Travma almaq istəyənlər üçün delikates - Apatiya nədir?

Travma almaq istəyənlər üçün delikates - Apatiya nədir?
15 fevral 2025
# 13:04

Kulis.az Hikmət Rəhimovun "Apatiya" və "Apatiya 2" filmləri haqqında Nəcəf Əsgərzadənin "Travma almaq istəyənlər üçün delikates" essesini təqdim edir.

Hikmət Rəhimovun “Apatiya” filmində hadisələr bir evin içində baş verir. Filmə baxarkən diqqətimi əvvəlcə Əhmədin (Tural Baxış) eynəyi, daha sonra isə balaca Akifin evin divarlarına çəkdiyi evlər, onların içində təsvir etdiyi ailələr cəlb etdi. Akif məktəbə getmir, çünki ondan pul istəyirlər. Nə atası, nə də anası işləyir. Akif valideynləri ilə “yaşasa” da, o, divarlarda çəkdiyi evdə yaşamağı xəyal edir. Əhmədin eynəyi qalın şüşəlidir, ətrafı çətinliklə görür. Filmboyu biz Əhmədin gözlərini görə bilmirik. Hətta Əhməd eynəyini gözündən iki dəfə çıxaranda da rejissor bizə onun gözlərini göstərmir. Deyirlər, gözlər qəlbin aynasıdır. Deməli, Əhmədin qəlbi gözləri kimi artıq qaranlığa qərq olub.


“Apatiya”filminə baxa-baxa Mixael Hanekenin 1989-cu ildə çəkdiyi “Yeddinci qitə” filmini xatırladım. Hanekenin filmində də hər şeyə laqeydləşən ailə var. Bu laqeydləşmə özü ilə birgə bir növ mexanikləşməni, robotlaşmanı gətirir. Ailə rutin həyat yaşayır: səhərlər oyanırlar, ər və arvad işə gedirlər, qızları isə dərsə. Ailə üzvləri bir-birilə danışmır, yadlaşıblar və apatiya halındadırlar. Haneke apatiyanı sadəcə hərəkətlərlə, obrazların üzündə donuq, dəyişməz ifadələrlə göstərə bilib. H. Rəhimovun “Apatiya”sından fərqli olaraq, Haneke apatiya halını göstərmək üçün kəskin elementlərdən – açıq-saçıqlıqdan, söyüşdən istifadə etməyib. Ümumiyyətlə, söyüş söymək nəyəsə reaksiya verməkdir. Əhmədin ağzından çıxan beş sözdən dördü söyüşdür. Deməli, o, hələ də apatiya halına düşməyib. Bu sözləri Elnarə (Şəhla Əliqızı) haqqında da demək mümkündür. O, səhərdən-axşama qədər deyinir, onda süstlükdən əsər-əlamət yoxdur. Ümumiyyətlə, bizim xalqımız heç bir şeyə laqeyd qala və tamamilə apatiya halına düşə bilmir. Çünki dağıdıcı instinktlərimizdən xilas olmamışıq. Obrazların masturbasiya səhnəsi həm də bunu göstərir. Bu baxımdan film, adını təkzib edir.


“Yeddinci qitə” filmində ailənin qızının gözündə ani görmə problemi yaranır. Ana, qızının bunu dərsdən yayınmaq üçün uydurduğunu düşünüb ona şillə vurur. Amma sonra qəflətən onlar bir şeyin fərqinə varırlar: Uşağa vurulan şillə, ailənin üzünə vurulur. Hər şeyin fərqinə varmaq anı ananın ağlaması ilə özünü göstərir. Onların yaşadıqları həyat tamamilə mənasızdır, kapitalizmin içində boğulurlar, sahib olduqları hər şeyi məhv edirlər, evdən tutmuş, pula qədər. Pulları cırıb tualetə atırlar. Əhməd isə pulları sayırdı. Deməli, Əhməddə apatiya halı (ikinci dəfə təkrarlayıram) tamamilə baş verməyib, o, sadəcə rola girib. Hanekenin filminin təməlində kapitalizmin tənqidi dayanır. “Apatiya” filminin qəhrəmanlarının apatiya halı özünü daha çox valideynlərinin Akifə və onun gələcəyinə laqeydliyində görünür. Elnarə Akifə laqeyddir, uşağın divarlara çəkdiyi rəsmlər belə onu əsəbiləşdirmir. Əgər Haneke, filmində laqeydlikdən, apatiyadan çıxmaq (çıxmağa cəhd) halını görmə ilə əlaqələndirirsə, “Apatiya”da bu özünü Akifin görməyində yox, danışmamağında özünü göstərir. Bu halda, sonda biz Akifin cinayəti görəndən sonra dilinin açılmağına şahid olmalı idik. Bir uşağın gözünün qabağında atası dayısını qətlə yetirir, amma uşaq qışqırmır. Yetkin insanı son ana qədər anlamaq mümkündür, fəqət o yaşda uşağın hisslərini tamamilə nəzarətdə saxlaması mənə inandırıcı gəlmədi.


“Apatiya” filmində həm Əhmədin, həm də onun qardaşının (Elşən Əsgərov) gözündə eynək olduğunu görürük (ona görə Akifin də gözündə eynək olması vacib idi. Çünki rejissor, uşağı nədən susdurduğunu izah etmir). Əhmədin qardaşı həm də narkotik vasitələrdən istifadə edir. Əhmədin evində yaşayan qaynı ona kişilik dərsi keçsə də, əslində, onun da Əhməddən fərqi yoxdur. Əhməd onun üzünə söyəndə reaksiya vermir, susur və söyüşü qəbul edir. Hətta onunla eyni süfrədə oturub çörək kəsir, araq içir. Dayısı, Akifə kişilikdən danışır, amma özü məktəbdə oxuyan qızını ondan yaşca çox böyük olan, illərdir Rusiyada işləyən Aqlaya (Azər Aydəmir) ərə verir. Ərinin “itkin düşdüyü”nü fikirləşən qadın, uşaqları və qızının nişanlısı ilə Əhmədgilə gəlir, polisə xəbər verirlər. Qadının üzündə ərinin itkin düşməsi ilə bağlı həyəcan hiss olunmur, onun üçün ərinin ölüb-ölmədiyi vacib deyil, ər ona toy etmək üçün lazımdır. “Apatiya” filmində kişimərkəzçiliyin çöküşü bu formada təsvir edilib.


Erotik səhnələr xarakterlərin açılışında rol oynamalıdır. “Apatiya” filmində bu səhnələr vasitəsilə biz, obrazların bir-birindən tamamilə uzaqlaşdığını anlayırıq. Kişi ilə qadının cinsi həyatının ağır olduğu göstərilir. Yaxşı bəs, Əhmədin qaynının tualetdə “böyük bayıra” çıxmasını görmək tamaşaçının nəyinə lazımdır? Təyinatsız səhnədir. Obrazların masturbasiya etməsi həm də onların azadlıq zonalarının zəbt edilməsindən doğur. Fikir versək görərik ki, ər və arvad bu işlə Əhmədin qaynı onlara gəldikdən sonra məşğul olurlar. Odur ki, masturbasiya səhnəsinin təyinatını bu cür də yoza bilərik. Bu səhnələr həm də ikrah hissi oyadır. Ağlımıza bir fikir gəlir. Rejissor, ailənin çirkin, nəcisin içində olduğunu göstərməyə çalışıb, amma bunu yaxşı ifadə edə bilməyib.

“Apatiya” filmində boşluqları Elgiz və Xoşqədəmin verilişləri doldurur. Bu verilişlər vasitəsilə vəziyyəti absurdlaşdırıb filmin mesajını daha da gücləndirmək olardı. Obrazlar tualetdə olanda, yatanda, cinayət törədiləndə belə, verilişlərin səsi gəlməliydi. O zaman Elgizlə Xoşqədəm filmin bir parçası yox, obrazları olacaqdılar. Məsələn, kamera televizorda yayımlanan verilişi göstərib sonra isə obyektivini televizordan divara – Akifin çəkdiyi ev, evin qarşısında dayanan ailə rəsminə çevirsəydi, divardakı rəsmdən Əhmədin üzü, onun ağzını açıb arvadını söyməsi, paralel olaraq verilişdə Elgizin və ya Xoşqədəmin gülüş səslərinə keçid verilsəydi, səhnə, Akifin xəyalındakı ev, ailə ilə sahib olduğu arasında kontrast daha da dərinləşərdi.

