Atasını qəbirdən çıxarıb müdirinin qohumunu basdıran məmur – Bəxtiyar Vahabzadənin hekayəsi

Atasını qəbirdən çıxarıb müdirinin qohumunu basdıran məmur – Bəxtiyar Vahabzadənin hekayəsi
16 iyun 2020
# 09:04

Kulis.az hər həftənin çərşənbə axşamı Azərbaycan ədəbiyyatından diqqətdən kənarda qalan maraqlı hekayələri oxuculara təqdim edir. Silsilənin ilk hekayəsi Xalq şairi Bəxtiyar Vahabzadənin “Ala-bəzək çamadan”ıdır.

Mən sizə dörd pərdəli bir komediya danışacağam. Amma bu komediyanın çölü gülməlidir, içi ağlamalı...

İdarənin direktorunu daha yüksək vəzifəyə apardıqlarından müavin, direktor əvəzi işləyirdi. O, tamam-dəsgahı ilə direktor olmaq üçün döydüyü qapı qalmadı. Amma kişinin zəhməti hədər getdi, başqa bir yerdən təzə direktor gətirdilər. Elə birinci gündən müavin, tutuşdu bu təzə direktorla. Amma gözünə döndüyüm təzə direktor Hüseyn Xalidoviç ona bir gəliş gəldi ki, yazıq bir də ayılıb gördü, cibində pensiya kitabçası, bulvarda əyləşib qoca təqaüdçülərlə domino oynayır özü üçün.

Elə burdan da tamaşanın ikinci pərdəsi başlanır. Bu da ondan ibarət olsun ki, idarənin bütün işçiləri təzə direktorun nə qədər böyük gücə və qüdrətə malik olduğunu başa düşüb bildilər ki, bu cavan oğlanla zarafat eləmək olmaz. Bunu biləndən sonra vəziyyətlər və münasibətlər dəyişdi, ikinci pərdənin ikinci şəkli başlandı. Bu şəkildən sonrakı bütün şəkillərin və pərdələrin baş qəhrəmanı oldu yaltaqlıq! Deyəsən, hörmətli oxucunun ürəyindən keçdi ki, bəyəm, yaltaqlıq adamdır ki, baş qəhrəman ola? Yox, əlbəttə, adam deyil, amma adama oxşayan bir para adamcığazların özündən yuxarıda durana göstərdiyi sifət və münasibətdir ki, mənim nəql elədiyim tamaşanın aparıcısı olacaq... Bəli, həmin gündən başlayaraq gündə beş dəfə, yerinə görə bəzən altı-yeddi dəfə Hüseyn Xalidoviçin və əhli-əyalının kefi və səhhəti soruşuldu, yeddi arxa dönəninin ad günləri öyrənildi, paltosu tutuldu. Ona “sədaqət” oyunu oynanıldı. Bu oyunu oynayanlar əsasən üç şöbə müdiri idi. Nədən ki, onların üçü də boş olan müavin yerinə göz dikmişdi. Hüseyn Xalidoviçdən hələlik səs çıxmır, ürəyində seçib sonalayır, bu ürəyindən hansının daha çox uyğun olduğunu öyrənirdi. “Uyğun” deyəndə ürəyinizə “qabiliyyət” gəlməsin. Qabiliyyət – ikinci dərəcəli məsələdir. Əsas məsələ bunlardan hansının ona daha çox sadiq olmağını bilməkdən ibarət idi. Bunun üçün isə vaxt lazım idi. Məsələnin belə olduğunu şöbə müdirləri də bildiyindən onların arasında direktora qulluq və qulluğun içində “sədaqət” yarışı başlanmışdı. Bu yarışda onlar bir-birinə aman vermir, biri digərini üstələməyə çalışır, bu çalışmalarda isə Hüseyn Xalidoviç qazanırdı.

Bu üç şöbə müdirinin – Kərimin, Rəhimin və Səlimin hər birinin öz qulluğu və öz xidməti var idi şefin yanında... Məsələn, Kərim direktorun qohum-qardaşına şəhərdə tapılmayan dərmanları bir göz qırpımında tapar, sahibinə çatdırardı. Nədən ki, qaynı Baş Apteklər İdarəsində mühüm vəzifədə çalışırdı... Rəhim isə şefin ailəsinə defisit “importnı” mallar tapmaqda mahir idi. Onun da qardaşı şəhər ticarətinin böyüklərindən idi... Bəs Səlim? Onun vəzifəsi isə başqa idi. Səlim şəhərdə dolaşan, xoruz səsi eşitməmiş lətifələri çinədanına yığar, ertəsi gün gülə-gülə kabinetə girər, üyüdüb tökər, şefin məzəsini açardı... İndi direktor qalmışdı məəttəl. Hansına üstünlük versin?

Əslində, bunların içində diribaşlığına və çevikliyinə görə Səlimdən üstünü yox idi. Amma...elə bu çeviklikdən şefin dalağı sancırdı. Qorxurdu ki, müavin keçəndən sonra Səlim daha çox əl-qol aça və günlərin bir günü onun yerinə də göz dikib aranı qarışdıra. Kərim “xoruz-beçə”, bir az da gopçu, Rəhim isə quzu bala idi. Başından vur, əlindən çörəyini al, odur ki, direktor bir balaca Rəhimə meylli idi.

Bu gün işə gələn kimi direktor Rəhimi yanına çağırdı. Bacanağı xəstə idi. Cibindən nüsxəni çıxarıb uzatdı ona.

- Bütün aptekləri gəziblər, tapa bilməyiblər, gör neynirsən...

Rəhim nüsxəyə baxıb:

- Kimdi xəstə? Allah eləməmiş sizinkilərdən... Hə... Rufikin atası...Rufik bizim Aliklə bir sinifdə oxuyur. Zəkalı uşaqdır. “Krasnı şapoçkanı” əzbər bilir.

- Gərək bu gün saat 11-ə qədər çatdırsan... Baldızımgili tanıyırsan?

- Niyə tanımıram... Rufikin ad günündə bir yerdə deyildik...

- De, tərpən!

Rəhim getdi, Kərimi çağırdı. Kərim ikiqat içəri girdi:

- Sabahi-şərifiniz xeyir olsun Hüseyn Xalidoviç.

Şef cavab vermədi.

- Qanınız qara deyil ki?

- Necə bəyəm?

- Heç, gözümə birtəhər dəydiniz...Kostyumunuz da mübarək.

- Ə, nə danışırsan? Az geymişəm bunu?

- Mənə təzə gəldi... yaman yaraşır sizə. Sağlığınıza qismət olsun.

- Moskvada tikdirmişəm.

- Deyirəm axı... Bizdə belə ustalar nə gəzir? Qutu kimi durur əyninizdə... Yaxşı yadıma düşdü, dünən orda idim...

- Harda, ə?..

- Orda da... Bizim qohumgildə.

- Kimdi ə... sizin qohum?

- Çəpgözü deyirəm də...

- Yuxardakı?

- Bə nə?

- Ə... o sizin qohumdu?

- Bə deməmişəm?

- Sən öl, birinci dəfədir eşidirəm.

- Doğrusu, bir-iki dəfə əvvəllər istəmişəm deyəm, utanmışam.

- Utanası yerdə utanmırsan... Ə...

- O, sizə nə təhər qohumdu?

- Arvad tərəfdən.

- Kür məsələsi?

- Yox. Kürdən bir az bu tərəfə.

- Ə... Kərim, o lazımlı adamdı.

- Bə nə... Dünən o ki var, sizdən danışmışam ona.

- Nə demisən, ə?...

- Nə deyəcəm, olanı...

- Yəqin demisən məni müavin qoymur.

- Mən ölüm, yox! Dedim, bizim idarə hələ belə bir kişi görməyib.

- Yaxşı, bu barədə sonra danışarıq. Sən gör mənə bir-iki fransız ətri tapa bilərsənmi?

- Niyə tapmıram?!

- De tərpən!

- Kərim gedən kimi fikir götürdü Hüseyn Xalidoviçi... “Sonra bunun dediyi düz olar... İşləri korlayaram... Bəlkə gop eləyir?.. Bu işin düz olub-olmadığını kim bilər görəsən?” – deyə xeyli fikrə getdi.. Elə bu zaman Naza xanım yanlarını basa-basa içəri girib şefə çay gətirdi. Naza xanım bu idarədə çoxdan işləyir, hamını tanıyır, tərcümeyi-hallarına qədər bilirdi. Şef:

- Naza xanım, sən bizim bu Kərimi yaxşı tanıyırsanmı?

- Bəli.

- Dabbaqda gönünə də bələdəm. Elə siz də pis tanımırsınız.

- Söhbətim onda deyil... Bunun yuxarılarda bir qohumu-zadı varmı?

Naza xanım xeyli fikirləşib dedi:

- O barədə bir söz deyə bilmərəm. Amma onu bilirəm ki, ağızdan yırtıqdır, oralarda bir adamı-zadı olsaydı, bunu çoxdan faş eləmişdi.

- Yaxşı, get, amma söhbət aramızda qalsın.

Şöbə müdirlərinin ikisinin də direktorun hüzuruna çağırılmaları, aradan yarım saatdan çox keçməsinə baxmayaraq, onun çağırılması Səlimi çox narahat elədi. Yerində otura bilmədi, dərhal imza atılası kağızları götürüb üz qoydu kabinetə tərəf. Qapını balaca araladı:

- Əssəlamün-əleyküm, mənim sevimli şefim. Gəlmək olar?

- Daha gəlmisən, soruşmaq neyçün?

- Sevimli direktorun bizə böyük olan məhəbbətindən sui-istifadə eləmək cinayət olar. Etikanı gözləmək borcumuzdur.

- Etika gözləyənə bax! Yaxşı, buyur görək, eşidirəm.

- Səlim qovluğu açdı direktorun qabağında.

- Mübarək imzanız lazımdır, bura.

Hüseyn Xalidoviç qol çəkib qalxdı ayağa.

- Səndən bir söz soruşacağam, düzünü desən, səni sevindirəcəyəm.

Səlimin ürəyi “gup” elədi. Ürəyində yəqin elədi ki, hərif müavinliyə eyham vurur.

- Əvvəla, mən sizə heç vaxt yalan deməmişəm. Bu idarədə bir gopçu var, o da...

- Yaxşı, de görək o tərəfdəki çəpgözün bizim Kərimlə qohumluğu var, ya yox?

- Səlim əlini əlinə vurub qəhqəhə çəkdi.

- Bu da onun növbəti gopudur, mən ölüm. Əşi, nə qohum, nə zad. Çəpgöz onun birinci arvadının yerlisi idi, vəssalam!

- De, sən öl?

- Mən ölüm!

Direktor sakit oldu.

- Yaxşı, de görək, işlərin necə gedir?

- Mənim işlərim asılıdır şefimdən. Yapışmışam ətəyindən, hara aparsan, ora gedəcəyəm.

Hüseyn Xalidoviç Səlimin nəyə işarə vurduğunu bilsə də özünü o yerə qoymadı:

- Xırdala - dedi – nə demək istəyirsən?

- Burda bir duzlu lətifə ilə necədir mənim şefim?

Şef yerində əyləşib dedi:

- Döşə gəlsin.

- Bir dəvə uzanıb özünü günə verirdi. Tülkü elə bildi dəvə ölüb. Amma bərayi-ehtiyat yenə yoxlamaq üçün onu təpiklədi, dəvə tərpənmədi. Üstünə çıxdı, dəvə yenə qımıldanmadı. Tülkü dəvənin öldüyünü yəqinləşdirib ürəyində dedi, işim düzəlib, apararam yuvama, bala-bala yeyib qışı başa vuraram. Tülkü quyruğunu dəvənin quyruğuna bağlayıb başladı dartmağa. Bu vaxt dəvə ayılıb qalxdı ayağa, tülkü dəvənin quyruğundan sallandı üzü aşağı. Dəvə yeridikcə tülkü onun o yanına - bu yanına dəyə-dəyə qaldı. Onu bu vəziyyətdə görən qarğa “Bu nə gündü düşmüsən” – deyə tülküdən xəbər aldı. Tülkü özünü sındırmadan dedi: “Nə olsun, böyük kişidir yapışmışam ətəyindən, hara aparır, aparsın”.

Hüseyn Xalidoviç eyhamın açıqlığına uğunub özündən getdi. Gözlərinin yaşını silib:

- Get, - dedi, - bu mənə bu günlük bəsdi.

- Bəs, axı, məni sevindirmədin, Hüseyn Xalidoviç...

- Amma sən məni sevindirib güldürdün. Mənim sevinməyim sənə bəs deyil?

Səlim bu sözün qabağında bir söz deyə bilmədi.

Bu əhvalatdan bir neçə gün sonra katibə səhər-səhər şöbə müdirlərini yanına çağırıb dedi ki, dünən gecə şefin bacanağı rəhmətə getmiş, Hüseyn Xalidoviç yas yerində sizi gözləyir. Rəhim Kərimə, Kərim Səlimə baxıb əvvəlcə bilmədilər neyləsinlər. Birdən Kərim əllərini üzünə aparıb hönkürdü və nədənsə, çıxıb getdi. Ona baxıb Rəhim dəsmalını çıxartdı. Üzünü yana tutub olmayan göz yaşını silə-silə:

- Dörd balası yetim qaldı – deyib, o da otaqdan çıxdı.

Katibə təəccüblə Səlimə baxdı. Elə bil bu baxışla demək istəyirdi: “Bəs, sən nə durmusan, niyə ağlamırsan, belə bir gündə?” Səlim çox yaxşı bilirdi ki, Naza xanım Hüseyn Xalidoviçin sağ əlidir, idarədə baş verən bütün hadisələri bitdən birəsinə qədər qoyur onun ovcuna. Buna görə də ona yəqin idi ki, bacanağın ölüm xəbərinin şöbə müdirlərinə təsir dərəcəsini də ona çatdıracaqdı. Bu həriflər işin içindən yaxşı çıxdılar. Bəs, Səlim neyləməlidir? Duruxdu. Xeyli fikrə getdi. Gördü, nə qədər məharətlə oynasa da, əvvəlkilərə çata bilməyəcək, ürəyində “qoy, mənimki də qalsın direktorun yanına” deyib üzünü tutdu Naza xanıma:

- Ölən ölür, mən şefi düşünürəm. İndi bacanağın da külfəti düşəcək yazığın boynuna – deyə otaqdan çıxdı.

Katibə:

- Külbaşların elə bil dədələri ölüb – deyə onların arxasınca şaqqanaq çəkib güldü.

İyirmi dəqiqədən sonra şöbə müdirləri bacanağın qapısı ağzında idilər. İçəri girən kimi Kərimlə Rəhim Səlimə macal verməyib, Hüseyn Xalidoviçin boynuna sarıldılar.

- Bu nə müsibətdir gəldi başımıza – deyib, hönkürdülər.

Səlim gördü ki, bu lotular burda onu üstələdi. O, uduzurdu... Bu məqamda o, elə bir pəstəha çıxarmalıydı ki, onun həşiri o birilərini kölgədə qoysun. Səlim birdən geri çəkilib, kəlləsini tutuzdurdu qapının çərçivəsinə... Kəlləsinin zərbəsindən qapı titrədi. Hamı çönüb ona baxdı. Səlim baxışlardan bir az da cuşa gəldi. İkinci dəfə başını qapıya yamamaq istəyirdi ki, şefin arvadı Gülya xanım özünü atdı Səlimin üstünə.

- Səlim qardaş, eləmə!

Səlim üzünü Gülya xanıma tutub:

- Sizin dərdiniz mənim dərdimdir – deyə öz sözündən bir az da cuşa gəldi... Deyəsən, bu zərbə lap bərk oldu. Ağrının şiddətindən Səlim həqiqətən ağlamağa başladı. Gözlərindən sel kimi yaş axırdı. Gülya xanım yaylığını çıxarıb Səlimin göz yaşını silir, dostların “sədaqət”i bir az da kövrəlirdi.

Kərimlə Rəhim isə ürəklərində Səlimi söyür, onun aktyorluq məharətini, hər oyunu öz yerində oynaya bilmək qabiliyyətinə həsəd aparır, bu oyunun özlərini kölgədə qoyduqlarına heyfsilənirdilər. Bu oyun mediyanın üçüncü pərdəsi, zirvə nöqtəsi idi.

On dəqiqədən sonra şef sadiq nökərlərini yan otağa çəkib məşvərətə başladı:

- Ölənin dalınca ölmək olmaz... İndi gəlin, bu müsibətin ardını fikirləşək. Məsələ belədir ki, baldızım və Gülya xanım mərhumun təzə qəbiristanlıqda dəfn olunmasını istəmir. Ora çökək olduğundan su ağzıdır. İndi deyin görək, köhnə qəbiristanlıqda yer tapa bilərik, ya yox?

Üçü də bir-birinin üzünə baxdı.

- Dəfn idarəsində hansınızın tanışı var?

Gecdən-gec Rəhim dilləndi:

- Siz düz buyurursunuz, Hüseyn Xalidoviç. Təzə qəbiristanlıq subasardır. Amma Badamdardan düşən yerin ağzında, təpədə mən yer düzəldə bilərəm. Keçən il qardaşımı mən orda dəfn eləmişəm.

Şef əsəbiləşdi.

- Dedim ki, o qəbiristanlıqda dəfn eləmək istəmirik.

Kərim dilləndi:

- İndi çox adam ölüsünü yaxın kəndlərdə, lap elə Sarayda, yaxud Mərdəkanda dəfn eləyir.

Şef yenə əsəbiləşdi.

- Əşi, sən nə danışırsan? Bunun cümə axşamısı var, yeddisi, qırxı, ili, bayram axşamları var. Burdan Mərdəkana kim gedəcək?

Bayaqdan söhbətə qarışmayan Səlim şəstlə özünü verdi qabağa:

- Hüseyn Xalidoviç, siz narahat olmayın, mən bu işi istədiyiniz kimi yoluna qoyaram.

Şefin qaşları çatıldı:

- Səlim, nağıl yeri deyil, de görək, necə?

- Bunun necəsi yoxdur ki, indi saat neçədir?

- Düz 10 tamam.

- Saat 4-də Gülya xanımın dediyi köhnə qəbiristanlıqda qəbir hazır olacaq.

Şef Səlimi bağrına basdı:

- Bax, bu oldu söz. De tərpən!

Kərimlə Rəhim bir daha məğlub olduqlarını boyunlarına alıb getdilər həyətə çadır qurmağa.

Səlim maşınına oturub oradan birbaş gəldi evlərinə. Kəçən ildən mənzilinin təmiri üçün aldığı əla “importnı” kafellərdən tələm-tələsik 5 bağlama götürüb qoydu bir kənara. Bayaqdan onu süzən arvad:

- Xeyir ola, bunları hara aparırsan? – deyə kişiyə təpindi.

Səlim aramla başa saldı ki, şefin bacanağı ölüb, onun qəbrini içəridən hörməyə aparır. Arvad cin atına mindi:

- Dədənin qəbrini niyə kafelləmirdin?

- Artıq-əskik danışma, qoy, işimizi görək.

- Arvad “işimizi görək”dən başa düşdü ki, kişi nəyə işarə vurur, yumşaldı:

- Yəni bunun köməyi olacaq?

Sonra əlavə elədi:

- Amma inanmıram, tülkü adama oxşayır sənin şefin.

Səlim arvadın haqlı olduğunu bilsə də, bir həftə əvvəl şefə danışdığı tülkü və dəvə əhvalatını yadına salıb qımışdı. Arvad hardan biləydi ki, əsl tülkü durub qənşərində və bu tülkü özünün tülkü olduğunu öz dililə izhar eləyib dəvəyə. Səlim özünü o yerə qoymayıb, arvadın yanında xoruzlandı:

- Mən öz mərdliyimi bildirirəm, o da kişidirsə, göstərsin öz mərdliyini.

- Umma, şişərsən.

Söz onu tutsa da, Səlim dərhal mətləbi dəyişdirdi:

- Mənim bir əziz-xələf çamadanım vardı ha... Nuh əyyamından qalan ala bəzək.

- Kənddən gətirdiyin?

- Hə... Hanı o?

- Neçə dəfə atmaq istəmişəm, qoymamısan. Odur ey... Zirzəmidə.

- Gətir onu?

- Neynirsən?

Səlim əsəbiləşdi:

- Əşi, lazım olmasa, istəmərəm ki...

Arvad köhnə-kürüş şeylərin içindən çamadanı tapıb gətirdi. Səlim üstünü toz basmış çamadanın qapağını açdı. Burnuna kif iyi dəydi... İçindən vaxtilə atasının ona yazdığı məktubları, köhnə mühazirə dəftərləri və dərslikləri çıxarıb qoydu bir tərəfə. Bir istədi desin, at bunları, sonra nə düşündüsə:

- Bunları bağla bir düyünçəyə, at zirzəmiyə - dedi.

Kafelləri çamadana yığıb, birbaş gəldi qəbiristanlığa. Qəbirqazan Qulam dayını tapdı. Üç il əvvəl atasını dəfn edərkən tanıdığı Qulam kişi ilə hər dəfə qəbiristanlığa gələndə salamlaşar, hal-əhval tutardı.

Çox qəribə adamdı Qulam dayı. Yaşı yetmişi keçsə də, hələ “cağ” idi. Dünyanın altını da görmüşdü, üstünü də. Adamlarla ünsiyyəti o qədər də sevməzdi, amma... gül-çiçəklə, ağaclarla məşğul olmağı özünə səadət bilərdi. Onu həmişə köhnə qəbirlərin arasında dümələnən görərdilər. Gül əkər, ağacları sulardı. Köhnə qəbiristanlıqdakı meşəni o salmışdı.

Şəhər camaatının çoxu onu tanıyırdı. Niyə də tanımasınlar? Kimin evindən, ya qonşusunun, qohum-qardaşının evindən ölü çıxmamışdı? Həyatla ölüm arasındakı bu sərhəddə ömrünün çoxunu başa vuran Qulam kişi burada həyat və ölüm məktəbi keçmişdi.

O, heç zaman “Bu gün filan qədər də adam basdırdım” – deməzdi, evdə uşaqlar xəbər alanda “Bu gün filan adamın ulduzu söndü” – deyərdi.

Qulam kişinin tamahkar olmadığını da bilirdi Səlim. Odur ki, söhbətə çox ehtiyatla başlamalı idi. İki ay əvvəl yaxın adamlarından öləndə Səlim yer üçün Qulam kişinin yanına gəlmiş, ona xeyli pul təklif etmiş, bir nəticə hasil olmamış, üstəlik ağır söz eşitmişdi. Buna görə də ikinci dəfə bu məsələyə qayıtmaq mümkün deyildi. Səlim Qulam kişini dədəsinin qəbri üstünə gətirib başladı mətləbi xırdalamağa:

- Qulam dayı, dədəm mənə vəsiyyət eləmişdi ki, onu kənddə, anasının yanında dəfn eləyim. Kişinin vəsiyyətinə əməl eləməyə imkanım olmadı, burda basdırdım.

Qulam dayı dözə bilmədi:

- Atasının vəsiyyətinə əməl eləməyən oğul...

Səlim dərhal onun sözünü kəsdi.

- Düz deyirsən... Amma daha ondan keçib. Qulaq as, indi bir aydır, hər gecə kişi yuxuma girir. Məni itdən alıb itə verir. Deyir, bir qələtdi eləmisən, indi mənim sümüklərimi də olsa, kəndə aparmasan, yanıma üzüqara gələsən. Qulam dayı, yuxum ərşə çəkilib, daha dözə bilmirəm. Sök atamın qəbrini, çıxar sümüklərini – deyib maşının baqajını açdı, ala-bəzək çamadanı çıxarıb dedi:

- Yığ sümükləri bu çamadana, günü sabah aparacam kəndə.

Qulam kişi onu diqqətlə dinləyib başını yellətdi:

- Bala, dünyanın heç bir yerində ölünü qəbirdən çıxarmazlar. Bu həm günahdır, həm də insana yaraşan iş deyil... Ölünü gordan çıxardanda ölü gorbagor olar. Eşitmisən bu sözü?

- Eşitmişəm. Amma sən dediyin qaldı keçmiş əyyamda...

- Yox, bala, insanın yaxşısı elə hər əyyamda insandı. Bu işi mən sənə məsləhət bilmirəm.

- Bunu mənə niyə deyirsən? Kişi özü elə istəyir... Xahiş edirəm, qurtar məni bu bəladan.

Qulam kişi əlacsız qalıb:

- Dədə özünündü, özün bilərsən. Allah bu günahı mənim ayağıma yazmasın – deyə bir siqaret yandırıb sözünə davam elədi: - Amma iki şərtim var, birincisi, təzə ölü kimi bu rəhmətliyi kənddə, el adətincə təzə ölü kimi dəfn eləyərsən. Eləməsən, muzd-babalım sənin boynuna.

- Başqa cür ola bilməz. Qulam dayı, ikinci şərtini de.

- İkinci şərtimi, sümükləri bax, bu torbada - əlindəki salafan torbanı göstərdi.

- Sənin çamadanına qoyandan sonra deyəcəyəm.

- Mən razı!

Qulam kişi qəbri qazmağa başladı. Külüng səslərinin altında Səlim işin ardını fikirləşirdi. O, sümükləri doğrudanmı kəndə aparmaq istəyirdi? Əgər kəndə aparası olsa, Qulam dayının dediyi kimi, mərasimi təzədən başlamalı, qanun-qayda ilə kişini təzə ölü kimi dəfn etməliydi. Bu da əlavə xərc və vaxt tələb edirdi. Yox, əgər burda, təzə qəbiristanlıqda dəfn eləsə... bu da mümkün deyil, çünki ölüm haqqında şəhadətnamə lazım idi. Bəs neyləmək? Çox fikirləşəndən sonra qərara gəldi ki, hələlik bu barədə düşünməyə dəyməz, bu sonranın işdir. İndi yalnız başlanan işi başa çatdırmalı, elə eləmək lazımdır ki, bu işin içindən qəmbərqulu çıxmasın. Yalnız ondan sonra dədə barəsində fikirləşmək olar. Fikirləşmək deyəndə ki, bunun bircə yolu var: kənddən dayısıoğlunu çağırar, o, bu işi öz istədiyi kimi yoluna qoyar. Dayıoğlu da iş yönü biləndir, onu başa düşər.

...Səlim bir vaxt ayıldı ki, qəbir sökülüb qurtarmış, Qulam dayı dodağının altında pıçıltı ilə nəsə deyə-deyə sümükləri selofan torbaya doldurur. Birdən gözü dədəsinin kəlləsinə sataşdı. Dərhal üzünü yana çevirdi, baxmaq istəmədi. Kişinin sifəti gəlib durdu gözlərinin qabağında, ha çalışdı bu sifəti itirsin, olmadı. Vaxtilə dədəsinin ona dediyi qəzəblə dediyi bir söz qulağında cingildəyib kişinin o sözü dediyi andakı o sifətini də canlandırdı...

Səlim 10 yaşında ikən anasını itirmişdi. Atası kənd Soveti sədri vəzifəsində işləyir, yeganə oğlunu günlərlə görə bilmirdi. Uşaq başsız böyüdüyündən atını istədiyi yerə çapır, böyüklük iddiası ilə böyüyürdü.

...Sonuncu buraxılış imtahanlarını verirdi. O, mütləq Bakıya getmək, ali məktəblərin birinə qəbul olunmaq istəyirdi. Riyaziyyat müəllimi isə ona “üç”dən yuxarı qiymət vermək istəmirdi. Əşrəf müəllim nəyinki kəndin, bütün rayonun ən hörmətli və ağsaqqal müəllimlərindən idi. O, zəif oxuyan şagirdlərlə dərsdən sonra məşğul olar, qiymət yox, bilik verməyə çalışardı. Ali məktəb həvəsində olan şagirdləri isə əlavə dərsdən başqa evinə çağırar, onları sidq ürəklə, təmənnasız hazırlaşdırardı. Dərs ilinin əvvəlindən Səlimi əlavə dərsə və evinə dəfələrlə çağırsa da, o, bu çağırışlara məhəl qoymamışdı. Nəhayət, Əşrəf müəllim, Səlimin atası ilə də danışmış, yenə bir mətləb hasil olmamışdı.

Əşrəf müəllim qiymət cədvəlinə “üç” yazanda Səlim qoca müəllimi nalayiq sözlərlə təhqir edib getmişdi. Bu xəbəri eşidən ata axşam Əşrəf müəllimgilə gəlmiş, oğlunun əvəzinə ondan üzr istəmişdi. Amma o gündən sonra oğlunu evə buraxmamış, Səlim bütün yayı dayısıgildə qalıb iyulun axırında Bakıya getməyə hazırlaşanda xəbər atasına çatmışdı.

Sədr rayon avtovağzalında oğlunu tutmuş, salamsız-kəlamsız maşından həmin ala-bəzək çamadanı düşürüb:

- İçində ayın-oyun var, götür, imtahana qədər bəsindi, içində pul da var, - demişdi – maşın tərpənəndə çevrilib, - gedirsən get, - amma adam ol, qayıt, - deyə oğlu ilə görüşmədən, onu ötürmədən çıxıb getmişdi.

“Adam ol” sözü bir də qulaqlarında cingildədi...

O, ala-bəzək çamadanın içində dədəsinin öz əlilə qoyduğu kənd nemətlərini yedi, imtahanlarını da verdi, qəbul olundu, oxudu, institutu bitirdi, işlədi. Atasından gələn məktubları həmin çamadanın içinə qoyub saxladı. İndi də dədəsini dürmələyib qoydu həmin çamadanın içinə.

Səlim çamadanı qaldıranda dədəsinin yüngüllüyünə, o boyda bədənin bu boyda çamadana sığa bildiyinə təəccüb elədi. O zabitəli kişi indi onun sağ əlində ala-bəzək çamadana dönmüşdü. İndi o, dədəsini maşının baqajına qoyub, qapağı örtdü, dərindən bir nəfəs aldı.

- Adam ol!

Bu dəfə səs maşının baqajından gəldi... Əti ürpəşdi, maşından uzaqlaşdı. Ürəyində “əsl zəmanə adı elə mən özüməm” deyə özünə təsəlli verdi. “Adam ona deyərəm ki, çıxılmaz vəziyyətdən çıxış yolu tapsın...”

O, rütbə başında özünü əsl adam hesab edir, dədəsinin sözünə əməl etdiyini düşünürdü: “Zarafat deyil, 38 yaşında böyük bir idarənin şöbə müdiri, sabah da... müavin olacaqdı... Daha nə istəyirsən? O, gəncliyində biliyi biliksiz qoparılan qiymətdə gördüyü kimi, indi də adamlığı insaniyyətsiz rütbədə görürdü...

Səlim düşüncələrinin dərin qatlarını çözələdiyi bu anda baxdı ki, Qulam dayı alətlərini yığışdırıb gedir.

- Hara gedirsən, dayan, hələ işimiz var.

Qulam kişi elə bildi ki, Səlim gördüyü işə görə haqq vermək üçün saxlayır onu:

- Səlim, mən bayaq birinci şərtimi dedim, sən də, allah atana rəhmət eləsin, razılaşdın, indi ikinci şərtimi deyirəm, bu iş üçün səndən haqq almayacağam. Nədən ki, qəbir sökmək üçün haqq alanın goru çatlar... Mən bu qələti eləyə bilmərəm... İndi məni də mindir maşınına, apar evimə...

Səlim çox pis vəziyyətə düşdüyünü anladı... Amma ayrı yol yoxdur, mətləbi açmalıdır:

- Qulam dayı, qəbri sökmək üçün haqq almadın, allah səndən razı olsun, amma tikmək üçün alarsan.

Qulam kişi əvvəl heç nə başa düşmədi. Səlim mətləbi xırdaladı:

- Çox hörmətli bir adam ölüb, Qulam dayı, mənim yaxın dostum idi rəhmətlik... istəyirik, onu burda dəfn eləyək... Sən ağıllı adamsan, məni başa düşərsən...

Qulam kişini elə bil ildırım vurdu.

- Necə? Dədənin yerində?

- Nə olar, o rəhmətlik də elə mənim üçün dədə kimi bir adam idi...

- Doğmaca dədənin təzə dədən üçün qəbirdən xortdatdın? Əşi, sən nə təhər adamsan?

- Qulam dayı, ondan keçib... – deyə kafel bağlamalarını götürüb düzdü qəbrin yanına.

- Mən səndən xahiş edirəm, bu kafelləri qəbrin divarlarına hörəsən... Ömrüm boyu sənə borclu olaram.

- Özün heç, bəs məni niyə günaha batırdın, ay haramzadə?

- Əşi, o ölü olmasın, bu ölü olsun, nə fərqi var. Günah bunun harasındadır, başa düşmürəm.

Qulam kişinin matı-qutu qurumuşdu. O, Səlimin yalvarışlarına məhəl qoymadan, torbasını çiyninə atıb düzəldi yola. Səlim onun qabağını kəsdi:

Məni darda qoyub getmə, yalvarıram.

Qulam kişi:

- Çəkil yolumdan, - deyə onu itələyib yoluna davam elədi. Bir xeyli aralanandan sonra çevrilib:

- Bu yaşa çatmışam, hələ bu boyda nadürüstlük görməmişdim, bunu da gördüm. Allah bundan betərindən saxlasın – dedi.

Səlim Qulam kişinin arxasınca bir xeyli baxıb başını yellətdi... Bəs, indi neyləməli? Bu işi necə başa çatdırmalı? Qəbiristanın girəcəyində daş yonan ustalar birdən onun yadına düşdü. Tərpəndi birbaş ora.

..İki saatdan sonra kafellənmiş, gəlin otağı kimi bəzənmiş qəbir hazır idi.

Hə... İndi keçirik komediyanın axırıncı şəklinə:

...Dəfndən sonra Hüseyn Xalidoviç Səlimi bağrına basıb ona təşəkkürünü bildirdi. Bir həftədən sonra isə... Onun müavinlik əmri verildi. Bu əmrdən sonra Kərimlə Rəhim əl-ələ verib, oldular can bir qəlbdə dost. Nədən ki, eyni dərd, düşmənləri belə bir-biri ilə birləşdirər.

Hər şey Səlimin əvvəlcədən qurduğu plan üzrə gedirdi... Təkcə maşının baqaj yerində mürgü döyən ala-bəzək çamadan hələ öz həllini gözləyirdi. Dəfnin ertəsi günü Səlim dayıoğlusuna xəbər göndərmişdi ki, onunla vacib işim var, gəlsin şəhərə... Amma dayıoğlundan səs çıxmırdı. Dünən axşam kəndə zəng elədi, dedilər dayıoğlu kənddə yoxdur, uzaq yerə bir aylığa “ezamiyyətə” gedib. İndi Səlimin tək bircə dərdi vardı: necə olursa-olsun, tezliklə çamadanı izah eləmək! Bəs nə təhər? Bu sirri dayıoğlundan başqa heç kəsə aça bilməzdi... o da ki, belə...

Uzun illər həsrətində olduğu müavinlik stulunda əməlli-başlı öz istəyincə oturub vəzifənin ləzzətini çəkə bilmir, getdikcə çamadanın xofu onu basırdı. İndi tez-tez dədəsi yuxusuna girir, onu hədələyir, “adam ol” – deyirdi. Dünən gecəki yuxusunda kişi yenə ona “adam ol” deyəndə Səlim dözmədi. Dedi, əşi, məndən nə istəyirsən? Məni evindən qovdun, gəldim şəhərə, öz gücümə oxudum, adam oldum. Sən balaca bir kənddə sovet sədri idin, mən bu boyda şəhərdə bu boyda vəzifə sahibiykən, yenə səndən əskik oldum? Kişi gülüb dedi: “Bu yaşa çatmısan, hələ bir adamın əlindən tutmamısan. Həmişə odu öz qabağına eşmisən”.

Səlim dedi: “Saxla, nə təhər yəni, bir işə yaramamışam? Bəs, Hüseyn Xalidoviçin bacanağına qəbri kim düzəltdi?”

Kişi dedi:

“Elə gəlirəm ora. O xeyri də məndən gördün, qəbrim də işinə yaradı... İndi yenə məndən narazısan?”

Dünən gecə gördüyü bu yuxu Səlimi gic eləmişdi. Amma yenə özünü sındırmır, beynində ilişib duran çamadanı qovmaq üçün silkələnib yerini kürsüdə rahatladı, qalstukunu düzəldib, katibəni çağırdı:

- Qəbula gələnləri bir-bir burax. İndi kim bir dərdinin əlacı üçün bu kabinetə girsə, vəzifə sahibinə baxıb əvvəl-əvvəl fikirləşəcək “yəqin bu da bir xidmətin və fəaliyyətin sayəsində gəlib oturub burda...”

Burda komediya qurtarır. Amma bilmirsən, bu tamaşanın harasına gülüb, harasına ağlayasan?!

Fevral. 1986-cı il.

# 10873 dəfə oxunub

Müəllifin son yazıları

# # #