Füzulinin 27 illik həsrəti - Aysun Bağıyeva

Aysun Bağıyeva

Aysun Bağıyeva

23 noyabr 2021
# 11:58

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aysun Bağıyevanın "Füzulinin 27 illik həsrəti" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

2020-ci il 27 sentyabr - kim deyərdi ki, bu tarix böyük qayıdışın başlanğıcıdır. Ermənistan silahlı qüvvələri və bizim rəşadətli ordumuz arasında qızğın döyüşlər başladı. Bu müddətdə birimiz hamımız, hamımız birimiz üçün səfərbər olduq. Bütün gənclərimiz döyüş meydanında olmaq üçün can atırdı. Onların gözlərini 27 illik vətən həsrəti və torpaq sevgisi bürümüşdü. Bu gənclərin içərisində 19 yaşlı Füzuli də var idi. Füzulinin valideynləri 27 il öncə mənfur düşmənin təcavüzünə məruz qalaraq öz doğma Füzulilərini tərk etmək məcburiyyətində qalmışdılar. Öz doğma vətəninə, torpağına böyük sevgi bəsləyən Sadıq kişi oğlunun adını məhz buna görə də Füzuli qoymuşdu. Uşaq yaşlarından vətənpərvər ruhda böyümüş Füzuli bir gün öz doğma torpaqlarının işğaldan azad olacağını bilirdi. Sanki bu hissi ona tanrı özü bəxş etmişdi.

Füzuli döyüş meydanına getməzdən əvvəl anasının əlindən öpərək : “Ana, ata sizin Füzuliniz qayıdacaq, mütləq qayıdacaq. Mənim arxamca ağlamayın, göz yaşı tökməyin. Mən öz vətənimin qarşısında olan vəzifəmi yerinə yetirməyə gedirəm. Mən Mübarizlərin, Poladların intiqamını almağa gedirəm. Mən intiqamımızı almağa gedirəm” - dedi.

Onların gözündə işıq parladı, sanki illər öncə sönmüş ümidləri yenidən oyanmağa başlamışdı.Əsgərlər bir-bir yola salındıqca ürəklərdə həsrət alovları közərirdi. Hər gedən maşın bir çıraq idi. O çıraq ki, bir gün geri qayıdacaq torpaqlarımız bəlkə də bu igidlərin sayəsində qayıdacaqdı. O çıraq ki, illərdi intiqamının alınacağını gözləyən soyuq məzardakı şəhidlərin çırağı idi. O çıraq ki, çoxumuzun gedəcəyi tək cığıra işıq saçacaq çıraq idi.

Müharibə gün keçdikcə daha da alovlanırdı. Hər gün yeni torpaqlar- kəndlər, rayonlar, şəhərlər azad edilirdi. Əsgərlərimiz soyuq demədən hər atılan topa, tüfəng, raketə sinə gərərək irəliləməkdə davam edirdilər. Füzuli ilk vaxtlar arxa cəbhədə idi, lakin sonra ön cəbhədə daha çox əsgərə ehtiyac duyulduğundan əsas döyüş meydanına yollandı. Həmin gecə bir təhər valideynləri ilə əlaqə saxladı və onlara yaxşı olduğunu, yerinin isti, qarnının tox olduğunu dedi. Sadıq kişi çox yaxşı bilirdi ki, vəziyyət gərgindir, alınan hər torpağa görə nə qədər şəhid veririk. Lakin bir ailə başçısı kimi indi o, güclü olmalı idi.

Müharibədən 42 gün keçmişdi, artıq demək olar ki, Qarabağımızın böyük hissəsi işğaldan azad edilmişdi. Hər kəs öz torpağına getmək üçün can atırdı. Nəinki Qarabağlılar, bizim bütün millətimiz o torpaqların daima həsrətində olub və indi hədsiz böyük sevinc yaşayırdılar. Füzulinin azad olunmasını eşidən zaman Sadıq kişi və xanımı o qədər çox sevinmişdilər ki, bu xəbəri öz oğullarından eşitmələri az deyilmiş kimi, ən əsası da sırf oranın azad edilməsində igid oğlunun əməyinin olduğunu eşidən ana bütün kəndə şirinlik paylamışdı. O, artıq qaçqın deyildi. O, artıq qürurla başını dik tutub gəzə biləcəkdi.

Bir neçə gün keçdi. Müharibə bitmiş, ara sakitləşmişdi. Lakin hələ də Füzulidən xəbər yox idi. Valideynləri çox tədirgin idi. Sadıq kişini böyük dərd öz ağuşuna almışdı. Düşünməkdən, dərd çəkməkdən yatağa düşmüşdü. Nəhayət, bir neçə gün sonra Füzulinin məhz elə Füzulinin azad edilməsi zamanı şəhid olma xəbəri sanki böyük bir travma yaşatdı. Axı onlar öz övladlarından məktub almışdılar, axı onlar oğullarının yaşadığına inandırdılar, axı Füzuli demişdi qayıdacaq.

Onunla eyni döyüşən əsgər yoldaşı həmin gün onlara gəlmişdi. Füzulinin son məktubunu da özü ilə gətirmişdi. Bu igid əsgər döyüş zamanı sol gözünü itirmiş qazi idi. Öz dostunun valideynlərinə öz valideynləri kimi sarıldı, onları bağrına basdı. Sadıq kişi ondan öz oğlunun qoxusunu alırdı.

Gözləri dolmuş və sanki hər an ağlayacaqmış kimi doluğsunmuşdu, ağzını açıb söz də deyə bilmirdi. Əsgər yoldaşı məktubu Füzulinin anasına təqdim etdi. Ana məktubu əlləri əsə-əsə aldı və oxumağa başladı:

“Ana, ata biz bu gün Füzuliyə daxil oluruq, bu mənim sizə bu gün yazdığım ikinci məktubumdur. İlk məktubumu bir yoldaşıma vermişəm, o sizə göndərəcək. Siz artıq onu çoxdan oxumusunuz. Mən sizə bir söz vermişdim, demişdim ki, oğlunuz Füzulini azad edəcək, demişdim ki, Füzuli qayidacaq, bu gün mən bunu edəcəm. O qədər əminəm ki. Çünki biz hamımız bu amala doğru hərəkət edirik. Bizim bir məqsədimiz var, o da torpaqlarımızı azad etməkdir. Bütün gücümlə bu döyüşə girəcəyəm və oradan üzü ağ çıxacağam. Bu məktub mən şəhid olarsam sizin əlinizə keçəcək. Anam, atam mən burada çox xoşbəxtəm, mən qürurluyam, mən sevincliyəm. İndi isə sizdən tək bir xahişim var. Mənim məzarımı Füzulidə dəfn edərsiniz. Məzarıma çoxlu güllər, çiçəklər əkərsiniz. Hə, birdə heç bir zaman arxamca göz yaşı tökməyin. Unutmayın ki, siz Füzulini itirmədiniz, siz Füzulini qazandınız”.

# 2939 dəfə oxunub

Müəllifin son yazıları

# # #