Tarantino Allahdır!

Tarantino Allahdır!
21 avqust 2019
# 18:01

Məşhur Amerika rejissoru Kventin Tarantino, “Bir zamanlar… Hollivudda” adlı son filmində “adətinə” sadiq qalıb. Belə ki, rejissor bu dəfə də bir çox tənqidçiləri, məlum və naməlum hüquqların müdaifəçilərini, liberalları, mühafizəkarları, feministləri, onların tərəfdarlarını qəzəbləndirməyi bacarıb. Onu yenə də qadınlara həqarətli münasibətdə, rasizmdə, sevimli qəhrəmanlarını təhqir eləyərək insanların duyğuları ilə oynamaqda günahlandırırlar. Hətta əfsanəvi Bryüs Linin qızı Şennon Li, atasının yanlış təsvirinə görə rejissorun üzr istəməsini tələb eləyir. Rusiyalı kino tənqidçisi Anton Dolin, aşağıda təqdim olunan böyük resenziyasında Tarantinoya ünvalanmış yazılı və şifahi ittihamlara ətraflı cavab verməyə və filmin kodlarını açmağa çalışıb.

“TARANTİNO – ALLAHDIR!”

Əgər siz, Tarantinonu gülməli kino çəkən, həddindən artıq qəddar səhnələri sevən, dialoqlarında mütləq yaddaqalan cümlələr yazan, bir qayda olaraq, kriminal mövzulara üstünlük verən, bu dünyada hər şeydən çox başqalarının filmlərini parodiya və təqlid eləməyi xoşlayan, xasiyyətcə sinik rejissor hesab eləyirsinizsə, çox güman ki, “Bir zamanlar… Hollivudda” filmi sizi məyus eləyəcək.

Amma Tarantinonu əsl şair, melanxolik və lirik, aktyorlarla dahiyanə şəkildə işləyən, zamanın anlamını araşdıran, dərin və qeyri-standart düşünməyi bacaran rejissor hesab eləyirsinizsə, onda ola bilsin ki, “Bir zamanlar… Hollivudda” filmi sizə şedevr təsiri bağışlayacaq.

MUSİQİ

Tarantinonun filmlərində necə yaxşı saundtreklər olduğunu hamımız bilirik. Ancaq “Bir zamanlar… Hollivudda” filminin saundtreki – özəldir.

Tarantino üçün musiqi, adətən, zaman göstəricilərini silmək xarakteri daşıyır. O, musiqini təkcə kontrapunkt kimi (yəni onun musiqisi ekranda baş verənləri vurğulamaqdan daha çox, ona zidd olur. Məsələn, polisin qulağının kəsildiyi məşhur səhnədə olduğu kimi) yox, həm də məqsədyönlü anaxronizm kimi istifadə eləyir. “Quduz köpəklər”, “Kriminal qiraət”, “Ceki Braun”, “Billi öldürmək” filmlərində hadisələr hansı zamanda baş verir? Müəyyənləşdirmək çətindir. Çünki, məsələn, 90-cı illərdən bəhs eləyən filmdə Madonnanın “Like a virgin” mahnısı müzakirə olunur, radioda isə yalnız 70-ci illərin hitləri səslənir; Vinsent Veqa və Miya Uolles, Çak Berrinin sədaları altında rəqs eləyirlər; Beatris Kiddo sübh çağı “Shivaree”nin müşayiəti ilə uzaqlaşır. Hələ 1940-ci illərdən bəhs eləyən “Şərəfsiz it uşaqları” filmində səslənən Devid Bouidən, “Azad olunmuş Canqo”da səslənən repdən, “İyrənc səkkizlik”də səslənən “White Stripes”dən danışmırıq.

Lakin “Bir zamanlar… Hollivudda” filmində bu anaxronizmlər yoxdur. Bütün pleylist (“Quduz köpəklər”dəki kimi uydurma radiostansiyada yayımlanan) yalnız 1968-69-cu illərə aid amerikan hitləri ilə məhdudlaşır. Yəni, bu, reallıq və həqiqətəuyğunluq effekti yaratmağa hesablanmış sənədli musiqidir. (Həmçinin filmdəki həmin dövrə aid bütün məişət, interyer və eksteryer detalları da baş verənlərin gerçək olduğundan şübhələnməyə imkan vermir – hərçənd qeyri-dəqiqliklər də çoxdur, amma onları ilk baxışda tutmaq mümkün deyil). Rejissor, digər filmlərində musiqinin köməyi ilə ekranda baş verənlərdən uzaqlaşma effekti yaradıb tamaşaçıya və özünə rahat bir məsafə təmin eləyirdisə, bu filmdə biz “burda və indi”yə – ilin konkret günlərinə – artıq gerçəkləşmiş tarixin dönməzliyinə dalmağa məcbur qalırıq. Bu filmdə nostalgiyadan daha çox refleksiyalar var – iştirak effekti rejissorun digər filmlərində olduğundan tamamilə fərqlənir.

KİŞİ VƏ QADIN

Səslənən rəylərdə ciddi fikir ayrılığı yoxdur:

– Liberal- feministlər Tarantinonun, ağ heteroseksual kişilərə iyrənc, mizogin sevgi etirafı çəkdiyini, filmdə qadın personajlara qarşı hörmətsizlik nümayiş etdirdiyini deyirlər (onların replikaları və macəraları azdır).

– Öz növbəsində, konservativ-patriarxallar isə deyirlər ki, Tarantinonun filmi ağ heteroseksual kişilərə gözəl himndir və “Metoo” hərəkatının səfehliklərini, mübaliğələrini ələ salır.

Düzü, bu yanaşma mənə, yumşaq desək, səthi təsir bağışlayır. Səbəblərini izah eləməyə çalışacağam.

Şübhəsiz ki, hər kəsin sevimlisi olan Leonardo Di Kaprio da, Bred Pitt də öz rollarını son dərəcə gözəl oynayırlar. Ancaq personajlarla ifaçıları qarışdırmaq lazım deyil. Leoya və Pittə bəslənən sevgiylə Rik Daltonla Kliff Buta qarşı sevgini eyniləşdirmək olmaz.

Yaşlılığın astanasında dayanmış uğursuz aktyor olan Rik Dalton tragikomik personajdır. O, hər şeydən qorxur, özünü idarə eləyə bilmir, bipolyar pozuntudan əziyyət çəkir, özünə və dünyaya qeyri-adekvat yanaşma sərgiləyir. Bunun üstünə bir də əyyaşlığı və isterikaları gəlin. Hələ heç bir yerdə populyar obrazla (dəri gödəkcəli qorxmaz kişi, kovboy və casus) gerçək psixoloji portret arasındakı uçurum bu qədər aşkar göstərilməyib.

Bill deyirdi ki, Klark Kent – bəşəriyyətin Supermenə tənqidi baxışıdır. Eyni şəkildə, Rik Dalton da Kventin Tarantinonun ağ heteroseksual kişiyə tənqidi baxışıdır.

Rik, qadınlarla heç bir formada ünsiyyət qurmağa qadir deyil. Bu filmdə Rikin arvadı – İtaliyadan gətirdiyi, ən gərgin anda cəsarət nümayiş etdirən gənc aktrisadan daha çox, Rikin onunla rəftarı (ekzotik və ola bilsin, təhlükəli heyvan kimi) parodiya olunur. Və təbii ki, çəkiliş meydançasında Riklə balaca Mirabella arasındakı dialoqu unutmaq qeyri-mümkündür. Qız, hər replikası ilə onu yerə sərir. Mirabella, Rik Daltonun içini görür və iltifatları ilə onu ağlamağa vadar eləyib nəzakətlə öldürür.

Rikin dublyoru, kaskadyor Kliff But, dostundan fərqli olaraq, introvertdir. Bred Pittin vücudu cəzbedici maqnitdir, bununla heç kim mübahisə eləmir. Amma zahiri amillər mahiyyəti kölgələməməlidir: Rik kimi o da bəxtsiz, vaqonda köpəklə birlikdə yaşayan, yarımfabrikatlarla qidalanan, Rikdən başqa heç kimə lazım olmayan, yaşlanan, tənha insandır.

Kliffin, arvadını öldürdüyü ilə bağlı əfsanə son dərəcə maraqlı bir məqamdır. Əgər Tarantino Kliffi mədh eləmək istəsəydi (Bred Pittin “Şərəfsiz it uğaqların”dakı qəhrəmanı Aldo Reyn kimi), rahatlıqla sözügedən əfsanəsiz keçinə bilərdi. Bəs o, nəyə lazımdır? Yoxsa feministləri qəzəbləndirmək üçündür? Mənə elə gəlir ki, bu, qəhrəmanın qaranlıq tərəfidir – finalda, filmin yeganə ekşn-səhnəsində (həyəcanlı, ancaq narahat edəcək qədər amansız) üzə çıxır. Tarantino uzun müddətdən sonra ilk dəfə mürəkkəb, çoxcəhətli personajlar göstərir; hərçənd, “İyrənc səkkizlik” filmində buna keçid var. Orda tamaşaçı eyni vaxtda bütün qəhrəmanları bəyənmək istəyir, halbuki onların hamısı, sözün əsl mənasında, iyrəncdir.

Qətl haqqında əfsanənin digər mümkün yozumunu da unutmayaq: Kliff sadəcə dedi-qoduların qurbanı da ola bilər və bunu #MeToo hərəkatına şərh də saymaq olar. Ki, onun ünvanlarının bir çoxu (Harvi Vaynşteyndən başlayaraq) Tarantinonun yaxın çevrəsində olublar.

Həmçinin maço Kliffin iki vacib epizodda qadınların qarşısında – Bryüs Li ilə olan səhnədə kaskadyor Zoi Bellin (Tarantinonun sevimlisi) və Spanın rançosunda Mensonun qızlarının – geri çəkilməsi də çox maraqlıdır. Kliff rançoda qızların müdafiəçisinin ağız-burnunu dağıtsa da, əslində məğlub olub ordan uzaqlaşmağa məcbur qalır.

Şeron Teyt məsələsində “Bir zamanlar… Hollivudda” filminin tənqidçiləri ilə heç vaxt razılığa gələ bilməyəcəyəm. Onların, bu personajda sadəcə gözəl qızın səthi, şablon obrazını görmələri məni çox təəccübləndirir. Marqo Robbi rolunu möhtəşəm oynayıb – ən azı, ona görə ki, onun personajının, süjet xəttinə uyğun ardıcıllığı yoxdur, repikaları da son dərəcə azdır. Nə olsun? O, əsl möcüzə, kinematoqrafiyanın materiyasıdır, funksiyası da Leo və Bredinkindən daha mürəkkəb və dərindir. Şeron səfehdir? Onda necə olur ki, bukinistə girib “D’Erberbillər nəslindən olan Tess” əsərinin ilk nəşrini axtarır? (Özü kitabı təzəcə bitirib və həyat yoldaşına hədiyyə etmək istəyir).

Şeron xeyirxah deyil? Onda necə olur ki, o – Hollivud ulduzu, yol kənarında maşınlara əl eləyən hippi qızı evinə aparır və vidalaşanda onu qucaqlayır?

“Bir zamanlar… Hollivudda” filmində Tarantino real personajlara qarşı inanılmaz dərəcə nəzakətlidir. Onlar üçün heç nə uydurmamağa, faktlara əsaslanmağa çalışır. Məhz, buna görə, Şeron da, Polanski də, Makkuin də – Klifflə Rikin oynadığı dramın arxasından görünən kölgələrdir, lakin çox gözəl kölgələrdir. Şəxsən mən, üç saat sadəcə, kinozalda öz çəkildiyi filmi izləyərək kef eləyən Marqo Robbiyə baxmağa hazır idim. Əminəm ki, Tarantinonun ən dəqiq avtoportreti, məhz, bu səhnədir.

Mensonun qızları ilə bağlı məsələ bir qədər mürəkkəbdir. “Billi öldürmək” filmindəki “ölümsaçan gürzələr” kimi, onlar da həm təhlükəli, həm də gözəldilər. Kliff kimi, kameranın da onlara valeh olduğu açıq görünür.

Bütün hallarda burda biz yenə də kişilərin qadınlara tabe olduğu bir dünya görürük – təsadüfi deyil ki, Tarantino bu səhnədə Mensonu göstərmir.

Və o qədər də əhəmiyyətli olmayan sonuncu arqument: Tarantinonun bu yeni filmi haqqında köhnə filmlərinə nəzərən danışmaq doğru deyil, bununla belə konteksti də gözdən qaçırmaq olmaz!

“Ceki Braun”, “Billi öldürmək” və “Ölümün sübutu” filmlərində rejissor dəqiqliklə eyni bir süjeti göstərir. Kişinin iradəsinə tabe və ona məxsus olan qadın qiyam qaldırır – həmin kişidən qisas alır, onu fiziki və mənəvi məhv eləyir. Bu zaman müəllif də, tamaşaçı da birmənalı şəkildə qadının tərəfində olur. Təkcə “İyrənc səkkizlik”də əks situasiya görürük, lakin orda da əli-ayağı qandallanmış qadın (ki, o da ətrafındakı yeddi kişi qədər iyrəncdir) dişinə qədər silahlanmış kişilərə qarşı çıxır. Sizi bilmirəm, amma Deyzi Domerq məndə heyranlıq hissi yaratmışdı.

Uzun sözün qısası, Tarantinoya mizogin deyənin ağzı əyilər. Son iyirmi beş ildə mən, Amerika kinosunda onun filmlərindəki kimi güclü və özü-özünə yetən qadın personajlar olduğunu xatırlamıram.

BRYÜS Lİ

“Bir zamanlar… Hollivvudda” filmindəki “Bryüs Li” səhnəsi (ötəri göründüyü iki səhnəni nəzərə almasaq, əslində onun bircə epizodu var) cürbəcür hüquqların müdafiəçiləri tərəfindən “rasizmin təbliği” elan olunub. Bryüs Linin qızı isə inciyərək bildirib ki, onun atası təkəbbürlü davakar olmayıb və hamıdan çox işlədiyi üçün uğur qazanıb. Qalanları da əlavə eləyirlər ki, uydurma ağdərili kişinin (Kliff But) dərisi ağ olmayan dahi kişini (Bryüs Li) döyməsinə icazə verilməməliydi. Bununla bağlı nə demək olar? Birincisi, bu filmdə Bryüs Li (aktyor Mayk Mo) çox gözəldir. Düzdür, o, təkəbbürlüdür, çünki dahi döyüşçü statusu bunu tələb eləyir. Amma həm də alicənab, gözəl və kifayət qədər öldürücüdür.

Bu obraz açıq-aydın sevgi və pərəstişkarlıqla yaradılıb, çünki Tarantino Bryüs Linin filmləriylə, o cümlədən başqa kun-fulu filmlərlə böyüyüb və öz işlərində onlara dəfələrlə müraciət eləyib (“Billi öldürmək”də Bryüs Linin filmlərindən xeyli sitatlar var).

Təbii ki, Bryüs Linin, Hollivvudda uğur qazanmaqdan ötrü necə keşməkeşli bir yol qət etdiyi barədə bayopik çəkmək olardı, ancaq bu, Tarantinonun yox, Ron Hovardın tərzidir.

İkincisi, Kliff But Bryüs Liyə qalib gəlmir. Onlar üç dostluq döyüşü keçirməklə bağlı razılığa gəlirlər, birinci döyüşdə Bryüs Li qələbə çalır, ikincidə Kliff. Üçüncü döyüşün baş tutmasına Cenet – kaskadyorların rəisinin arvadı imkan vermir. Bu, süjet üçün vacib məqamdır: tamaşaçı bilməliydi ki, daim sakit görünən Kliff, ehtiyac yarananda ölüm maşınına çevrilə bilər. Buna baxmayaraq, filmdə Bryüs Linin özü də dəqiqləşdirir: o, məğıub olmadı. Və bu, həqiqətən, belədir.

Üçüncüsü, ümumiyyətlə, Bryüs Liyə toxunmaq nəyə lazım idi? Ona görə lazım idi ki, o, həqiqətən, Şeron Teytlə dost olub. Kliff But, Tarantino təxəyyülünün bir parçasıdırsa, Şeron da reallığın bir parçasıdır və onları Bryüs Li (eyni zamanda hən real insan, həm də əfsanə) birləşdirir.

Nəhayət, bir neçə filmində sevimli, əsas, hətta ən vacib qəhrəmanları qaradərililər olan (“Ceki Braun”, “Azad olunmuş Canqo”), “Billi öldürmək” filmində əsas avtoritetlər kimi asiyalıları (Xattori Xanzo, Pey Mey) önə çəkən rejissoru rasizmdə ittiham eləmək sadəcə gülməlidir.

TARANTİNO VƏ KİNO

Tarantinonun sinefil, kinosevər olduğu, kinodan hədsiz və daima istifadə elədiyi hamıya bəllidir. Onun hər filmi sitatlardan, allüziyalardan, gpndərmələrdən ibarətdir və hətta ən bilgili mütəxəssis belə, onların hamısını tanıya bilmir. “Bir zamanlar… Hollivudda” – bu üslubun apofeozudur. Amma mənim filmdəki gpndərmələri analiz eləmək fikrim yoxdur. Birincisi, buna səlahiyyətim çatmır (1960-cı illər Amerika kino və televiziyası, spaqetti-vesternlər haqqında kifayət qədər bilgim yoxdur). İkincisi, bu yolu qeyri-məhsuldar hesab eləyirəm. Düzdür, müəlliflə erudisiya yarışına girmək də (və yəqin ki, uduzmaq) olar, onun, kinonu yaxşı bildiyini və bildiklərini istifadə eləməyi bacardığını demək də olar. Və? Heç nə. Bu, aksiomadır.

Hətta filmdə gizlədilmiş sitatlardan heç birinin mənbəyini tanımasaq belə, “Bir zamanlar… Hollivudda”, incəsənətin (təkcə kinematoqrafiyanın yox) mahiyyəti və strukturu haqqında güclü mülahizə kimi işləyir. Filmi, həqiqətən, dahiyanə eləyən də elə budur.

Tarantino, öz filmlərində hadisələrin ya reallıqda, ya da kinonun uydurma dünyasında cərəyan etdiyini söyləməyi sevir. Şərti desək, “Quduz köpəklər”in, ya “Ceki Braun”un personajları kinoteatra gedirlər və orda onlara “Billi öldürmək”, ya da “Şərəfsiz it uşaqları” filmini göstərirlər. “Bir zamanlar… Hollivudda” isə ilk dəfə olaraq hər iki dünyada baş verir. Daha doğrusu, onların sərhədində.

Bu, Tarantinonun real hadisələrə əsaslanan və hadisələrə əvvəllər görünmədiyi qədər gerçək insanlar daxil edilmiş ilk filmidir. O insanların bəziləri hələ də sağdılar. (“Şərəfsiz it uğaqların”da real mövcud olmuş personajlar təkcə Hitler və Gebbels idi, onlar da karikatura kimi göstərilmişdi).

Eyni zamanda bu, Tanatinonun başdan-ayağa, qeydsiz-şərtsiz öz ən vacib ehtirasına – kinematoqrafiyaya həsr olunmuş ilk filmidir. Bax, belə bir qəribə və maraqlı paradoks.

“Şərəfsiz it uşaqları”nın da kinoya həsr olunduğunu demək olar, ancaq bu, yalnız qismən doğrudur. Şoşanna özünü kinoteatr direktoru, sevgilisi Marsel isə kinomexanik kimi qələmə verirlər, (süjet üçün onların, faşitlərin əleyhinə olduqları daha vacibdir), Aldo Reyn özünü kaskadyor kimi təqdim eləyir, digər “it uşaqları” isə – italiyalı çəkiliş heyəti kimi; Arçi Hikoks – kinotənqidçidir, amma biz onu təkcə casus kimi görürük, Bridcit fon Hammersmark aktrisadır, ancaq biz onu yalnız gizli partizan kimi tanıyırıq. Yəni “Şərəfsiz it uşaqları” filmində kinematoqrafiya pərdə, ya da keçmiş (backgraund) kimi istifadə olunur. “Bir zamanlar… Hollivudda” filmi isə – yalnız və yalnız kino haqqındadır.

Həmkarlardan biri “qarşımızda Tarantinonun “Səkkiz yarımı” var” deyə yazmışdı. Bu, həm doğrudur (kino və yaradıcılığın mahiyyəti haqqında son dərəcə şəxsi filmdir), həm də doğru deyil. Çünki “… Hollivudda” rejissor narsizmi, öz daxili dünyana qapılma, yaradıcı proseslərin araşdırılması yoxdur. Rejissorlar ötəri görünürlər, ancaq onlar üçüncü dərəcəli personajlardır. Üç əsas qəhrəman – aktyorlar, ifaçılar, eyni zamanda həm də tamaçılardır. Ki, onlar da kifayət qədər vacibdilər.

Bu, Tarantino üçün mərkəzi gərginlik nöqtəsi, onu əksər özünəvurğun müəlliflərdən fərqləndirən məqamdır: başqasının yaradıcı iradəsinin ifaçısı ilə tamaşaçı zalında oturmuş, öz yaradıcı düşüncəsi olan (Bartın dediyi kimi), sevgi və interpretasiya vasitəsilə tarixin gedişatını dəyişməyə qadir müşahidəçi arasındakı fərq. Çünki Tarantino həm rejissor-tamaşaçı, həm də rejissor-aktyordur.

Filmdə Rik-Kliff (Tarantino kaskadyor personajına çoxdan vurğundur) cütlüyü xüsusilə maraqlıdır. Onlardan kimin hansının dublyoru olduğu aydın deyil. Noneym Kliff, çətin ekşn-səhnələrdə hiss olunmadan kino ulduzu Rikin yerinə keçir? Bəlkə əslində gözünün suyu əlində olan Rik, özünü dünya-aləmi vecinə almayan Kliff kimi aparır? Onların ikisi də eyni vaxtda biri-birinin həm “gerçək”, həm də “xəyali” əksidilər, buna görə də, ayrılmazdılar. Və buna görə də, onlar ayrılandan sonra süjet tükənəcək, film də bitəcək.

Mənə qalsa, filmin ən yaxşı hissəsi ortasıdır – çoxlarının “həddindən artıq uzadılıb”, “orda heç nə baş vermir” dedikləri hissə. Əksinə: ən vacib şey, məhz, orda baş verir.

Rik Dalton (Leonardo Di Kaprio) öz natamam, zəif, yaşlanan “mən”i (içkini tərgidə bilmir, replikalarını unutmağa başlayır) ilə oynamalı olduğu sarsılmaz antiqəhrəman arasındakı parçalanmanı ağır keçirir. Vesternlərin, çox asanlıqla “yaxşılara” və “pislərə” bölünmüş ideal dünyası lap yaxındadır, amma ona toxunmaq imkansızdır. Daltonun səkkiz yaşlı tərəf müqabili əlçatmaz ideal təsiri bağışlayır. Bəs niyə? Çünki o, meydançada “Mirabellaya” çevrilərək özünün səhnədənkənar kimliyindən və adından imtina eləyir. Rik Daltonsa artıq Rik Daltondan qurtula bilmir, hətta öz personajının soyadını belə, doğru tələffüz eləməyi bacarmır (“Dakota” yox, “De Koto”).

Reallıq uydurmaya çata bilmir və ona həsəd aparır.

Gözəl avtostopçu-hippi qıza heyran qalan Kliff But (Bred Pitt) Spanın rançosuna yollanır və orda öz keçmişinin – rahat televiziya vesternlərinin çəkiliş meydançasının, aqressiv və naməlum gələcək naminə yerlə-yeksan edildiyini görür: Mensonun, qoca Spanı könüllü girov götürmüş ailəsinin gələcəyi üçün. Kliff hadisələrin gedişatına müdaxilə etməyə çalışır, amma bacarmır. O, uydurma vestern dünyasına aiddir, ona görə də, reallığa təsir eləməyə qadir deyil. Onun bütün kovboyluq “gücləri” yararsız çıxır – bəlkə bircə kimisə deşilmiş təkəri dəyişməyə məcbur edə bilər.

Təxəyyül gerçəkliyə müdaxilə eləməyə çalışır, amma məğlub olur.

Maraqlıdır ki, daha sonra Klifflə Rik evə qayıdıb birlikdə “FTB” serialına baxırlar: rançodakı hippilər də ona baxırlar. İki düşmən, müvəqqəti də olsa, aktor (başqalarına yönəlmiş fəaliyyətlər həyata keçirən fərd, sosial qrup, institut) mövqeyindən imtina eləyərək, biri-birindən xəbərsiz vahid auditoriyaya çevrilirlər.

Şekspir üçün bütün dünya teatr, insanlar isə ordakı aktyorlar idilər. Tarantino üçün bütün dünya – kinoteatr, ordakı insanlarsa tamaşaçılardır.

Rik “qəddar Hamleti” (Şekspirə salam), Kliff isə uğursuz şəkildə qəhrəmanı oynamağa çalışdığı vaxt, Şeron Teyt (Marqo Robbi) ərinə kitab hədiyyə eləmək üçün şəhərə gedir. O özünün çəkildiyi “Dağıdıcılar komandası” adlı komediyanı izləməkdən ötrü kinoteatra girir. Bu, filmin açar (aldadıcı tərzdə sadə) epizodudur.

Əsl Şeron ekranda Freya Karlson rolunu oynayır; biz qeqlərə, tryuklara gülürük, amma nə qədər cəhd eləsək də, maska arxasındakı şəxsi görə bilmirik. Şeronun Tarantino versiyası zalda öz prototipinə baxır – daha doğrusu, onun maskasına – və özü, uydurma obrazı seyr eləyən prototipinin yerinə keçir.

Müasirlik pyesin gedişatına müdaxilə eləməyə qadir deyil: o, sadəcə tamaşaçı zalında oturub ekrana baxacaq. Bütün bunları hamımız çox yaxşı bilirik. Lakin Robbinin təbəssümü, onun diqqətli baxışları, rahat oturuşu əksini söyləyir. Bu epizodda ilk dəfə reallıqla uydurmanın kəsişəcəyinə və bəlkə, baş verənləri, çoxdan oynanılmış və tarixə qovuşmuş partiyanı təkrarlayıb dəyişə biləcəyinə ümid yaranır.