Məni çox təəccübləndirən səhnələrdən biri də gözləri zəif görən Əhmədin, heç bir iz qoymadan cəsədi evdən çıxarması, evi tər-təmiz silib-süpürməsi oldu. Gözləri zəif olan birinin belə dəqiq şəkildə detalları ortadan qaldırması nə qədər realdır?

Onu da deyim ki, bizim əksər filmlərimizdə istintaqın prosesi həmişə qüsurlu təsvir olunur. Bu işin necə aparıldığı haqqında ssenaristlərin, rejissorların, ümumiyyətlə, yaradıcı heyətin məlumatsızlığı özünü dərhal büruzə verir. İşi bilən peşəkarlar tərəfindən “Əqrəb mövsümü” serialında da, “Arxadan vurulan zərbə” filmində də ciddi səhvlər olduğu deyilirdi. Mən isə bir-iki kiçik məsələni qeyd etmək istəyirəm. Polis əhmədgilə gəlir. İtkin düşən şəxs haqqında çox sadə suallar verir. Onun şəklini istəmir. Ailə üzvlərinə onun əlamətləri, neçə müddətdir Bakıda olduğu, əvvəllər belə halların yaşanıb-yaşanmadığı və s. bu kimi suallar verilmir. Filmin sonunda Elnarənin Əhməddən şübhələnməsinin səbəbi göstərilmir. Əhmədin evi təmizləyəndə unutduğu kiçik bir detalın Elnarənin diqqətini çəkməsi və ya ananın evə qayıdandan sonra oğlunun halındakı dəyişiklikləri (əllərinin əsməsini, ürəyinin bulanmasını, başının dönməsini) sezməsi və bunun əsasında Əhməddən şübhələnməsi daha maraqlı həll olardı. Çünki polisin sualları, hətta tamaşaçılar da Əhmədə qarşı (cinayəti onun törətdiyini görsək belə) şübhə doğurmur. Elnarənin ərindən şübhələnməsi məsələsinin yaxşı işlənməməsi, polisin Əhməd və ailə üzvlərinə verdiyi suallar finalın uğursuz alınmasına səbəb olub.


“Apatiya 2” filmi bitəndə bunu fikirləşdim:“Hikmət Rəhimov özünə söz verib ki, Azərbaycan tamaşaçısına ən böyük travmanı o yaşadacaq”.

Filmdə yadda qalan bir mesaj varsa, o da “insan alçaqdır” mesajıdır. Üstəlik, bu, çox bayağı şəkildə verilir.

Hikmət Rəhimovun aktyor seçimi bu dəfə zəif alınıb. Birinci filmdə Tural Baxış (Əhməd) hekayənin əsas yükünü öz çiynində daşımağı bacarmışdı. Elnarə rolunun ifaçısı Şəhla Əliqızı da ondan geri qalmırdı. “Apatiya 2”də isə uğurlu rolu ilə seçilən aktyor görmək mümkün olmadı. Müəyyən qədər Akifin narkoman əmisi rolunda oynayan Elşən Əsgərovu digərlərindən önə çəkə bilərik.

Uşaqlar internatdan qaçır, amma onların necə qaçdığı göstərilmir. Halbuki filmin əsas dinamikasını elə onların qaçışı təşkil etməli idi. Tez-tez səslənən kadrarxası musiqi ilə saxta dinamika, həyəcan yaratmaq yersiz alınmışdı. Deməli rejissor, uşaqların oradan necə qaçacağını hansı üsulla çəkəcəyini bilməyib. Əvəzində, qaçan uşaqların tualetdə “böyük bayıra çıxan” başqa uşağın yanından keçdiyi kadrlar göstərilir. Filmin birinci hissəsində olan iyrənc kadrın ikinci hissədə yenidən başqa bir formada təkrarlanmasını heç cür anlamaq olmur. Rejissor nəyə görə iyrənc səhnələrə ehtiyac duyur?


Livanlı rejissor Nadine Labakinin “Kapernaum” filmində də tualet səhnəsi var. Amma bu səhnə hadisələrin gedişatında Zeyn obrazını anlamağımız üçün açar rolunu oynayır. Zeynin on yaşlı bacısı səhər menstruasiya baş verir. Qardaşı onu tualetə aparıb alt paltarını yuyur. Çünki anası bundan xəbər tutsa, bacısını zorla ərə verəcəklər. Zeyn bacısını ailəsindən qorumaq üçün ona nəzarət edir. Onun qana bulaşan alt paltarlarını səhər tezdən torbaya yığıb zibilxanaya tullayır. Təəssüf ki, o bu prosesə sona qədər nəzarət edə bilmir, Səhəri zorla ondan ayırıb mağazasında işlədiyi oğlana ərə verirlər.

“Apatiya 2” filminin yükü uşaqların çiynində olsa da, onlar rollarının öhdəsindən gələ bilməyiblər. Uşaqlar tamaşaçıda Zeyn kimi heç bir hiss, heç bir həyəcan oyatmağı bacarmırlar. Akif evlərini tapır. Evlərində kirayə qalan aktyor və aktrisa küçə qapısını açıq qoyub məşq edirlər. Bu səhnə qətiyyən inandırıcı deyil, hətta süni təəssürat yaradır. Azərbaycanda kim küçə qapısını aralı (həm də açıq) qoyub evdə məşq edir ki?


Filmdə ana faktoru ön plandadır. Akif yuxusunda daim anasını görür. Prokurorun (Hikmət Rəhimov) da anası ilə bağlı problemlərinin olduğunu, ağır xəstə olduğunu danışmadığını, hərəkət belə edə bilmədiyini görürük. “Apatiya 2” filmində prokurorun anasını çimizdirdiyi səhnə dərhal Əsgər Fərhadinin “Ayrılıq” filmində oğulun atasını çimizdirdiyi səhnəni xatırladır. Çox güman ki, Hikmət Rəhimov “Ayrılıq” filmindən təsirlənib.

Prokuror anasını itirməkdən qorxur. “Apatiya-2”də də ana faktorunun ön planda olması birinci hissədəki kimi ata(kişi)mərkəzçiliyin yox olduğunu göstərir. Əhmədin həbsxanada olması, onun qardaşının narkotikin təsiri ilə özündən getməsi, Azər Aydəmirin oynadığı rusiyalı biznesmenin kasıblaması, yaşlı bomjun lal olması, həmçinin prokurorun məsələləri həll etməsində çıxılmaz vəziyyətə düşməsi, gecikməsi (həmçinin prokuror atasının olmaması) bizə bunu deyir. Heyif ki, müəllif sadaladığım nüansları dramaturji baxımdan bir-birinə bağlamağı bacarmayıb. Prokurorun anasını itirmək qorxusu Akifin anasını axtarması ilə, onu tapması ilə heç cür əlaqələnmir, havada qalır. Rejissor anasızlığın faciə olduğunu vurğulamağa çalışsa da, bunun ifadə formasını tapa bilmir. Akif öz anasını öldürməsilə parallel, prokurorun anası da vəfat edir. Səhnələr qafiyələnir, amma tutarlı şəkildə bir-birini tamamlamır.


“Apatiya 1″filmi ata(kişi)mərkəzçiliyin çöküşü ilə başlayır. Filmin ikinci hissəsində bu ideya davam edir, Akifin fahişəxanada anasını öldürməsilə kulminasiya nöqtəsinə çatır. Bu və ya digər səbəbdən anamərkəzçililik də çöküş yaşayır. Mərkəzdə isə uşaq (və prokuror) qalır. Amma ikisi də xilas ol(un)a bilmir. Obrazlar üçün dövrü zaman başlayır. Düşünürəm ki, rejissor sağlam nümunə yaratmaq istəsəydi, anasını Akifə öldürtməzdi, elə vəziyyət yaradardı ki, uşaq cinayət törətməzdi. Məsələn, bu akt prokurorun cinayətin qabağını alması ilə göstərilsəydi (təbii ki, bu, artıq mənim filmimdir), prokuror həm özünü, həm Akifi, həm də Elnarəni xilas edərdi və anasını itirəndə kədərlənsə də, yaşamaq üçün səbəbi, necə deyərlər, həyatının bir mənası olardı.


Filmin sonunda prokurorun “bu dünyaya uşaq gətirmək lazım deyil” fikri ölkənin, dünyanın ümumi mənzərəsi ilə əlaqələnmədiyinə görə yersiz qalır. Bu, sadəcə prokurorun özünü günahlandırmasından, özünü təmizə çıxarmaq istəyindən doğan bir ifadədir. Məsələn, Pol Şrederin “Birinci islahat” filmində də “dünyaya uşaq gətirmək lazım deyil” fikri səslənir. Biz bu cümləni bir fəalın dilindən eşidirik və sonra o özünü öldürür. Filmdəki hadisələr bizə bu fikrin dünyada ekoloji tarazlığın pozulması, tullantıların artması səbəbindən səsləndirildiyini gözəl formada izah edir.


“Kapernaum” filmində Zeyn üçün valideynləri heç bir dəyər kəsb etmir. Onlar öz uşaqlarının həyatını məhv edən, qızlarının ölümündə əsas rol oynayan insanlardır. Ana öz qızını itirsə də, hamilə qaldığı üçün sevinir. Ana və ata Səhərin ölümünə (hətta öldürülməsinə) reaksiya verə bilməyəcək qədər aciz, iradəsizdirlər. Amma Zeyn buna susmur. Bıçağı götürüb bacısını öldürən şəxsin yanına qaçır. Burada biz, Zeynin atasından fərqləndiyini (“Apatiya 1” filmində uşağın ailəsinə oxşar və ya fərqli cəhətlərinin heç bir detalla verilməməsi məni düşündürmüşdü. Məsələn, əgər Akif anası ilə eyniləşdirilmişdisə, Elnarə filmboyu susmalı, az danışmalı idi. Və ya ananın rəssamlıq qabiliyyəti olduğuna kiçik bir toxunuş olmalı idi) görürük. Zeyn atası kimi aciz olmaq istəmir. O, bacısının ərini bıçaqlayır, həbs edilir. Amma Zeyn ailəsini də məhkəməyə verir, onların ittiham olunmasına, düşdükləri vəziyyətə təkcə özünün deyil, ailəsinin səbəb olduğunu anlatmağa çalışır. Hakim Zeynden soruşur: “Ailəndən nə istəyirsən?”Zeyn cavab verir: “Dünyaya uşaq gətirməsinlər”.


Zeynin fikirləri həm də bizə Suriya, Livan, Liviya, Efiopiya kimi ölkələrdə necə bir ümidsizliyin hökm sürdüyünü izah edir. Ona görə mən təcavüz səhnəsini görəndə özümə sual vermişdim ki, biz Azərbaycanda yaşayırıq, yoxsa Əfqanıstanda? Çünki “Apatiya 2” bu cinayətin sosial-ictimai köklərinə qətiyyən toxunmur.

Uşaqlar bomjun “evinə” sığınırlar. Bomj “evinə” qayıdanda isə onları oradan qovmur və onun elə finalda peyda olan ikinci kişinin təyinatı bununla bitir. Bitir deyirəm, çünki təkcə Akifin, anasını tapmasına vəsilə olurlar və bu o qədər gözləniləndir ki, səsini eşitməsək belə, torbada pişik olduğunu o dəqiqə başa düşürük. Halbuki onların vasitəsilə şəhərin qaranlıq üzünü görə bilərdik. Amma görünür, rejissorun belə bir məqsədi yoxdur.


Sonda Əhmədin kameraya baxaraq gülməsilə rejissor bizə yenidən gözəl travmalar yaşadacağının mesajını ötürür.

# 570 dəfə oxunub

Oxşar xəbərlər

AKİ sədri uşaq kinosu ilə bağlı baş nazirə müraciət ünvanladı

AKİ sədri uşaq kinosu ilə bağlı baş nazirə müraciət ünvanladı

14:00 15 fevral 2025
Christopher Nolanın yeni filmi Türkiyədə çəkiləcək

Christopher Nolanın yeni filmi Türkiyədə çəkiləcək

15:20 14 fevral 2025
"Bürokratik maneələr ləğv ediləcək" - Kinoya 478 milyonluq dəstək

"Bürokratik maneələr ləğv ediləcək" - Kinoya 478 milyonluq dəstək

12:00 14 fevral 2025
"Harri Potter" serialında Albus Dambldor rolunu o oynayacaq

"Harri Potter" serialında Albus Dambldor rolunu o oynayacaq

11:05 14 fevral 2025
"Sevgililər günü" üçün ən romantik 5 Film

"Sevgililər günü" üçün ən romantik 5 Film

10:50 14 fevral 2025
Ailə biznesi haqqında film çəkilir

Ailə biznesi haqqında film çəkilir

13:30 13 fevral 2025
# # #