Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə

Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
17 aprel 2021
# 09:00

Kulis.az Xalq yazıçısı Elçinin “Ağadadaşın kişi sözü” hekayəsini təqdim edir.

“Abşeron hekayələri” silsiləsindən

1.

…sonra kəndə xəbər yayıldı ki, papaqçı Ağadadaşın oğlu Gülbala da əsgər getdi və Gülbala bu kənddən cəbhəyə gedən yeddinci cavan idi. Hələ ki, bu cavanlar pis gözdən irağıydı, hələ ki, salamatçılığıydı, təkcə Çörəkçi Firuzənin nəvəsi Atif qarnından qəlpə yarası almışdı, Bakıda hospitala gətirmişdilər, deyilənə görə vəziyyəti ağır idi və bütün kənd camaatının da duası onunlaydı ki, təki uşağa bir şey olmasın. Çörəkçi Firuzə hər gün sübh tezdən avtobusa minib, hospitala gedirdi, axşam da avtobusla kəndə qayıdırdı və təndir çörəyi bişirməyə vaxtı olmadığı üçün, kənd camaatı məcbur olurdu ki, çörəyi Cəfərin marketindən alsın. Çörəyə, əlbəttə, pis demək olmaz, çörək çörəkdi, ancaq bir iş vardı ki, Firuzə arvadın təndirə yapıb, bişirdiyi çörəyin dadı ayrı idi.

Dəniz kənarındakı bu Abşeron kəndinin qumu da, ənciri, ağ şanısı kimi məşhur idi və elə ki, yazın axırları gəlirdi, yay başlayırdı, məktəblər tətilə bağlanırdı, necə ki, qışdan sonrakı alça, ərik ağacları çiçəkləyirdi, püstə, badam, innab, muşmula oyanıb, adamın üzünə gülürdü, bu kənd də eləcə canlanırdı. Məsələ burasındaydı ki, Bakı sakinlərindən kimin burda bağı varıydısa, bağa köçürdü, bağı olmayan ailəlikcə istirahətə gəlib, ev kirayələyirdi və Bakıdan bura cəmi-cümlətanı 45 kilometrlik yol idi.

Kəndin yaxınlığından elektrik dəmir yolu da keçirdi, elə o kiçik stansiyanın yanında avtobus dayanacağı vardı və ta ki, nar dəyənəcən şəhərə get-gəl çox olurdu, salam-əleyküm də, təzə xəbər-əsər də çoxalırdı, Ağakərimin hətta Bakıda məşhur olan kababxanası da müştəridən əskik olmurdu, axşamlar yay kinoteatrında o qədər adam kinoya baxırdı ki, kino bitəndən sonra süpürgəçi Münəvvər arvad Bakıdan gəlmiş arvad-uşağın çırtladığı tum qabıqlarını skamyaların arasından süpürə-süpürə hirslənib, kinonu çıxaranın atasının goruna söyürdü.

Bəzən də yayın cırhacır vaxtında xarici turistlər də dəstə ilə Bakıdan dənizdə çimməyə gəlirdi və kəndin cavanları da turistlərə, çox zaman da turist qızlara, arvadlara həvəslə bələdçilik edirdilər, onları çimərliyin kənarındakı sərin qayalığa aparırdılar ki, oraları da görsünlər və sərinləsinlər. Hətta belə bir hadisə də olmuşdu ki, «Dünya nemətləri» adlı kənd marketinin sahibi və satıcısı Cəfərin oğlu Həmid çimərlikdə Anjel adında bir fransız qızı ilə tanış olmuşdu, indi o qızla evlənib, Fransada yaşayırdı və Parisdən kəndə ayda, yalan olmasın, azı üç-dörd məktub göndərirdi.

Bir sözlə, kənd camaatı yay aylarının səs-küyünə, haray-həşirinə öyrənmişdi, ancaq birdən-birə bu COVİD-19 pandemiyası ki, başladı, hər şey dəyişdi: kirayə üçün hazırlanmış otaqlar boş, yayın gün yandıran istisində külafərəngilər boş, Ağakərimin kababxanasında kasadlıq. Hətta dəniz də bu yay, elə bil, yetimlədi – çimərliyin isti narın qumunda gəzən, uzanıb, özünü günə verən də yox idi, uşaqdan tutmuş böyüyə kimi çimən, top oynayan, suyu şappaşap şappıldadan da olmurdu, hərdən ancaq onu görürdün ki, özünü saxlaya bilməyən tək-tük kənd adamı dənizə girib, az qala gözdən itənəcən üzür, sonra da geri qayıdır – vəssalam.

Adama elə gəlirdi ki, dənizin səsi də əvvəlki deyildi, elə bil, COVİD-19 dənizi də əməlli-başlı darıxdırmışdı və dənizin səsi tənhalığından şikayət edirdi – hər halda təkcə bu kənddə deyil, Abşeronun başqa kəndlərində də yaxşı tanınan şair və meyxanaçı Balaəmi Əhsən belə hiss edirdi, bu barədə gözəl bir qəzəl də yazmışdı.

Kənd o pandemiyalı yayı beləcə dinməz-söyləməz keçirtdi, ancaq payızın gəlməyi ilə sentyabr ayının sonunda ki, Qarabağ müharibəsi başladı, kəndi dopdolu bir həyəcan bürüdü, camaat gecə-gündüz televizorun qabağından çəkilmədi, cəbhədən xəbər gözlədi və Qarabağ kəndləri, qəsəbələri, rayon mərkəzləri gündən-günə azad edildikcə, kənd camaatının sevinc hissi, elə bil, o həyəcana dalğa-dalğa gözəl bir coşqunluq yayıb, kəndin bütün ab-havasını dəyişirdi.

Öz musiqiçilər dəstəsi ilə yaxın-uzaq Abşeron kəndlərindəki toyların bir çoxunu idarə edən, məşhur klarnet ustası Cəbrayıl müharibə başlayan gündən ikinci mərtəbədəki balkonunda xüsusi olaraq mikrofon quraşdırmışdı və cəbhədən gələn hər gözəl xəbərdən sonra balkona çıxıb, gözəl də havalardan birini elə bir şövq ilə çaldığı ki, klarnetin səsi, elə bil, öz-özünə canlanmış dənizin səsinə qarışıb, bütün kəndə yayılırdı.

2.

Gülbala Zübeydə ilə Papaqçı Ağadadaşın yeganə oğlu idi – yeganə oğlu deyəndə ki, ümumiyyətlə, onların yeganə övladı idi və Gülbala cəbhəyə gedəndən sonra Ağadadaş uşağın nigarançılığından özünə yer tapa bilməyən Zübeydəyə təskinlik verməklə məşğul idi, özü isə içində arvadından da betər nigarançılıq çəkirdi. Elə həmin vaxt da Ağadadaş gecə yuxuya getməzdən əvvəl əhd etdi, özü özünə kişi sözü verdi ki, inşallah, Gülbala sağ-salamat qayıtsın, kənddə kim istəsə onun üçün müftə papaq tikəcək.

Ancaq kənddə heç kimin, o cümlədən Ağadadaşla Zübeydənin də xəbəri yox idi ki, onlardan savayı bir nəfər də gecə yerinə uzananda da, səhər duranda da, məktəbdə də ürəyində Allaha yalvarırdı ki, Gülbalaya heç nə olmasın, Gülbala sağ-salamat geri qayıtsın. Bundan Nisənin ən yaxın rəfiqələrinin, hətta 11-ci sinifdə birgə oxuduqları Səriyyənin də xəbəri yox idi və bu sevda dəniz sahilindəki o gözəl Abşeron kəndində təkcə Nisənin ürəyini yaxıb-yandırırdı. Bu elə bir sevda idi ki, Həmid-Anjel romantikasını da bir kənara qoymuşdu – əvvəllər Həmid-Anjel sevgisi barədə fikirləşəndə Nisənin ürəyinə gözəl bir istilik yayılırdı, ancaq indi Həmidlə Anjel də, Parislə Fransa da yaddan çıxmışdı, Nisənin ürəyi ancaq Gülbalaya məxsus idi.

Məsələ burasındaydı ki, hələ keçən il, o zaman ki, Nisə 10-cu sinifdə oxuyurdu və Gülbala da 11-i bitirib, papaqçı dükanında atasına kömək etməyə başlamışdı, on yeddi illik həyatında Nisənin ürəyində ilk dəfə bir sevgi yaranmışdı və bu da ilk dəfə idi ki, Nisə hamıdan gizlətdiyi gündəliyində «Kəpənək» adlı bir şeir yazmışdı, çünki elə bil, o sevgi birdən-birə gözəl naxışlarının rəngi bir-birinə qarışmış kəpənək kimi, uçub gəlib onun ürəyinə qonmuşdu – o gözəl kəpənəyin yüngül qanadları necə açılıb-bükülürdüsə, Nisənin də ürəyi eləcə döyünürdü. Nisənin məktəb yolu Gülbalagilin evlərinin qarşısından keçirdi, hərdən də elə olurdu ki, o evdən Gülbalanın tarının səsi gəlirdi və o anlarda məktəbdən evə qayıdan Nisə dünyanın ən gözəl musiqisini eşidirdi, ürəyi də eyniylə o cür döyünürdü.

Elə ki, Gülbala cəbhəyə getdi, dörd-beş gündən sonra Nisə daha dözə bilməyib, ürəyinin sirrini Səriyyəyə açdı və Səriyyə:

- Ayzə, nə yaxçı!..- dedi.- Day bunnan yaxçı nə istəyirsən?! Sevirsən də!..- Sonra da Nisəyə ürək-dirək verdi.- Bax, sən dedün e, o saat da mənim üreyimə damdı ki, inşallah, sizin toyuvuzda oynıyıceyik! Sağ-salamat qayıdecek Gülbala, Allah qoysa! Sənə deyirəm də, yüz faiz!

Səriyyə Ağakərimin ki, pandemiyaya görə kababxanası kasadlamışdı, yeddinci qızı idi və özündən böyük altı bacısının altısı da bir-bir gözəl ailə qurmuşdular. Yəqin elə buna görə də, Səriyyənin belə əmin-amanlıqla danışmağı, elə bil, Nisəni bir balaca sakitləşdirirdi, ancaq sonra ki, ayrılırdılar, Nisənin o sakitliyi də uzun çəkmirdi.

3.

Ağadadaş öz sənətinin böyük sənətkarı idi, çal papaqdan tutmuş, qulaqlı papağa, cürbəcür kepkalara qədər nə ki, kişi baş geyimi var idi hamısını ən yüksək səviyyədə tikirdi və nə tikirdisə, hər biri onun yaratdığı sənət əsəri idi. Təkcə şlyapa tikmirdi – nəinki kənddə, heç Bakının özündə də daha şlyapa qoyan yox idi. Hərdən televizor ilə göstərilən tarixi filmlərdə, xüsusən Osmanlı padşahlarından danışan Türkiyə seriallarında qədim baş geyimlərini görəndə, Ağadadaş fikirləşirdi ki, baş geyimləri də adamlar kimidi, gəlməyi, sonra da birdəfəlik getməyi var, ancaq belə fikirlər onun papaq yaradıcılığına heç vəchlə təsir edə bilmirdi. Bakının özündən də müştərilər gəlib, Ağadadaşa papaq sifariş edirdilər, o cümlədən bir xeyli tanınmış din xadimlərinin, məşhur xanəndələrin çal papağını da, Dövlət Filarmoniyasınının rəqqasları üçün motal papağı da o, tikmişdi. Bu da mat qalmalı bir iş idi ki, televizorda başına papaq qoymuş kimsə görünəndə və o adamı tanıyıb-tanımamağından asılı olmayaraq, Ağadadaş o saat özünün tikdiyi papağı tanıyırdı:

- Alə, baxın e, mənim papağımdır!..

Kənd cavanlarının, onların Bakıdakı dost-tanışlarının da bir çoxunun kepkasını Ağadadaş tikmişdi, çünki hansı təzə kepka dəbə düşürdüsə, bircə dəfə baxmaqla, məşhur Avropa firma kepkalarından da əlasını o, tikirdi və bu mənfur COVİD-19 bir tuği-lənət olub, müştərilərin də ayağını kəsmişdi. Bir tərəfdən müştəri yoxluğu, o biri tərəfdən də Gülbalanın ayrıca tikiş makinasının kimsəsizliyi, yəni Ağadadaşın dükanda tənha qalması onun ürəyini sıxırdı və gənc çağlarından bu tərəfə, həyatında ilk dəfə idi ki, Ağadadaş öz dükanında darıxırdı.

Bu dükanı Ağadadaşın rəhmətlik atası tikdirmişdi, ömrünün sonuna kimi də burda papaqçılıqla məşğul olmuşdu və Ağadadaş da papaqçılığı bu dükanda atasından öyrənmişdi, indi də burdakı ikinci tikiş makinasının arxasında Gülbala əyləşirdi. Gülbala yeniyetmə vaxtlarından tar çalmağı öyrənmişdi və elə ki, məktəbi bitirdi, qaldı iki od arasında: musiqinin dalınca getsin, ya atasının sənətini davam etdirsin? Ağadadaş məsləhət üçün Gülbalayla birlikdə Şakirgilə getdi və Şakir Gülbalanın tar çalmağına diqqətlə qulaq asandan sonra:

- Ağadadaş,- dedi.- Uşaq çalmağı öyrənib, özüyçün də pis çalmır, ancaq mən belə başa düşürəm ki, o, bu sənətin dalınca getsə, indiki yüzlərlə tar çalanlardan biri olacaq, onlardan artıq olmayacaq. Sözün düzü belədi. İndi, özün bil.

Ağadadaş:

- Allah atova rəhmət eləsin!- dedi və o vaxtdan da Gülbala bu sənəti atasından öyrənməklə məşğul idi, ancaq hərdən ürəyinə düşəndə tarı qoburundan çıxarıb, evdə çalmağı da var idi.

Həmin Vətən müharibəsi gedən vaxt ki, birdən gecənin yarısı Şakirin klarnetinin səsi qəflətən zilə qalxıb, bütün kəndə yayıldı, onda məlum oldu ki, müharibə qələbə ilə sona çatıb, torpaqlar azad edilib və elə bil ki, Novruz bayramı idi, kəndin camaatı bir-birini təbrik edirdi, bir-birinə gözaydınlığı verirdi, COVİD-19-u heç yadına salan və vecinə alan da yox idi. On-on beş gündən sonra da Gülbala sağ-salamat kəndə qayıtdı və elə həmin günün səhəri Ağadadaş vaxtıyla xeyli çətinliklə də olsa, Krımdan gətirtdiyi və xüsusi bir müştəri üçün ehtiyatda saxladığı məşhur qaragül cinsli quzu dərisini çıxarıb, ilk çal papağı kəndin birinci ağsaqqalı hesab olunan Hacı Müzəffər Ağa üçün tikdi və ona göndərdi.

Kəndin başqa ağsaqqalları da, əlbəttə, özləri durub, gəlib, müftə papaq tikdirməyəcəkdilər, onsuz da onların hamısının başının ölçüsü Ağadadaşın dəftərçəsində səliqə-səhmanla bir-bir yazılmışdı və Ağadadaş daha altı çal papaq tikib, ağsaqqalara göndərdi.

Gülbala ilə Çörəkçi Firuzənin oğlu Atif dost idilər və şükür Allaha ki, Atifin də üzü yaxşılığa doğru gedirdi. Gülbala Atifi yoluxmaq üçün Bakıya gedəndə Ağadadaş ona tapşırdı ki, Atifin də başının ölçüsünü gətirsin və ölçü gələndən sonra yaraşıqlı bir kepka tikib, Çörəkçi Firuzəgilə göndərdi. Bundan sonra da kənd cavanları arasında xəbər yayıldı ki, Papaqçı Ağadadaş hamı üçün müftə papaq tikir və cavanlar, xüsusən də yeniyetmələr kepka üçün növbəyə düzüldülər.

4.

Gülbala qayıdandan bir neçə gün sonra birdən kəndə hay düşdü ki, General gəlib, maşını da həmişəki kimi, məktəbin qabağındakı meydançada saxlatdırıb və cavanlar, yeniyetmələr də həmişəki kimi, meydançaya axışıb, Generalın başına yığışdı. General bu kənddə anadan olub, burada böyüyüb boya-başa çatmışdı, orta məktəbi burda bitirmişdi, sonra ailəlikcə Bakıya köçmüşdülər, ancaq bu kəndin doğmalığı və buranın camaatına hörmət-izzəti həmişəlik onunun ürəyində idi və aydın məsələdir ki, böyükdən-kiçiyə bütün kənd camaatı da onunla fəxr edirdi.

General əlində portfel tutmuş yavəri ilə birlikdə kənd adamlarının, onlara qoşulmuş uşaqların müşayiəti ilə gedə-gedə, pişvaza çıxmış camaatla görüşə-görüşə, öpüşə-öpüşə, ayaq saxlayıb, hal-əhval tuta-tuta məhəlləyə çıxmış ağsaqqalların, o cümlədən Hacı Müzəffər Ağanın, ağbirçəklərin xeyir-duasını ala-ala əvvəlcə çörəkçi Firuzənin təndir dükanına gəldi və gülə-gülə xoş xəbər verdi:

- Salam, ay Firuzə bacı,- dedi.- Gözün aydın olsun, Atif bu gün səhər özü ayağa qalxıb, gəzdi!..

Hələ hospitala getməyə macal tapmamış Çörəkçi Firuzə bir an duruxub, yerində dondu, sonra elə bil, ətli-əndamlı bir arvad yox, cavan qız uşağı idi, az qala atılıb, unlu əlləri ilə Generalı qucaqladı:

- Ay sənə qurban olum!- dedi və sevincindən qəhərlənə-qəhərlənə:- Ay sənə qurban olum!- deyə-deyə əlləriylə Generalın pencəyinə yapışdırdığı unlu barmaq izlərini çırpmağa başladı.

General:

- Narahat olma, ay Firuzə bacı,- dedi, sonra da sinə dolusu nəfəs alıb, yavərinə baxdı: - Səncə, dünyada təndir çörəyinin iyindən gözəl bir şey var?

Cavan yavər elə bil, bir az şaşırdı və General özü öz sualına cavab verdi:

- Yox!.. Yoxdu!..

Ordan da General başına toplaşmış adamların müşayiəti ilə birbaşa Ağadadaşın papaq dükanına gəldi və yavərin portfeldən çıxartdığı «Vətən müharibəsi iştirakçısı» medalını öz tikiş makinasının arxasından dik atılan Gülbalanın pencəyinin döşünə taxdı. Yeniyetmələr, cavanlar bu təntənəni telefonla videoya çəkdilər və elə həmin gün də bu video kənd camaatının nə qədər ki, telefonu var idi, hamısına yayıldı.

Və həmin bazar günü Nisə də öz otağına çəkilib, telefonda Səriyyənin göndərdiyi o videoya baxırdı və Nisənin ürəyi o qədər sevinc və qürur hissi ilə dolurdu ki, hər dəfə təzədən videoya baxanda yanaqlarına bir-iki damcı isti gözyaşı süzülürdü.

General yavəri ilə birlikdə axşamacan kənddə oldu və General ki, hələ gün batmamış klarnet ustası Şakirgilin balkonunda oturub, pürrəngi çay içirdi, Şakirin çaldığı klarnetin dünyanın gözəl işlərindən xəbər verən səsi dənizin səsinə qarışıb, kəndi başına götürdü. Axşam isə General maşına minəndə məlum oldu ki, Çörəkçi Firuzə beş dənə təndir çörəyini Generala, beş dənəsini yavərə, beş dənəsini də sürücüyə pay gətirib, maşına qoyub və Generalın belə şeyləri qətiyyən xoşlamadığını yaxşı bilən sürücü sükan arxasına keçməzdən əvvəl ona baxdı ki, nə etsin, ancaq General bu dəfə bir söz demədi, gülümsədi, sürücü də arxayın olub, sükan arxasına keçdi.

5.

Ağadadaş Gülbala ilə fəxr edirdi, hətta özüylə də fəxr edirdi ki, Gülbalanın atasıdır və evdən çıxıb, dükanına gələnə kimi rastlaşdığı kənd camaatıyla da daxili bir fəxarət hissi ilə salamlaşıb, hal-əhval tuturdu.

Balaəmi Əhsən Gülbalanın şəninə əla bir şeir yazmışdı və o şeir hətta Bakıda qəzetdə də çap olunmuşdu. Nisə ürək eləmirdi ki, özü Nəcəfin qəzet köşkünə gedib, o qəzeti alsın və qəzet almağa Səriyyə getdi. Qəzetçi Nəcəfin qardaşı Ələkbər araqla dostluq edirdi və buna görə də Nəcəf zaman-zaman qanıqara olurdu. Bu dəfə də deyəsən, dilxor vaxtına düşmüşdü və Səriyyə Nisə üçün o qəzetdən üç-dörd dənə almaq istəyəndə, qızın üstünə çımxırdı:

- Bir dənədən artıq olmaz! Başqaları adam döyül!?

Və Səriyyənin gətirdiyi o yeganə qəzeti Nisə tez-tez açıb, daha əzbər bildiyi həmin şeiri təzədən bir də oxuyurdu. İndi Nisənin qürur hissində daha artıq bir hərarət var idi və məsələ burasındaydı ki, Atifin vəziyyəti günü-gündən yaxşılaşırdı, Çörəkçi Firuzə xala da günün birinci yarısı hospitalda ona baş çəkməyə gedirdi, günün ikinci yarısında isə yenə çörək bişirirdi. Gözlənilməz və gözəl bir təsadüf o oldu ki, Nisə təndir çörəyi almaq üçün Firuzə xalanın dükanına gedəndə, orda Gülbala ilə rastlaşmışdı. Nisə nə qədər çalışırdı, cəhd edirdi, amma bu görüş barədə gündəliyinə nəsə yaza bilmirdi, çünki Gülbala onunla elə salamlaşdı, ona elə səmimi, yox, səmimidən də artıq, elə doğma nəzərlərlə baxdı ki, Nisə söz tapa bilmirdi ki, ürəyindəkiləri gündəliyinə köçürsün. Bu işdə Səriyyə də ona heç cürə kömək edə bilmirdi və Səriyyə:

- Sənə demişəm də, ürəyimə damıb, e, damıb. - deyirdi.- Arxeyin olginən, hər şey sənün öz ürəyüncə olacey. Vallah, Həmidlə Anjel yalan olacey sizün yanuvuzda! Görmürsən gündə bir məktub yazıb, göndərir? Anjeli sevir e, buna sözüm yox, ancağ Parisdə darıxır də… Ayzə, istəyirsən sən də Gülbalaya bir məktub yaz , aparıb verim ona, hə?

Nisə:

- Yox, mən yaza bilmərəm…- deyirdi.

- Nöşün?

- Yox də, yaza bilmərəm…

Və Generalın o gözəl və unudulmaz gəlişindən sonra Ağadadaş daha artıq dərəcədə cani-dildən və sidq-ürəkdən papaqları tikməyə başladı, papaq həvəskarlarının sayı da xeyli artdı və axırda iş gəlib o yerə çatdı ki, dükanda nə qədər dəri, parça, astarlıq vardısa, hamısı qurtarmışdı. Pandemiyaya görə parça dükanları da bağlı idi və Ağadadaş məcbur oldu Bakıya gedib, tanış börkçü ustalardan əlborcu olaraq bir az parça və astarlıq götürüb gətirsin.

6.

Hacı Müzəffər Ağa dünyanın işləri barədə fikirləşəndə, bəzən onun evi, həyəti bu fikirlərə sığmırdı və günün sakit çağlarında Hacı evdən çıxıb, dəniz kənarına gedirdi, orda gəzişirdi. Həmin anlarda Hacıda elə bir hiss yaranırdı ki, elə bil dəniz də onu tanıyır, onun fikrinə-zikrinə aşina olur və bu dəfə də dəniz kənarına gedəndə, qarşı səkidə Ağadadaşın dükanının qabağına üç-dörd yeniyetmənin yığışdığını gördü və ağsaqqalın bu işdən xoşu gəlmədi:

- Ay uşaq, a bala,- dedi.- İnsaf deyilən şey yoxdu süzdə? Alə, bu kişi day söküldü ki!.. Əhdindən kesçə bilmir, abırlı adamdı, süzə nə olub? Kişi kastyumunu da söküb, sizə kepka tiksin? Bəz döyül, alə? Hə? Papaq qoyan da, qoymayan da tökülüb gəlürsüz ki, mənə papaq tik. Əyibdi!.. Eşitdüz? Əyibdi!..

Və Hacı Müzəffər Ağanın bu sözlərindən sonra kənd yeniyetmələrinin kepka həyəcanına sərin su səpdilər və elə bil, Ağadadaşın tək özü yox, dükanı da bir az dincəldi, ancaq bir-iki gün keçmişdi ki, əvvəlcə araq iyi gəldi, sonra Qəzetçi Nəcəfin qardaşı Ələkbər dükanın açıq qapısından içəri boylandı.

Ələkbərin ürəyi tər-təmiz idi, özü də sakit adam idi, ancaq bu bədbəxt oğlu içən idi və kənd camaatı elə ürəyi təmizliyinə görə də ona dözürdü, özünün də əlindən hər iş gəlirdi: kimin evində elektrik kontakt edirdi, işığı sönürdü, o saat onu çağırırdılar, düzəldirdi, kimin evində krandan, vannadan su axırdı, çağırırdılar, düzəldirdi və sairə bu kimi işlərə yarıyırdı, yaxşı da şahmat oynayırdı, hər halda məəttəl qalmalı bir iş idi ki, samovar çaydanı kimi həmişə dəmdə olan bu bədbəxt oğlu bədbəxtin kənddə uda bilmədiyi adam yox idi. Şahmatı pulla oynayırdı, udurdu, pulu da aparıb verirdi arağa, hərdən də Qəzetçi Nəcəfin tənəsi ona təsir edirdi, içməyi tərgidirdi, ancaq bir müddətdən sonra görürdün ki, yenə şahmat taxtasını qoltuğuna vurub, kənddə gəzə-gəzə şahmat oynamağa müştəri axtarır və onda hamı bilirdi ki, Ələkbər yenə dəmlik aləminin qapısını açıb.

Deməli, əvvəlcə araq iyi gəldi, sonra yenə dəmlik aləmində olan Ələkbər qapıdan içəri boylandı:

- Qədeş, mənimçün də bir dənə kepka tik də, nolar?

Gülbala yenə Atifi hospitalda yoluxmaq üçün Bakıya getmişdi və öz tikiş makinasının arxasında bekar oturmuş Ağadadaş dərindən köks ötürüb:

- Keç içəri,- dedi.

Ələkbər dükana keçdi və əvvəlcə:

- Salam…- dedi, sonra da həmişə cürbəcür parçalar yığılan boş rəfləri gözdən keçirib, belə başa düşdü ki, bu istəyindən bir şey çıxmayacaq.

Ağadadaş:

- Sən də kepka istəyirsən?- soruşdu.

Ələkbər aşkar bir ümidsizliklə:

- Həri də…- dedi.

Ağadadaş zənnlə ona baxa-baxa:

- Onda, - dedi,- mənə de ki, Ağadadaş, sən öl, day içməyəciyəm! Heç vaxt! Eşitdün? Heç vaxt!

Ələkbər matdım-matdım ona baxdı:

- Elə beləyçinə deyim?

- Sənə dedim də!..

- Deyim ki, sən öl, day içməyəcəyəm?

Ağadadaş başı ilə təsdiq elədi.

Ələkbər dübarə soruşdu:

- Heç vaxt?

Ağadadaş yenə başı ilə təsdiq etdi.

Ələkbər:

- Xudahafiz, qədeş, - dedi.- Mənnik döyül. - Və çönüb dükandan çıxmaq istədi.

Ağadadaş:

- Nöş sənlik döyül, alə?- soruşdu.

Ələkbər ayaq saxlayıb:

- Sənə deyəciyəm sən öl, sonra da təzədən içəciyəm.- dedi.- Mənnik döyül bu, qədeş! Xudahafiz!..

Və Ələkbər dükandan çıxa-çıxda Ağadadaş:

- Diyan, alə,- dedi.- Gəl otur burda, başuvun «razmerini» götürüm.

Və Ələkbər yenə geri çönərək, araq iyi verə-verə kənardakı kürsünü altına çəkib, həvəslə Ağadadaşın qabağında oturdu ki, qədeş onun başının ölçüsünü götürsün və ona yaxşı bir kepka tiksin.

3 yanvar 2021, Bakı

# 3868 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #