Tənhalıqdan təsəvvüfə gedən yol

Tənhalıqdan təsəvvüfə gedən yol
1 aprel 2016
# 17:11

Şair İbrahim İlyaslı poeziyasının ürfan qatına bir baxış

Son illər Azərbaycan ədəbiyyatşünaslığında “ədəbi mühit” termini sıx-sıx işlənməkdədir. Əslində ayrı-ayrı ədəbi mühitləri, bu mühitlərin tarixi-mədəni köklərini, inkişaf prosesini, digər mühitlərlə qarşılıqlı əlaqələrini və sair xüsusiyyətləri ətraflı şəkildə öyrənib araşdırmadan çağdaş ədəbi proses barədə mükəmməl təsəvvür yaratmaq mümkün deyildir. Bu baxımdan Sumqayıt ədəbi mühiti çox uzaq tarixə malik olmasa da, ədəbi mühitlər arasında özünəməxsus yeri ilə seçilir. Şübhəsiz ki, bu seçimi şərtləndirən ən mühüm faktor ədəbi mühitdə fəaliyyət göstərən qələm sahiblərinin bədii yaradıcılığı və bu yaradıcılığın təməlində dayanan istedad və zəhmətin vəhdətidir.

İbrahim İlyaslının poeziyası və ara-sıra dövri mətbuata verdiyi müsahibələr, dərc etdirdiyi bədii-publisistik yazılar bu vəhdətin ifadəsidir. Bəri başdan qeyd edək ki, İ.İlyaslı az yazan, qətrədə dəryanın poetik təlatümlərini, nöqtədə yaradılışın fəlsəfi mahiyyətini əks etdirməyi bacaran söz yiyəsidir. Keçən əsrin 90-cı illərində yazdığı “Nöqtə” adlı bir şeirində İbrahim İlyaslı bəlkə də, bir sənətkar intiusiyası ilə dərk etməyə çalışdığı ali bir məqamı - dünyanın sirrini poetikləşdirmək istəmişdir:

Nöqtədən başlayıb hər şey dünyada,

Əvvəllimiz nöqtə, sonumuz nöqtə.

Nöqtədir dəryada təklənmiş ada,

Bir nöqtə boydadır canımız, nöqtə.

Bəndin ilk misrasında yaradılışın dini-ürfani mahiyyəti sufi yolçusunun təsəvvüfi dünyagörüşünün poetik inikası kimi maraq doğurur. Çünki batini təriqətlərə görə, kainatın sirri “Quran”da, “Quran”ının sirri bismillahda, bisimillahın sirri “be” də, “be”nin sirri isə altındakı nöqtədədir.” Bu fəlsəfi düşüncə türk təkkə ədəbiyyatının yaranıb formalaşdığı dövrdən çağdaş günümüzədək söz ustadlarımızın yaradıcılıqlarında davamlı şəkildə əks olunmuşdur. Müqayisə üçün XX əsrin böyük ozanı Aşıq Veysəlin “Qara torpaq” şeirinə diqqət yetirək:

Həqiqət ararsan, açıq bir nöqtə,

Allah qulda yaşar, qul da Allahda,

Haqqın gizli xəzinəsi torpaqda,

Mənim sadiq yarım qara torpaqdı.

Göründüyü kimi, Aşıq Veysəldən əvvəl və ondan üzübəri süzülüb gələn bu dini-ürfani düşüncə yaşından və yaşadığı dövrdən asılı olmayaraq söz sənətkarlarının əsərlərində mühafizə olunaraq bədiiləşmişdir.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, İ.İlyaslının yaradıcılığının zəngin bir qolunu onun sufi məzmunlu şeirləri təşkil edir. Son illərin ədəbi təcrübəsi və bir sıra şairlərin poeziyası ilə tanışlıq göstərir ki, müasir dövrümüzdə sufi dünyagörüşünün, panteist ideyaları əks etdirən poetik mətnlərin yaranması təsadüfi deyildir. Bu cür şeirlərin meydana çıxması bir tərəfdən poetik ənənə ilə bağlıdırsa, fikrimizcə, daha çox şairin gen yaddaşının, türk-müsəlman zehniyyətinin özünəməxsus təzahürü ilə əlaqədardır. Məhz bu baxımdan İbrahim İlyaslı sufi məzmunlu şeirləri ilə bir haqq yolçusunu, haqqın sirlərini dərk etməyə, dünyadakı ziddiyyət və oxşarlıqların səbəbini anlatmağa çalışan bir ürfan adamını təmsil edir. Bu baxlmdan onun “Tanışlıq” adlı şeiri səciyyəvidir. Şeirdə şair dini-ürfani düşüncələrini rəmzi ifadələrlə bədiiləşdirərək özünü oxucuya belə təqdim edir:

Haqqın görkü – odam, suyam,

Haqqa varan bir yolçuyam.

Mənəm, sənəm, oyam-buyam,

Adamam, axır adamam.

“Dumandan, çəndən yüngül, dağdan ağır, könlü yağır adamın” sufilik yolunu tutması tamamilə təbii təsir bağışlayır. Çünki bütün bunların sonunda “adamam” sözünü işlətməklə müəllif real dünyadan mənəvi dünyaya gedən yolu işarələyir. Başqa sözlə, haqq və nahaqqa yön çevirənlərin hamısı adi insanlardır. Fərq bu əks qütbdə dayananların - haqqa qulluq edənlərin ulu Tanrıya olan sevgisindədir. Bu sevgi İbrahim İlyaslını mənəvi dünyaya bağlayır, məhz bu bağlılıq vasitəsilə o, yaradılışın fəlsəfi mahiyyətini anlamağa çalışır. “İblislə Mələyi qolboyun dünyanın” real görüntüləri də, mənəvi iztirabları da lirik qəhrəman üçün doğma və əzizdir. Bu məqamda həyati gerçəkliklərin sərt üzü lirik qəhrəmanı qətiyyən qorxuda bilmir, çünki onun qovuşmağa can atdığı, təcəllasına heyran olduğu ulu bir qüdrət var.

Burada bir məqamı da xüsusi vurğulamaq yerinə düşər ki, İ.İlyaslı özünün də qeyd etdiyi kimi, “dəli ozanlarının sehrinə vardığı İncə dərəsində” dünyaya göz açmış, nəqşbəndi təriqətinin kamil müridlərindən olan Hacı Mahmud Əfəndi ziyarətgahının müqəddəs nurundan ilham almışdır. İbrahimin nənəsi Molla Gülüstan, onun atası Molla Mustafa Hacı Əfəndi ocağının sədaqətli cəfakeşlərindən olmuş, yalnız İncə dərəsində deyil, ətraf ərazilərdə də savadlı və açıq dünyagörüşlü din xadimləri kimi tanınmışlar. Belə bir dini-ürfani və tarixi-mədəni mühitdə böyüyüb boya-başa çatan İbrahim İlyaslının yaradıcılığına bu faktorun da mühüm təsiri olmuşdur. Elə buna görədir ki, onun şeirlərində haqqın dərgahına can atmaq, haqq yolçusunun çəkdiyi çilələri çəkə-çəkə kamilləşmək istəyi olduqca güclüdür. Bu istəyi o, müxtəlif sufi terminlər, mürəkkəb rəmz və işarələr vasitəsilə ustalıqla poetikləşdirir. Fikir və düşüncələrini özünəməxsus obrazlarla ifadə edən şair haqqa qulluq edib onun nökəri olmağı ən böyük səadət sayır. Lirik qəhrəmanın mənəvi aləminin sufi semantikası məhz bu məqamda – “Şah və nökər” təzadında, eyni zamanda bu iki rəmzi ifadənin bədii harmoniyasında üzə çıxır:

Hardasan dünyanın halal Adamı? –

Sən haqsan, sən varsan! – Səsimə səs ver.

Qapımda ən sadiq nökərin ollam,

Mənə bu Şahlığı, nolar tələs ver.

Mənəvi buxovlardan təmizlənmək, insan tamahının törətdiyi rəzalətlərdən xilas olmaq arzusu kamilliyin ən önəmli göstəricilərindən sayılmışdır. Yaşadığımız dövrdə insan zəkasının yaratdığı fəlakət və qırğınlar, günahsız bəşər övladının qətlinə yazılan fərmanlar, sönən ocaqlar, tökülən qanlar real gerçəkliklərdir.

Şairin lirik qəhrəmanı bu dəhşətləri görüb duyduqca onun mənəvi dünyasında gedən təbəddülatlar daha da güclənir, özünü dərk etmək istəyi, lirik qəhrəmanın azadlıq axtarışları bir an da olsun səngimir, çünki “onun azadlığı içindən axıb”, qanına-iliyinə hopur. Bu məqamda çağdaş poeziyamızın lirik “mən”i ali, əbədi və müqəddəs bir funksiyanı – sufi ustadların mənəvi azadlıq uğrundakı mübarizəsinin davamçıı kimi çıxış edir. Bu yol nə qədər çətin və məşəqqətli olsa da, ulu Yaradana tapınıb onun vüsalına yetmək arzusu yeganə çıxış və nicat yoludur. Şairin “Avtoportret”, “Verirsən”, “Məni ömrüm boyu çək imtahana” və digər şeirləri yalnız lirik qəhrəmanın monoloq-müraciəti kimi təsir bağışlamır, bu şeirlər kamil düşüncənin “Ənəl-həqq” nidalı üsyankar fəryadı kimi səslənir:

Nə bir kömək dilə, nə təsəlli um,

Ondan adamlarda yığın-yığındı.

Sənin qovuşmalı iki Yerin var –

O sənin Tanrın və Tənhalığındır.

Ümumiyyətlə, İbrahim İlyaslının yaradıcılığını diqqətlə izləsək, Tanrı, Eşq, Azadlıq və Tənhalıq məfhumlarının əsas qütblərdə dayandırğını, bu anlayışların fəlsəfi-estetik ahəngdarlığında ürfani düşüncələrin poetikləşdiyini görmək olar. “Minacat divanı” adlı şeir bu baxımdan maraq doğurur. Divani formasında yazılmış bu şeirin adının birinci tərəfində minacat sözünün işlənməsi bu poetik mətnin sufi məzmunundan soraq verir. Məlumdur ki, öz mənşəyi etibarilə ərəbcə olan bu ədəbi terminin ilkin mənası gizli söhbət deməkdir. Başqa sözlə, minacat Allaha dua, Allahla söhbət anlamını ifadə edir. Şeirdə mənəvi buxovlardan Azad bir sufi yolçunun Tənhalığa qapılaraq ulu Tanrıya bəslədiyi ilahi Eşq müxtəlif simvollarla, obrazlı deyimlərlə ifadə olunmuşdur. Tanrı-Eşq-Azadlıq-Tənhalıq anlayışları “Minacat divanı”nin təsəvvüfi təməlində dayanaraq şeirin sufi semantikasını əks etdirir:

Cazibəndə dövrəkaram, təcəllana mailəm,

Varın, yoxun könlümcədi, şükür Sənə!-qailəm.

Bəni-Adəm İbrahiməm, səhralarda sailəm,

Sidqimdi Ərşi-əlada, sinəmdi köz-köz deyim.

Bəndin fəlsəfi-poetik məzmunu sufi rəmzlərin mürəkkəb terminologiyası üzərində qurulmuşdur. Ulu yaradanın cazibəsinə dalıb onun təcəllasına qapilan müəllif İbrahim peyğəmbərin adını daşıdığı üçün vəcdə gələrək Tanrıya sonzuz sədaqət və şükranlıq hisslərini bildirir. Bu məqamda şairin lirik “mən”i ərşi-əlada həqiqətin mahiyyətini dərk etmək, çəkdiyi iztirablarla mənəvi kamilliyin başlıca cizgilərini işarələyir. Təsəvvüf təliminə görə “Ərşi-əla” dedikdə göyün doqquzuncu qatı nəzərdə tutulur. Tanrının qüdrət və ululuğu, yəni həqiqət (Sidq) bu müqqədəs məkandan kainata yayılır. Təsəvvüf terminlərinin və gizli işarələrin alt qatındakı ürfani semantika bundan ibarətdir ki, İbarhim İlyaslı həmin mətləbi yeni bir biçimdə məharətlə ifadə edə bilmişdir.

Bütün bunlar onu deməyə əsas verir ki, İbrahim İlyaslı türk təkkə ədəbiyyatının zəngin ənənələrinə, milli və dini köklərə bağlı bir şair kimi yaradıcılıq axtarışlarını yeni bir istiqamətdə uğurla davam etdirir.

Avtandil Ağbaba

Sumqayıt Dövlət Universiteti

Azərbaycan və xarici ölkələr ədəbiyyatı

kafedrasının müdiri, filologoya üzrə fəlsəfə doktoru.

# 2651 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #