Bir gecə oyandım yağış səsinə... - Adil Mirseyidin şeçmə şeirləri

Bir gecə oyandım yağış səsinə... - Adil Mirseyidin şeçmə şeirləri
21 dekabr 2019
# 11:57

Bu gün şair, rəssam Adil Mirseyidin doğum günüdür. Kulis.az bu münasibətlə özünəməxsus dəstxəti olan şairin seçmə şeirlərini təqdim edir:

bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm

necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi allah
mən ona sirr verib sirr saxlayardım..

nə tüfəng asılıb divardan nə saz.
bəlkə öz ömrümü uydurmuşam mən,
bəlkə yüz il əvvəl oyanmalıydım.
bəlkə bu yuxudan gec durmuşam mən.

nə bir at kişnəyir nə köpək hürür,
divar saatı da susub qorxudan.
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan.

göylərdən qovulmuş mələyəm bəlkə,
bəlkə də bir sərxoş meyxanəçiyəm.
bir gecə oyandım yağış səsinə,
bilmədim hardayam kiməm nəçiyəm.

***

uçan quşun kölgəsini
tutub basdım bağrıma
unuduldu bir anlıq unuduldu ağrı-acı
axıb gedən buludları akvarelə bənzəyən
bir qərib gündə pəncərəmin şüşəsini
döyür ağ tut ağacı
qədərində nə varsa onu yaşayacaqsan
demişdi mənə şaman kimi bir rəssam
aradan uzun illər ötüb keçib
o rəssamı xatırladım bu axşam
bu şəhərdə şaman kimi bir rəssam vardı
bir gecə ay onu çəkib apardı
təbəssümü qaldı aynada
yaşıl rəngim quruyub palitrada
pəncərədən baxıram payız gəlib dağlara
götür fırçanı bulud şəkli çək
o buludu uzaqlara aparın külək
siz məni boş verin dostlar bu anda
bir qızılgül ləçəyinə bükmüşəm ürəyimi
qədərimlə baş-başa buraxıb gedin məni
içimdə vivaldinin musiqisi səslənir

***

səndən ölüm diləmişdim
allah mənə ölüm göndər demişdim
allah bağışla bəndəni
bu gecə öldürmə məni
bilirəm qul olduğumu
bilirəm şair olduğumu
qulamsa şairliyimi al məndən
şairəmsə gəl məni qul eləmə
bir kimsə görmədən başım üstündə uçur
sən göndərən bəyaz kölgə
anlat mənə allahım, anlat mənə kim olduğumu
bir anadan doğulmuşuq biz bəlkə
o dünyadan gəlmişdim
bu dünyaya alışdım
amma nə qul, nə də şair
taleyimlə barışdım
allahım, niyə mənə qanad vermişdin
bilirdin ki, qıracaqlar qanadlarımı
uçub gələ bilməyəcəm dərgahına
yapayalnız qalacam fani dünyada

***

kitab mağazalarının vitrinlərində
çap olunmamış şeirlər kitabımı
axtarıram axşamlar
saat beşdən-altıdan sonra
qəfil kədər gözlərimi acışdıranda
gəlincik təbəssümlü
gənc satıcı qızların
dodaqları çiçəkləyir gözləri
çılınçılpaq
öz adımı soruşuram astadan
bu dünyada mənim adım naməlum
vitrinlərin işıqları süni
qızların təbəssümü boyalı laqeyd saxta
yalnız yorğun gözlərimin qüssəsi
həqiqətdi bu şəhərdə anacan

***

Bir dəli şeytan deyir
Sən də at şeirin daşını
Çıx get qara Afrikaya
Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap
Bir də köndələn daxma
Heç kimə məktub yazma
Güzgülərə də baxma.

Nə din, nə dil, nə də Vətən
Hamısı çıxsın yadından
Amma bir gün uçan yerdə
Vursunlar qanadından.

***

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

...Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır
Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

Gallery

# 4490 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #