Problemi əzizlə, yaxşı yazı olacaq

Problemi əzizlə, yaxşı yazı olacaq
14 iyul 2014
# 16:20

Rahil Sadayoğlu

O vaxt yazarlardan biri demişdi ki, Azərbaycanda 8 milyon adam var, 9 milyon şair. Doğrudur, bu iddia məntiqə sığmır. Amma eyni zamanda həqiqəti əks etdirir. Azərbaycan ədəbiyyat ölkəsidi. Nəyimiz də olmasa, əlinə qələm alanlarımızın sayı hesabı yoxdur.

Ağzının soskalı vaxtında əlinə qələm alıb divar kağızlarına cızma-qara edən uşaqlardan tutmuş bir ayağı o bir dünyada olub əli əsə-əsə şikayət ərizəsi yazan qocalara qədər, hamının əlində qələm var. Hamı yazır. Amma məni bir oxucu kimi bir çox yazarların cəmiyyətdən, ölkədən, insanlardan, adət-ənənələrdən giley-güzar etməsi yaman qıcıqlandırır. Siz bir vətəndaş kimi problemlərdən narazı ola bilərsiniz. Bu təbiidir. Amma yaradıcı adam olaraq hansısa problemlərdən narazılıq etməyiniz elin sözü olmasın, naşükürlükdür. Siz gedin qələmizini göyə atın ki, Azərbaycanda doğulmusunuz və burda yaşayırsınız. Bir yazıçı üçün belə bir ölkədə doğulmaq Tanrının ən gözəl hədiyyəsidir. Yazıb yaratmaqçün Azərbaycan qədər ideal bir ölkə təsəvvür edə bilmirəm.

Bilirsiniz ki, ədəbiyyatın anası problemdir. Hansısa ədəbi məhsul problemdən doğulur. Yəni hər bir yazı nümunəsi özündə bir problem daşıyır (qaldırır). Məsələn, bir norveçli yazıçı üçün müharibə, siyasi-dini qurbanlar, rüşvət, məhv olmuş təhsil, öldürən səhiyyə, dilləndirən yoxsulluq və s. bəşəri problemlərdir. O, bu mövzulara toxunmaq istəsə, gərəkdir ki, dünyaya boylansın.

Ya da ən yaxşı halda tarixi keçmişə qarmaq atsın. Çünki indiki halda onun ölkəsində belə hallar çox az hallarda baş verir və ya ümumiyyətlə baş vermir. Eyni zamanda bu cür problemlər haqda yazı yazarsa, gərəkdir ki, beynində tipik bir obraz uydurub tapsın. Amma bir azərbaycanlı yazar üçün yuxarıda sadalananlar gündəlik həyat tərzi və ömürlük yaşantıdır. Bir azərbaycanlının həyatında bəşəri sayıla biləcək hər bir problemdən az və ya çox dərəcədə var.

Azərbaycanlı yazar üçün hansısa problemə uyğun personaj düşünməyə ehtiyac yoxdur. İstənilən problemi özündə daşıyan personaj nəinki ətrafımızda çoxdur, hətta bəlkə öz içimizdədir. Yazıb yaratmaq üçün belə münbit şərait ola, amma ortaya gözlü-başlı bir ədəbi məhsul çıxmaya, hətta ara yerində söyülən də biçarə problemlər ola. Sizi yazar edən 50 % istedadınızdırsa, 50 % də yaşadığınız cəmiyyətdir, sizi əhatə edən mühitdir. Tək sizi yox, bütün yaradıcı insanları. Cahillər, müftəxor dindarlar olmasaydı, Axundov, Sabir nədən yazıb zirvələr fəth edərdi? Mirzə Cəlili Mirzə Cəlil edən haqqında yazıb yaratdığı avam cəmiyyət olmadımı?

Məni düz başa düşün, hörmətli qələm əhli. Yaradıcı insan problemlərdən giley etməməli, əksinə problemə tapınmalıdır. Kobud çıxsa da yazıçının, şairin yaradıcılığı (karyerası, çörəyi) problemlərdən çıxır. Hər bir həll olunan problem yaradıcı insan üçün itirilən bir mövzudur, itirilən ilham mənbəyidir. Siz problemi əzizləyib sevməlisiniz. Problemdən qaçmayın, problemə doğru qaçın.

Eybi yoxdur, bir az kasıb yaşayın, hətta sizi həbs etsinlər. Həbsə düşən, yoxsulluq içində çarpışan, ölümlə burun-buruna qalmış xeyli sayda dahi gəlib keçdi bu dünyadan. Hansından artıqsınız ki? Ağır həyat keçirmişlərin dahiyanə əsərlərində öz prototiplərini görmürükmü? Görürük. Problemlər sizin şəxsi həyatınızı korlayacaq, amma yaradıcılığınıza su verəcək. Problem yaradıcılığın gübrəsidir.

Unutmayın ki, siz yazıçısınız, şairsiniz. Yazarlar Tanrının ədəbi elçiləridir. Bu ada iddialısınızsa, onda gərək çox şeyi gözə alasınız. Çox şeyi gözə alın ki, çox şey gözəl alınsın. Bütün günü facebookda adət-ənənələri, cəmiyyətin problemlərini qamçılamağı mənim 14 yaşlı dayım oğlu da bacarır və hətta o, bunu daha ustalıqla edir. Siz yazarlar problemlərə biganə və əsəbi deyil, yaradıcı yanaşın. Başqa cür baxın. Axına qarşı çıxın. Danışanda yekə-yekə “biz yazıçılar, biz şairlər” deməklə olmur bu işlər. “Siz yazıçılar”ın facebook yaradıcılığı hələ ki, ədəbi karyeranı kölgədə qoymaqdadır. “Camaat kitab oxumur” kimi variantlar azsaylı kitablarınız kimi büzüşüb qalıb rəflərin bir küncündə.

Yeri gəlmişkən ağıllı yazar bu yazımı tənqid kimi yox, bayaqdan haqqında danışdığım problem kimi qəbul edib, bundan bəhrələnib yeni bir məhsul ortaya çıxarar. İstedadı az, pafosu çox olan yazarlarınsa ağlına gələn ilk sual bu olacaq: “Sən kimsən axı?! Özün nə yaratmısan ki, yaradanlara da yol göstərəsən?!”

# 1811 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #