Kulis Ərəblinskinin "sehrli üzüyü"nü tapdı-AXTARIŞ

Kulis Ərəblinskinin "sehrli üzüyü"nü tapdı-AXTARIŞ
5 dekabr 2014
# 12:36

Azərbaycan peşəkar teatrı ayrı-ayrı sənətkarların fədakarlığı sayəsində təşəkkül tapıb. Hüseyn Ərəblinski bu sənətkarların ən parlağı idi. Milli teatrın formalaşmasında müstəsna xidmətləri olan Ərəblinski 1919-cu ildə, 38 yaşında müəmmalı şəkildə qətlə yetirildi və qatili da tapılmadı. Bu günədək onun qətlinin sifarişçisi və ya səbəbləri aydın deyil: ilk versiya onu dayısı oğlu Əbdülxalıqın öldürdüyü olsa da, Sovet ittifaqı zamanında onun qətli müsavatçılarla hallandırılmağa çalışdı. Qısqanclıq və xəyanət zəminində qətlin sifarişçisinin milyonçu Hacı Zeynalabdin Tağıyev olduğu da ciddi versiyalardan biridir.

Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Mühafizəkar, mürtəce cəmiyyət tərəfindən təqib olunan teatr truppalarının əsas problemlərindən biri də səhnə idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehrli üzük" adlandırdığı bu üzük illərlə girov qalırdı.

Əsrlərlə tarixi olan teatr sənətinin bir Şərq şəhərində təşəkkül tapıb yaşaması üçün o üzük həqiqətən də sehrli xassəsi olub. Bəs bu “Sehrli üzük” hardadır? Kulis.Az bu sehrli üzüyün izini axtarır. Ərəblinskinin ölümündən sonra üzük kimə verilib? İndi bu üzük hardadır? Dövlət teatr muzeyinin eksponatları arasında qorunurmu?

Teatrşünas Sevda Babayeva bu üzüyün hələ də saxlandığını bildirdi: “Yazıda bəhs edilən üzüyü tələbəlik illərində görmüşdüm. Ərəblinskinin oğlu həmin üzüyü teatrşünas İnqilab Kərimova bağışlamışdı. O da barmağından çıxarmırdı. Dərsdə bu barədə bir dəfə söhbət düşəndə İnqilab müəllim demişdi ki, o üzük əbədiyyən məndə qalacaq - nə satmaram, nə də bağışlamaram. Artıq o da rəhmətə getdi. Bəs, üzük kimə qaldı?

Mən o üzüyü almaq istədim. Satmadı. Elə onda dedi ki nə satmaram, nə də kimsəyə bağlamaram. Sonra soruşdum bəs özünüzdən sonra kimə qalacaq? Heç nə demədi”

Bu sözlərin izi ilə ilk növbədə teatrşünas professor İlham Rəhimli ilə əlaqə saxladıq. “Belə şey ola bilməz. Ərəblinski öldürüləndə belə, onun barmağında bu üzük olmayıb. Həm də onun oğlu və ailəsi olmayıb. Bir rus qadınla yaşayırmış, aktyorun qətlindən sonra o qadın aktyor Ələkbər Hüseynzadəyə qoşulub, Aşqabada qaçıb. O üzük də elə Ərəblinskinin sağlığında it-bat olub”.

Dövlət Teatr Muzeyinin direktor müavini Sevinc Mikayılova muzeyin eksponat fondunda belə bir əşyanın olmadığını bildirdi: “Hüseyn Ərəblinskinin heç bir şəxsi əşyası qalmayıb. Muzeydə onunla bağlı yalnız afişa və sənədlər, bir neçə portret fotosu, bir də rəssam Həsən Mustafayevin Qacar rolu üçün eskizini çəkdiyi geyim qorunur”.

AMEA-nın əməkdaşı, teatrşünas Nərminə Ağayeva İnqilab Kərimovda həqiqətən də belə bir üzüyünün olduğunu deyir: “Amma bu, Ərəblinskinin yox, Hüseynqulu Sarabskinin üzüyü idi. Bunu Hüseynqulu Sarabskinin oğlu Azər Sarabski İnqilab müəllimə bağışlamışdı. Qaşında Qurandan ayə həkk olunmuş, adi gümüş üzük idi. Əlbəttə, aktyorun şəxsi üzüyü idi. Mən bilən, bu üzük hələ də teatrşünasın ailəsindədir. Qaldı Ərəblinskinin üzüyünə, mən bilən bu üzük muzeydə qorunurdu. Rəhmətlik Turan Cavid bu üzüyü eksponatların içində bizə göstərmişdi- firuzə qaşlı üzük idi. Amma İnqilab müəllimdə olan üzük yaqut qaşlı üzük idi”

Mərhum alim İnqilab Kərimovun qızı Gülnarə Kərimova isə Sarabskiyə üzüyün Ərəblinski tərəfindən bağışlandığını bildirir: “Bu üzük həqiqətən də Sarabskinindir. Onu atam aktyorun oğlu Azər Sarabskidən alıb. Amma məsələ burasındadır ki, üzük elə həmin girov qoyulan məşhur üzük olub. Sadəcə Ərəblinski onu Sarabskiyə verib, Sarabskidən isə atama gəlib çıxıb. Atam danışırdı ki, bu, üzük dəfələrlə girov qoyulub.”

Gülnarə xanım üzüyün onlarda atasından qalan yadigar əşyalar kimi ailəyə məxsus dolabda qorunduğunu da söylədi. Və hətta şəklini də çəkib təqdim etdi.

Azər Sarabskinin qızı, musiqişünas Rəna Məmmədova atasının teatrşünas İnqilab Kərimova verdiyi üzük haqda heç bir məlumatı olmadığını deyir.

Mərhum Azər Sarabskinin dostu İlham Qazızadə isə əhvalatı xatırlayır: “Azər üzüyü mənim yanımda İnqilab Kərimova satdı. Üzüyə görə, İnqilab ona 10 manat verdi. Elə də bahalı üzük deyildi, mən biləni gümüş idi”.

Ola bilsin Hüseynqulu Sarabski dostunun üzüyünü özündə xatirə kimi saxlamaq istəsin, onu Teatr Muzeyinin fonduna vermək istəməsin, amma Milli Teatr tarixinə “Azərbaycan musiqili teatrının yaranması və tarixi” kimi dəyərli tədqiqat işini töhfə verən Azər Sarabski tarixi əhəmiyyət daşıyan üzüyü belə sıradan bir əşya kimi satardımı?

Aktyor Mustafa Mərdanov xatirələrində bu üzüyün qızıl olduğunu yazıb: “Tiflisdə «Artistiçeskoye obşestva»nın və «Kazyonnı teatr»ın binası azərbaycanlı artistlərə böyük çətinliklə icarəyə verilirdi. Çox vaxt Hüseyn Ərəblinski qızıl üzüyünü, Mirzə Əli Abbasov isə qızıl saatını girov qoyardı”.

Bu üzüyün həmin o üzük olub-olmadığı hələ də dəqiq bilinmir. Bilinən odur ki, böyük aktyorumuzun üzüyü muzeylərdə yox, şəxsi kolleksiyada saxlanılır. Bu üzük “sehrli üzük” olsa da, olmasa da teatr tariximizin bir hissəsidir.

# 1959 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
“Bahar”da iki yeni sima

“Bahar”da iki yeni sima

10:02 29 noyabr 2024
#
#
# # #