Şeron- tamaşaçıdır. Şeron- aktrisadır. Şeron- özü-özünün kaskadyorudur; təsadüfi deyil ki, epizodun ortasında ona döyüş fəndləri öyrədən Bryüs Lini görürük.

Kaskadyor (hərəkət etməyi bacaran, ancaq görünməz olan), aktyor (hər zaman görünən, ancaq əsl fəaliyyətə qadir olmayan) və tamaşaçı (görən, ancaq qarışmayan) imkansızı reallaşdırmaqdan ötrü birləşirlər.

Ağlıma qəribə bir şey gəldi. Təbii ki, biz heç vaxt dahi rejissor, ya da dahi aktyor olmaya bilərik. Amma bizim hər birimiz dahi tamaşaçı ola bilər. Tarantino əvvəlcə, məhz, dahi tamaşaçı olub, buna görə də, sonra “Quduz köpəklər”i və digər filmlərini çəkib.

FİNAL

Düz yarım əsr əvvəl, 1969-cu ildə, avqustun 8-dən 9-na keçən gecə Los-Ancelesdə dəhşətli faciə baş vermişdi. Çarlz Mensonun “təriqətinin” (ya da özlərinin dediyi kimi “ailəsinin”) üzvləri, rejissor Roman Polanskinin evinə soxularaq (rejissor özü Avropada idi) onun hamilə arvadını- aktrisa Şeron Teyti və bir neçə dostunu vəhşicəsinə qətlə yetirmişdilər. Çoxları, bu hadisəni 1960-cı illərin simvolik sonu hesab eləyir.

Tarantinonun filmində bu səhnə kulminasiya anıdır. Cinayətkarlar əvvəlcə Şeronun qonşusu (rejissorun uydurduğu), aktyor Rik Daltonun malikanəsinə girmək qərarına gəlirlər və orda kaskadyor Kliff But və onun köpəyi ilə qarşılaşırlar. Nəticədə tarixin gedişatı dəyişir: Rik, Kliff və onun sadiq köpəyi Brendi qatilləri öldürürlər, Şeron Teyt isə sağ qalır. Film bu katarsis səhnəsi ilə tamamlanır.

Tənqidçilər haqlı olaraq, Tarantinonun artıq istifadə elədiyi fəndə əl atdığını deyirlər: “Şərəfsiz it uşaqları” filmində yeraltı mübarizlər güclərini birləşdirərək Hitleri öldürüb II Dünya Müharibəsini vaxtından əvvəl bitirirlər. Tarantinonun özü isə əlaə eləyir ki, “Azad olunmuş Canqo”da da düyünün açılma nöqtəsi bənzər şəkildə qurulub – ümumdünya yanğını ədaləti bərpa eləyir, qaradərili kölələr mülkədarları amansızcasına öldürüb cəza almadan, yaxşı həyata doğru gedirlər. (Yeri gəlmişkən, Tarantinonun Medinski ilə gözlənilməz əlaqəsi çoxlarını təəccübləndirib. Bu da sizə cavab – onların hər ikisi alternativ tarixin fanatıdır).

Həqiqətən də, hər üç filmdə oxşar üsuldan istifadə olunub, amma onların mahiyyətləri fərqlidir. Birincisi, “Canqo” və “Şərəfsizlər”də Tarantino tarixi kökündən dəyişməyib, sadəcə janra uyğun şəkildə sadələşdirib (Hitler, doğrudan, həlak olub, II Dünya Müharibəsində də müttəfiqlər qalib gəliblər; Vətəndaş müharibəsində, həqiqətən, Şimal qələbə çalıb, quldar Cənub isə uduzub). Üstəlik, hər iki film tamaşaçını sözügedən finala hazırlayan şərti, komiksayağı tərzdə həll olunub.

Amma “Bir zamanlar… Hollivudda” filminin materialı nümayişkaranə formada detallı və realistdir, orda ağlasığmaz, şişirtmə heç nəyə yer yoxdur. Bu filmdə vacib olan, qatil təriqətçilərin ölümü deyil, Şeron Teytin sağ qalmağıdır. Və beləcə, tarix kökündən dəyişir: ən azından, artıq Teytin də, Polanskinin də karyerası fərqli şəkildə davam eləyəcək və bütün Hollivvud (Həmçinin ABŞ) Mensonun ardıcıllarının törətdiyi silsilə cinayətlərə görə şok keçirməyəcək.

İkincisi (və bu, daha vacibdir), 2000-ci illərin əvvəllərindən intiqam süjetlərinə aludə olmuş Tarantino bu vaxta qədər ancaq mənfi personajları öldürməklə kifayətlənirdi. İndi isə o, öldürməkdən daha çox həyat xilas eləyir.

Bu vaxta qədər o – yəni Müəllif, günahkarları cəzalandıran Demiurq, əhdi-ətiqdəki Allah (filmin koordinatlarında) idi. Burda isə qəflətən ölüləri dirildərək əhdi-cədid mərhəməti göstərir. Bu, xüsusilə güclü təsir eləyir, çünki “Bir zamanlar… Hollivudda” filminə Trantinoya xas olmayan fatal melanxoliya hopub. Rik və Kliff, həyatlarının qürubunu yaşayırlar (bu, elə ilk səhnədən duyulur), tezliklə unudulacaqlarını hiss eləyir, peşələriylə vidalaşırlar. Təbii ki, biz də Şeronun saflığından, gözəlliyindən rahat həzz ala bilmirik: çünki onu dəhşətli ölüm gözlədiyindən xəbərimiz var.

Final hər şeyi dəyişir. O, artıq sıxılmağa başlayan fanatlara “köhnə və sevimli Tarantino”nu qaytaran qanla, zorakılıqla zəngindir, ancaq vurğu işarəsi cəzanın yox, xilasın və bağışlanmanın üzərinə qoyulub.

Tarantino əvvəllər də dirilmə süjetinə müracət eləyib (yəqin, bu onun üçün həddindən artıq böyük əhəmiyyət kəsb eləyir). Məsələn, “Kriminal qiraət”də məharətli, incə bir inversiya sayəsində filmin ortasında öldürülən Vinsent Veqa finalda ağappaq köynəkdə, az qala, mələk libasında sağ-salamat qapıdan çıxır.

İki filmdə dirilən qadın olur: “Kriminal qiraət”də Miya Uellesi ürəyinə iynə vuraraq dirildirlər; “Billi öldürmək” filmində isə yenə Uma Turman iki dəfə o dünyadan qayıdır, uzun illər sürən komadan ayılır və tabutdan çıxır. Üstəlik, hələ doğulmamış ölən qızı Bi-Bi də dirilib Beatris Kiddoya yeni həyata başlamaqdan ötrü ümid verir.

Amma Tarantino, heç bir filmində Allahın funksiyasını “Bir zamanlar… Hollivudda”kı qədər cəsarətlə, həyasızlıqla mənimsəmir. Möcüzə xülyası ilə yaşayan hazırkı allahsız dünyada bu ekran təcrübəsi vəhyə bərabərdir.

Filmin son kadrları çoxlarını kövrəldir və bu, təəccüblü deyil. Tək qalmış Rik Dalton (dostunu xəstəxanaya aparıblar, arvadı yatır) möcüzə nəticəsində xilas olmuş, ancaq bundan xəbərləri belə olmayan qonşularına baş verənlər barədə danışır. İnterfondan Şeronun səsi gəlir (İlahi səsə deyil, nədir?). O, Rikin bütün film boyu, hətta bəlkə ondan da əvvəl eşitməyi arzuladığı sualı verir: “Sən yaxşısan?”. Və sonra darvaza – reallıqla uydurma arasındakı şəffaf, lakin keçilməz sərhəd – açılır və onu içəri buraxır. Şeron onu qucaqlayır; xilasının qarşılığında ona mehribanlıq, empatiya, xoşbəxtlik bəxş eləyir. Onlar birlikdə kadrdan çıxırlar. Filmin sonuncu kadrından…

Tarantino Şeronun həyətinə yuxarıdan baxır, bu, hər şeyi görən və hər şeyə qadir olan Allah baxışıdır. Həmin anda biz, içlərindəki rasizmlə, mizoqiniya, şeytanlarla, psixozları və nevrozları ilə birlikdə Riklə Kliffi müəllifdən – “böyük sənətin” iyerarxiyası altında əzilən və alçaldılan pis filmlərin, ikinci dərəcəli aktyorların mərhəmətli himayədarından ayırırıq.

Anton Dolin

"Искусство Кино"

/azlogos.eu/

# 3104 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #