Qadınların telefon danışıqlarını dinləyib film çəkən rejissor

Qadınların telefon danışıqlarını dinləyib film çəkən rejissor
30 iyun 2014
# 07:45

“Baxılası 50 film” layihə

Kulis.Az “Baxılası 50 film” layihəsində ispan müəllif kinosunun əsas simalarından biri Pedro Almodovarın “Anam haqda hər şey” filmini təqdim edir.

Almodovarı Qoyyanın şagirdi, Lorkanın ruh qardaşı, İspaniyanın zədələnmiş ruhu adlandırırlar.

Onun sayəsində dünya Penelopa Kruz, Antonio Banderas, Rossi de Palma, Xavyer Bardem, Viktoriya Abril kimi istedadları tanıdı.

Pedro Almodovar 1949-cu ildə İspaniyada doğulub. Katolik məktəbini bitirəndən sonra 16 yaşında Madridə gəlib. Burda müxtəlif işlərdə çalışan rejissor 12 il “Telefonika” şirkətində, daha sonra “Los Goliardos” teatr qrupunda işləyir, kiçik rollar oynayır və əksər filmlərində oynayan aktrisa Karmen Maura ilə tanış olur.

Musiqi ilə məşğul olan, hekayələr də yazan rejissor 1980-ci ildə ilk tammetrajlı “Pepi, Lyüsi, Bom və başqa qızlar” filmini çəkir. Üç qadından – lesbidən, mazoxistdən və evində çətənə əkən qadından bəhs edən film maliyyə problemləri ilə üzləşdiyi üçün Almodovar süjetlə çox azad, sərbəst davranıb. Kulta çevrilən film düz 4 il kinoteatrlarda göstərilib.

Almodovara şöhrəti “Buna layiq idimmi?” filmi gətirdi. Tənqidçilər bu filmi “qara komediya”, “kiçik şedevr” adlandırdılar.

”Əsəbi qadınlar” komediyası isə “Oskar”a nominant oldu və xeyli mükafat qazandı. 2002-ci ildə ekranlaşdırdığı “Onunla danış” dramı da rejissora mükafatlar gətirdi və “Ən yaxşı ssenari” nominasiyasında “Oskar” qazandı.

Rejissorun filmlərində sosial realizm, naturalizm güclüdür.

Onun qəhrəmanları narkomanlar, aktyorlar, müğənnilər, filosofluq edən cahillər, homoseksuallar, cinayətkarlar, marjinallardır.

Əksər filmlərində Almodovar qadın təbiətini araşdırır.

Ekrana gətirdiyi, özlərinə ironiya edən qadınların sosial statusu da müxtəlifdir: yazıçılar, rahibələr, evdarlar, tibb bacıları, porno ulduzlar.

Amma bu qadınları çox məqamlar birləşdirir: onlar güclü və eyni zamanda əsəbidirlər, emosional partlayış keçirirlər, ən müşkül vəziyyətdən çıxmaq üçün hiylə işlədirlər, komik və fədakardırlar.

Məsələn, rahibələr detektiv yazır, barlarda sülənən qadın normal həyata qayıdıb birdən-birə xeyriyyəçi olur, başqa birisi məşuqəsi olduğu kişini atıb onun həyat yoldaşına dəstək olur və ən əsası bütün bunlar təbii baş verir.

Rejissor işlədiyi aktrisaların, hətta dünyanın ən cazibədar qadınlarından sayılan Penelopa Kruzun gözəlliyini, seksuallığını heç bir halda önə çəkib filmi bunun üzərində qurmur.

O, Hollivudun potensialını göstərə bilmədiyi bu aktrisanın istedadından qadın təbiətini açmaq üçün yararlanır və tamaşaçının diqqətini tamlıqla obrazın mahiyyətinə yönəldir.

Almodovar personajları ideallaşdırmır. Qadın tipləri ekranda bütün yaxşı və pis tərəfləri ilə canlanır.

O, qadınları anlatmaq üçün dərin psixologizmə varmır, filosofluq etmir, onların dünyasını qəliz vasitələrlə ifadə etmir.

Əksinə, Almodovarın traktovkasında qadınlar sıravi tamaşaçı üçün həddən artıq sadə anlaşılır, o qadın təbiətinin dərinliyini «bir effektiv jestlə», pomidor doğrayarkən yol çəkən, nəmli gözləri ilə, yəni ən bəsit vəziyyətlərlə anladır.

Hətta filmlərdəki ifrat parlaq rənglər, əlvan dekorasiyalar, rəngarəng qadın geyimləri, kosmetik vasitələr, tərəvəzlər, meyvələr belə qadının obrazının açılmasına xidmət edir.

Almodovarın filmləri hər şeydən əvvəl rənglərin eklektikası ilə seçilir. Amma dominant rəng qırmızıdır. Qırmızı əşyalar, geyimlər, aksessuarlar, güllər, divar kağızları, mebellər, avtomobillər və s. O, hətta rahibələrin ağ-qara paltarına belə qırmızı naxışlar salır. Rejissor deyir: “Mən qırmızı rəngsiz keçinə bilmirəm: o parlaq və intensivdir. İspaniyada qırmızı rəng əsas şeyləri ifadə edir: od, qan, sevgi, ehtiras, ölüm”.

Almodovar sosial problemləri yumşaqlıqla qabardır və hekayəni pafossuz nəql edir. 12 il "Telefonika" şirkətində çalışan rejissor qadınların telefon danışıqlarını dinləyir, hekayə və filmlərinin motivləri burdan götürürmüş.

O, tragikomik situasiya ustasıdır. Komik dialoqu, replikanı faciə kontekstində səsləndirir. Filmlərin çoxunda şüşə (vitrin, avtomobil, avtobus, pəncərə) arxasından çəkilişlər var. Almodovar həm də fleşbeklərdən (süjet xəttinin kəsilərək, keçmişdə baş verənlərin nəql olunması) məharətlə yararlanır.

Almodovar titrlərlə kreativ işləyən yeganə rejissordur. Onun rəngli, ispan koloritli rəsmli titrlərinin güclü vizual ifadəsi var və sanki bu, filmdən ayrı müstəqil yaradıcı işdir.

Qəhrəmanları yalnız “El Pais” qəzetini oxuyurlar. Yəqin ki, bu təsadüf deyil. “El Pais” Frankodan sonrakı İspaniyada ilk demokratik qəzetdir.

Baxılası 50 film” layihəsində rejissorun çoxsaylı nüfuzu mükafatlara layiq görülən “Anam haqda hər şey” (1999) filmini təqdim edirik.

Süjet: Yazıçı olmağı arzulayan 17 yaşlı Esteban məşhur aktrisadan avtoqraf almaq istəyəndə anasının gözləri qarşısında qəzada ölür. Manuela oğlunun “Anam haqda hər şey” adlı gündəliyini tapır. Gündəlikdən bilir ki, oğlu atasını tanımağı çox istəyib. Manuela yeni həyata başlamaq qərarını verir. Və o, Barselonaya oğlunun transvestit olan atasını axtarmağa gedir.

Almodovarın sözlərinə görə, o, süjetdəki çox şeyi reallıqdan götürüb. İfanın süni alınmaması üçün aktrisalardan mümkün qədər real oynamağı tələb edib.

Rejissor filmi, oynayan bütün aktrisalara, oynayan bütün qadınlara, oynayan və qadına çevrilən bütün kişilərə, ana olmaq istəyən bütün qadınlara və öz anasına həsr edib.

Filmdə “Arzular tramvayı”, “Həvva haqda hər şey”, “Premyera” əsərlərinə göndərişlər var. Köhnə filmlərin fabulası personajların həyatı ilə birləşir.

Almodovar “Film hər şeydən əvvəl dünyaya yeni insanın gəlməsindən, atalığa çevrilən analıqdan (və ya əksinə) bəhs edir”.

Almodovarın fikirlərindən:

***

“Mən özüm haqda tənqidlərə görə narahat deyiləm. Əksinə, filmdə nəyin mənim üçün əhəmiyyətli olduğuna tamamilə əminəm. Buna əsasən tənqidləri ədalətli və ya ədalətsiz hesab edirəm. Rejissorluq məhz dəqiq elm deyil və ona görə tənqidçilərin, publikanın reaksiyasını heç zaman qabaqcadan görmək olmur. Amma yazılmamış bir qanun var: rejissorun heç zaman tənqidçi haqda pis danışmağa ixtiyarı yoxdur. Bundan başqa filmlər bizdən daha çox yaşayır və ilk reaksiyalar mütləq obyektiv mühakimə anlamına gəlmir.”

***

“Uzun müddət kokain istifadə etmişəm, amma nə zamansa elə bir an gəlir ki, bundan imtina etməlisən. Təbii ki, əgər yaşamaq və aydın başla işləmək istəyirsənsə. Filmlərimdə narkotiklərin təhlükəli olduğunu göstərmək istəmişəm. Heç kəs gəncliyi bundan çəkindirmir. Onların narkotik maddələr haqda zəruri informasiyası olmalıdır.”

***

“Ömrümdə iki vacib məktəbim olub - anam və həyat hekayələrini dinlədiyim qadınlar. Madriddəki sonsuz gecələri də bura əlavə etmək olar. Mən o zaman rokun, zərərli vərdişlərin “dadını çıxardım”. Amma bir çox yaradıcı dostlarım bu orgiyanın təsirindən o qədər də inkişaf etmədilər”.

***

”Müəllif filmi məhdudiyyətsiz və senzurasız olmalıdır. Senzura həmişə pisdir, amma yaxşı olardı ki, onu kənardan etsinlər, rejissorun daxilində doğulmasın. Tamaşaçının rejissorla razılaşıb-razılaşmamasından asılı olmayaraq onun əsas öhdəliyi budur: filmi elə çəkməlisən ki, tamaşaçı sonadək bir dəfə də olsun saatına baxmasın”.

***

“Anam filmlərimə baxmır. Baxsaydı, yəqin ki, ölərdi. Bundan başqa, o heç cür başa düşmür ki, mən rejissoram, ona görə də heç vaxt pulum olmur. Onun nəzərində o halda əhəmiyyətli nəsə ifadə edirəm ki, televiziyada məndən müsahibə götürürlər.”

***

“ Sən öz homoseksuallığın haqda danışmaya bilərsən, amma onu dərk etməlisən”.

***

Kinematoqrafiyanı öyrənmək olar, amma öyrətmək olmaz. Burda mənimsənilməsi mümkün olan az qayda var. Yerdə qalanı sənin danışılan əhvalata baxışındır. İki film arasındakı fərq - rejissorun nəzər nöqtəsindədir. Bu, əxlaq məsələsidir”.

***

“Özümü qadınlar vasitəsilə ifadə edirəm”.

Filmə burdan baxa bilərsiz.

# 6341 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #