O səhnə niyə çıxarılıb? - SEVDANIN YAZISI

O səhnə niyə çıxarılıb? - SEVDANIN YAZISI
21 fevral 2017
# 15:08

Dünən müzakirələrə səbəb olmuş kadrı izləyəndə, ağlıma gələn ilk fikir bu oldu ki, Həsən Seyidbəyli həmin səhnəni çəkəndə rejissor kimi fikri, niyyəti nə olub? Yəni mənə daha çox rejissor mətbəxində nə baş verdiyi maraqlandırır.

“Bizim Cəbiş müəllim” kult filmdir, düşüncəmizdə əbədiləşmiş əhvalatdır, onu az qala kadrbakadr, sözbəsöz əzbər bilirik.

Ona görə düşüncəmizdə belə, filmdən kəsilən hissə əhvalatın dramaturji nizamına qoşula bilmir.

Həmin epizodda Şəfiqə Məmmədovanın yaratdığı obraz qonşu Əbülfəzlə açıq-aşkar flört edir. Təbiətən temperamentli qadın bədən dili, baxışları ilə Əbülfəzi intim münasibətə dəvət edir...

Zatən filmin bir neçə səhnəsində (məsələn, bazar, qadının Əbülfəzin evində sabun bişirmək üçün alınan xammalı aparması) qadının Əbülfəzin seksual istəklərinə meylli olmasına rejissor ustaca eyhamlar vurur. Həmin kadrlarda qapalı seksual kontekst kəsilən epizodda açıq təsvirə keçir. Bu məsələyə qayıdacam.

Şəfiqə xanımın obrazı filmboyu Cəbiş müəllimlə konfliktdədir. Cəbişin idealistliyi arvadının realizminə qarşı qoyulur, həyata iki fərqli baxış, dünyagörüşü toqquşur. Düzdür, müəllif Cəbişin arvadına haqq da qazandırır. Çünki, o, hər şeydən əvvəl analıq instinkti ilə davranır. Uşaqlarını aclıqdan, xəstəlikdən qorumaq, ocağının, evinin qayğısına qalmaq bəlkə də hər bir qadının edəcəyi ən təbii davranışdır. O, bunun üçün hər şeyi gözə almağa hazırdır. Həyat yoldaşını ideyalarına, prinsiplərinə qarşı getməsinə, onu xəyanətə təhrik edir. Təkrar edirəm, qadının bunun üçün yetərli səbəbləri göstərilir.

Fəqət, İkinci Dünya Müharibəsi fonunda baş verən əhvalatda Cəbiş müəllimin ideyası, əqidəsi arvadının məişət qayğıları fonunda böyüdülür, filmin əsas məqsədlərindən biri də bu idi.

Mütləq qeyd edim ki, çağdaş dövrdə də əsasən bu iki dünyagörüşün - Cəbişin ideyası, prinsipiallığı ilə mövcud olmaq üçün maddiyyata əyilmək - qarşı qarşıya gəlməsi aktualdır: istər qadın kişi münasibətlərində, istərsə də ictimai müstəvidə.

Rejissor da özəlliklə buna vurğu edir. Ona görə də əhvalatın mərkəzinə məişəti - qadını yox, idealizmi-Cəbişi gətirir.

Müzakirəyə səbəb olmuş həmin kadrı izləyəndə ilk dəfə düşündüm ki, rejissor filmi Cəbişin yox, məhz qadının dramına çevirsəydi, nəticə necə olardı?

Ümumiyyətlə, milli kinomuzda, qadının təbiətini, duyğularını araşdıran filmlər demək olar ki, çəkilməyib. Xüsusən, sovet dönəmini nəzərdə tuturam. Bəlkə də populyar olmayan sovet filmləri arasında beləsi var, hər halda rastlaşmamışam.

Bu filmdə mənim üçün xarakter olaraq Cəbişdən cox arvadı maraqlıdır. Cəbiş obrazında hər şey üzdədir, aydındır. Ona görə arvadının gizli, qaranlıq dünyası predmet kimi daha maraqlıdır.

Cəbiş əsl ictimai adamdır, onu ailəsinin məişət çətinlikləri, arvadının bir qadın kimi istəkləri qayğılandırmır. Hətta filmdə mağmın görünən Cəbiş qadın dünyasından, ümumiyyətlə, qadından bixəbərdir.

Və arvadının diqqətinin başqa bir kişiyə yönəlməsi təbiidir.

Bununla belə rejissor qadına mərhəmətli davranır, (ona görə “mərhəmətli” deyirəm ki, biz məsələn, bir qadının tamahkarlığını, ərinin ideyasından vaz keçirib maddiyyatı seçməsinə məcbur etməyini normal qarşılaya bilərik, hətta haqq da qazandırarıq, amma xəyanətkar qadını heç bir halda bağışlamarıq) onun Əbülfəzə münasibətinə eyhamlarla kifayətlənir. Çıxarılan səhnənin sonunda qadının qapını bağlayıb kişini döyməsi ilə o qadını seyrçi qınağından xilas etmək istəyir. Hərçənd, bu səhnə ikimənalı alınır. Bir qisim tamaşaçı haqlı olaraq orda sado-mazoxist məna axtarır. Çox güman ki, rejissor həm də bu səbəbdən səhnəni uyğun görmür.

Biz nə qədər sənətin azadlığından danışsaq belə, o bir şəkildə yenə də toplumun əxlaqına təslim olur. O mənada ki, bir qadının gizli, qapalı dünyasını araşdırmaqdan ehtiyat edəcək qədər cəsarətsizdir. Sosial şəbəkələrdə kadra reaksiyadan göründü ki, çoxu Cəbişin namusunun qayğısına qalır və bu səbəblərdən də sənət toplumun müəyyənləşdirdiyi bəlli sədləri keçməyə cürət eləmir.

Hər halda sovet filmlərindən çıxarılmış hissələr, maraqlı tədqiqat obyektidir, ən azı rejissorun yaradıcı mətbəxini, niyyətini öyrənmək baxımından.

# 1171 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #