Qadın gizlinlərini açan film – SORĞU

Qadın gizlinlərini açan film – <span style="color:red;">SORĞU
17 fevral 2017
# 13:27

Kulis.az Səidə Haqverdiyevanın “Ər quyusu” filmi barədə sorğunu təqdim edir.

Əli İsa Cabbarov (rejissor)

“Əvvəldən 7-8 dəq qısaltmaq olardı. Güzgü önündə olan epizodlar və toy uğurlu idi. Xaliq obrazını yaradan aktyor maraqlı idi. Musiqi yaxşı idi, amma daha tez-tez istifadə etmək lazım idi. Ortancıl bacını və Gülşah obrazını oynayan aktrisaların orqanikliyini xüsusi qeyd edirəm. Yeri gəlmişkən, əsl qadın kinosudur. Kişilərin hiss edə bilməyəcəyi detallar var idi, sanki qadınların gizli mətbəxi açılır. Əsas stilistik cəhət komediyada sosial problemlə dokumentalistik tərzin sintezidi. Sırf texniki və montaj qüsurlarını təcrübə azlığına yazmaq olar. Debüt alınıb məncə.”

Tahir Tahiroviç: (rejissor)

Nəzər alsaq ki, bu film Səidə Haqverdiyavanın ilk işidir, tam səmimiyyətlə deyə bilərəm ki, alınıb. Film komediya kimi əladır. Aktyorların dialoqları oyunbazlıqdan kənardı və realdır. İctimai həyatda və məişətdəki eybəcərliklərin, mənfiliklərin, insan xarakterindəki gülünc cəhətlərin lağa qoyulması komediya konfliktinin əsasını təşkil edir. Bu filmdə yuxarıda sadaladığım alınıb. Səidə xanıma uğurlar.

Fehruz Şamıyev: (prodüser)

Düşünürəm ki, film öz dövrünün ab-havasını yetərincə yarada bilməyib. Hadisələr 1990-cı illərdə baş verir. Əksər müasir tamaşaçı həmişə nostalji ilə yaşamaqdadır, bu baxımdan filmin süjet xəttinin o illərə aid olması maraqlıdır. Amma əsas məsələ budur ki, həmin dövrü rejissor necə əks elətdirə bilib. Bir neçə məqamda hiss olunur ki, dövrün ab-havasını tutmağa çalışıb rejissor. Amma ümumilikdə götürəndə filmin özü də həmin dövrlərdə çəkilmiş televiziya məhsuluna daha çox bənzəyirdi. Az buccəli film olduğu açıq-aşkar hiss olunurdu. Bu baxımdan da ilk iş olaraq rejissor müəyyən yanlışlıqlara yol verməliydi.

Bu tip məhsulların tamaşaçısı hələ də var. Amma müasir kinematoqrafiya bazar qanunlarının diktəsinə tabe olmaqdadır. Tamaşaçıya təqdim olunan məhsul yetərincədir və o, artıq nəyin yaxşı, nəyin pis olduğunu aydınlaşdıra bilir. Düşünürəm ki, bu filmlə rejissor bu sahədə müəyyən texniki təcrübə qazandı.

Filmdə bəyənmədiyim tərəflərdən biri də dialoqların fasiləsiz olması idi. Obrazlar dialoqlarla həddən artıq yüklənmişdi. Amma rejissorun kənd həyatını bilməsi bəzi obrazlarını yetərincə dolğun göstərə bilmişdi.

Alpay Azər (yazıçı)

"Ər quyusu" filmi zəif debüt filmdir, məncə. Əsas ideya (kənddə yaşayan valideynlərin öz qızlarını ərə vermək ideyası) dramaturji olaraq filmdə açılmır. Dialoqlar bayağı və zəifdir, gündəlik dedi-qodu söhbətləri səviyyəsindədir. Tragikomik sayıla biləcək bu filmdə yumor da, faciə də tam açılmır. Filmin müsbət cəhəti aktyor oyunlarıdır. Konkret ana obrazını yaradan Rəsmiyyə Nurməmmədova (filmdə Şahzadə), əsas bacı rolunu oynayan Ülviyyə Əliyeva, həmin bacını sevən gənc oğlanın, aktyor, Cavid Telmanın arada koloritli jestlərlə yaratdığı oyunlar yadda qalır. Atanın ən çox ərə getmək istəyən qızının (Ülviyyə Əliyeva) tövlədə süd sağa-sağa muğamı zümzümə etməsindən təsirlənib ah çəkməsi də maraqlı kinematoqrafik tapıntıdır.

Mirmehdi Ağaoğlu (yazıçı):

Bilmirəm belə bir termin var, ya yox, amma mən “Ər quyusu”nu “qadın filmi” adlandırardım. Premyerada da fikir verdim, qadın tamaşaçıların reaksiyası kişilərə baxanda daha qabarıq idi. Yəqin ona görə ki, film daha çox “qadın teması”nı, qadınların arasında gedən söhbətləri qabartmışdı. Ola bilər ki, bu mövzular kişilərə yad olsun, amma qadınlar üçün doğma idi və bu da dediyim kimi onların reaksiyalarından da hiss olunurdu. Filmin doxsanıncı illərdən bəhs eləməsi, o illərin ab-havasını yaratması da tamaşaçıda nostalgiya duyğusunu artırırdı. Filmin ən çox xoşuma gələn səhnələrindən biri qızların “Santa-Barbara” serialına baxması, digəri isə böyük qızın (Ülviyyə Əliyeva) inək sağa-sağa muğam oxuduğu vaxt atasının evin kandarda oturub siqaret çəkməsi idi. Bu səhnə mənə “O olmasın, bu olsun” filmindəki məşhur hissəni xatırlatdı. Məncə bu göndərmə yerinə oturmuşdu. İlk baxışda filmdə banal zarafatlar tamaşaçını vursa da sonradan onlar qəribə ansambl yaradırlar - “banallığın ansamblı.” Bunu rejissor bilərəkdən etmişdi, yoxsa öz-özünə yaranmışdı deyə bilmərəm, hər halda alınmışdı. Filmin qüsurlarına gəldikdə isə... Səidə Haqverdiyeva filmin baxışından əvvəl qüsurları etiraf elədiyi üçün üstündən keçmək olar. Hər halda bu zamanda kiminsə film çəkmək kimi bir ağır yükün altına girməsi və belə “bahalı” mədəniyyət layihəsinə pul xərcləməsi fədakarlıqdır. Səidə Haqverdiyevaya uğurlar və yeni-yeni filmlər arzulayıram.

# 2338 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #