Rasim Balayev: “Deyirlər ki, bu sözü çıxar, onu yazma...” MÜSAHİBƏ

Rasim Balayev: “Deyirlər ki, bu sözü çıxar, onu yazma...” MÜSAHİBƏ
2 iyul 2013
# 12:44

Elə aktyorlar var ki, onu yaratdığı qəhrəmandan ayırıb çıxarmaq, o qəhrəmanların təsirindən, mistikasından qurtulmaq olmur. Rasim Balayev-Nəsimi-Babək. Hərçənd, Davudun (“Həm ziyarət, həm ticarət”), nazir müavininin (“Yaramaz”) də nə qədər bitkin bir xarakter olduğunu görürük. Bəzən obrazların arxasında dayanan aktyoru canlı insan kimi qəbul etmək asan olmur. Aktyora ilk olaraq belə sualı vermək də…

Kulis.Az-ın suallarını Xalq Artisti, Dövlət Mükafatı Laureatı Rasim Balayev cavablandırır.

- Rasim müəllim, necəsiniz? Səhhətiniz necədir?

- Bir az ayağımda problemlər var. Qalan hər şey normaldır.

- “Ehram TV”nin ikinci versiyasının çəkilişləri bitdimi?

- Artıq səsləndirilib də.

- “Ehram TV”-nin ilk versiyası dövlət sifarişi ilə çəkildi, amma qəbul olunmadı. Halbuki, ssenaridən kənara çıxmamışdılar. Belə idisə nə üçün əvvəlcədən qəbul etmişdilər? Bu filmə münasibət necədir?

- Bilirsiniz, Ayaz Salayevi istəməyən adamlar var. Deyirdilər ki, o film dövlətin maraqlarına uyğun deyil. O film ətrafında çox səs-küy yaratdılar, amma məncə orada elə bir şey yox idi.

- Sonuncu rolunuz “Sübhün səfiri”ndə Axundov idi, o film çox tənqid olundu. Bu tənqidlərə razısınızmı?

- Mən özümün çəkildiyim filmlərə tamaşaçı kimi baxa bilmirəm. Mütləq öz çəkildiyim epizodlara qapılıram. Kadr arxasında olanları da görürəm hətta. Ona görə də obyektiv dəyərləndirə bilmirəm. Dostlarımızdı, düzdü, Anar yazır, Ramiz çəkir... Amma bir məsələ var: Kino hadisəni sevir. Mən ssenarist deyiləm, məsləhət də verə bilmərəm. Aydın olan bir şey var ki, aktyor oyunu, xarakterlər zəif ola bilər, amma hadisə oldusa baxılır.

Bu filmdəsə Axundovun bütün yaradıcılığını təsvir etməyə çalışıblar. Hadisə yox, nəqletmə var. Filan ildə filan

şey baş verib.

- “Nəsimi” 40 il əvvəl çəkilib. Amma bu gün də baxılır. Deyəsən mükafat da almışdınız?

- Hə, ən yaxşı kişi roluna görə.

- “Nəsimi”, “Babək” qırx il əvvəl çəkilib. Bu günün dəyərləri ilə belə filmlər çəkmək, belə qəhrəmanlar yaratmaq olarmı?

- Bir məsələ var: Axı, “Hamlet”i 40 il əvvəlki kimi hazırlamaq olmaz. Hər şey dəyişib, tamaşaçının baxışı da, tələbləri də, günün tələbləri də. Dəyişməyən insanların xislətidir.

- “Nəsimi”yə çəkiləndə bu barədə tarixi, araşdırma ədəbiyyatlar oxuyurdunuzmu? Ümumiyyətlə, rolunuza necə hazırlaşırdınız?

- Axı Nəsimi haqqında məlumat çox azdı, heç şəkli də yoxdur. Rəhmətlik Əli Fəhmi filmin məsləhətçisi idi. O şeirləri, misraları açırdı, izah edirdi. Bununla filmin, obrazın xarakteri müəyyənləşirdi: məsələn, o, bunu üsyankarcamı deyər, yoxsa əksinə. Həm də bilirsiniz, axı, bu, bədii obrazdır, adi adamlardan fərqlənir. Mənim dərimi soysalar qışqırığım göyə çıxar. Amma bu Nəsimidir... Təxmini versiyalarla, məsləhətlərlə film üzərində işləndi.

- Filmin ssenari müəllifi yazıçı İsa Hüseynov necə, çəkilişə gəlirdimi? Müdaxilələr edirdi?

- Mən hələ onun kimi ssenari yazana rast gəlməmişəm. İşıqçı kimi, fəhlə kimi avtobusa minib hər gün çəkilişə gəlirdi. Səhərdən axşama kimi də çəkiliş meydanında olurdu-müdaxilələr də edirdi. Ona rejissorlar, operatorlar zarafatla deyirdilər: “ A kişi, yazmısan, qoy çəkək də”.

- Aktyor oyununa da müdaxilə edirdi?

- Edirdi. Bəzən deyirdi: “Burda qışqırmalısan”. Öz işini çox sevirdi. İndi ssenarist var-yazır, pulunu alıb çıxıb gedir, heç maraqlanmır da.

- Rasim müəllim, bəs bu günün mübarizə qəhrəmanı niyə yaranmır kinoda? Ümumiyyətlə, o, necə olmalıdır?

- (Susur) Çətin sualdı. Nə bilim...

- Hansı qəhrəmanı oynamaq istədiniz?

- Konkret rol deyə bilmərəm. Teatrda elədir ki, deyə bilərsən: arzum budur “Maqbet”də oynayım. Klassik əsərdə də aktyor üçün material olur. Ən azı monoloq olur. Monoloqu elə işləmək lazımdır ki, yorucu olmasın, düşüncə tərzi bugünkü tamaşaçıya çatsın. Qaldı qəhrəmana... Bugünkü tamaşaçını inandırmaq çox çətindir. 40 il əvvəl aktyor çıxıb pafosla nə isə deyəndə camaat ağlaşırdı. “Solğun çiçəklər”i verirdilər, ağlaşma səsindən dayanmaq olmurdu. Balaca uşaq idim, məni bu tamaşaya gətirmişdilər, heç nə başa düşmürdüm, amma görürdüm ki, hamı ağlayır. Bu gün ona heç kim inanmaz. Bu gün həyatın özü qədər real olmalısan. O reallıq elə-belə olmur. Onun üçün məktəb lazımdır. Bu günün qəhrəmanını tapmaq lazımdır. O zaman senzura vardı, çalışırdılar ki, heç olmasa senzuradan nələrisə keçirə bilsinlər, bu gün imkan var yazmağa, amma yazan yoxdur.

- Bəlkə indi daxili senzura var?

- Yəqin ki. Olur da, görürsən deyirlər, bu sözü çıxar, onu yazma... Amma inanın, sözün əsl mənasında sənət əsəri olsa, ona toxunmazlar. Onu çıxarırlar ki, ona toxunmaq olar, onu çıxarmaqla heç nə dəyişmir.

- Sizcə, bu gün kinonun əsas problemi, qarşısındakı ilk maneə nədir?

- Bilirsiniz, belə baxanda şərait var, hətta film çəkmək üçün pul da verirlər. Maneə nəyi demək olar? Məncə, istedadlı adama yol açıqdır. İndi filmlər çəkirlər, amma bu filmlə nə demək istəyirlər, o, aydın olmur. Sanki yuxu görmüsən, epizodlar yadındadı, amma bütün yuxu yadında deyil. İstedad lazımdı, o da nə bazarda satılır, nə tanışlıqladı, o gərək yetişə.

- Bəs nə mane olur?

- Deyə bilmərəm, sosioloq, politoloq deyiləm.

- Məsələn, İran kinosu inkişaf edir...

- Əlbəttə, kinoteatrlar var, camaat gedib kinoya baxır. Rejissor məktəbləri var. Beynəlxalq festivallardan mükafat alırlar.... Öz aramızdır, niyə camaat borc-xərc edib, İranın həkimlərinin yanına gedir, burda gözəl klinikalar qala-qala. Deməli, yaxşı həkimlər var orada.

Məncə seçim məsələsi var. Mən danışanda rektorların xoşu gəlmir. Test üsulu çox yaxşıdır, amma bu

ixtisaslarda əsas olan qabiliyyətdir. Özümdən götürürəm-səhnə danışığı, musiqi və s. Mən bunların hamısından “5” almışdım. Ədəbiyyatdan imtahana gələndə mənim qabiliyyətdən üç dənə “5”-im var idi. Ədəbiyyatı da yaxşı bilirdim. Amma ağlıma gəlmirdi ki, məndən “Mədain xərabələri”ni əzbərdən deməyimi istəyərlər. Füzulidən, Nizamidən, Nəsimidən-hərəsindən bir neçə şeir bilirdim. Amma “Mədain xərabələri”ni bilmirdim. Müəllim gördü ki o birilərdən 3 dənə “5”-im var, mənə əlavə suallar verdi, bəzilərinə cavab verdim və “3”-də vermədi, amma “4” verdi. Dediyim odur ki, adama, aktyora tarixi də öyrədə bilərsən, ədəbiyyatı da. Bunlar sözsüz vacibdir, onun düşüncə, düşündürmə qabiliyyətinə təsir edən şeylərdir, amma bununla bahəm, birincisi sənətdir. Eşitdiyimə görə, hüquqşünaslığa balı çatmayan, çöldə qalmasın deyə rejissorluğa, ya da aktyorluğa qəbul olunur. Bu sənətə eşq lazımdır. Allah vergisi lazımdır.

- Rasim müəllim, eşq dediniz, Allah vergisi dediniz. Ölkədə ən çox tanınan 5 adamdan birisiz. Allah vergisi də var, sevgi də, şöhrət də. Bəs bu tamaşaçı sevgisi, şöhrət, lap elə Allah vergisi bir yaradıcı adama nə kimi məsuliyyət yaradır? Ümumiyyətlə, məsuliyyəti varmı?

- Çox böyük məsuliyyətdir. Hər dəfə rol alanda, mən bir az qorxuram, bir az dəhşətə gəlirəm. Mən yeni rol alanda elə bilirəm olur ki, sanki, indiyədək heç nə oynamamışam, ilk işimdir. Məncə belə də olmalıdır. Arxayınlamaq olmaz ki, mən indiyə kimi yüzlərlə rol oynamışam, bu boyda camaat məni tanıyır-filan...Təkəbbür oldusa, deməli hər şey korlanır...

- Filmə çəkilərkən əsas şərtiniz, prinsipiniz varmı?

- Bu şərt ssenaridən qaynaqlanır. Keyfiyyətli material olmalıdır. Rejissor deyənə razılaşıram, amma arada öz variantlarım da olur. Onu təklif edirəm.

- “Qurani-Kərimi” tərcüməsini qiraət etmisiniz. Ümumiyyətlə, dindarsınız?

- Belə dindar deyiləm, amma Allaha, “Quran”a inanıram. Oruc tutmaq istəmişəm, olmayıb.

- Bəziləri dindarlıqla sənət arasında ziddiyyət görür.

- Yox. Niyə ki? Alim Qasımov oxuyur da, dindardır da. Namaz qılır, hələ oruc da tutur.

- Çox vaxt rejissorlar aktyoru bir ampluada görür və ona bu çərçivədən kənar rol verməyə ürək etmir. Siz fəlsəfi-dramatik rollarda çəkilmisiniz. Komik bir obraz yaratmaq istərdinizmi?

- Vallah, mən həmişə tragikomik bir qəhrəman yaratmaq istəmişəm. Bilmirəm konkret nə rol ola bilər, amma istərdim ki, belə bir ssenari yazılsın. Dostlarımın dediyinə görə yumor hissim pis deyil. Bilirsiniz ki, əsl yumor ciddiyyətdən, dramatizmdən, faciədən doğur.

- Ramiz Rövşənin sizin üçün ssenari yazdığını eşitdik. Bu nə ssenaridir?

- Vallah, bilmirəm. Bir dəfə söhbət əsnasında dedi ki, Rasimin elə yaşıdır, onun üçün ssenari yazılmalıdır. Sonra da dedi ki, bir ssenari yazıram, mən də detallarını soruşmadım. Ümumi dedi.

- Camaat bəzən müsbət rolda gördüyü aktyoru mənfi rolda qəbul etmir.

- Siz haqlısınız, olur belə. “Qatır Məmməd”də Əziz roluna çağırmışdılar, məktublar gəldi ki, Nəsimidən sonra niyə Əzizi oynadınız? Mən də izah etməli olurdum ki, axı mən Nəsimi deyiləm, mən sadəcə onu oynayıram. Məsələn Türkiyədə aktyorlar iyi rollar oynamaq istəyirlər ki, xalq arasında sevgi qazansınlar. Məni TGRT-nin çəkdiyi “İbrahim Gülşənə həzrətləri” filminə İbrahim Gülşənə həzrətləri roluna çağırmışdılar. Ssenarini oxudum, Orada Mitta adlı mənfi rol da vardı. Onu istədim. Çünki gördüm ki, orada material daha yaxşıdır. Onlar təəccübləndi. Amma həqiqətən Mittanın materialı daha yaxşı idi. Mən ziddiyyətli qəhrəmanlara meylliyəm. Məsələn, Qacar ürəyimcədir. O, böyük şəxsiyyət olub, Azərbaycanı birləşdirmək istəyib, Qacarı uşaqlıqdan axtalanıb və dözülməz tutmaları olub ki, yeri-göyü yandırmaq istəyib. Onun faciəsini vermək maraqlı olardı.

- Heç teatrda oynamaq istəmirsiniz?

- Cəmi iki dəfə oynamışam. Mehdi Məmmədovun “İblis” tamaşasında Arifi, bir də 2000-ci ildə Mikayıl Mirzənin “Aydın” tamaşasında Dövlət bəyi. Bugünkü repertuarda elə bir əsər yoxdu axı...

- Seriallara təklif alırsınız? Ümumiyyətlə serial ciddi iş kimi baxırsınız? Axı onu yüngül iş kimi qiymətləndirənlər var...

- Özləri edirlər də. Adicə səsləndirmə ilə məşğul olmurlar, elə mikrofonu aktyorun yaxasında gizləyirlər, elə ordan da verirlər. Belə işləmək olar?

- Dünyasını dəyişən aktyorlar haqqında bu sözləri deyirlər: “Sonuncu mogikan idi”. Bu fikirləri necə qiymətləndirirsiniz? Doğrudanmı yerdə qalanlar cılızdır?

- Bunu ona görə deyirlər ki, əvvəllər Şeyxzamanov dünyasını dəyişəndə yerində İsmayıl Osmanlı qalırdı. Amma indi Yaşar Nuri, Səyavuş Aslan qədər tamaşaçı məhəbbəti qazanmış aktyor azdır. Gənclər var, amma o miqyasda deyilər. Yetişmir. Bunun da səbəbləri təhsildə, seçimdədir. Əvvəl Moskvada Beynəlxalq Kino İnstitutu var idi. Bilirdilər ki, ora üç nəfər getsə, biri sənətkar kimi qayıdacaq. Adamın Allahı var, orada məktəb var, baza var, filmi plyonkaya çəkirlər, bizdəsə hələ rejissorlar videoya çəkirlər, sonra plyonkaya köçürürlər. Bunlar da problemdir.

Həm də o zaman başqa idi, mən İsmayıl Osmanlıya baxırdım, dəhşətə gəlirdim. Mənim üçün çox böyük iş idi. Həm də sanki yaxşı mənada bir yarış vardı. Deyirdilər ki, elə edin ki, böyük aktyorların yanında utanmayasız. İndi elə deyil. Kameradan ötrü darıxan adamam, dəvət edirlər, razılıq verirəm, amma baxıram ki...

# 3513 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
#
#
# # #