
- Desəm, gülərsən mənə.
- De, de...
- Qaz ətinin soyutmasını. Evdə bişirtdirib gətirə bilərsən?

“Qa-aaa...”. İlahi! Bu nə idi? Özümdən asılı olmadan, qeyri-ixtiyari qaqqıldadım. Səməndər əmi şaqqanaq çəkib güldü. Güləndə üzünün dərin qırışları qarmon körüyü kimi açılıb-yığıldı. Xəstələr heyrətlə, təəccüblə yer-yerdən mənə sarı boylandılar. Əynimə geyindiyim skafandrın içində bədənimi soyuq tər basdı. İndi xəstələr ağıllarına nə gətirəcəklər? Gətirəcəklər ki, bunun özü xəstədir, ağıldan kəmdir, bizə nə çarə eləyəcək?

- Evdən yemək gətirməyə icazə yoxdur, - guya özümü o yerə qoymadım. - Sağal, səni də götürüb gedəcəm rayona. Qaz yeməyə.
- Gedərəm. Məni apararsan, ananın məzarını da görərəm. Təki bu namərd xəstəlikdən salamat qurtarım. Amma heç ağlım kəsmir.
- Sağalacaqsan. İnan mənə! Necə oldu, harda yoluxmusan?
- Bilmirəm.

- Yaxşı, Səməndər əmi, harda yaşayırsan, nə işlə məşğulsan?
- Gəl, başqa şeydən danışaq.
- Axı, öyrənmək istəyirəm ki, sən o vaxt niyə birdən getdin, sonrakı həyatın necə oldu?
- Nəyinə lazımdır? Bilməsən yaxşıdır. Sənə bir şey demək istəyirəm.
- Aha...

- Ondansa soruş ki, niyə anamın məzarını görmək istəyirsən?
- Niyə?
- Kaş sənin ananı o vaxt razı salmağı bacarardım.
- ...
- Evlənməyə. Kaş onu evlənməyə razı sala bilərdim. Eh...
- ...
- Sən uşaq idin, belə şeyləri ağlın kəsməzdi. Çox çalışdım, çox dil tökdüm. Elə dedi ki, yazıqsan, mən yarımcan adamam, mənnən sənə arvad olmaz.
- ...
- Mənimki qadın sarıdan gətirmədi.
-...
- Eşdirsən məni?
- Hə-hə...
- Amma nə yaxşı belə oldu. Mən gəzərgi adamam. Yaralıyam. Onu da atıb gedərdim, səni də.
- Onsuz da atıb getdin.
- Dost kimi atdım. Qonşu kimi atdım. Amma ata kimi atıb getmədim. Bunun acısını ömrün boyu yaşayardın. Necə ki, mən yaşadım. Nə isə... Məni çox danışdırma, başına dönüm. Elə bilirsən, getmək mənə rahat oldu? Başa düşdüm ki, qonşu olsaq da, anana heç vaxt əlim çatmayacaq. Ona görə də ilim-ilim itmək lazım idi. Birdəfəlik. Ağır idi, amma bacardım. Sizdən ötrü çox darıxırdım. Gizlənqaç oynayırdıq, həmişə də mən yummalı idim. Düzdü? – Səməndər əmi kədərlə gülümsədi.

- Hə. Həmişə də bizi görərdin, amma özünü elə aparardın ki, guya yerimizi bilmirsən.
- Hə-hə... Siz qaçıb yorulanda saçınızdan tər qoxusu gələrdi. Ölərdim o qoxunu içimə çəkməkdən ötəri. O vaxt üzüyola uşaq idin. Qonşuların hər işinə yarayardın.
- İndi də çalışıram. Məsələn, qonşuların qapılarında zibil görəndə atıram. Bir də köhnə çörəkləri yığıb maşında saxlayıram, günaşırı bir yaşlı kişi götürüb toyuq-cücəyə aparır.
- Köhnə vaxtlarım olsaydı, mən də donuzlarıma aparardım.
- Donuz?
- Hə, Binədə donuz ferması var idi, bir az orda işlədim. Sonra gördüm özüm də donuza çevrilirəm, ayrıldım ordan. Xeyli vaxt donuz çoşqaları tez-tez yuxuma girdi. Görürdüm ki, özlərini dənizə atırlar.
- Nə?
- Sənə noldu? Niyə diksindin?
- Heç... Heç nə...

- İsa, axır vaxtlar yuxularımı da qarışdırıram.
- Nə görürsən?
- Belə qəribə yuxu idi. Qəribə də yox e, axmaq yuxu. Görürəm, bir yekə qurbağadır, kürəyini söykəyib dizimə, fıştırıq çalıb qabağında ilan oynadır. Hərdən də əlini əlinə vurur, ilan birdən yoxa çıxır. Qayıdanda ağzında qaranquş balalarını gətirib qurbağaya yedizdirir. Sonra...
- Ardını danışma, Səməndər əmi. Danışma...

***

İki həftədir bizi oteldə saxlayırlar. Evə, ailəyə yaxın düşmək qadağandır. Ancaq axşamlar görüntülü danışırıq. Ən çox qızımın qüssəsi mənə əzab verir. Axşama qədər elədiyi hər şeyi həvəslə, eşqlə mənə danışır:
- Ata, darıxıram sənin üçün. O qədər darıxıram ki, hər gün şəklini çəkirəm. Bax, bu bir, bu iki, bu üç... Plastilindən sənə oxşayan çoxlu adamlar düzəltmişəm.

Tbilisi prospektinin qəzəbli-deyingən sürücülərinin səhər-axşam siqnallarını indi ölüm sükutu əvəz edib. Səhər xəstəxanaya, axşam otelə... Əl-üzümü yuyub yemək üçün otel bələdçisinə zəng etmək istəyirdim. Növbətçi tibb bacısından zəng gəldi:
- Doktor, salam, axşamınız xeyir.
Səsi tanış gəlmədi. Deyəsən, növbə təzələnəndə əvvəlki tibb bacılarından hansısa biri ilə əvəz eləmişdilər.

- Hər vaxtınız xeyir.
- Doktor, xəstə Atayev Səməndər Mahmud oğlu sizinlə danışmaq istəyir.
- Nəsə olmayıb? Necədir vəziyyəti?
- Ciddi narahatlıq yoxdur.
- Telefonu ona verin.
- İsa... İsa...
- Səməndər əmi, necəsən?
- İsa, mən burda qala bilmirəm. Gəl, məni çıxar. Onsuz da öləcəm. Gəl, gəl məni apar burdan.
- Hər şey yaxşı olacaq. İnan mənə! Sağalmağına bir şey qalmayıb.
- Mən hər şeyi hiss edirəm. Axşam yatacam, səhər durmayacam. Bilirəm... Gəl, səni görüm.
- Gəlirəm. Gəlirəm... Çıxıram bu dəqiqə.

Palatalardan gələn xəstə iniltiləri bir az da çoxalmışdı. Xərəkdə halsız, heysiz uzanıb ümidi hər şeydən üzülən adamların ardı-arası kəsilmirdi. Tanıdım-tanımadım hamı ilə dilucu, başımı tərpətməklə salamlaşırdım. Palatanın qapısını açıb özümü içəri atdım. Xəstələrdən yatanı da var idi, yerində qurcuxanı da. Bircə inildəyən Səməndər əmi idi. Məni görəndə gücü ancaq əlini qaldırmağa çatdı:
- Çağırdım ki, yanımda olasan. Səni görmək istədim.
- Mən də gəldim.
- Burda qalmaq istəmirəm.
- Qalıb-qalmamaq heç birimizin əlində deyil. Heç nə bizim ixtiyarımızda deyil.
- Darıxıram.
- Lap az qalıb, vəziyyətin də yaxşılaşır.
- Darıxıram. Vallah, darıxıram.
Səməndər əmi başladı uşaq kimi ağlamağa.

***

Xəstəxana pəncərələri... Həyatla ölüm, sağlam canla xəstə bədən arasında uzandıqca uzanan intizarlı yol. İşıq gətirən, işıq aparan yol. Qaranlığı gizlədən, qaranlığı gətirən yol. Həmişə narahat-nigaran o yola boylanarsan, o yolda baxışarsan ölümün–həyatın ağ-qara siması ilə. 21 gün Səməndər əmi işıq gətirən o pəncərələrin sevincini çəkdi içinə. Boylandı ölümə sarı ki, görsün hələ gəlməyib, hələ qapını kəsdirməyib?
Dilində:
- Ölürəm, - çarəsizliyi;
Qəlbində:
- Yaşamaq istəyirəm, - təmənnası.

Divarın o üzündə - Allahın göyünün altında yel dəydikcə titrəşən qovaq yarpaqları bircə Səməndər əminin soluxan ümidlərini göyərtmirdi, hər pəncərədən neçə göz baxırdısa, hər pəncərədən neçə göz zillənirdisə, hamısının könlündə yaşıllanırdı. Göz vururdu, əl edirdi, əsib-titrədikcə divar dalına çəkilib içində ölüm xofunu gəzdirən bu zavallı adamlarla gizlənqaç oynayırdı. Qovaq yarpaqları başını aldadırdı, qəlbini oynadırdı onların. Ayağa durub ev üçün yır-yığış edəndə təkcə palata yoldaşları, tibb bacıları ilə görüşmədi Səməndər əmi. Qovaq ağacının yaşıl budaqları ilə də sağollaşdı. O qovaq budaqları, o qovaq yarpaqları da dəcəl uşaqlar kimi atılıb-düşüb sevindi.

Və bu da ayrılıq vədəsi. Bir-birimizə sarılıb lal-dinməz dayanırıq. Onun qolunun gücünü, əllərinin hənirini kürəyimdə hiss eləmək necə gözəl hissdir.

- Gözlərimə inanmıram. Mən ayaq üstəyəm. Mən ölmədim. Canım it canıdır.
Ləzzətlə gülür. Gözlərini qıyıb gülür. Dərin qırışlar titrəşir üzündə.
- Sənin zəngini gözləyəcəm.
- Bilmək istəyirəm ki, necə yaşayırsan, harda yaşayırsan. Mən də səninlə gedirəm.
- Başqa vaxt. İstəmirəm görəsən harda yaşayıram, necə yaşayıram.
- Səməndər əmi...
- Mənə tez-tez zəng elə. Vaxtın olan kimi məni apar rayona. Evimi görmək istəyirəm. Apararsan ananın məzarını görərəm. Bir də gedib doyunca qaz əti yeyərik. Yaxşı? Salamat qal, İsa.

Cibinə pul qoydum. Utandı. Amma gərək utanmazdı. Mən Səməndər əminin haqqını hələ çox qaytaracaqdım. O, taksiyə əl edib gözdən itdi. Özümü nə qədər güclü, nə qədər əzəmətli, nə qədər yenilməz hiss edirdim, İlahi! Sevincin bu qədərinə insan dözməzdi, mən dözürdüm! “Qa-aaaa...”

***

Həmin günün axşamı özümü bazarda halı qarışan qurbağa kimi hiss edirdim.
- İsa...
- Həə...
- Evə balıq almışam. Kaş sən də evdə olardın.
Deyəsən, o balıq quyruğunu alnıma söykəmək üçün bizə gəlmişdi.

# 4340 dəfə oxunub

Müəllifin son yazıları

# # #