Bir ailəyə daraş gələn parazit ailə

Bir ailəyə daraş gələn parazit ailə
16 iyul 2019
# 12:46

Kulis.az Cənubi Koreya istehsalı olan "Parazit" filmi haqqında yazılmış “Kimi görünmək” məqaləsini təqdim edir.

Müasir Avropa kinematoqrafiyasında Haneke, Ulrich Seidl, Ruben Östlund və bir çoxlarının timsalında yayğın olan burjua tənqidi, sistemli həyata ironiya kimi tendensiyaları Koreya kinosunda görmək?

“Parazit” filminin özü qədər, filmdə gördüyümüz Koreya məişəti də qərbsayağıdır. Kapitalizmin və müasirləşmənin, simasını dəyişdiyi uzaq şərq həyatı təsvir olunur. Açılış səhnəsində zirzəmidə bir evdə yaşayan ailə görürük, oğul wi-fi qırmağa çalışır, evdə set tutmur, setə qoşulmaq üçün evin içində fırlanıb-durur, haldan-hala düşür. Evin qızı texnologiya dəlisidir, saxta sənəd hazırlamaqla fırıldaqçılıq edir. Evdə yedikləri isə ancaq hazır alınmış fast food lardır ki, bu da filmdə detal kimi istifadə olunub və irəliləyən dəqiqələrdə bu yoxsul insanların qarşılaşacaqları varlı ailədə bişirilən adı qəribə, ekzotik ev yeməkləri ilə təzad təşkil edir. Elə film də təzadlar və metaforlar üzərinə qurulub, üstəlik ssenarinin dinamik temporitmi də izləyicini filmin içinə çəkdiyindən, “Parazit” filmi nəticədə, həm art-house görmək istəyən kəsimin, həm də pulunu verib pop-kornunu alıb gəlib əyləncəli vaxt keçirmək istəyən kəsimin maraqlarına münasib filmdir. Sinfi ziddiyyət, təbəqələşmə kimi ağır toplumsal mövzuları satirik gülüşlə vəhdətdə verərək filmin axıcılığına xələl gətirmək istəmir rejissor.

Filmin dramaturgiyası zərgər dəqiqliyilə qurulub; artıq 10-cu dəqiqələrdə katalizator gəlir və hadisələrin məcrası dəyişir. Buna qədər biz zirzəmidə yaşayan ailənin ümumi panoramını, günlük təlaşlarını görürdüksə, bundan sonra daha konkret hadisəyə fokuslanırıq. Belə ki, oğul Ki-vu (dramaturgiyada katalizator funksiyası daşıyan) dostundan eşidir ki, varlı ailənin qızını ingilis dilindən imtahana hazırlaşdırmaq lazımdır və həmin ailəyə müraciət edir. Ailə onu qəbul edir, daha sonra Ki-vuya, daha praktik olması üçün Kevin deyə xitab etməyə başlayırlar. Kevin kimi görünən Ki-vu.

Image result for parsite film

Filmin burasında saxta görünüş barədə maraqlı bir dialoq da keçir Kevin ilə hazırlaşdırdığı qızın arasında. Qız deyir: “Balaca qardaşımdan zəhləm gedir, özünü elə aparır ki, guya dahidi, anamgili də özünə inandırıb. Elə davranır, elə bil istəsə də normal ola bilməz”. Kevin özünü peşəkar müəllim kimi aparır. Zirzəmi evdə yaşayıb wi-fi qırmaq onluq deyil.

Söhbəti çox burmayaq, Kevin daha sonra bacısını, bacısı atasını, atası da anasını dahiyanə fırıldaqçılıqla həmin bu varlı ailədə işlə təmin edir. Bacısı saxta diplom düzəldib referans kimi bu ailəyə təqdim edir, dahi kimi özünü aparan balaca uşağın terapisti olur. Ata evin şoferi, ana da qulluqçusu. Və heç kim bütün bu xidmətçi personalının bir ailə olduğunu bilmir. Parazit kimi dadanıblar. Bir evdə yaşayan iki ailə.

Təkcə iki?

Hadisələr dramaturji tryuklarla fasiləsiz inkişaf edir, xronometrajı 130 dəqiqə olan filmdə elə bir səhnə yoxdur ki, ssenariyə, ümumi qayəyə xidmət eləməsin.

Filmin psixoanalitik tərəfi də güclü işlənib. Şofer atadan gələn iy, bundan diksinən mister Parka filmin sonlarında münasibəti, varlı ailədə balaca uşağın “qəribə dahi” olmasına səbəb olan hadisə, bu hadisənin filmdə metafor olaraq işlənməsi ssenariyə birbaşa xidmət etməklə yanaşı, digər tərəfdən də filmə rəng qatır.

Film bura qədər normal davam edir, adam fikirləşir ki, Cənubi Koreya filmlərində biz şiddət görürük, qan, ölüm, seks, xaotik atmosfer görürük, triller, adamın canına üşütmə salan triller görürük, nə oldu yəni koreyalı bir rejissor bu dərəcə avropalaşdı ki, daha belə şeyləri işləmir? Avropa filmi kimi görünən Koreya filmi? “Memories of Murder” kimi qaranlıq bir filmi çəkən adam indi dəbə uduzub keçdi burjua tənqidinə? Biz bunu fikirləşirik, amma rejissorun ağlında nələr var, təxmin eləmirik və birdən, bum! Əsl Tarantino filminə dönür. Film kulminasiyasına qalxır, izləyicini ekrana kilidləyir və sürpriz finalı ilə də kilidləri açır.

Bəlkə də, açırmış kimi görünür.

Asayiş Duman

[email protected]

# 3002 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #