Zorladığın qadını sevmək

Zorladığın qadını sevmək
24 yanvar 2015
# 09:45

“Ən qalmaqallı filmlər” layihəsində italyan rejissoru Liliana Kavaninin “Gecə gözətçisi” filmini təqdim edirik.

Liliana Kavaninin (1933) kinoya gəlməsində rejissor Vittorio de Sikanın filmlərinin xüsusi rolu olub. Neorealizmi özünə doğma sayan Kavani kinoyla məşğul olmağı qərara alır. Onun fikrincə, müharibədən sonrakı İtaliyanı kino daha dəqiq, dolğun təsvir edir, nəinki XX əsr italyan ədəbiyyatı...

Roma Kino Akademiyasına daxil olan Kavaninin iki qısametrajlı – ağ dərililərlə seneqalının dostluğundan danışan «Il contro notturno» və əyləncə üçün italyanı öldürən turistlərdən bəhs edən «Levento» filmləri məşhur RAİ kanalının müsabiqəsində qalib gəlir.

Yaradıcılığının ilk illərində sənədli filmlər çəkən rejissor 1966-cı ildə katolik din xadimi Assizli Fransisko haqda bioqrafik film lentə alır. Və bu, onun bədii kinoda debütü olur.

Böyük uğur qazanan “Kanniballar” (1970) lenti Sofoklun “Antiqona” faciəsinin əsasında ekranlaşdırılıb. Hakimiyyətə üsyan edən gənclərdən danışan sürrealist əsərdir.

Amerikanın “Paramount” şirkəti filmi almaq istəyib. Və final – polislərin qəhrəmanı öldürməyi səhnəsini dəyişməyini istəyəndə rejissor deyib: “Siz nə danışırsız, bu ki absurddur! Axı, əsərin əsasında yunan faciəsi “Antiqona” dayanır. Mən sadəcə onu müasir dövrə gətirmişəm! Sizcə mən belə süjeti necə dəyişə bilərəm?”

Rejissor dəyişiklikdən imtina etdiyi üçün şirkət filmi almadı.

“Xeyrin və şərin o biri üzü” (1977) Nitsşenin həyatını danışır.

“Dəri” (1981) hərbi dramı İkinci Dünya Müharibəsini təsvir edir.

“Qapının o üzündə” (1982) dramı qətlə görə həbs yatan kişi və sevgi üçbucağı haqdadır.

“Berlin romanı”nda (1985) hadisələr tarixi - Üçüncü Reyxin fonunda baş verir və lesbi münasibətlərindən danışır.

Kavani eyni zamanda opera və teatrda tamaşalar da qoyur.

Rejissora dünya şöhrətini “Gecə gözətçisi” gətirdi.

Onun 1974-cü ildə çəkdiyi “Gecə gözətçisi” dövründə böyük qalmaqalla qarşılandı. Kavaniyə qədər kimsə faşizmi qeyri-təbii, mazoxist kontekstdə göstərməmişdi.

Hadisələr 1957-ci ilin Vyanasında baş verir. Mehmanxanada təsadüfən keçmiş nasist və əsir düşərgəsində onun işgəncə verdiyi qadın məhkum qarşılaşır. Nasist vaxtilə əsir düşərgəsində qadını zorlamış, sonra ona aşiq olmuş və hisslərin qarşılığını gözləmişdi.

Cəllad və onun qurbanı arasında yenidən bu qəribə, sadomazoxist münasibət başlayır. Onlar əvvəlki münasibətlərini bərpa edəndə keçmiş nasist yoldaşları cütlüyü izləməyə başlayır.

Filmdə yer alan erotik səhnələr o dövr üçün çox açıq hesab edilirdi. “Gecə gözətçisi” kino tarixində indiyədək amansız, eyni zamanda gözəl sevgi hekayəti kimi qalır. Yəni, sevgi ancaq romantik münasibət deyil, ağrı da, zorakılıq da ola bilər.

Kavani də məhz bu haqda danışır.

O zaman publikanı daha çox heyrətləndirən - əsirin cəlladına vurulması idi.

Rejissorun sözlərinə görə, film siyasi deyil: “Mən burda nə tarixi şəxsiyyətlərə, nə tarixi hadisələrə toxunmuşam. Mövcud olma şərtlərindən, faşizmdən danışıram”.

Siyasi dialoqların çoxu baş rolun ifaçılarından biri Derk Boqardın təkidi ilə ssenaridən çıxarılıb. Və onun qüsursuz zövqü filmi xilas eləyib.

Şarlotta Remplinqin qəhrəmanının alman zabiti qarşısında çılpaq rəqsi dünya kinosunun ən yaxşı səhnələrindən sayılır. Aktyorların bütün psixoloji güclərini qoyduğu səhnə bir dubla çəkilib.

Filmin yaxşı baxılması üçün distributorlar “Nyu York Tayms” qəzetinin iki səhifəsini aldı və burda tənqidçilərin neqativ fikirlər yazması tamaşaçılarda filmə maraq yaratdı.

Maraqlı faktlar

***

Kavani üçün filmin uğur qazanması gözlənilməz olub: “Gecə gözətçisi” bir növ essedir, onu özüm üçün çəkmişdim və uğuruna təəccübləndim”.

***

İtaliyada film çox tənqid olundu və onun qadağan edilməsini tələb edildi. Bu mübahisə yalnız məhkəmənin qərarından sonra bitdi. Məhkəmənin qərarında deyilir: “Gecə gözətçisi” – sənət əsəridir və heç kəs heç bir şəraitdə ona qadağa qoya bilməz”.

***

Nyu -Yorkda premyera sadomazoxist üslubda təşkil olunub. Ziyafətdə masalar qara örtüklə örtülmüş, stullarda zəncirlər asılmış, qara şamlar yandırılmışdı.

***

İtaliyada ancaq 18 yaşdan yuxarı tamaşaçılara filmə baxmaq izni verilib. Fransada ümumiyyətlə, senzura olmayıb. Amerikada məhdudiyyət 14 yaşına kimi olub. Kinoteatrda filmə baxmaq üçün saysız növbələr varmış.

# 1979 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
#
#
# # #