Şəhid xanımı haqda çəkilən filmin çatışmayan tərəfləri

Şəhid xanımı haqda çəkilən filmin çatışmayan tərəfləri
1 avqust 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Günaydın, mələyim!” filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanı Mədinə (Ayan Mirqasımova) adlı gənc qadındır. Onun həyat yoldaşı (Elşən Rüstəmov) Qarabağ döyüşlərində həlak olub. Ancaq Mədinə onu unuda bilmir. Qarabağ müharibəsinin qaynar vaxtında əri döyüşlərə tələsdiyindən Mədinə ilə ancaq dini nikaha girə bilib. Rəsmi nikaha girməyə isə zaman qalmayıb. Əri şəhid olandan sonra o, sosial problemlərinin həlli, oğlunun müavinət alması üçün çalışır. Amma rəsmi nikah haqda sənəd olmadığından qadın çətinliklərlə rastlaşır.

Mədinənin işdə də problemləri var. O, teatrda aktrisadır və ona daha çox kütləvi rollar verirlər. Teatrın primadonnası (Bəsti Cəfərova) isə onunla daim münaqişədədir, imkan tapan kimi onu acılayır, ona irəliləməkdə əngəl olur. Mədinə pul qazanmaq üçün dublyajda da çalışır, bundan başqa rəqs dərsləri deyir.

Image result for günaydın mələyim filmi

Gənc və cazibədar olduğu üçün Mədinə evlilik təklifləri çox alır. Ancaq ərini unuda bilmədiyindən o, bütün təkliflərə rədd cavabı verir. Bir məqamda isə anlayır ki, tək problemlərinin öhdəsindən gələ bilməyəcək. Dayağı ona evlilik təklif edənlərdən birində Fuadda (Fuad Poladov) tapır və onunla yaşamağa qərar verir. Amma birgə yaşayışa çox davam gətirə bilmir. Teatrda dəyişikliklərin baş verməsi onun üçün fürsət olur və o, əvvəlki həyatına qayıdır...

Oqtay Mirqasımovun 2008-ci ildə ekranlara çıxan “Günaydın, mələyim!” filmi sosial dramdır. Rejissor şəhid ailələrinin qarşılaşdığı problemləri, bürokratik əngəlləri Mədinənin həyatında ümumiləşdirir. Xüsusən də qadın olmağın çətinliyini qabardır və vəzifəsindən sui-istifadə edən kişi məmurların qadına seksual təcavüzə cəhd motivini ekrana gətirir. Bu da reallığımızın ən yayğın problemlərindən biridir: kişilərin bəzən, ola bilsin çox vaxt, statusuna, mövqeyinə arxalanaraq qadını cinsinə görə dəyərləndirməsi və ya kobud desək, ona cinsiyyət üzvü kimi baxması. Bununla da müəllif xüsusən, indi milli kinomuzda az rast gəlinən - mövcud gerçəklikdə qadın məsələsinin bir tərəfinə toxunub.

Diqqəti çəkən digər motiv yenə də milli kinematoqrafiyada az yer alan teatr və ya ümumiyyətlə yaradıcı mühitin təsviridir. Rejissor teatrın pərdəarxasında baş verən intriqalara işıq tutur. Teatrın tanınmış, hökmlü aktrisalarından biri – yüksək statusundan istifadə edərək digər aktrisaları əzir. Ki, bu da bizim teatrlardakı görünməyən tərəfləri əks etdirir. Sadəcə, problem ondadır ki, peşəkar aktrisa Bəsti Cəfərova rolunu ifa edərkən Dram teatrındakı pafosundan xilas ola bilmir. Bu mənada onun oyunu digər aktyorların oyunu fonunda teatral qalır. Hərçənd, ilk epizodlarda, örnəyi, pyesin oxunuşu, məşq zamanı primadonnanın teatral manerada replikaları təklif olunmuş vəziyyətə adekvatdır. Yəni primadonna məhz o məqamda da roldadır və tərzi ilə həmkarını əzməyə çalışır. Amma sonrakı epizodlarda - ağlayanda, ağrısını ifa edəndə də pafosdan qurtula bilmir. Halbuki, həmin səhnədə təkəbbür maskasının yırtıldığı, zavallı bir qadına çevrildiyi anda onun primadonna pafosu olmamalıydı. Ola bilsin, bu, aktrisanı yönəltməyən rejissorun səhvidir.

Ümumiyyətlə isə “Günaydın, mələyim”i qadın filmi adlandırmaq olar. Məsələ təkcə əsas qəhrəmanın qadın olmasında deyil. Rejissor primadonnanın da nə zamansa basqıya məruz qalmasına eyham edir və onun təkəbbürünə özünümüdafiə kimi bəraət verir.

Dünya kinosunda aktrisalar arasında intriqalar, rəqabəti haqda maraqlı filmlər çəkilib: “Yeva haqqında hər şey”, “Zils-Mariya”, “Teatr”...

Hərçənd, daha yaxşı olardı ki, rejissor belə bir mühüm, maraqlı mövzunu əsas xəttin içində əritməyəydi, ayrıca müstəqil film çəkəydi.

Əhvalatda digər mühüm məqam imkanlı qonşularının zorla Mədinənin mülkünə sahib çıxmaq cəhdləridir. Ki, bu da günümüzdə baş verən problemlərdən biridir. Ədalət axtaran Mədinə təkdir və onun sosial dayağı yoxdur. Müəllif Mədinəni plakat ruhunda işləməyib, onun zəif tərəflərini, ruhdan düşməyini, müəyyən məqamlarda gerçəkliyə məğlub olmasını göstərir. Və onun sonda Fuadın təklif etdiyi zəngin həyatdan imtina etməsi, mübarizliyindən, iradəsindən çox, sadəcə, təsadüflərin, örnəyi, teatrdakı qəfil dəyişikliyin nəticəsi kimi meydana çıxır.

Filmin sseanari müəllifi Oqtay Mirqasımovdur. O. Mirqasımov peşəkar rejissor və ssenaristdir. Sadəcə, əhvalatda bir az daha emosional gərginlik, bəzi planlarda (misalçün, Mədinənin Fuadla münasibətlərində) vəziyyətə uyğun əsəbi ritm çatmır.

Filmin “Günaydın mələyim” adını daşıması isə Mədinənin eyni adlı filmdə rol almasına işarədir....

# 5749 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #