Yapışqan iyləyən uşaqlar da bizim uşaqlarımızdı

Yapışqan iyləyən uşaqlar da bizim uşaqlarımızdı
28 noyabr 2012
# 17:43

Bu gün mənə çox qəribə gələn bir hadisəylə rastlaşdım. Yenə həmişəki kimi evə gəlmək üçün avtobusa mindim. Arxa oturacaqların birində yer tapıb kitabımı oxumağa başladım. Yolum heç yarılanmamı avtobusa üç uşaq mindi. Uşaqların maksimum 10-11 yaşları olardı. Yanımda oturana qədər heç biri diqqətimi çəkməmişdilər .

O uşaq yanımda oturmasaydı, yəqin ki, başımı qaldırıb baxmayacaqdım. Birdən kəskin qoxu duydum, kitabdan diqqətimi ayırmağa ilk bu iy məcbur etdi məni. Yanımdakı uşağa baxdım. Geyiminin kirli və köhnə olmasından küçədə yaşadığı hiss olunurdu, digər iki uşaq da ondan geri qalmırdılar.

Amma bu iy geyimlərindən gəlmirdi. Hərəsinin əlində bir salofan, içində yapışqan var idi. Uşaqlar yapışqan iyləyirdilər. Yanımdakı uşaq digəriylə ləzgi dilində danışırdı. Mən dəhşətə gəlmişdim, Bakıda ilk dəfə idi ki, bu yaşda uşaqların hallı olduğunu görürdüm. Uşaqlar özlərini idarə edə bilmirdilər. Yapışqanın bu dərəcədə təsir etdiyini bilmirdim.

Hamı uşaqlarla çox kobud davranırdı. Arxa sırada oturan igidlərimiz uşaqlarla məzələnib, onları lağa qoyurdular. Artıq kitaba yalandan baxırdım, bütün fikrim yanımdakı uşaqlarda və onların söhbətində idi. Söhbətləri çox vaxt ləzgicə getdiyindən anlamırdım və azərbaycanca danışdıqlarından başa düşdüm ki, uşaq evinə getməyi istəmirlər. Onlar uşaq evindən qaçmışdılar. Və gündə 10 manat qazanacaqları hansısa işdən danışırdılar. Çox güman ki, kimsə onlardan istifadə edəcəkdi, bəlkə də istismar edəcəkdilər. Kim bilir?...

Bu söhbətləri dinləyən, deyəsən, təkcə mən idim, çünki avtobusdakılar artıq uşaqlar haqqında mülahizə yürüdüb onlar haqqında hökm də çıxarmışdılar.

Kimsə deyirdi ki, əvvəl mal çəkiblər, indi pulları qalmayıb deyə yapışqandan istifadə edirlər. Kimsə deyirdi ki, əşyalarınızdan ehtiyatlı olun, bunlar oğrudu, igidlərimizdən bəziləri hətta uşaqlarla məzələndilər də. Uşaqlara həsəd aparan igidlərimiz də oldu.

Niyə kimsə dinləmədi uşaqları?

Niyə iyrəndilər, uzaqlaşdılar onlardan?

Niyə kimsə dərdini soruşmadı onların, niyə kömək etmək istəmədi? (Özümü istisna etmirəm)

Orda uşaqlara söz də atdılar. Niyə heç kim yapışqan iyləmək səbəbini soruşmadı uşaqlardan?

Orda oturanda bu uşaqların gələcəyi barədə düşündüm və təəssüfləndim. Bu iylədikləri yapışqan onlara narkotikdən daha çox təsir edir. Beyinlərini iflic edir. 20 il sonra onlar olmaya da bilərlər bu həyatda. Və 20 il sonra o avtobusdakı igidlərin, əsəbi xalaların uşaqları və nəvələri də bu uşaqlarla eyni taleyi paylaşa bilərlər. O zaman da xalalar, igidlər təəssüflənməsin. Çünki bu gün susdular, bu uşaqlara yardım əli uzatmadılar, heç kəs sığortalanmayıb bu həyatda, onlar bu gün susdularsa sabah da başqaları onların uşaqları üçün susacaq.

Hər kim olursa olsun o uşaqlar hamımızın uşaqlarıdır. Sabah bəlkə də o uşaqlardan biri həkim olacaqdı. Və o avtobusdakılardan birini xilas edəcəkdi. Bu gün isə o xalalar və igidlər 3 nəfəri ölümə tərk etdi. Gələcək həkimi və xəstəni-bəlkə də özünü...

Şəhərdə köməyə ehtiyacı olan uşaq görəndə yanından ötüb keçməyin. Bir dəqiqəlik dayanıb nəzər salın. O sizin gələcəkdə xilasediciniz ola bilər. Bəlkə də siz gələcəkdəki xilasedicinizi bu gün ölümə tərk edirsiniz...

# 1959 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #